Məhkəmə qərarları › İş №2-1(105)-782/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-782/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-782/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)- 1297/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla həmin vaxtdan fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin Aparatına ərizə ilə müraciət edərək müəssisənin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələb etmə müddəti keçmiş borcların silinməsini xahiş etmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iddiaçı eyni müraciətlə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və müraciəti Dövlət Vergi Xidmətinin AVİS kargüzarlıq altsistemində **********584500 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 mart 2024-cü il tarixli, **********424900 nömrəli və **********626500 nömrəli məktublarından görünür ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. İş materiallarına əlavə edilmiş İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 14 iyun 2024-cü il tarixli müraciət ərizəsindən görünür ki, İddiaçı şəxsi hesab vərəqəsi üzrə mövcud olan 662.472,46 manat borcun 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir: VMCQ – **********46990 - (AZM) -MS- (MNFTV 2018) 84.866,43 manat VMCQ -2**********46990-(AZM) - MS-(ƏDV 2017) 8.110,43 manat VMCQ - 2**********46990- (AZM) -MS-(ƏDV 2018) 79.828,89 manat VMCQ - 2**********46990-(AZM) -MS-(ƏV 2017) 1.987,06 manat VMCQ - 2**********46990-(AZM) - MS-(MİƏÖMTV(ƏDV) 2017) 38,91 manat VMCQ - 2**********46990- (AZM) -MS-(2018) 103.223,05 manat VMCQ - 2**********46990-(AZM) -MS-(2017) 51.661,60 manat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən qeyd edilən tələbetmə müddəti keçmiş 329.716,37 manat vəsaitin şəxsi hesab vərəqəsində göstərilən ümumi borc məbləğindən azaldılmaqla müvafiq qaydada silinməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 29 oktyabr 2024cü il tarixli müraciət ərizəsindən görünür ki, hazırda şəxsi hesab vərəqəsi üzrə 282.747,66 manat borc məbləği üzrə də tələbetmə müddəti keçmişdir. Həmin borcun tərkibi maliyyə sanskiyasından ibarət olmaqla aşağıdakı kimidir. VMCQ-2**********46990- (AZM)-MS- (MNFTV 2019) VMCQ-2**********46990 - (AZM)- MS (ƏDV 2019) VMCQ- 2**********46990 - (AZM)- MS- (2019) Vergi Məcəlləsinin 85.4-cü Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Tələbetmə müddəti keçmiş borcun silinməsi xahiş edilmişdir.... Əlavə olaraq Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçı şirkətin xx.xx.2024-cü il tarixli məktubuna yazdığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki,.... Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən vergi orqanları verginin, faizlərin və malkiyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçı iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3146990 nömrəli qərarı əsasında tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin 20 noyabr 2024-cü il tarixli, 3-21-2-8/2-A-334- 43/2024 nömrəli İddiaçınə göndərilmiş “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, vergi borcunun silinməsi tələbinə dair məhkəmə instansiyasına edilmiş müraciət üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatına verilmiş 2-1(118)-4342/2024 nömrəli iş üzrə proses yekunlaşmamışdır. Məhkəmə instansiyası üzrə yekun qanuni qüvvəyə minmiş qərar qəbul edildikdən sonra borcun silinməsi məsələsinə baxıla bilər. Şirkətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) 19 noyabr 2024-cü il tarixə borcu aşağıdakı kimidir: -Vergilər üzrə 32.142,49 manat əsas, 616.489,61 manat maliyyə sanksiyası, 21.480,11 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 3.543,75 manat əsas, 7.130,91 manat faiz borcu; - İşsizlikdən sığorta haqları üzrə 40,87 manat əsas, 1,73 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 567 manat əsas, 290,02 manat faiz borcu; - İnzibati cərimə üzrə 9.639,25 manat borc. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2025-ci il tarixli, 2**********46990 nömrəli İddiaçı barəsində qəbul edilmiş qərardan görünür ki, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmış, həmçinin qeyd edilmişdir ki, 2018-ci və 2019-cu ildə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, 2017-ci ildə əmlak vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir. Bundan başqa 2018-ci, 2019-cu və 2020-ci illərdə əlavə dəyər vergisinin və 2018-ci ildə əmlak vergisinin artıq hesablandığı müəyyən edilmişdir : - “azaldılmış vergi” 818.893,29 manat; - “artıq hesablanmış” 11.710,3 manat; - “əlavə hesablama” 810.720,69 manat; - “artıq hesablama” 3.537,7 manat; - “maliyyə sanksiyası” 616.149,61 manat olaraq göstərilmişdir; İddiaçı 23 iyul 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” - 6.244,13 manat “hesablanmışdır”, 75.109.305,56 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “23 iyul 2024-cü il tarixə faiz borcu” 22.650,69 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 668.331,81 manat, “23 iyul 2024-cü il tarixə saldo” - 668.331,81, “cəmi ödənilməli borc” 668.331,81 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir. İddiaçı 21 avqust 2024-cü il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” -6.244,13 manat, “hesablanmışdır” 75.115.085,15 manat, “ödənilmişdir” 46.661.068,30 manat, “azaldılmışdır” 28.131.782,24 manat, “faiz saldo” 1.047,92 manat, “21 avqust 2024-cü il tarixə faiz borcu” 23.246,61 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 674.707,32 manat, “23 iyul 2024-cü il tarixə saldo” -674.707,32, “cəmi ödənilməli borc” 674.707,32 manat, “sosial üzrə bölüşdürülməmiş ödənişlər” 58,63 manat olaraq göstərilmişdir. İddiaçı 21 fevral 2025-ci il tarixli “Şəxsi hesab vərəqəsi”ndən çıxarışdan görünür ki, “saldo” - 6.244,13 manat, “hesablanmışdır” 75.828.456,86 manat, “ödənilmişdir” 47.136.337,70 manat, “azaldılmışdır” 28.646.599,03 manat, “faiz saldo” 1.047,92 manat, “21 fevral 2025-ci il tarixə faiz borcu” 13.657,16 manat, “əhatə etdiyi dövrün son tarixinə saldo” - 367.827,08 manat, “21 fevral 2025-ci il tarixə saldo” - 367.827,08, “cəmi ödənilməli borc” 410.178,78 manat olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tələbetmə müddəti keçmiş 329.716,37 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7987/2024 tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsi üzrə mövcud olan 656.026,83 manat borcdan 329.716,37 manat hissəsinin 5 illik tələbetmə müddəti ötmüşdür. Sözügedən borcun tərkibi maliyyə sanksiyasından ibarət olmaqla aşağıdakı kimidir. VMCQ- 2**********46990-(AZM) -MS-(MNFTV 2018) 84.866,43 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2017) 8.110,43 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏDV 2018) 79.828,89 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(ƏV 2017) 1.987,06 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(MİƏÖMTV (ƏDV) 2017) 38,91 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(2018) 103.223,05 manat; VMCQ - 2**********46990-(AZM) -MS-(2017) 51.661,60 manat. Odur ki, iddiaçı tərəfindən tələbetmə müddəti keçmiş 329.716,37 manat borcun silinməsi ilə bağlı 5 mart 2024-cü il tarixli, **********320400 nömrəli məktubla cavabdehə müraciət olunmuş, lakin cavabdeh 13 mart 2024-cü il tarixli, **********424900 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur və 329.716,37 manat borcun silinməsi öhdəliyi ona həvalə edilməlidir. Vergi orqanları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 85.4cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyicilərı tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəsatəti təmin edilərək, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçının iddia ərizəsində cəmiyyətin şəxsi hesab vərəqəsində olan tələbetmə müddəti keçmiş 612.464,03 manat borcun VM-in 93.1.1-ci maddəsinə əsasən 5 illik tələbetmə müddətin bitməsi əsas gətirilərək ümidsiz borc kimi silinməli olduğunu qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərilən maliyyə sanksiyası məbləği cavabdehin “Vergi ödəyicisinin və ya şığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edilmişdir. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, hesab edilir ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-1297/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən maliyyə sanksiyası cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edildiyi üçün (yəni vergi qanunvericiliyində nəzərdə tutulmuş 5 il müddət keçmədiyindən) iddia tələbi təmin edilə bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 9 dekabr 2022-ci il tarixli 677 VİOD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1385) ilə 85.4-cü maddəyə ikinci halda “qurtardıqdan sonra” sözlərindən sonra “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri əlavə edilmişdir. Həmin Qanun 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Göründüyü kimi, VM-nin 85.4-cü maddəsinə (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materialların baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) sözləri 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edildiyindən və həmin qanun 1 yanvar 2023-cü il tarixdə qüvvəyə mindidyindən məhkəmə həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. Göstərilənlər nəzərə alınmaqla vergi ödəyicisinə silinməsi tələb olunan maliyyə sanksiyası məbləğləri “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərarı əsasında tətbiq edildiyindən və sözügedən qərar qəbul olunarkən VM-nin 85.4-cü maddəsində vergi borcunun tələb edilməsi ilə bağlı müddətin səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasını materiallarına baxılmanın əticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən hesablanması ilə şərtləndirilmədiyindən hazırkı mübahisəyə münasibətdə VM-nin 85.4-cü maddəsinin 1 yanvar 2023-cü il tarixli dəyişiklikdən əvvəlki redaksiyası tətbiq edilməli idi ki, məhkəmə bunu etməmiş, nəticədə bizim konstitusyon hüquqlarımızı pozmuşdur. Sözügedən kobud pozuntu tələb etmə müddəti keçmiş ümüdsiz borcların qanunsuz şəkildə vergi orqanı tərəfindən tələb edilməsi üçün əlavə müddət müəyyən etməklə bərabər, müsəssiənin fəaliyyətini bərpa etmək istəyimizi də iflic hala salmışdır. Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin norma 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (1 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişkiliyə qədər aşağıdakı kimi olmuşdur : Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarı Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi borcun ümidsiz borc kimi silinməsinin təmin olunması ilə bağlıdır. İddiaçı bildirir ki, cəmiyyətin şəxsi hesab vərəqəsində əks olunan və tələbetmə müddəti keçmiş 612.464,03 manat məbləğində borc VM-in 93.1.1-ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddətinin başa çatması səbəbilə ümidsiz borc kimi silinməlidir. Cavabdeh isə qeyd etmişdir ki, iddiaçı hər nə qədər şəxsi hesab vərəqəsində olan və tələbetmə müddəti keçmiş borcun VM-in 93.1.1-ci maddəsinə uyğun olaraq 5 illik müddətin bitməsi ilə ümidsiz borc kimi silinməli olduğunu göstərsə də, iddiada nəzərdə tutulan maliyyə sanksiyası cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyini və ya icbari tibbi və sosial sığorta qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, 2**********46990 nömrəli qərar əsasında tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir . Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası VM-in 85.4-cü maddəsinin tədbiqi ilə bağlı qeyd edir ki, həmin normaya edilmiş və 1 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə “hesabat dövrü qurtardıqdan sonra” sözlərindən sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən” sözləri əlavə edilmişdir. Mübahisələndirilən borc isə 2017-2019-cu illər üçün hesablanmış borca aid olan maliyyə sankisyasından ibarətdir, səyyar vergi yoxlamasının nəticələrinə dair qərar 2021-ci ildə çıxarılmışdır. Həmin qərar üzrə əsas borc cinayət araşdırması zamanı ödənilsə də, maliyyə sanksiyasının ödənilməsi vergi orqanı tərəfindən tələb edilməmiş və bununla bağlı hər hansı tədbir görülməmişdir. Halbuki, Vergi Məcəlləsin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsi aydın şəkildə müəyyən edir ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində öhdəlik icra edilməzsə, vergi orqanı məhkəməyə müraciət etməlidir. Qanunvericinin məqsədi odur ki, dövlət orqanı qeyri-məhdud zaman ərzində passiv qalmasın, vergi ödəyicisi isə qeyri-müəyyən müddətdə daimi borc yükü altında saxlanılmasın. Bu müddət hüquqi sabitliyin və vergi ödəyicisinin hüquqlarının təminatı üçün nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-669/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli Qərarına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, həmin qərara əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Başqa sözlə, qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur. Mübahisəli məbləğ 2017-2019-cu illər üçün hesablanmış ƏDV, MÖMV, mənfəət vergisi və əmlak vergisindən (2017-ci il ƏDV üçün 8110.43 manat, əmlak vergisi 1987.06 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 38.91 manat, ƏDV məbləğinin ödənilməməsinə görə 51661,0 manat, 2018-ci il ƏDV üçün 79828,89 manat, mənfəət vergisi 84866.43 manat, ƏDV məbləğinin ödənilməməsinə görə 10323,05 manat, 2019-cu il ƏDV üçün 129739,61 manat, mənfəət vergisi 101444,0 manat, ƏDV məbləğinin ödənilməməsinə görə 51564,05 manat və 2020-ci il ƏDV üçün 3431,34 manat və ƏDV məbləğinin ödənilməməsinə görə 254.24 manat maliyyə sanksiyasından ibarət olmuşdur. Göründüyü kimi hazırkı mübahisəli hüquq münasibəti (maliyyə sanksiyalarının hesablanması) 1 yanvar 2023-cü il tarixədək yarandığından VM-in 85.4-cü maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyası tədbiq edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası ümidsiz borcların silinməsi tələbinə dair oxşar mübəhisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 486/2023 nömrəli, 2-1(102)-517/2023 və 2-1(102)-1488/2024 nömrəli qərarlarında formalaşmış məhkəmə təcrübəsini xatırlatmağı zəruri hesab edir. Belə ki, həmin işlərdə kassasiya instansiya məhkəməsi ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olub-olmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilibyönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. Borcun silinməsi ilə bağlı cavabdehə müraciətin olması işin mübahisəsiz halıdır. Silinməsi tələb olunan və 5 illik tələbetmə müddəti keçmiş faktiki borcun məbləği və tərkibi isə iddiaçıya 2018-2019-cu illər mənfəət vergisi və 2017-2020-ci illər üzrə ƏDV-yə görə VMnin 58.1-ci maddəsinə, eləcə də, ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə uyğun hesablanmış 612.464,03 manat maliyyə sanksiyasından ibarətdir, bununla bağlı da tərəflər arasında hər hansı mübahisə yoxdur. DVX-nin X3 Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2024-cü il tarixli, 3-21- 2-8/2-A-334- 43/2024 nömrəli məktubdan iddiaçının dövlət büdcəsinə (və ya müvafiq fondlara) 19 noyabr 2024-cü il tarixə borcunun maliyyə sanksiyası üzrə 616.489,61 manat təşkil etdiyi görünür. Hazırda iddiaçı həmin 616.489,61 manat maliyyə sanksiyasının 612.464,03 manat hissəsinin silinməsini tələb edir. Şəxsi hesab vərəqəsindən də müraciət tarixindən 5 il əvvələ - 2017-2020-ci illər üzrə iddiaçıya hesablanmış həmin maliyyə sanksiyası üzrə iddiaçı tərəfindən hər hansı ödənişin edildiyi görünmür. Göründüyü kimi qiymətləndirmə mexanizminin bütün meyarları üzrə işin halları aydındır. 21 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilsə də, borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülmədiyindən və borcun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilərək hesabat dövrü qurtardıqdan sonra 5 illik tələb etmə müddəti başa çatdığından göstərilən məbləğ ümidsiz borc hesab edilərək silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən, vergi orqanının vergi borcunun tutulub alınması ilə bağlı tələbetmə hüququ beş illik müddətin bitməsi ilə xitam tapır və bu halda borc ümidsiz borc hesab edilərək silinməlidir. Kollegiya qeyd edir ki, tələbetmə müddətinin bitməsi ilə cavabdeh vergi orqanının borcu tutmaq hüququ aradan qalxdığından, iddiaçının borcun şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməsi tələbi tam qanuni və əsaslıdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-1297/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçınə hesablanmış 612.464,03 manat məbləğində maliyyə sanksiyasının ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elekron kabinetə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar