Məhkəmə qərarları › İş №2-1(105)-784/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-784/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-784/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçılar İddiaçı3 və İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-2399/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4, X4 ayrılmış 1,02 ha torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 25 fevral 2004-cü il tarixli, JN-592A, KOD 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı3 21 noyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən 1,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 23 yanvar 2023-cü il tarixli, 3-21-3-34/2-701/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-592 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 1,02 ha torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinin koordinatlarına əsasən torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və həmin xəritəyə əsasən kəndin inzibati sərhəddindən kənarda Avaran kəndinə məxsus torpaq sahəsi üzərində yerləşir. Bu səbəbdən, müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4, X5 cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onların adına xx.xx.2004-cü il tarixli, JN-592A Kod 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən və 1,02 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınaraq, müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-592A, 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən 1,02 ha torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. İddiaçılar həmin 1,02 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə cavabdehə müraciət etmişlər. Lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DT və XK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ləğv edilmiş DTXK-nin hüquqi varisidir və koordinat sistemlərinin dəyişməsi səbəbindən torpaq sahələrinin yeri ilə bağlı uyğunsuzluğun əmələ gəlməsində torpaq sahələrinin sahiblərinin hər hansı bir təqsiri yoxdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-2399/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2004-cü il tarixli, JN-592A Kod 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 1,02 ha torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4, Həbibova (Harunova) Alvina Ramik qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Köhnə Xudat bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışa əsasən iddiaçıların faktiki istifadə etdiyi və müvafiq şəhadətnamədə qeyd edilən torpaq sahəsi Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşir. Torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçıların Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən 1,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciətləri ilə əlaqədar sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-592 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 1,02 ha torpaq sahəsinin faktiki naturada istifadə vəziyyətinin koordinatlarına əsasən torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və həmin xəritəyə əsasən kəndin inzibati sərhəddindən kənarda Avaran kəndinə məxsus torpaq sahəsi üzərində yerləşir. Həmin şəhadətnamə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) Avaran kəndində yerləşməklə öz əksini tapmışdır. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlakın sənəd üzrə göstəriciləri ilə elektron baza kadastr xəritə materiallarında əks olunan göstəricilər arasında uyğunsuzluq olduğundan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bu səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinin tələblərinə əsasən iddiaçıların müraciətlərinin icrasından imtina edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi kəndin ən küncündə yerləşdiyindən Avaran kəndinin inzibati ərazisinin sərhədləri yanlış olaraq həmin torpaq sahəsi də sərhədlərə daxil edilməklə müəyyənləşdirilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. İddiaçılardan İddiaçı5, İddiaçı4 və Harunova (Həbibova) Alvina Ramik qızı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçılarnın Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 nömrəli qərarı ilə onlara ayrılmış 1,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçıların hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və şikayətinin yeganə əsası iddiaçıların adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki olaraq Köhnə Xudat kəndində, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) isə Avaran kəndində yerləşməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 nömrəli qərarı ilə 1,02 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçılara ayrılmışdır. Həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən iddiaçıların adına 25 fevral 2004-cü il tarixli, JN-592A, KOD 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş və həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdeh orqana təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Sözügedən şəhadətnamədə iddiaçılardan X3 adı “Albina”, İddiaçı4 ata adı “İmaməddin” kimi qeyd edildiyindən, iddiaçılar qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qusar Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(029)-656/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək JN-592A, KOD 30116018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hazırkı iş üzrə iddiaçılara məxsus olması faktı müəyyən edilmişdir. Həmçinin, həmin torpaq sahəsində iddiaçılar tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi inşa edilmişdir və sahə hazırda təyinatı üzrə iddiaçıların istifadəsindədir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki yerləşmə yeri ilə elektron kadastr uçotu informasiya sistemində göstərilən yeri arasında uyğunsuzluğun yaranması səbəbi ilə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Köhnə Xudat bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətində bələdiyyə ərazisində və Köhnə Xudat kəndində yerləşən 1,02 ha torpaq sahəsi mövcuddur və həmin sahə onların istifadəsindədir. Həmçinin, apellyasiya instansiyasında icraat zamanı Avaran bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 59 nömrəli arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli, 12/8 nömrəli qərarı ilə İddiaçı3 və onun ailə üzvlərinə verilmiş 1,02 ha torpaq sahəsinin koordinatları səhvən Avaran bələdiyyəsinin ərazisində olan torpaq sahəsində əks etdirilmişdir. Həmin sahənin Avaran bələdiyyəsinə heç bir aiddiyyəti yoxdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında mübahisəli torpaq sahəsi kəndin ən küncündə yerləşdiyindən Avaran kəndinin inzibati ərazisinin sərhədlərinin yanlış olaraq həmin torpaq sahəsi də sərhədlərə daxil edilməklə, müəyyənləşdirildiyini bildirmişdir.

Beləliklə, mübahisələndirilən torpaq sahəsinin faktiki yeri ilə elektron kadastr uçotu informasiya sistemində göstərilən yeri arasında uyğunsuzluq olsa da, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsi Köhnə Xudat kəndi ərazisində yerləşir və belə uyğunsuzluq torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) yerləşdiyi yer kimi göstərilmiş Avaran kəndinin sərhədlərinin yanlış olaraq müəyyənləşdirilməsi nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən uyğunsuzluq iddiaçıların iradəsindən asılı olmayaraq yarandığından, torpaq sahəsinin yeri onlar tərəfindən dəyişdirilmədiyindən bu hal iddiaçıların təqsiri kimi qiymətləndirilə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçıların istifadə etdiyi torpaq sahəsinin yerləşmə yeri ilə elektron kadastr uçotu informasiya sisteminin məlumatları arasında müəyyən uyğunsuzluqların mövcud olması hüquqları qeydə almaqdan imtinaya əsas deyildir. Nəzərə almaq lazımdır ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – JN-592A, KOD 30116018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” – yə əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-2399/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar