Məhkəmə qərarları › İş №2-1(105)-783/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-783/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-783/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik statusuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlilliyi müəyyən edilmiş mərhum həyat yoldaşının əvəzinə onun mənzil və ya fərdi evlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1351/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZ-İİ № 230409 xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 13 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X13 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edlmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamından görünür ki, X18 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi-özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli üçota götürülməyi qərara alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamından görünür ki, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X18 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X6, X12, İddiaçı və X8 adına Respublika inzibati ərazi vahidləri üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 2000-2014-cü illəri əhatə edən torpaqayırma sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmişdir. 2014-cü ildən sonrakı dövr ərzində X13 və ailə üzvlərinə Xırdalan bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi məqsədilə torpaq sahəsi ayrılmamışdır. 3 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, X18, X14, İddiaçı və X2 rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 312 ünvanında qeydiyyatsız yaşayırlar. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X18, X14, İddiaçı və X2 rayonu, Xırdalan şəhəri, ev 7, mənzil 15 ünvanında qeydiyyatdadırlar. MH Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, ev 7, 15 saylı mənzil X7 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, həmin sənəd X9 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, ev 7, 15 saylı mənzilə dair tərtib edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxçılaşırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci il 26 yanvar tarixli 2448 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən aslı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə, tutulmuşdur. 17 fevral 2017-cİ İl tarixində Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mərhum həyat yoldaşınız X12 mənzil növbəliliyi 24 oktyabr 2022-ci ildə adınıza keçirilmişdir. Əlavə olaraq bildiririk ki, T.Musayevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı sağlığında yəni, 3 noyabr 2021-çi İl tarixində bitdiyindən Nazirlik tərəfindən mənzillə təmin olunmağınız mümkün deyildir. Belə ki, yuxanda qeyd olunan müvafiq qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sosial-məişət şəratinin yaxşılaşdırılması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş mərhum həyat yoldaşı X4 əvəzinə onun mənzil və ya fərdi evlə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü X18 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil olmuş və 19 noyabr 2021-ci il tarixində baş bronxların bədxassəli yenitörəməsinə görə vəfat etmişdir. Həyat yoldaşına əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 11 noyabr 2016-cı il tarixdə vəsiqə verilmişdir. Həmin vəsiqənin etibarlılıq müddəti 03 noyabr 2021-ci il tarixə kimi müəyyən edilmişdir. Onun xəstəliyinin dərəcəsi ağırlaşdığına görə onlar vəsiqənin etibarlılıq müddətinin uzadılması ilə əlaqədar yenidən Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməmişlər. Qeyd etdiyi kimi həyat yoldaşı həmin ilin, həmin ayın 19-da vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş 02 aprel 2021-ci il tarixli arayışdan da göründüyü kimi onun həyat yoldaşı sağ olduğu dövrdən etibarən o ailə üzvləri, qızı X15, oğlu X14 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, həyət evində qeydiyyatsız olaraq yaşayırlar. Onun həyat yoldaşı sağ olduğu dövrdə mənzil və ya fərdi evlə təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Abşeron rayonunda mənzil növbəsində qeydiyyata alınmış, sözügedən orqan müvafiq sənədlərin təqdim edilməsini tələb etmişdir, iddia ərizəsinə əlavə edilmiş ərizədən də göründüyü kimi mərhum həyat yoldaşı mənzillə təmin olunması üçün tələb olunan sənədləri toplayaraq 23 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinə göndərmişdir. Burdan da göründüyü kimi mərhum həyat yoldaşı 2021-ci ilin aprel ayından sənədləri təqdim etmişdir, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də məlum olduğu kimi onun və ailə üzvlərinin qeydiyyatda olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 15 ünvanında yerləşən mənzil qaynı X10 məxususdur. Onun və ailə üzvlərinin adına heç bir daşınmaz əmlak yoxdur. Mərhum həyat yoldaşının müraciəti əassında Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29 saylı 17 fevral 2017-ci il tarixli sərəncamı ilə RİH Başçısı yanında Mənzil-Məişət Komissiyası xx.xx.2017-ci il tarixli 15 saylı protokolu təsdiq edilmiş, mərhum həyat yoldaşı X18 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi- özü, həyat yoldaşı, qızı və oğlu) RİHdə güzəştli mənzil uçotuna götürülmüşdür. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etmiş, lakin Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2M-16831.2.2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Onun və ailə üzvlərinin heç bir yaşayış yeri yoxdur. Buna görə də, oların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilə ehtiyacları var. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. 17 fevral 2017-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mərhum X12 mənzil növbəliliyi 24 oktyabr 2022-ci ildə iddiaçının adına keçirilmişdir. X23 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı sağlığında, yəni 3 noyabr 2021-ci il tarixində bitdiyindən iddiaçının Nazirlik tərəfindən mənzillə təmin olunması mümkün deyildir. Həmçinin adlarıçəkilən Sərəncamlardan da göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1351/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş X4 vəfatından sonra onun mənzil uçotunun iddiaçının adına keçməsi nəzərə alınaraq, İddiaçı mənzil ilə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum ərinə qoyulmuş diaqnoz və ölüm tarixi nəzərə alındıqda onun əlillik müddətinin başa çatmasına az qalmış səhhətinin daha da ağırlaşdığı qənaətinə gəlmək olar. Yəni həmin günlərdə onun yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət etməsi və təyin edilməsi üçün fiziki imkanları olmamışdır. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməməsində imtinası əsassızdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxanda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamından əvvəl qəbul olunduğu və bunun nəticəsi olaraq Nazirlər Kabinetinin həmin sərəncamına əsasən X25 mənzil almaq hüququ yaranmış olur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamına ilə xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X18 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Bu səbəbdən də İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı: Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, 16 avqust 2021-ci il tarixli sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agnetliyinin Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək; 3.1.16-1. dövlət icbari şəxsi sığorta vəsaiti hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı işlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlər görmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Qaydaların: 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyindən onun əvəzinə uçota alınmış ailə üzvinin mənzillə təmin edilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının əlillik müddətinin onun sağlığında bitdiyindən, müvafiq Sərəncamlarda məhz əlilliyi müəyyən edilmiş şəxs və onun ailə üzvlərinin mənzillə təmin edilməsi halına istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının həyat yoldaşı barəsində Azərbaycan Respublikasınln ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixdə 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının həyat yoldaşı xx.xx.2021-ci il tarixdə mənzillə təmin edilmə barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum şəxsin ailə üzvlrinin adına daşınmaz əmlak aşkar edilməmiş, bələdiyyə tərəfindən torpaq shaəsi ayrılmamışdır. İddiaçının mərhum həyat yoldaşı müvafiq yerli icra hakimiyyəti orqanının 17 fevral 2017-ci il tarixli 29 saylı Sərəncamı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 nəfər ailə tərkibi ilə (ailəsi-özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli mənzil uçotuna götürülmüşdür. Daha sonra müvfaiq yerli icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli 303 saylı Sərəncamı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün çüdafiəsi ilə əlaqədar İİ qrup kimi mənzil növbəsinə götürülmüş həyat yoldaşı vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə (ailəsi:özü, qızı və oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Yuxarıda istinad edilən qanunvericlik normalarının dispozitiv şərtlərinə əsasən şəxsin və ya ailəsinin mənzillə təmin edilməsi üçün iki zəruri şərtin olması tələb olunur: 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər statusunda olması. Həmçinin, əlillik haqqında qanunvericilik normasının dispoztiv şərtlərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Eyni zamanda yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdeh inzibati orqan əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etmiş, məhz həmin əsasla qanunla müəyyən edilmiş qaydada mənzillə təmin edilməsi məqsədilə uçota alınmış, o vəfat etdiyindən mənzil uçotu ailə üzvinin adına keçirilmiş və uçot tarixi isə məhz mərhum şəxsin uçota alındığı tarixdən hesablanmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi məhz istinad edilən qanunvericilik normalarının dispoztiv şərtləri ilə tam uzlaşır. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə formal yanaşma tətbiq edilməklə, qanunvericilik normasına hərfi mənada yanaşmaqla, normanın mahiyyətinə və məqsədinə uyğun yanaşma tətbiq etməmiş, nəticə etibarilə cavabdehin hərəkətlərin qanunvericilik normasının dispzotiv şərltərinə uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini, daha sonra əlillik təyinatının aparılmaması halına istinad edərək, qanunvericilikdə mənzilin məhz “əlilliyi müəyyən edilmiş şəxslərə” verilməsi şərtinin qeyd edilməsi halına istinad edərək, iddiaçıya münasibətdə həmin şərtin ödənilməmisini bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu yanaşması ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının mərhum həyat yoldaşının artıq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqadar olaraq əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etməsi, habelə məhz həmin əsasla mənzil uçotuna götürülməsi halını nəzərə almamışdır. Halbuki qanunvericilikdə mənzillə təmin edilmə ilə bağlı yalnız iki şərt mövcud olmuşdur (əlilliyi müəyyən edilmiş şəxs olması və uçota götürülməsi) ki, iddiaçı və onun mərhum həyat yoldaşına münasibətdə hər iki şərt ödənilmişdir. Həmçinin, qanunvericilikdə əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsi əsası ilə mənzil uçotundan çıxarılması ilə bağlı hər hansı norma mövcud olmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi və onun xx.xx.2021-ci il tarixdə vəfat etməsi, həmin müddət ərzində onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciət imkanının real olaraq (vaxt, sağlamlıq vəziyyəti və s amillər baxımından) mümkün olmaması halını da nəzərə almamaqla, formal yanaşma tətbiq etmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər dəlili ilə bağlı onu qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri onun vəfat etdiyi gündən 3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istnad etdiyi qanunvericilik norması məhz uçota alınma ilə bağlı məsələni özündə ehtiva edir. Həmin qanunvericilik normasında vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin halları dəqiq və imperativ şəkildə müəyyən edilmiş, qeyd edilən müddətə əməl edilməməsi halı uçota alınmaqdan imtina üçün müstəqil əsas kimi nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilmlidir ki, qeyd edilən normanın mahiyyəti və məzmunu məhz uçota alınmış əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinin qanunla onlar üçün tanına hüququn realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarilə prosedur qaydanı özündə ehtiva etməklə, şəxsin qanunla ona tanına maddi hüquqdan (əmlak hüququnda) məhrum edilməsinə əsas olan hal kimi çıxış etmir. Əks yanaşmanın tətbiq edilməsi şəxsin mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşıdırlmasına gətirib çıxardır ki, bu hal mütənasiblik və ədalətlilik prinsiplərinin tələbinə zidd olmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin hallar da formal xarakter daşımaqla, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuş, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1351/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar