Məhkəmə qərarları › İş №2-1(105)-784/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-784/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-784/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, insebillik dərəcəsində. Psixopatabənzər davranış və qıcolma tutmaları ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya 515,20 manat pensiya təyin edilmiş, “Əmək Pensiyaları” haqqında Qanunun 14.1.1.2-ci maddəsinə əsasən iddiaçı 18 yaşa çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan şəxs olmadığı üçün pensiya ödənişi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqvermə müəyyən edilmişdir. Sosial müavinətə yönləndirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçıva xx.xx.2003-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı İddiaçı pensiya işinə daxil olan TSE-0 ser AR № 646120 saylı tibbi-sosial ekspertiza müayinə aktından çıxarışa və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyinin xx.xx.2003-cü il tarixindən (18 yaşından sonra) müəyyən edilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda 2002-ci il üzrə nəzərdə tutulmuş maddi yardım da (200 manat) ödənilmişdir. Nəticədə əmək pensiyası üzrə xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım əsassız ödənilmiş vəsait hesab edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla İİ dərəcə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müraciət edilməsi tövsiyə olunur. Dövlət Tibbi Sosial Eksperiza və Reabilitasiya Agentliyinin 05 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, imbesillik dərəcəsində, psixotabənzər davranış və qıcolam tutlmalrı” xəstəliyimin doğuşdan, yəni xx.xx.1978-ci il tarixindən müəyyən edilərək, 2023-cü ilin oktyabr ayından etibarən məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ödənilməmiş peniya məbləğinin bir dəfəyə ödənilməsi və hər ay müvafiq pensiya məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixdə Qubadlı rayonunun, Qubadlı şəhərində doğulmuşdur. Qubadlı rayonu işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşmışdır. Uşaqlıqdan “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, imbesillik dərəcəsində, psixotabənzər davranış və qıcolam tutlmalrı” xəstəliyindən əmək qabiliyyətsizəm və İİ qrup əlildir. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktından çıxarışda öz əksini tapmışdır. X1 xx.xx.2007-ci il tarixində vəfat etdikdən sonra İİ qrup əlil olmağına və ailə başçısının itirdiyini nəzərə alaraq hər ay 515 manat məbləğində pensiya ilə təmin edilmiş və həmin pensiyanı 2023-cü ilin sentyabr ayınadək almış, oktyabr ayından isə dayandırılmışdır. Buna səbəb isə mövcud xəstəliyinin uşaqlıqdan deyil, məhz xx.xx.2003-cü il tarixdən əmələ gəldiyinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli arayışında əks olunması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktında müayinə tarixi xx.xx.2003-cü il tarx qeyd edilməklə müayinənin yalnışlıqla ilkin olaraq qeyd edilməsi olmuşdur. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktından və xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, mövcud xəstəliyi uşaqlıqdan, doğuş travması nəticəsində olduğu əks edilmişdir. Bununla əlaqədar olaraq cavabdeh orqana mütaciət edərək 2023-cü ilin oktyabr-noyabr- dekabr ayları üçün hər ay 515 manat məbləğində olmaqla 1.545 manat, 2024-cü ilin yanvar-fevral- mart-aprel-may ayları üçün isə 2.860 manat olmaqla ümumilikdə 4.405 manat ödənilməmiş peniya məbləğinin bir dəfəyə ödənilməsinə və hər ay 515 manat məbləğində olmaqla pensiyanın bərpa edilməsini xahiş etsə də cavabdeh orqan bu müraciətdən imtina edərək, TSE-0 ser AR № 646120 saylı tibbi-sosail ekspertiza müayinə aktından çıxarışda və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” sistemində olan məlumatlarda ilki əlilliyin xx.xx.2003-cü il tarixindən, yəni 18 yaşma çatandan sonra müəyyən edildiyindən qanunvericiliyin tələblərinin pozulduğu qənaətinə qəlinmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, mövcud xəstəliyi 18 yaşa çatandan sonra deyil də, doğuşdan, yəni xx.xx.1978-ci il tarixindən müəyyən edilməlklə pensiya hüququm bərpa edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 134337/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktubla bildirilmişdir ki, İddiaçıva xx.xx.2003-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı İddiaçı pensiya işinə daxil olan TSE-0 ser AR № 646120 saylı tibbi-sosial ekspertiza müayinə aktından çıxarışa və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyinin xx.xx.2003-cü il tarixindən (18 yaşından sonra) müəyyən edilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda 2002-ci il üzrə nəzərdə tutulmuş maddi yardım da (200 manat) ödənilmişdir. Nəticədə əmək pensiyası üzrə xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım əsassız ödənilmiş vəsait hesab edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla İİ dərəcə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının (pensiya işi №111693) ləğv edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-134337/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktubla bildirilmişdir ki, İddiaçıva xx.xx.2003-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı İddiaçı pensiya işinə daxil olan TSE-0 ser AR № 646120 saylı tibbi-sosial ekspertiza müayinə aktından çıxarışa və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyinin xx.xx.2003-cü il tarixindən (18 yaşından sonra) müəyyən edilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda 2002-ci il üzrə nəzərdə tutulmuş maddi yardım da (200 manat) ödənilmişdir. Nəticədə əmək pensiyası üzrə xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım əsassız ödənilmiş vəsait hesab edilmişdir. Cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdehin mövqeyinə münasibətdə qeyd edilir ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs. Cavabdeh orqan qanunun müvafiq maddəsində qeyd edilmiş “18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş” ifadəsini əlilliyin təyin edildiyi tarixlə əlaqələdirir. Lakin iddiaçının əlilliyi doğuşdan müəyyən olunduğundan əlilliyinin təyin tarixi ilə əlaqələndirilməməlidir. Belə ki, “Əlillik” altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2003-cü il tarixdən “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, insebillik dərəcəsində. Psixopatabənzər davranış və qıcolma tutmaları ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Beləliklə, iddiaçının əlilliyinə səbəb olan xəstəlik doğuş travması nəticəsində yarandığından “əlilliyin müəyyən edilməsi” ifadəsi ona əlilliyin təyin edildiyi tarixlə deyil, onda olan xəstəliyin, hazırki halda travmanın yarandığı tarixlə əlaqələndirilməlidir ki, hazırki halda iddiaçının travmasının doğuş travması olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilənlər əsasında cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərarla razılaşmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ..... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;... ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1978-ci il təvəllüdlü olmaqla, onun barəsində xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixədək pensiya ödənişi aparılmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçının barəsində əlilliyinin xx.xx.2003-cü ildə (18 yaşından sonra) müəyyən edilməsi halına istinad edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi zamanı qanunvericiliyin tələbi pozulduğundan, əmək pensiyasının dayandırılması (ləğv edilməsi) barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya,imbesillik dərəcəsində,psixotabənzər davranış və qıcolma tutmaları ilə” diaqnoz xəstəlik əsasında ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, habelə bu barədə arxiv sənədləri mövcud olmuş, həmin arxiv sənədlərin (TSEK tərəfindən verilmiş müayinə aktlarının hamısının) məzmununda əlilliyin səbəbi kimi “uşaqlıqdan” qeyd edilmişdir. İş materiallarındna görünür ki, “Qubadlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş məktubun məzmununda məlum işğal səbədbindən arxiv sənədlərinin işğal zonasında qaldığı, bu səbəbdən də iddiaçı barəsində uşaqlıqdan sağlamlığı haqqında sənədlər və əlilliyi barədə məlumat olmamışdır. İndiki halda iddiaçının hüquqi marağı həmin qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsindən ibarətdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin “uşaqlıqdan” yaranması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Başqa sözlə desək, iddiaçı barəsində əlillik təyinatının daha sonrakı tarixdə aparılsa da, əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin başlanma tarixi məhz “anadangəlmə”, “uşaqlıqdan” baş vermişdir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə formal yanaşma tətbiq etməklə, yalnız əlilliyin təyin edilməsi ilə bağlı hallara istinad etmiş, əlilliyin yaranma səbəbləri, əlilliyin əsası kimi çıxış edən xəstəliyin anadangəlmə olması halını nəzərə almamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin hərəkətləri qanunvericiliyin tələbinə və mahiyyətinə uyğun olmamışdır. Bundan əlavə, kollegiya hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi qərarı inzibati icraat haqqında qanunvericiliyin müddətlə bağlı tələblərinə də uyğun olmamışdır. Belə ki, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində 2003-cü il tarixdə əmək pensiyası təyin edilmiş, təyinatın aparıldığı vaxtda isə cavabdehin hazırda istinad etdiyi halın (əlilliyin yaranma tarixi barədə məlumatın) mövcudluğu aşkar olmuşdur. İndiki halda isə cavabdeh həmin vaxtda ona məlum olan hala 20 il keçdikdən sonra istinad etməklə, iddiaçıya münasibətdə əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etsə də, istinad edilən halın məhz qanunla müəyyən edilmiş müddətdə ona məlum olması, habelə həmin halın 2003-cü ildə mövcudluğunun aşkar olmasını təkzib edən heç bir dəlilə istinad etməmişdir.Bu baxımındna kollegiya hesab edir ki, cavabdehin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə də uyğun olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hərəkətlərinin inzibati icraat haqqında qanunvericiliyin tələbi və məhz formalaşdırılmış vahid məhkəmə təcrübəsinnə uyğun ətraflı şəkildə dəyərləndirmə aparıldığından, həmin halların təkrarən qeyd edilməsi zəruri olmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı). Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin dayandırılmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2907/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar