Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-780/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-2516/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X3 ayrılmış 0,62 ha torpaq sahəsinə dair Quba rayon torpaq şöbəsi tərəfindən onun adına 06 aprel 1999-cu il tarixli, JN-103, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, AİK-nin sözügedən qərarı ilə X9 və X4 ayrılmış 1,24 ha torpaq sahəsinə dair onların adına JN-102, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. X5 xx.xx.2004-cü il tarixdə, X6 xx.xx.2009-cu il tarixdə, X9 isə xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həmçinin, 1,24 ha torpaq sahəsi üzərində X9 və X1 ümumi birgə mülkiyyət hüquqları, eləcə də, 0,62 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 17 may 2023-cü il tarixli, 2V-535, 2V-536, 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən İddiaçı müvafiq olaraq X9, X5, X1 vərəsəsi kimi müəyyən edilmiş və şəhadətnamə verilən miras əmlak kimi JN-102, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Küpçal kəndində yerləşən 1,24 ha torpaq sahəsi (Familə və Gültavar Poladovalara məxsus hissələr), eləcə də, JN-103, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Sürahi Poladovaya məxsus 0,62 ha torpaq sahəsi göstərilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba rayon Küpçal kəndində yerləşən 1,86 ha (1,24+0,62) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. İnzibati orqan 15 noyabr 2023-cü il tarixli, 3-21-3-34/2-14801/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 1,86 ha torpaq sahəsinin naturada faktiki istifadəsi X7 X8 (TEKUİS) olan torpaq sahəsinə uyğun deyil, fərqlidir. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsindədir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 17 may 2023-cü il tarixli, 2V- 535, 2V-536 və 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 iddiaçının anası, Poladova Familə və Sürahi Əbülfərz qızları isə iddiaçının bacılarıdır. İddiaçı onlardan miras qalmış 1,86 hektar olan həmin torpaq sahələrindən ibarət miras əmlakları qəbul etdikdən dərhal sonra torpaq sahələrinə faktiki sahiblik edərək torpaq sahələrinə qulluq etmiş, əkib-becərərək kənd təsərrüfatı məhsulları istehsal etmişdir. Həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin onun müraciəti xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-14801/2023 nömrəli məktubla müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-2516/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, 17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyat nömrəli, 17 may 2023-cü il tarixli, 2V-536 reyestr qeydiyyat nömrəli və 17 may 2023-cü il tarixli, 2V-537 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoymuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan 0.4198 ha torpaq sahəsinə dair DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçü sənədinın kadastr göstəriciləri qrafasında əks olunmuş rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən sxem ilə DTXK-nın Quba rayon şöbəsi tərəfindən tərtib etdiyi dövlət aktlarının cizgisində əks olunmuş fotogörüntü müqayisə olunarkən məlum olur ki, mübahisə predmeti olan torpaq sahələrinin konfiqurasiyası və yerləşmə yerləri ilə bağlı hər hansı bir fərq mövcud deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi birinci arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni torpaq sahəsinin bir hissəsinin digər şəxsin istifadəsində olmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan torpaq sahələrinin başqa şəxs tərəfindən istifadə olunması həmin torpaq sahəsinin üzərində istifadə etdiyi iddia olunan şəxsin mülkiyyət hüququnun yaranması üçün əsas deyil. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 may 2023-cü il tarixli, 2V-535, 2V-536 və 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında Quba rayon Küpçal kəndində yerləşən 1,86 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin yuxarıda qeyd edilən hallarından görünür ki, Quba rayonunda 1998-ci ildə aparılmış aqrar islahat zamanı iddiaçının anası və bacısı X9 və X4 1,24 ha torpaq sahəsi, digər bacısı X3 isə 0,62 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahələrinə dair onların adlarına 1999-cu ildə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları tərtib edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 04/950 və 04/959 nömrəli “Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”lardan görünür ki, JN-102, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 1,24 ha torpaq sahəsi üzərində X9 və X1 ümumi birgə mülkiyyət hüququ, JN-103, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən isə 0,62 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. Anası və bacılarının ölümündən sonra iddiaçı onların qanun üzrə vərəsələri kimi müəyyən edilmiş və sözügedən 1,24 ha və 0,62 ha, ümumilikdə 1,86 ha torpaq sahəsinə dair onun adına 17 may 2023-cü il tarixli, 2V-535, 2V-536, 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr tərtib edilmişdir. Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayon Küpçal kəndində yerləşən 1,86 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla, torpaq sahəsinin naturada faktiki istifadəsinin X7 X8 (TEKUİS) olan torpaq sahəsindən fərqli olması və sahənin bir hissəsinin digər şəxsin istifadəsində olmasıdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu nəticəsində mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və bununla bağlı məhkəməyə müayinə aktı təqdim edilmişdir. Müayinə aktından görünür ki, JN-102, KOD 30318018 qeydiyyat nömrəli və JN-103, KOD 30318018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən 1,24 ha və 0,62 ha torpaq sahələri X7 X8 (TEKUİS) öz əksini tapmışdır. JN-103 nömrəli Dövlət Aktında göstərilən 0,62 ha torpaq sahəsi və JN-102 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin (1,24 ha) 0,7043 ha hissəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilində yerləşir və həmin torpaq sahəsi digər şəxs (şəxslər) tərəfindən istifadə olunur. JN-102 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin qalan hissəsi (0,5357 ha) isə iddiaçının faktiki istifadəsindədir. Ümumilikdə, iddia olunan torpaq sahəsi faktiki olaraq başqa şəxslər tərəfindən istifadə olunur. Müayinə aktına əlavə edilən orto-foto xəritədən çıxarışdan da Dövlət Aktlarında göstərilən torpaq sahələrinin bir hissəsinin iddiaçının faktiki istifadəsində olduğu görünür. Göründüyü kimi mübahisəli 1,86 ha torpaq sahəsi (1,24 ha + 0,62 ha) X7 X8 (TEKUİS) qeydə alınmışdır, həmin torpaq sahəsinin faktiki koordinatları ilə TEKUİS-də göstərilən koordinatlar arasında uyğunsuzluğun yaranması səbəbi torpaq sahəsinin bir hissəsinin başqa şəxslər tərəfindən istifadə olunması ilə bağlıdır. Kollegiya qeyd edir ki, qeyd olunan torpaq sahələrinin bir hissəsinin başqa şəxslər tərəfindən istifadə olunması halı həmin sahələr üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, iddiaçının sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərə – 17 may 2023-cü il tarixli, 2V- 535, 2V-536, 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsaslanır. İstinad olunan həmin normada daşınmaz əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17 may 2023-cü il tarixli, 2V-535, 2V-536 və 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında Quba rayon Küpçal kəndində yerləşən 1,86 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının dəqiqləşmiş tələbi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-2516/2024 nömrəli qərarı dəyişdirilsin. 17 may 2023-cü il tarixli, 2V-535, 2V-536 və 2V-537 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında Quba rayon Küpçal kəndində yerləşən 1,86 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinə dair planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-780/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-780/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver