Məhkəmə qərarları › İş №2-1(105)-78/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-78/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-78/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-179/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin 03 dekabr 2021-ci il tarixli “Yoxlama aparılması haqqında” qərarına əsasən 136C-2021 nömrəli araşdırma materialı üzrə .............. ünvan 1 ünvanında qeydə alınmış İddiaçı MMC-nin 2012-ci ildən qərarın icra olunduğu günədək gəlir mənbələrinə, fəaliyyətinin və daxilolmaların təyinatının qanuniliyinə, uçotun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasına, dövlət orqanlarında hesabatlar təqdim edibetməməsinə, daxil olan vəsaitlərin hərəkətinə, aparılmış əməliyyatların qarşılıqlı üzləşdirilməsi keçirilməklə vergi qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsinə və başqa xüsusatlara dair bütün fəaliyyətləri yoxlanılaraq nəticəsi barədə Baş Prokurorluğun İstintaq idarəsinə məlumat verilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********155813 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2018ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

3. DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********161751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2018-ci il üzrə 2.629,16 manat artıq hesablanma, 2019-cu il üzrə 4.855,85 manat az hesablanma, yəni, 2018-2019-cu illər üzrə 2.226,69 manat mənfəət vergisi, VM-nin 58.1-ci maddəsinə əsasən 4.855,85 manat məbləğin 50 faizi həcmində 2.427,9 manat maliyyə sanksiyası, 2018-2021-ci illər üzrə əlavə dəyər vergisinə münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən 15.824,78 manat məbləğində maliyyə sanksiyası, 2018-ci il üzrə 6.489,91 manat, 2019-cu il üzrə 408,34 manat, 2020-ci il üzrə 1.381,11 manat, 2021-ci il üzrə 1.426,05 manat olmaqla, ümumilikdə 9.705,41 manat ödəmə mənbəyində vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi həcmində, 4.852,7 manat maliyyə sanksiyası, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80,00 manat maliyyə sanksiyası, VM-nin 58.7-1-ci maddəsinə əsasən 28.350,78 manat məbləğində maliyyə sanksiyası olmaqla, ümumilikdə, 11.932,21 manat vergi məbləği və 51.535,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

4. İddiaçı MMC cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması zamanı iddiaçı Cəmiyyət tərəfindən 2018-ci il ərzində 887.287,00 manat məbləğində gəlir olduğu halda, Mənfəət vergisi bəyannaməsində gəlir səhvən 957.943,00 manat göstərilmişdir. Cəmiyyətin gəliri 70.656 manat çox göstərildiyi halda, bu hal nəzərə alınmamış və yoxlama zamanı gəlir əsassız olmaq 934.102,55 manat göstərilmişdir. Bundan əlavə, Cəmiyyət tərəfindən 2018-ci il ərzində ezamiyyələrlə bağlı rəsmi təsdiqedici sənədlər göstərilməsinə baxmayaraq, 7.447,94 manat xərci nəzərə alınmamışdır. 2018-ci il ərzində 6.154,08 manat yanacaq xərci də yoxlama zamanı nəzərə alınmamış və MV məqsədləri üçün gəlirdən çıxılan xərc kimi qəbul edilməmişdir. 2019-cu ildə də Cəmiyyət tərəfindən gəlirlər faktiki olaraq 293.111,00 manat olduğu halda SVY zamanı gəlirlər qanunsuz olaraq 307.156,15 manat götürülmüşdür. Eyni hallar 2020 və 2021-ci ildə də baş vermişdir. Hesab edir ki, cavabdehin qərarı əsassız olduğundan ləğv edilməlidir.

6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı mənfəət vergisi üzrə: 2018-ci ildə malların təqdim edilməsindən gəlirləri 934.102,55 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi, 30 gün ərzində qiymətlər arasında 30%-dən yuxarı fərqin olması halları nəzərə almaqla), mənfi məzənnə fərqi 25.895,46 manat, müsbət məzənnə fərqi 3.517,47 manat olmaqla, cəmi gəlirləri 911.724,56 manat müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012 ci il tarixli Q-01 nömrəli “X1” haqqında Qərarı, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında xx.xx.2008-ci il tarixli, 14 nömrəli Qərarı üzrə ezamiyyə xərclərinin düzgün rəsmiləşdirilmədiyi, həmçinin, təsdiqedici sənədlərin olmaması səbəbindən ezamiyyə xərcləri, cəmiyyətin balansında və ya icarə əsasında nəqliyyat vasitəsinin olmamasını nəzərə alaraq yanacaq xərcləri mənfəət vergisinin xərclərindən azaldılmışdır. Həmçinin, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 784.635,4 manat müəyyən edilmişdir. 2018-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 849.127,64 manat olmuşdur ki, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti 62.596,92 manat müəyyən edilmişdir. Mənfəət vergisinin dərəcəsinin 20% olduğu nəzərə alınaraq 12.519,38 manat vergi hesablanmalıdır. Odur ki, vergi orqanı Vergi Məcəlləsinin 14.3.3-cü, 14.4-cü, 104.1ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərini nəzərə alaraq, 2018-ci il üzrə hesablanmış 15.148,54 manat mənfəət vergisi nəzərə alınmaqla verginin 2.629,16 manat artıq hesablandığı müəyyən edilmişdir.

7. İddiaçının 2019-cu ildə malların təqdim edilməsindən gəlirləri 307.156,15 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi halları nəzərə almaqla), mənfi məzənnə fərqi 6.178,92 manat, müsbət məzənnə fərqi 5.053,31 manat, iddia müddəti bitmiş və silinmiş kreditor borcdan gəlir 36.512,78 manat olmaqla, cəmi gəlirləri 342.543,32 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012 ci il tarixli Q-01 nömrəli “X1” nın təsdiq edilməsi haqqında Qərarı, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında xx.xx.2008-ci il tarixli, 14 nömrəli Qərarı üzrə ezamiyyə xərclərinin düzgün rəsmiləşdirilmədiyi, həmçinin, təsdiqedici sənədlərin olmaması səbəbindən ezamiyyə xərcləri mənfəət vergisinin xərclərindən azaldılmışdır. Həmçinin, yoxlamaya təqdim edilmiş sənədlər əsasında təqdim edilmiş mallar üzrə malın dəyəri 260.821 manat müəyyən edilmiş, eyni zamanda, təsdiqini tapmayan rabitə xərcləri azaldılmışdır. Beləliklə, Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 109-cu, 142.2-ci maddələrinin tələblərinin nəzərə alaraq 2019-cu ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 300.553,55 manat olmuşdur ki, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti 41.989,77 manat müəyyən edilmiş, Mənfəət vergisinin dərəcəsinin 20% olduğu nəzərə alınaraq 8.397,95 manat vergi hesablanmalıdır. 2019-cu il üzrə hesablanmış 3542,10 manat mənfəət vergisini nəzərə alsaq, mənfəət vergisinin 4.855,85 manat az hesablandığı müəyyən edilmişdir.

8. İddiaçının 2020-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 80.983,49 manat olmuşdur ki, cəmiyyətin 22.031,59 manat zərəri müəyyən edilmişdir. 2021-ci il üzrə də gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 38.686,96 manat olmuşdur ki, cəmiyyətin 3.590,91 manat zərəri müəyyən edilmişdir.

9. Mənfəət vergisi üzrə 2018-ci ildə 2.629,16 manat artıq hesablama, 2019-cu ildə 4.855,8 manat az hesablama olmaqla, ümumilikdə mənfəət vergisinin 2.226,69 manat az hesablanması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4.855,8 manat azaldılmasına görə 50% məbləğində, yəni 2.427,9 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

10. Əlavə dəyər vergisi üzrə: iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş illər üzrə malların hərəkəti, həmçinin, topdan və pərakəndə satışın tərkibi barədə məlumatlar yoxlama zamanı araşdırılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən müxtəlif mallar maya dəyərindən aşağı qiymətlə rəsmiləşdirilərək, büdcəyə hesablanmalı vergilər azaldılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərin araşdırılması zamanı topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. VM-nin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır.

11. ƏDV üzrə 2018-ci ildə 5.924,60 manat artıq hesablama, 2019-cu ildə 1.086,96 manat az hesablama, 2020-ci ildə 430,49 manat artıq hesablama, 2021-ci ildə 34,81 manat artıq hesablama olmaqla, ümumilikdə ƏDV-nin 5.302,95 manat artıq hesablanması müəyyən edilmişdir. VM-nin 58.1 maddəsinə əsasən ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 31.649,54 manat azaldılmasına görə 50% məbləğində, yəni 15.824,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

12. Ödəmə mənbəyində tutulan vergi üzrə: iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən W and E FORWARD LLC müəssisəsinə daşımaya görə 108.165,22 manat ödənişlər üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6% vergi tutulmamışdır. Nəticədə, 6.489,91 manat verginin azaldıldığı müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-cu il ərzində 74.284,84 manat borc verilmiş, qaytarılma olmamışdır, 2020-ci il ərzində 143.000 manat borc verilmiş, 10.000 manat borcdan qaytarılmış, 2021-ci il ərzində 20.700 manat borc verilmiş, 24.000 manat borcdan qaytarılmışdır. 2019-cu il üzrə dövrün əvvəlinə qalıq olmamış, xx.xx.2022-ci il tarixə cəmiyyətin təsisçiyə borcu 203.984,84 manat təşkil etmişdir. Lakin, cəmiyyət tərəfindən faiz gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Odur ki, Mərkəzi bankın kredit hərraclarında müvafiq dövrlər üzrə təsbit edilmiş faiz dərəcələrini nəzərə almaqla, 2019-cu il üzrə 408,34 manat, 2020-ci ildə 1.381,11 manat, 2021-ci ildə 1.426,05 manat olmaqla, cəmi 3.215,51 manat vergilərin azaldıldığı aşkar edilmişdir.

14. Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ildə 6.489,91 manat az hesablama, 2019-cu ildə 408.34 manat az hesablama, 2020-ci ildə 1.381.11 manat az hesablama, 2021-ci ildə 1.426,05 manat az hesablama olmaqla, ümumilikdə ÖMV-nin 9.705,41 manat az hesablanması müəyyən edilmişdir. VM-nin 58.1 maddəsinə əsasən ÖMV bəyannamələrində göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 9.705,41 manat azaldılmasına görə 50% məbləğində, yəni 4.852,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

15. VM-nin 58.7-1.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təsisçi A.A.Əliyevə cəmiyyətin kassasından 2018-ci ilin mart ayında 105.000 manat, aprel ayında 120.500 manat, may ayında isə 148.000 manat olmaqla, cəmi 373.500 manat vəsait nağd şəkildə ödənilmişdir. Nəticədə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, VM-nin 58.7-1.1-ci maddəsinə əsasən cəmiyyətə təqvim ili ərzində birinci belə hala görə 10%, yəni, 28.350 manat ((373.500-90.000)*10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2022-ci il tarixli, **********155869 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2022-ci il tarixli, **********61751 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-179/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov).

18. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7347 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən 19 iyul 2022-ci il tarixli, **********155869 saylı səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edildikdə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.855,85 manat məbləğində mənfəət vergisinin, 31.649,54 manat məbləğində ƏDV-nin, 6.489,91 manat məbləğində ÖMV-nin az hesablanması, 36.952,49 manat məbləğində ƏDV-nin və 2.629,16 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-2021-ci illərdə verilmiş borc məbləğlərinə görə hesablanmış 3.215,51 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmasını müəyyən etmək mümkün olmadı. Belə ki, təqdim edilmiş iş materiallarından müəssisənin təsisçisinin qanunvericiliyə uyğun olaraq (qanunvericilikdə göstərilmişdir - Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər) müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması müəyyən olunmur. Eyni zamanda bildirilir ki, hazırkı ekspertiza tədqiqatına sənədlər tam təqdim edilmədiyindən ekspert qarşısında qoyulan 2ci sualı cavablandırmaq mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edildikdə yoxlamanın əhatə etdiyi dövr ərzində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən İddiaçı MMC-yə hesablanmış maliyyə sanksiyasının məbləği 28.350,00 manat məbləğində müəyyən olunur”. Beləliklə, vergi orqanı tərəfindən aparılmış Səyyar vergi yoxlaması qanunvericiliyə uyğun şəkildə aparıldığından, iddiaçının iddia tələbi təmin edilə bilməz.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsassız hesabladığı vergilər kifayət qədər dəqiq və dürüst araşdırılmadan, məhkəmə ekspertizası Mərkəzinin verdiyi kifayət qədər əsaslandırılmamış rəyə istinad edilməklə təsdiq edilmişdir.

21. Məhkəmə qərarında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasinin xx.xx.2012-ci il tarixli, Q-01 nömrəli “X1”nın təsdiq edilməsi haqqında Qərarı, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarı üzrə ezamiyyə xərclərinin düzgün rəsmiləşdirilmədiyi, həmçinin təsdiqedici sənədlərin olmaması səbəbindən ezamiyyə xərcləri mənfəət vergisinin xərclərindən çıxılmaması qənaətinə gəlmişdir. Halbuki, MMC-nin ezamiyyəni hansı qaydada düzgün rəsmiləşdirmədiyi açıqlanmır, eləcə də qərarda MMC-nin direktorunun faktiki olaraq ezamiyyədə olduğunu təsdiq edən fotoşəkillər, aviabiletlər, gediş-dönüş biletlərinin və gecələmək üçün otellərə e-qaimə əsasında ödənilən pullar, MMC-nin direktorunun ezam olunması barədə əmrlər nəzərə alınmamışdır.

22. İddiaçı tərəfindən ümumilikdə yoxlama dövründə ƏDV-nin 5302.95 manat artıq hesablanması müəyyən edilmişdir. Belə olan halda, MMC-yə 31649.54 manat ƏDV-nin azaldılmasına görə 50% məbləğində, yəni 15824.78 manat məbləğində maliyyə sanksiyasnın tətbiq edilməsi ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci və 58.1-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi orqanına cəmiyyət tərəfindən vaxtında bəyannamələr təqdim edilməsinə, bəyannamələrdə göstərilən rəqəmlər faktiki olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən cəmiyyətin direktorunun iqtisadi maraqlarına və ziyandan yayınmasına dəlalət etdiyi halda, vergi orqanı tərəfindən bu hallar nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən isə bu hal düzgün qiymətləndirilməmişdir. Səyyar yoxlama zamanı mütəxəssis dəvət olunsa da, mütəxəssis orta bazar qiymətini müəyyən edə bilmədiyini bildirməsinə baxmayaraq, vergi orqanı aktında malların orta bazar qiymətindən aşağı satıldığını hansı əsasla qeyd etdiyi məlum deyildir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində 2018-ci il üzrə hesablanmış 6.489,91 manat ÖMV ilə razılaşırlar, lakin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməyəcəklər. VM-nin 58.7-1-ci maddəsinə əsasən hesablanmış 28.350,78 manat məbləğində maliyyə sanksiyasına münasibətdə bildirir ki, kassada pul olmadığından iddiaçı tərəf 5 ay ərzində nağdlaşdırma etməmiş, bu baxımdan, bir ay ərzində ümumi 5 ay üzrə nağdlaşdırma etmək hüququnun olduğunu düşünərək nağdlaşdırma etmişdir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər ... 108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

26. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır.

7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. İİİ. Xarici ölkələrə ezamiyyələr

1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.

27. “İnzibati icraat haqqında” Qanun: Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

30. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

32. Birinci instansiya məhkəməsi iş üzrə alınmış ekspert rəyinə istinad edərək iddia tələbini rədd etmişdir.

33. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Mənfəət vergisinin hesablanmasına münasibətdə:

34. Vergi orqanı tərəfindən iddiaçı barəsində 2018-ci il üzrə 2.629,16 manat artıq hesablama, 2019-cu il üzrə 4.855,85 manat az hesablama müəyyən edilməklə, ümumilikdə, mənfəət vergisi üzrə 2.226,69 manat (4.855,85 - 2.629,16) əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4.855,85 manat məbləğin 50%-i həcmində, 2.427,9 manat maliyyə sanksiyası hesablanmışdır.

35. 2019-cu il üzrə mənfəət vergisi hesablanmasının əsasları aşağıdakılar olmuşdur: 1) İddiaçı 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 200-cü sətrində malların təqdim edilməsindən gəliri 293.111,10 manat bəyan etdiyi halda, vergi orqanı tərəfindən iddiaçının 2019-cu ildə malların təqdim edilməsindən gəlirləri 307.156,15 manat (malların maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi halları nəzərə alınmaqla) müəyyən edilmişdir. 2) Mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərcləri 8.295,17 manat bəyan edilsə də, səyyar yoxlama zamanı ezamiyyə xərclərinin qanunvericiliyin tələbinə əsasən düzgün rəsmiləşdirilmədiyi, həmçinin, bununla bağlı təsdiqedici sənədlər təqdim edilmədiyindən, həmçinin 221.11-ci sətrində bəyan edilən 6.325,08 manat rabitə xərclərinin 1.783,44 manat hissəsi ilə bağlı iddiaçı tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyindən vergi orqanı tərəfindən xərclərə daxil edilməmişdir.

36. Malların təqdim edilməsindən gəlirin vergi orqanı tərəfindən artırılması ilə bağlı hissədə kollegiya qeyd edir ki, mənfəət vergisi bəyannaməsinin 200.1.1-ci sətrində pərakəndə satışdan gəliri iddiaçı 41.208,99 manat bəyan etdiyi halda, vergi orqanı tərəfindən iddiaçının 2019-cu ildə pərakəndə satışdan gəliri 54.508,64 manat müəyyən edilmişdir.

37. Bununla bağlı səyyar yoxlaması aktının 15-16-cı səhifələrindən görünür ki, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş illər üzrə malların hərəkəti, həmçinin, topdan və pərakəndə satışın tərkibi barədə məlumatlar yoxlama zamanı araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 756722 nömrəli EQF üzrə 2 ədəd filter karton 576 manata təqdim edilməsinə baxmayaraq, həmin malın 1 kq-nın dəyəri 289,74 manat təşkil etmişdir. Oxşar hal 2018, 2020, 2021-ci il tarixli digər 9 EQF üzrə də aşkar edilmişdir. Yuxarıda sadalanan hallar onu göstərir ki, vergi ödəyicisi tərəfindən müxtəlif mallar maya dəyərindən aşağı qiymətlə rəsmiləşdirilərək, büdcəyə hesablanmalı vergilər azaldılmışdır. Araşdırma zamanı topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, cəmiyyətin dövriyyəsinin gedişində pərakəndə satış 2018 və 2019-cu illərdə mövcud olmuşdur. Eyni növ malların topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri müqayisə edilmiş, müqayisə zamanı məlum olmuşdur ki, vergi ödəyicisi eyni növ malın pərakəndə satış qiymətini topdan satış qiymətindən aşağı rəsmiləşdirmişdir. Məsələn, 2018-ci ildə CHOOZİT MA 16 LYO 50 DCU adlı malın 1 vahidinin topdan satış qiyməti 12,22 manat olmasına baxmayaraq, pərakəndə satış qiyməti 9,49 manat, Filter Karton KS 80 400*400 adlı malın 1 vahidinin topdan satış qiyməti 280,98 manat olmasına baxmayaraq, pərakəndə satış qiyməti 217,03 manat, 2019-cu ildə Filter Karton EK 1 400*400 adlı malın 1 vahidinin topdan satış qiyməti 334,25 manat olmasına baxmayaraq, pərakəndə satış qiyməti 270 manat, Kizelkur Media adlı malın 1 kq-nın topdan satış qiyməti 1,9 manat olmasına baxmayaraq, pərakəndə satış qiyməti 1,55 manat kimi rəsmiləşdirilmişdir. Digər tərəfdən, pərakəndə satış məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdə CREMODAN SE 715 VEG adlı məhsulun 1 vahidinin satış qiyməti 18,58 manat, həmin malın xx.xx.2018-ci il tarixdə qiyməti isə 12,93 manat olmuşdur. Göründüyü kimi eyni malın 30 gün ərzində qiymətləri arasında 30%-dən yuxarı fərq vardır. Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınaraq, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdə tətbiq etdiyi 12,93 manat əvəzinə 18,58 manat qəbul edilmişdir.

38. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

39. Mərkəz tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 9/7347 nömrəli rəyinin mənfəət vergisi hissəsindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində iddiaçının 2019-cu ildə malların təqdim edilməsindən gəlirləri 307.156,15 manat (maya dəyərindən aşağı rəsmiləşdirilmə, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi halları nəzərə alınmaqla) müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edilərək yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.855,85 manat məbləğində mənfəət vergisinin az hesablandığı aşkar edilmişdir.

40. Həmçinin, malların maya dəyərindən aşağı rəsmiləşdirilməsi halları iddiaçı barəsində vergi orqanı tərəfindən eyni zamanda ƏDV-nin də hesablanmasına əsas olmuşdir.

41. Ekspert rəyində bununla bağlı qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərin araşdırılması zamanı topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, cəmiyyətin dövriyyəsinin tərkibində pərakəndə satış 2018-ci və 2019-cu illərdə mövcud olmuşdur. Eyni növ malların topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri müqayisə edilmiş, müqayisə zamanı məlum olmuşdur ki, vergi ödəyicisi eyni növ malın pərakəndə satış qiymətini topdan satış qiymətindən aşağı rəsmiləşdirmişdir.

42. Ekspert rəyində hazırkı qərarın 36–cı bəndində qeyd edilənlər sadalanaraq, davamında göstərilmişdir ki, vergi ödəyicisi pərakəndə satış zamanı qiymətləri aşağı qiymətlə rəsmiləşdirməklə büdcəyə hesablamalı vergiləri azaltmışdır. Digər tərəfdən, pərakəndə satış məlumatlarına əsasən eyni malın 30 gün ərzində qiymətləri arasında 30%-dən yuxarı fərq vardır.

43. Göründüyü kimi malların iddiaçı tərəfindən maya dəyərindən aşağı rəsmiləşdirilməsi, topdan satış qiymətindən aşağı qiymətlə pərakəndə satışın rəsmiləşdirilməsi halları iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir.

44. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin: - 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. - 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər ... - 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; ... - 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

45. Qeyd olunan normaların tələbindən göründüyü kimi vergi ödəyicisi tərəfindən təqdim edilən malların qiyməti bazarda eyni (analoji) mal (iş, xidmət) üçün təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilərin hesablanması vergi orqanı tərəfindən malların bazar qiyməti nəzərə alına bilər.

46. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarında bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş tələblərə və mərhələlərə aydınlıq gətirilmiş və həmin tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən, ekspertiza təyin olunmaqla bazar qiymətinin müəyyən edilməli olması göstərilmişdir.

47. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır (Vergi Məcəlləsinin 14.6.4-cü maddəsi). Buna baxmayaraq, bazar qiymətinin nəzərə alınması ilə vergilərin hesablanması Vergi Məcəlləsinin 14.3-cü maddəsi ilə tələb edilir. Həmin norma bazar qiymətinin tətbiqinin əsası kimi konkret bir neçə halları, o cümlədən təsərrüfat əqdlərinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilməsini və ya 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsini müəyyən edir. Beləliklə, sonuncu maddədə qeyd olunan əsaslar vergi orqanına vergi ödəyicisi tərəfindən üzərinə düşən verginin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsinə dair şübhələnmək, bununla da ona münasibətdə vergini bazar qiyməti əsasında hesablamaq üçün əsas verir. Bu halda, sonrakı bütün hesablamalar və bundan irəli gələn nəticələr bazar qiymətinin dəqiqliklə müəyyən edilməsindən asılıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən, ekspertiza təyin olunmaqla müəyyən olunur.

48. Hazırkı iş üzrə də Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində qeyd olunan hal – yəni, iddiaçı tərəfindən pərakəndə satış məlumatlarına əsasən eyni malın 30 gün ərzində qiymətləri arasında 30 faizdən yuxarı fərq olduğu müəyyən edildiyindən, vergi orqanı bu hüququndan istifadə edərək iddiaçı tərəfindən pərakəndə satış qaydasında təqdim edilmiş malların bazar qiymətini Məcəllənin 14.4-cü maddəsinə uyğun olaraq müəyyən etmişdir.

49. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında qeyd olunan halı təsdiq edərək, tərəflərindən pərakəndə satış zamanı saxlama müddətinin bitməsinə az qalmış malların (filterlərin) ucuz qiymətə satıldığını, eyni zamanda, filterlərin saxlama müddətinin az qaldığını təsdiq edən sənədləri təqdim edəcəklərini bildirsə də, qeyd etdiyi hallarla bağlı müvafiq sənəd və ya sübutları səyyar vergi yoxlaması zamanı vergi orqanına, eləcə də, məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilməmişdir.

50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, bu hissədə vergi orqanının mövqeyi haqlı olmuşdur.

51. 2-ci əsasla bağlı ezamiyyət xərclərinə münasibətdə işdən görünür ki, iddiaçı vergi ödəyicisi mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərclərini 8.295,17 manat bəyan etmiş, lakin, səyyar vergi yoxlaması zamanı bununla bağlı müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən vergi orqanı tərəfindən xərclərə daxil edilməmişdir.

52. Bununla bağlı kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 108.4-cü maddəsinin, eləcə də, hazırkı qərarın 26-cı bəndlərində istinad olunan normaların tələblərindən göründüyü kimi xarici ölkəyə ezamiyyət müəssisə rəhbərinin müvafiq əmri ilə rəsmiləşdirilir, eləcə də, müvafiq xarici pasportda bununla bağlı qeydlər aparılır.

53. İddiaçı bu hissədə tələbinin əsası və apellyasiya şikayətinin dəlilləri olaraq ezamiyyə xərclərini müəssisənin nümayəndəsinin xarici şirkətin açıq sərgisində iştirakı ilə bağlı çəkilən xərclərlə əsaslandırır.

54. İş materiallarında iddiaçı müəssisə tərəfindən 2018-2019-cu illərdə alınmış aviabiletlərin elektron-qaimə fakturaları mövcud olsa da, qaimələrdən müvafiq aviabiletlərin müəsssisənin məhz işgüzar səfəri ilə bağlı alındığı müəyyən edilmir.

55. Bundan başqa, iddiaçı tərəf məhkəmə kollegiyasına müəssisə tərəfindən onun təsisçisi X3 müxtəlif xarici ölkələrə ezamiyyətə göndərilməsi barədə əmrlər təqdim etsə də, əmrlərdən görünür ki, onların hamısı 2017-ci il tarixdə qəbul edilmişdir.

56. İddiaçı mənfəət vergisi bəyannaməsində ezamiyyə xərclərini 2019-cu il üzrə bəyan etsə də, məhz həmin il üzrə bu xərcləri çəkdiyini təsdiq edən qanunvericilikdə təsbit edilmiş sənədləri məhkəməyə təqdim etməmişdir.

57. Məhkəməyə təqdim etdiyi təsisçisinin ezamiyyətə göndərilməsi barədə əmrlər isə həmin tarixə deyil, bu tarixdən 2 il əvvələ aiddir. Bu baxımdan, təqdim etdiyi sözügedən əmrlər iddiaçı tərəfindən məhz 2019-cu il üzrə ezamiyyə xərclərini çəkdiyini təsdiq edən sübut qismində qəbul edilə bilməz.

58. Rabitə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı vergi ödəyicisi mənfəət vergisi bəyannaməsinin 221.11-ci sətrində rabitə xərclərini 6.325,08 manat bəyan etmiş, lakin, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən həmin məbləğin yalnız 4.541,64 manat hissəsinə münasibətdə təsdiqedici sənədlər olduğundan xərclərə daxil edilmiş, qalan 1.783,44 manat məbləğində xərclər isə ezamiyyə xərclərində olduğu kimi təsdiqedici sənədlər təqdim edilmədiyindən xərclərə daxil edilməmişdir.

59. Məhkəmə araşdırması zamanı da 1.783,44 manat məbləğində də rabitə xərcinin çəkildiyini təsdiq edən elektron-qaimə fakturalar, müvafiq ödənişlərin edildiyini təsdiq edən hər hansı sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

60. Beləliklə, iddiaçı vergi ödəyicisi 2019-cu il üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərini 310.787,77 manat bəyan etdiyi halda, 8.295,17 manat ezamiyyə xərcləri, 1.783,44 manat rabitə xərcləri öz təsdiqini tapmadığından vergi orqanı tərəfindən iddiaçının xərcləri 300.553,55 manat olaraq qəbul edilmişdir.

61. Göründüyü kimi iddiaçının 2019-cu il üzrə ümumi gəliri 342.543,32 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərcləri 300.553,55 manat olmuşdur ki, vergi orqanı tərəfindən cəmiyyətin vergiyə cəlb edilən mənfəəti 41.989,77 manat (342.543,32 - 300.553,55), buna müvafiq olaraq mənfəət vergisi 8.397,95 (41.989,77 manat x 20%) manat müəyyən edilmişdir.

62. İddiaçı mənfəət vergisi bəyannaməsində 2019-cu il üzrə 3.542,10 manat mənfəət vergisi bəyan etdiyindən, vergi orqanı tərəfindən iddiaçı barəsində haqlı olaraq mənfəət vergisinin 4.855,85 manat (8.397,95 manat - 3.542,10 manat) az hesablandığı müəyyən edilmişdir.

63. 2020-2021-ci illərdə isə iddiaçı müəssisə zərərlə işlədiyindən onun barəsində mənfəət vergisi hesablanmamışdır.

64. İş üzrə alınmış ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab edilərək yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.855,85 manat məbləğində mənfəət vergisinin az hesablandığı müəyyən edilmişdir.

65. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, vergi orqanının qərarı 2018-ci il üzrə 2.629,16 manat artıq hesablama, 2019-cu il üzrə 4.855,85 manat az hesablama müəyyən edilməklə, ümumilikdə, mənfəət vergisi üzrə 2.226,69 manat (4.855,85 - 2.629,16) əlavə vergi hesablanması hissəsində əsaslı olmuşdur.

66. Lakin, 2018, 2019-cu illər üzrə mənfəət vergisinin 4.855,85 manat az hesablandığı, 2018-ci il üzrə isə 2.629,16 manat artıq hesablandığı müəyyən edildiyindən artıq hesablama çıxılmaqla, 2018-2019-cu illər üzrə iddiaçı barəsində 2.226,69 manat mənfəət vergisi hesablansa da, vergi orqanı ümumilikdə azaldılmış 4.855,85 manat məbləğin 50%-i həcmində, 2.427,9 manat maliyyə sanksiyası hesablanmışdır.

67. Halbuki, Vergi Məcəlləsinin 55.1 və 55.1.5-ci maddəsində hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi təsbit edilmişdir.

68. Lakin, vergi orqanı tərəfindən 2018-ci il üzrə iddiaçı tərəfindən mənfəət vergisi üzrə 2.629,16 manat artıq hesablama müəyyən edilməsinə baxmayaraq, qeyd olunan maddənin tələbinə zidd olaraq maliyyə sanksiyasının hesablanması zamanı bu məbləğ onun ümumilikdə hesablanmış 4.855,85 manat mənfəət vergi borcundan çıxılmamışdır.

69. Nəzərə almaq lazımdır ki, VM-nin 58.1-ci maddəsində maliyyət sanksiyasının təyinatı göstərilmişdir. Həmin maddəyə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

70. Normanın tələbindən göründüyü kimi maliyyə sanksiyası məhz azaldılmış vergi məbləğinin 50 faizi miqdarında tətbiq edilən bir tədbirdir ki, vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmadığı təqdirdə, bu tədbirin tətbiq edilməsinin də qanuni əsası yoxdur.

71. İddiaçı barəsində 2.226,69 manat mənfəət vergisi hesablandığından VM-nin sadalanan normalarının tələbləri nəzərə alınaraq, yalnız bu məbləğin 50%-i həcmində, 1.113,34 manat maliyyə sanksiyası hesablanmalı idi.

72. Odur ki, kollegiya hesab edir ki, cavabdehin qərarı 2018-2019-cu illər üzrə hesablanmış 1.314,59 manat (2.427,9 - 1.113,34) maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.

ƏDV-nin hesablanmasına münasibətdə:

73. Səyyar vergi yoxlaması aktının 3.1-ci bəndinə göstərilmiş cədvəl məlumatlarından görünür ki, ƏDV vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə 23.398,90 manat azaldılmış, 29.323,51 manat artıq hesablanmış (5.924,60 manat artıq hesablama), 2019-cu il üzrə 7.979,13 manat azaldılmış, 6.892,17 manat artıq hesablanmış (1.086,96 manat əlavə hesablama), 2020-ci il üzrə 271,51 manat azaldılmış, 702,00 manat artıq hesablanmış (430,49 manat artıq hesablama), 2021-ci il üzrə 34,81 manat artıq hesablanmış (34,81 artıq hesablama) olmaqla, ümumilikdə ƏDV-nin 5.302,95 manat artıq hesablanması müəyyən edilmiş, həmçinin, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 31.649,54 manat azaldılmasına görə 50% məbləğində, yəni 15.824,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

74. ƏDV-nin 31.649,54 manat azaldılmasına münasibətdə səyyar vergi yoxlaması aktının 16-cı səhifəsindən görünür ki, vergi orqanı tərəfindən iddiaçının yoxlamaya təqdim edilmiş illər üzrə malların hərəkəti, həmçinin, topdan və pərakəndə satışın tərkibi barədə məlumatları yoxlama zamanı araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müxtəlif mallar maya dəyərindən aşağı qiymətlə rəsmiləşdirilərək, büdcəyə hesablanmalı vergilər azaldılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərin araşdırılması zamanı topdan satış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında uyğunsuzluqlar aşkar edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır.

75. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, mənfəət vergisi hissəsində yuxarıda qeyd edildiyi kimi eyni növ malların topdan və pərakəndə satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilmişdir ki, iddiaçı eyni növ malın pərakəndə satış qiymətini tapdan satış qiymətindən aşağı rəsmiləşdirmişdir. Ekspertiza tədqiqatının nəticəsində vergi orqanı tərəfindən müəyyən edilənlər əsaslı hesab edilərək ƏDV-nin 31.649,54 manat az hesablandığı müəyyən edilmişdir.

76. Kollegiya qeyd edir ki, qeyd olunan hallara əsasən vergi orqanının iddiaçı barəsində ƏDV-nin 31.649,54 manat az hesablanmasına münasibətdə mövqeyi qanuni və əsaslı olmuşdur.

77. Lakin, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi 2018-2021-ci illər üzrə iddiaçının özü tərəfindən bəyan edilmiş ƏDV üzrə 5.302,95 manat artıq hesablanma müəyyən edilmiş, bu səbəbdən, ƏDV üzrə əlavə vergi hesablanmamış, lakin, mənfəət vergisində olduğu kimi Vergi Məcəlləsinin 55.1, 55.1.5 və 58.1-ci maddələrinin tələblərinə zidd olaraq azaldılmış 31.649,54 manat məbləğin 50%-i həcmində, 15.824,78 manat maliyyə sanksiyası hesablanmışdır.

78. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin qərarı 2018-2021-ci illər üzrə ƏDV-yə münasibətdə hesablanmış 15.824,78 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.

ÖMV-nin hesablanmasına münasibətdə:

79. Vergi orqanı tərəfindən iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində 3.244,96 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 408,34 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 204,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 1.381,11 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 690,56 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 1.426,05 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 713,03 manat maliyyə sanksiyası müəyyən edilməklə, ümumilikdə, ÖMV vergisi üzrə 9.705.41 əlavə vergi və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində 4.852,7 manat maliyyə sanksiyası hesablanmışdır. 1) Vergi orqanı tərəfindən iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV hesablanmasının əsası ondan ibarətdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən W and E FORWARD LLC müəssisəsinə daşımaya görə 108.165,22 manat ödənişlər üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6% vergi tutulmamışdır. Nəticədə, 6.489,91 manat verginin azaldıldığı müəyyən edilmişdir.

80. Bununla bağlı nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 125.1 və 125.1.4-cü maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: ... Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. ...

81. İş üzrə alınmış ekspert rəyində də iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV-nin az hesablandığı qeyd edilmişdir.

82. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında iddiaçı tərəfin bu hissədə hesablanmış vergi məbləği ilə razılaşdığını, lakin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməyəcəklərini bildirmişdir.

83. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, vergi orqanının qərarı iddiaçı barəsində 2018-ci il üzrə 6.489,91 manat ÖMV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində 3.244,96 manat maliyyə sanksiyası hissəsində əsaslı olduğundan qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 2) Aşağıda qeyd edilən əsaslara görə 2019-2021-ci illər üzrə təsisçi borcuna görə 3.215,5 manat ÖMV və həmin məbləğin 50%-i həcmində 1.607,7 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır:

84. İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-cu il ərzində 74.284,84 manat borc verilmiş, qaytarılma olmamışdır, 2020-ci il ərzində 143.000 manat borc verilmiş, 10.000 manat borcdan qaytarılmış, 2021-ci il ərzində 20.700 manat borc verilmiş, 24.000 manat borcdan qaytarılmışdır. 2019-cu il üzrə dövrün əvvəlinə qalıq olmamış, xx.xx.2022-ci il tarixə cəmiyyətin təsisçiyə borcu 203.984,84 manat təşkil etmişdir. Lakin, cəmiyyət tərəfindən faiz gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Odur ki, Mərkəzi bankın kredit hərraclarında müvafiq dövrlər üzrə təsbit edilmiş faiz dərəcələrini nəzərə almaqla, 2019-2021-ci illər üzrə az hesablanması müəyyən edilmişdir.

85. Ekspert rəyində bu vergi ilə bağlı qeyd edilmişdir ki, təsisçi X5 tərəfindən cəmiyyətə 2019-2021-ci illərdə verilmiş borc məbləğlərinə görə hesablanmış 3.215,51 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, təqdim edilmiş iş materiallarından müəssisənin təsisçisinin qanunvericiliyə uyğun olaraq (qanunvericilikdə göstərilmişdir - Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər) müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması müəyyən olunmur.

86. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin xüsusiyyətləri sadalanmışdır. Həmçinin, həmin Məcəllənin 104.1ci maddəsində qeyd edilmişdir ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.

87. Lakin, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmiş, təsisçinin hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmədiyini, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividentdən ödəmə mənbəyində vergi ödəməli olduğunu nəzərə almamışdır.

88. Kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı təsisçinin fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə təsisçinin mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Halbuki, cavabdeh inzibati orqan təsisçinin iddiaçıya verdiyi həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənmişdir.

89. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Belə ki, pul məbləğinin faizə verilməsi yalnız bankların fəaliyyətinə aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

90. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1914/2023 nömrəli 2-1(102)2215/2023 nömrəli, 2-1(102)-210/2025 nömrəli qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi iş üzrə sübuta yetirilmədiyi hallarda təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ÖMV-yə cəlb edilməsi qanunsuz hesab edilmişdir.

91. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qərarı 2019-cu il üzrə 408,34 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 204,17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 1.381,11 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 690,56 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 1.426,05 manat ÖMV, həmin məbləğin 50%-i həcmində 713,03 manat maliyyə sanksiyası hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir.

VM-nin 58.7-1-ci maddəsinə əsasən hesablanmış 28.350,78 manat məbləğində maliyyə sanksiyasına münasibətdə:

92. Vergi orqanı bununla bağlı mövqeyini belə əsaslandırır ki, Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təsisçi X4 cəmiyyətin kassasından 2018-ci ilin mart ayında 105.000 manat, aprel ayında 120.500 manat, may ayında isə 148.000 manat olmaqla, cəmi 373.500 manat vəsait nağd şəkildə ödənilmişdir.

93. Nəticədə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən cəmiyyətə təqvim ili ərzində birinci belə hala görə 10%, yəni, 28.350 manat ((373.500-90.000)*10%) maliyyə sanksiyası tətbiq edilmişdir.

94. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun (maliyyə sanksiyası hesablanan zaman qüvvədə olan redaksiyası) 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

95. Normanın tələbindən göründüyü kimi qanunverici iddiaçının şəxsində vergi ödəyicisinin bir təqvim ayı üzrə nağd qaydada həyata keçirə biləcəyi ödənişlərin həddini 30.000 manat məbləği ilə məhdudlaşdırmış, bu məbləğdən artıq ödənişlərin isə yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu imperativ qaydada müəyyən etmişdir.

96. İşin yuxarıda qeyd edilən hallarında isə müəyyən edilir ki, iddiaçı tərəfindən onun təsisçisinə 2018-ci ilin mart ayında 105.000 manat, aprel ayında 120.500 manat, may ayında isə 148.000 manat olmaqla, cəmi 373.500 manat vəsait nağd şəkildə ödəniş edilmişdir.

97. Halbuki, qanunvericiliyin tələbinə əsasən iddiaçının hər təqdim ayı ərzində yalnız 30.000 manat məbləğində nağd şəkildə ödəniş etmək hüququ olmuş, iddiaçı 2018-ci ilin ardıcıl gələn mart-may aylarının hər biri üzrə bu limiti keçmişdir.

98. İddiaçı tərəfindən bir təqdim ayı ərzində nağd formada 30.000 manat məbləğindən daha artıq məbləğində ödəniş edildiyi işin mübahisəsiz halıdır.

99. Belə ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında bununla bağlı bildirmişdir ki, kassada pul olmadığından iddiaçı tərəf 5 ay ərzində nağdlaşdırma etməmiş, bu baxımdan, bir ay ərzində ümumi 5 ay üzrə nağdlaşdırma etmək hüququnun olduğunu düşünərək nağdlaşdırma etmişdir.

100. Kollegiya iddiaçı tərəfin bu dəlilini əsassız hesab edərək bildirir ki, hazırkı qərarın 94 və 95-ci bəndlərində qeyd edildiyi kimi qanunverici vergi ödəyicisinin nağdsız qaydada hesablaşmalar üzrə ödəniş hüququnu bir təqdim ayı üzrə 30.000 manat məbləğində müəyyən etmiş, eləcə də, bu hüquqdan istifadə edilməyən aylar üzrə müvafiq hüququn saxlandığı ilə bağlı normada hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır.

101. İş üzrə alınmış ekspert rəyində də yoxlamanın əhatə etdiyi dövr ərzində vergi orqanı tərəfindən VM-nin 58.7-1-ci maddəsinə əsasən hesablanmış 28.350,78 manat məbləğində maliyyə sanksiyası əsaslı hesab edilmişdir.

102. Sadalananlara əsasən kollegiya hesab edir ki, vergi orqanının qərarı VM-nin 58.7-1-ci maddəsinə əsasən hesablanmış 28.350,78 manat məbləğində maliyyə sanksiyası hissəsində əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

103. Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80,00 manat maliyyə sanksiyası hissəsində də vergi orqanının qərarının qanuniliyini iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında təsdiq etmişdir.

104. Odur ki, kollegiya hesab edir ki, vergi orqanının qərarı həmin hissədə də əsaslı olduğundan bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

105. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarına nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mənfəət vergisinə münasibətdə 2018-2019-cu illər üzrə 1.314,59 manat (2.427,9 - 1.113,34) maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2021-ci illər üzrə ƏDV-yə münasibətdə 15.824,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə 408,34 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50%-i həcmində 204,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2020-ci il üzrə 1.381,11 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50%-i həcmində 690,56 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2021-ci il üzrə 1.426,05 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50%-i həcmində 713,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-179/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən – cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********161751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı - mənfəət vergisinə münasibətdə 2018-2019-cu illər üzrə 1.314,59 manat (2.427,9 - 1.113,34) maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2021-ci illər üzrə ƏDV-yə münasibətdə 15.824,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə 408,34 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50%-i həcmində 204,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2020-ci il üzrə 1.381,11 manat ÖMVnin hesablanması, həmin məbləğin 50%-i həcmində 690,56 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2021-ci il üzrə 1.426,05 manat ÖMV-nin hesablanması, həmin məbləğin 50%-i həcmində 713,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar