Məhkəmə qərarları › İş №2-1(105)-78/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-78/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-78/2024 18.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndələri Nümayəndə2, X5 Cavabdehin nümayəndələri Nümayəndə1, X6, X1, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2181/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

2. HT-İ N-1648724 nömrəli, 10 yanvar 1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci ilədək Dəvəçi üçümçülük sovxozunda fəhlə peşəsində, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək Dəvəçi üçümçülük sovxozunda fəhlə peşəsində, xx.xx.1990-cı ildən xx.xx.2021-ci ilədək “Siyəzənneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində və xx.xx.2021-ci ildən hal-hazıradək “Neft Daşları” Neft və Qaz Çıxarma İdarəsinin neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyir.

3. HZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətinə əsasən iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

4. “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Socar**********80020123X00005 nömrəli arayışına əsasən iddiaçının “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsi üzrə güzəştli şərtlərlə ümumi əmək stajı 30 il 7 ay, 05 gün təşkil edir.

5. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-M-14903/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir.

6. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, ona 57 yaş 3 ay 22 gündən, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Dəvəçi üzümçülük sovxozunda fəhlə peşəsində, xx.xx.1981-xx.xx.1983-cü il Sovet ordu sıralarında hərbi xidmətdə, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək Dəvəçi üzümçülük sovxozunda fəhlə peşəsində, xx.xx.1990-cı ildən xx.xx.2021-ci ilədək “Siyəzənneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində və xx.xx.2021-ci ildən hal-hazıradək “Neft Daşları” Neft və Qaz Çıxarma İdarəsinin neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyir. İddiaçının xx.xx.1980-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 35 il 11 ay 11 gün, güzəştli iş stajı isə 26 il 7 ay 5 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, xx.xx.2017-ci il tarixinədək 35 il 11 ay 11 gün ümumi iş stajı, 26 il 7 ay 5 gün xüsusi iş stajını topladığına görə, ona 57 yaşdan pensiya təyin edilməldir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün aşağıdakı 3 şərt ödənilməlidir: İddiaçının xx.xx.2017-ci ilə qədər 57 yaşının tamam olması; İddiaçının xx.xx.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Təqdim edilən sənədlərdən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2181/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.

13. Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

29. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahıya uyğun olaraq 12 il 6 ay çox iş stajına malikdir və eyni zamanda iddiaçının ümumi iş stajı isə 24 il 7 ay 10 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. İş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı qanunvericiliyin tələblərini ödəmir. Belə olan halda iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq etmək olmur.

30. İddiaçı isə həmin qərarla razılaşmamışdır.

31. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahıya uyğun olmaqla, o 12 il 6 ay çox iş stajına malikdir. İddiaçının ümumi iş stajı isə 24 il 7 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir.

33. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab etmir.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 01 iyul 2017-ci ilədək olan redaksiyasına görə : 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır;

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

36. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır.

37. Lakin “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanunu ilə 9.1-ci maddədə göstərilmiş yaş həddi “57” yaşdan «60» yaşa kimi artırılmışdır. Bu Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minməsi müəyyən edilmişdir.

38. Qanunveriliyin tələbləri belə izah olunur ki, 01 iyul 2017-ci il tarixinə qədər şəxsin güzəştli şərtlərlə pensiya hüquqununun yaranması üçün zəruri edən şərtlər onun 57 yaşın olması və 25 il sosial sığorta stajına malik olması, bu stajın 12 il 6 ayının xüsusilə zərərli və ağır olan işlərdə çalışması təşkil edir. Yəni qanunverilikdə hər üç şərtin birlikdə mövcud olması şəxsin pensiya hüququnun yaranmasının hüquqi əsası kimi müəyyən edilmişdir.

39. 01 iyul 2017-ci il tarixindən sonra isə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bu şərtlər dəyişmiş və artıq şəxsin 60 yaşın olması, stajla bağlı göstəricilərin eyni qalması nəzərdə tutulmuşdur.

40. Qeyd edilən halda iddiaçının dəlili o əsasla qanunamüvafiq deyildir ki, Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququnun yaranmasının əsasını üç hüquqi faktın birkidə baş verdiyi müəyyən edilmişdir.

41. İşin hallarına görə isə, iddiaçının ümumi stajla bağlı şərt ödənilməmişdir. Yaşla bağlı şərt onun iddia edilən müddətə, yəni xx.xx.2020-ci il tarixinə (iddia tələbinin dəqiqləşdirilməsində qeyd olunan tarixə) ödənilmədiyindən qeyd edilmiş hüquqi əsas üzrə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün olmamışdır.

42. Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir;

43. Maddələrə görə, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır.

44. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.

45. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə qədər olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər — 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.

46. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

47. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə iddiaçıya münasibətdə 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması müəyyən edilməlidir. Bu şərtlər müəyyən edildiyi halda, iddiaçı 57 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə pensiya hüququnu qazanmış olur.

48. İşin hallarından isə iddiaçının 01 yanvar 2006-cı il tarixə qədər 25 il sosial sığorta stajına malik olması isə iş üzrə müəyyən edilməmişdir.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2181/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar