Məhkəmə qərarları › İş №2-1(105)-780/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-780/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-780/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə ƏDV vergi məbləğinin hesablanması barədə qərarlarının ləğvi və əlavə dəyər vergisinin (ƏDV) ona aid şəxsi hesab vərəqəsindən silinməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Elbəy oğlunun, Cavabdehin nümayənəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “əlavə ƏDV vergi məbləğinin hesablanması barədə vergi orqanının qərarlarının ləğv edilməsi və həmin qərarlarla cəmiyyətə hesablanmış əlavə dəyər vergisinin (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2- 1(118)-1083/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 fevral 2024-cü il tarixli, **********347700 saylı qərarı əsasında İddiaçı ASC-yə 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1289.66 manat məbləğində vergi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”03 iyun 2024cü il tarixli, **********253200 saylı qərarı əsasında İddiaçı ASC-yə 2024-cü ilin aprel ayı üçün 1348.11 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. “X7 İnternational” MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müəssisə “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli qərarı ilə rüsumsuz ticarət fəaliyyəti göstərir. Həmin qanunun tələblərinə əsasən, malların yalnız gömrük sərhədindən keçən şəxslərə satılmasını təmin etmək və malların yalnız pərakəndə satışını təmin etmək müəssisənin vəzifəsidir (Həmin qanunun 4.9.2 və 4.9.3-cü yarımbəndləri). Mağazalarında idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır. Ümumilikdə yerli malların mağazada satışı ölkənin xarici turistlərə tanıdılmasıdır. Həmçinin mağazalarda topdan satış qanunla qadağandır və yalnız pərakəndə qaydada həyata keçirilir. Mallar gömrük nəzarəti zonasında olduğundan onların ölkə ərazisinə çıxarılması mümkün deyildir. Alınan mallar aksizsiz və ƏDV-siz olaraq müştərilərə satılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, daxili malların rüsumsuz ticarət mağazasına aparılması yerli təsərrüfat subyektləri arasında aparılan sövdələşmələr çərçivəsində həyata keçirilir və xarici ticarət müqavilələri ilə müşayiət olunmadığından ixrac əməliyyatı hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin **********347700 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) əlavə hesablanmış 1289.66 manat məbləğində əlavə dəyər vergisinin (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergi İdarəsinin **********347700 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla "Cəmiyyətə (VÖEN **********) dekabr 2023-cü il dövrü üzrə əlavə hesablanmış 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsinin **********253200 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla Cəmiyyətə (VÖEN **********) aprel 2024-cü il dövrü üzrə əlavə hesablanmış 1348.11 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********347700 saylı xx.xx.2024-cüil tarixli qərarı ilə Cəmiyyətə (VÖEN **********) dekabr 2023-cü il üzrə 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmışdır. Cavabdehin **********347700 saylı, xx.xx.2024-cü il tarixli qərarını Cəmiyyət tərəfindən dekabr 2023-cü il ərzində 7164.80 manat dəyərində malların təqdim edilməsi zamanı ƏDV tətbiq edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin **********347700 saylı, xx.xx.2024-cü il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixində 7164.80 manat dəyərində mallar ixrac gömrük rejimində bəyan edilərək "xxxx" MMC-nin ünvanına ixrac olunmuşdur. Həmin ixrac əməliyyatını əks etdirən **********9052 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq orqanına təqdim edilmiş, müvafiq ixrac vergi, rüsum və yığımları ödənildikdən sonra gömrük orqanı bəyannaməyə “Buraxılsın” möhürü vuraraq malların ixracına icazə vermişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların ixracı əməliyyatı zamanı ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Beləliklə də, 7164.80 manat dəyərində mallar ixrac olunduğuna həmin əməliyyata ƏDV sıfır (0) dərəcəsi ilə hesablanmışdır, yəni 1289.66 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) hesablanmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ASC-yə (VÖEN: **********) 2023-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1289.66 manat, 2024cü ilin aprel ayı üçün 1348,11 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, 2023-cü ilin dekabr ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaiməfakturaların dəyəri 7164.80 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7164.80 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********393600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2023- cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1289.66 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********347700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********529700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, 2024-cü ilin Aprel ayı ərzində ƏDV-yə cəlb edilməyən elektron qaiməfakturaların dəyəri 7489.52 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsinin "ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat" bölməsində "Əməliyyatın məbləği (ƏDV nəzərə alınmadan) 0 manat göstərildiyindən 7489.52 manat kənarlaşma yaranmışdır. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmiədiyindən yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır .Əlavə olaraq istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********637800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 1348,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********253200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İstehsalçı tərəfindən malların rüsumsuz ticarət mağazasına aksiz markası ilə markalanmadan təqdim olunması adıçəkilən Qaydalarda istisna edilməmişdir. Malların ixracı dedikdə gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması nəzərdə tutulur. Malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmir. Buna əsasən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə rəsmiləşdirilir. Əlavə olaraq aksizli mallar üzərində vergi nəzarəti aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal binalarında nəzarət postları yaradılmaqla həyata keçirildikdə vergi nəzarəti zamanı Nazirliyin xx.xx.2019-cu il tarixli **********116100 nömrəli göstəriş məktubunda göstərilən məsələlər nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 71-1-ci, 159-cu, 184-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları” ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1083/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmir. Aksiz vergisi tutulan mallar üçün vergi tutulan əməliyyatın vaxtı malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxtdır. Vergi Məcəlləsinin müvafiq normalarına əsasən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə faktura təqdim edilməklə rəsmiləşdirilir. Buna əsasən istehsalçı tərəfindən istehsal olunan aksız markası ilə markalanmalı olan malların rüsumsuz ticarət mağazalarına satışı zamanı aksiz vergisi istehsalçı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanaraq dövlət büdcəsinə ödənilir. Həmçinin, sorğu nömrəsi **********9052, **********0823, **********6510 nömrəli gömrük bəyənnamələrdən görünür ki, bəyənnamələrin birinci qrafasında ''İX” qeydi, 37-ci qrafasının birinci bölməsində “10” kodu və qrafanın ikinci yarımbölməsındə “36” kodu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"na uyğun olaraq təqdim olunan gömrük bəyannamələrinin birinci qrafasındakı ''İX” qeydi və 37-ci qrafasının birinci bölməsində “10” kodu malların əsas keçirilmə üsulunu ehtiva etməklə yanaşı, həmin qrafanın ikinci yarımbölməsındə “36” (malların Rüsumsuz Ticarət Mağazasında satılmaq üçün keçirilməsi) kodunun qeyd edilməsi malların yekun keçirilmə xüsusiyyətini ehtiva edir və ixrac gömrük prosedurunun tətbiqini istisna edir. Bu əsasla iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarları əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qərar onunla əsaslandırılmışdır ki, qeyd edilən araşdırmanın nəticəsi olaraq məhkəmə qərar gəlir ki, malların ölkə daxilində bir hüquqi şəxsdən digər hüquqi şəxsə satılması malların ixracı hesab edilmir. Aksiz vergisi tutulan mallar üçün vergi tutulan əməliyyatın vaxtı malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxtdır. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə satılması istehsalçı tərəfindən elektron qaimə faktura təqdim edilməklə rəsmiləşdirilir. Buna əsasən istehsalçı tərəfindən istehsal olunan aksız markası ilə markalanmalı olan malların rüsumsuz ticarət mağazalarına satışı zamanı aksiz vergisi istehsalçı tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanaraq dövlət büdcəsinə ödənilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/2- 001401/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014- cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"na uyğun olaraq təqdim olunan gömrük bəyannamələrinin birinci qrafasındakı ''İX” qeydi və 37-ci qrafasının birinci bölməsində “10” kodu malların əsas keçirilmə üsulunu ehtiva etməklə yanaşı, həmin qrafanın ikinci yarımbölməsındə “36” (malların Rüsumsuz Ticarət Mağazasında satılmaq üçün keçirilməsi) kodunun qeyd edilməsi malların yekun keçirilmə xüsusiyyətini ehtiva edir və ixrac gömrük prosedurunun tətbiqini istisna edir. Məhkəmənin mövqeyi tamamilə yalnışdır. Belə ki, məhkəmə işə baxarkən işin mahiyyətini nəzərə almamışdır. Belə ki, Cəmiyyət (VÖEN **********) tərəfindən satılmış mallar hansısa ölkədaxili mağaza və ya müəssisəyə satılmamışdır. Həmin mallar rüsumsuz ticarət fəaliyyətini həyatakeçirən Duty Free mağazasına satılmışdır. Məsələnin mahiyyəti də elə odur ki,rüsumsuz ticarət mağazasında satılan mallar “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 nömrəli qərarı ilə rüsumsuz ticarət fəaliyyəti göstərir. Həmin qanunun tələblərinə əsasən malların yalnız gömrük sərhədindən keçən şəxslərə satılmasını təmin etmək və malların yalnız pərakəndə satışını təmin etmək müəssisənin vəzifəsidir (Həminqanunun 4.9.2 və 4.9.3-cü yarımbəndləri). Mağazalarında idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır. Ümumilikdə yerli malların mağazada satışı ölkənin xarici turistlərə tanıdılmasıdır. Həmçinin mağazalarda topdan satış qanunla qadağandır və yalnız pərakəndə qaydada həyata keçirilir. Mallar gömrük nəzarəti zonasında olduğundan onların ölkə ərazisinə çıxarılması mümkün deyildir. Alınan mallar aksizsiz və ƏDV-siz olaraq müştərilərə satılır. Belə olan halda həmin rüsumsuz mağazalarına ƏDV tətbiq edilməklə malların satılması absurddur. Çünkirüsumsuz ticarət fəaliyyəti həyata keçirən mal satdığımız müəssisə malları ƏDV ilə sata bilməz. “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”na əsasən qadağandır. Belə olan halda əgər Duty Free ƏDv-ni ödəsə, o zaman müşəriyə ƏDV ilə malları sata bilməz. Belə olan haldada ƏDV son istehlakçı olan müştəri tərəfindən deyil, rüsumsuz ticarətmağazası tərəfindən ödəniləcəkdir. Halbuki, ƏDV son istehlakçı tərəfindən ödənilir.Hətta ƏDV Duty Free tərəfindən ödənilsə belə, onun bu ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ da yoxdur və belə olan halda rüsumsuz ticarət mağazasında satılan yerli məhsulların dəyəri rüsumsuz ticarət mağazası olmayan digər yerli mağazalardan daha çox olacaqdır. Bu da rüsumsuz ticarət haqqında qanunvericiliyin ümumiyyətlə mahiyyətinə ziddir. Çünki qanunvericiliyə əsasən həmin mağazalarda satıan mallara ticarət siyasəti tətbiq edilmədən, ƏDV və aksizə güzəştlər ona görə verilir ki, ölkəmizə gələn qonaqlar gedərkən yerli və xarici məhsulları daha keyfiyyətli və ucuz əldə edə bilsinlər. Bunun mahiyyətinə zidd olaraq qanunlara istinad etmək və səhv praktika formalaşdırmaq ölkəmizin işgüzar imicinə də ziyan vura bilər. X6 strateji ərazidir və gömrük nəzarəti zonasıdır.Həmin əraziyə giriş-çıxış yalnız müvafqi bilet əsasında mümkündür. Əvəzləşdirməyi mümkün olmayan ƏDV-nin ödənilməsini də tələb etmək ona görə tamamilə absurd və qanunvericiliyə ziddir. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən qeyd edilir ki, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Beləliklə, göstərilənləri nəzərəalaraq belə nəticəyə gəlinir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilənlər nəzərə alınmamış, nəticədə onun qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnən mübahisəli qərar qəbul edilmişdir. Məhkəmə işi araşdırarkən sübutların yetərli olmamasına baxmayaraq, inzibati orqanın qərarını qüvvədə saxlamışdır. Halbuki, inzibati orqan qəbul etdiyi qərarın qanuni və əsaslı olmasını sübut edə bilməmişdir. Lakin məhkəmə araşdırma apararkən bu xüsusatlara qiymət verməmişdir. Hazırkı işin faktiki və hüquqi hallarından gördüyümüz kimi iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Ali Məhkəmənin qərarı və s.) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Məhkəmə onun tərəfindən təqdim edilmiş izahat xarakterli məlumatlar, sübutlar məhkəmə baxışı zamanı bildirilmiş məlumatları tam və hərətəfli aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 Elbəy oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayənəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;[482] 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin məbləğinin ödənilməsi nəzərdə tutulur (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir

178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş 16 fevral 2024-cü il tarixli, **********347700 saylı və ”03 iyun 2024-cü il tarixli, **********253200 saylı qərarları mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsini onunla əsaslandırmışdır ki, kameral vergi yoxlaması nəticəsində 2023-cü ilin dekabr ayı ərzində ƏDVyə cəlb edilməyən elektron qaimə faktura üzrə 7164,80 manat əməliyyatın ƏDV-yə cəlb edilməli olduğu halda 0 manat bəyan edildiyindən, 7164,80 manat ƏDV üzrə kənarlaşma aşkar edilərək, 1289,600 manat ƏDV məbləği hesablanmış, bu barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş, eyni əsaslarla 2024-cü ilin aprel ayı ərzində 7489,52 manat kənarlaşma aşkar edilərək, 1348,11 manat ƏDV məbləği hesablanmış, bu barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh vegi orqanının istinad etdiyi elektron qaimə faktura üzrə satılmış malların rüsumsuz ticarət mağazası qismində "xxxx" MMCyə satmışdır. İndiki halda iddiaçı həmin əməliyyatın ixrac əməliyyatı kimi dəyərləndirərək, həmin əməliyyatların Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin dispozitiv normasının təsiri altına düşüdyünü əsas gətirərək, həmin əməliyyatlar üzrə ƏDV hesablamamışdır (bəyan etməmiş), 0 manat kimi bəyan etmişdir. Cavabdeh vergi orqanı isə qeyd edilən əməliyyatın ixrac əməliyyatı olmadığını, iki hüquqi şəs arasında aparılmış əməliyat kimi çıxış etdiyini, rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə malın satılması halının ixrac əməliyyatı kimi çıxış etmədiyini əsas gətirərək, həmin əməliyyatların ƏDV-yə cəlb edilməli olan əməliyyat olduğundan, əlavə ƏDV məbləğini hesablamışdır. İndiki halda iş üzrə araşdırılmalı olan hal məhz vergi ödəyicisinin rüsmusuz ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə malları tədqim etməsi halının malların ixracı əməliyyatı kimi dəyərləndirilməsinə əsas verib-verməməsi ilə bağlı olan haldır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, hansı işlərin, xidmətlərin və ya malların təqdim edilməsinin ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsi üçün əsas olan hallar vergi qanunvericiliyin normasının dispozitiv şərtində dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi ödəyicisi tərəfindən "xxxx" MMCyə sözügedən malların təqdim edilməsinə dair gömrük bəyannaməsi tərtib edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş məktubun məzmununda onu “Rüsumsuz ticarət mağazalarının yaradılması və onun fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə müvafiq qərar əsasında fəaliyyət göstərməsi, həmin qaydalara əsasən malları yalnız gömrük sərhəddindən keçən şəxslərə satılmasını təmin etmək və malların yalnız pərakəndə satışını təmin etmək vəzifəsi olduğunu, mağazada idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifdaə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifdaə üçün nəzərdə tutulmuş malların satıldığını, malların gömrük nəzarəti zonasında olduğundan, onların ölkə ərazisindən çıxarılması mümkün olmadığını qeyd etmişdir. İş materiallarından görünür ki, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məktubun məzmununda malların ixracının Azərbaycan Respublikasının ərazisindən çıxarılması kimi başa düşüldüyü, daxili malların rüsumsuz ticarət mağazasına aparılması yerli təsərrüfat subyektləri arasında aparılan sövdələşmələr çərçivəsində həyata keçirildiyi, xarici ticarət müqavilələri ilə müşayiət olunmadığından ixrac əməliyyatı hesab edilmədiyi, Komitə tərəfindən təsdiq edilmiş Qaydaların birinci qrafasındakı İX qeydinin və 37-ci qrafasının birinci bölməsində 10 kodumalların əsas keçirilmə üsulunu ehtiva etməklə yanaşı, həmin qrafanın ikinci yarımbölməsində 36 (malların Rüsumsuz Ticarət Mağazasında satılmaq üçün keçirilməsi) kodunun qeyd edilməsi malların yekun keçirilməsi xüsusiyyətini ehtiva etdiyini və ixrac gömrük prosedurunu tətbiqini istisna etdiyini, əlavə olaraq, müvafiq qanuna dəyişiklik edilməsi barədə layihədə əlavə edilməsi nəzərdə tutulan “Rüsumsuz Ticarət” adlı 33-1-ci fəsildə sözügedən əməliyyatların rüsumsuz ticarət xüsusi gömrük prosedurunda yerləşdiirlməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, indiki halda malların rüsumsuz ticarət fəaliyyəti ilə məşğul olan müəssisələrə təqdim edilməsi halı həmin əməliyyatın ixrac əməliyyatı kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı sözügedən əməliyyatları ixrac əməliyyatı kimi dəyərləndirməklə, ƏDV-ni 0 dərəcə ilə hesablamaqda haqlı olmamış, nəticə etibarilə cavabdeh bu əsasla iddiaçıya 18% dərəcə ilə əlavə ƏDV məbləğini hesablamaqda haqlı olmuşdur. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, indiki halda iddiaçı ilə "xxxx" MMC arasında baş tutmuş əməliyyatların ƏDV-dən azad olunan, ƏDV-yə 0 dərəcə ilə cəlb edilən və ya ƏDVyə cəlb edilməyən əməliyat kimi qiymətləndirilməsinə əsas ola biləcək qanunla müəyyən edilmiş hər hansı başqa norma müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli süməkdə haqlı olmamış, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, kollegiya iddiaçının Vergi Məcəlləsinin 159.7-ci maddəsinə istinadən irəli sürdüyü digər arqumenti ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsi malları alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmayan şəxslərə münasibətdə tətbiq edilir ki, indiki halda, iddiaçının fəaliyyəti ƏDV-yə cəlb edilən fəaliyyət olduğundan, onun Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq aldığı və ya idxal etdiyi mallara görə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququ mövcud olmuşdur. Bu isə o deməkdir ki, qeyd olunan normaya istinadən iddiaçının satış əməliyyatlarının ƏDV-yə cəlb edilməyən əməliyyat kimi qiymətləndirilməsi yol verilən deyil. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları apellyasiya şikayətinin dəlillərini də təkzib etdiyindən, iddiaçının apellyasiya şikayəti əsasız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1083/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar