Məhkəmə qərarları › İş №2-1(105)-785/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-785/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-785/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqui şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüqui şəxsə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-714/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 8371 nömrəli xəstəlik haqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, İddiaçı 05 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı minaatan mərmisinin yanına düşməsi nəticəsində “qapalı, kəllə-beyin travması, sol pəncə və sağ çiyin nahiyəsinin qəlpə yarası, Barotravma.” diaqnozu ilə xəsarət almışdır. TSEK-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. TSEK-nin xx.xx.2022-ci il tarixli iddiaçının müayinə olunması barədə arayışından görünür ki, diaqnz əlillik əlaməti təyin edilməməsi- Səbəb kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. TSEK-nin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T-675/2023 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generalizə olunmuş (osteo) artroz, Pteriqium” diaqnozu qoyulsa da, xəstənin hal-hazırki sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müəyyən olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T-144/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də professor Fuad İsmayılov tərəfindən müayinəsi zamanı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsi) ona şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri F07.0” diaqnozu qoyulmuşdur. İş materiallarında onun əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi birincili generelize olunmuş (osteo) ostroz, Pteriqium” diaqnozdakı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyası tərəfindən verilmiş 8371 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamədə göstərilmiş “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetatİv damar davamsızlığı, sol tərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltılı nitqin sol qulaqda 5 metr, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə; sağ çiyin və sol pəncənin içəri səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozdakı xəstəliklər və ağırlaşmaları qismən təstiqini tapır. Belə ki, əyani müayinədə əhvalın “Üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stress pozuntusu” diaqnozu öz təstiqini tapmadı. Odur ki, son diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ll Qarabağ müharibəsi iştirakçısıdır, müxtəlif bədən xəsarətləri alaraq qazi olmuşdur. Ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, posttravmatik stres pozuntusu, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyresensor tipli itirilməsi birincili generetize olunmuş (osteo) ostroz, Pteriqium” diaqnozu təyin edilmişdir. O, dəfələrlə, yəni 4 dəfə Hərbi Hospitalda, 2 dəfə Ruhi Əsəb xəstəlikləri xəstəxanasında stasionar müalicədə olmuşdur, lakin ona əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnozu “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Posttravmatik stress pozuntusu Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi Birincili generalizə olunmuş (osteo) artroz Pteriqium” olmaqla, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosiaİ Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 24 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-344/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:6K1 V7NY) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 8371 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depresslv) pozuntu, davamlı postkommosion sindrom, davranış pozuntuları. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı vegetativ damar dəyərnsıziıği. Partlayış travması (xx.xx.2020), soitərətiixroniki koxlearnevrit, sottərəfli davamlı nevrosensor aqıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sağ çiyin ı/o sol pəncənin içəri səthinin kor qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları” diaqnozİu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün pterıgiumu, görmə itiliyi 1,0 olmaqla. Aşıq-qavıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8240/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Partlayış travməsı, keçirilmiş qapalı kəlləbevin travması. bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttrəvmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8927 nömrəli Tibbi rəyində diaqnoz ‘‘Postkommosion sindrom. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli 209/1281 nömrəli Tibbi rəyində diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travması (partlayış travması) baş beyin silkələnməsindən sonrakı mülavim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qulaqda küydən, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu. depressiv daxilolmalarla’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-714/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, idiaçıya təyin edilmiş əsas diaqnoz X1 “hərbi əməliyyatlar nəticəsində alınan xəsarətlər nəticəsində yaranan xəstəliklər” bölməsinə aid edilmişdir (Y36.4), digər xəstəliklər yanaşı xəstəliklər qrafasında qeydə alınmışdır. İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarxidə iddiaçıya Respublikanın Baş psixiatrı F.İsmayılov tərəfindən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsi) ona şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri F07.0” diaqnozu qoyulmuşdursa və bundan sonra iddiaçı hər hansı stasionar müalicə almamışdırsa həmin xəstəliyin sağalması və diaqnozun aradan qalxması ağlabatan deyildir. Ekspertizanın rəyləri ilə də iddiaçıya göndərişdə qoyulan və Mərkəzi Hərbi Hkim Komissiyası tərəfindən verilmiş 9371 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamədə göstərilmiş diaqnozların və ağırlaşmaların qismən təsdiqinin tapdığı qeyd edilmişdir. Ekspert rəyində “patofunksional dəyişikliklərin əlilliyin təyinatına əsas vermir” yazılsa da, müayinənin gedişi və tədqiqat zamanı hansı metodik təlimatlardan istifadə olunması qeyd olunmamışdır, ekspertizanın rəyi ətraflı əsaslandırılmamışdır. İddiaçıda xəstəliklər və ağırlaşmalar müəyyən edisə də, cavabdeh tərəfindən formal əsaslarla ona əlilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə 2 dəfə ekspertiza keçirilməsinə və ekspert rəyinin iddiaçının əleyhinə olmasına baxmayaraq ekspert rəyinin ziddinə olaraq əsassız qərar qəbul etmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qulaqda küydən, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-XBT kodu F06 postkontuzion sindrom- XBT kodu F07.3 Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; Bənd 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu-F43.1 Qiymətləndirmə: 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya diaqnoz qoyulmuş xəstəlik əlamətləri əlillik əlaməti təyin etmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Əhvalın üzvi mənşəli pozuntusu, keçirilmişqapalı kəllə-beyin travması (partlayış travması), baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə (XBT kodu F06.3),ağırlaşmaları Posstravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu (XBT kodu F43.1), yanaşı xəstəlikləri eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi, partlayış travması, sol tərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə (XBT kodu H90.4), Pteriqium, hər iki gözün pteriqiumu, görmə itiliyi 1.0 olmaqla (XBT kodu H11.0), Birincili generalizə olunmuş (osteo) artroz, Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ dərəcəli boylama yastıayaqlılığı (XBT kodu M15.0) kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Partlayış travması , keçirilmi qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektv (depressiv) pozuntu, davamlı postkommosion sindrom, davranış pozuntuları. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlayış travması, soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor, ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Sağ çiyin və sol pəncənin içəri səthini kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Hər iki gözün pteriqiumu, görmə itiliyi 1.0 olmaqla. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ dərəcə boylama yastıayaqlılığı” kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi əks olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı müalicələr almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli məlumatdan görünür ki, iddiaçı barəsində Postkommosion sindrom- F07.2, Posstravmatik stress pozuntusu, depressiv əlamətlərlə- F43.1 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, iddiaçı barəsində Üzvi (hərbi əməliyyatlar zamnı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntuİ,tez-tez təkrarlanan depressiv epizodlar və ciddi intihar cəhdi ilə- F06.3 diaqnozu qoyulmuşdur.

İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz qoyulsa da, xəstənin halhazırki sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntularının müəyyən olunmadığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə və şəhadətnamədə əks olunmuş diaqnoz xəstəliklə və ağərlaşmaları qismən öz təsdiqini tapır, belə ki, əyani müayinədə əhvalın “Üzvi mənşəli (affektiv) pozuntusu, posstravmatik stress oozuntusu” diaqnozu öz təsdiqini tapmadı, odur ki son diaqnoz nəzərə alınmaqlaşəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksioanl dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanıona müvafiq qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyinin məzmunundan görünür ki, iddiaçıda diaqnoz kimi Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən depressiv epizodlar və dekompensasiyalar, anamnezində intihar cəhdləri ilə-F07.0 qeyd edilmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri, həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı barəsində müvafiq tibbi göndəriş 2022-ci il sentyabr tarixdə tərtib edildiyindən, cavabdeh tərəfindən imtina barədə qərar xx.xx.2023cü il tarixdə qəbul edildiyindən, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi də məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”na uyğun olaraq həyata keçirilməlidir. Bu baxımından qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu F06,F43) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan patofunksional pozuntuların olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan müvafiq ekspert rəyində iddiaçı barəsində tərtib edilmiş diaqnoz xətəliklərin qismən öz təsdiqini tapdığı, yalnız bir diaqnozun (XBT kodu F07) öz təsdiqini tapmadığı qeyd edilmişdir ki, hansı ki həmin diaqnoz xətəlik iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əlilliyin təyin olunması üçün əsas olan diaqnoz kimi öz əksini tapmamışdır. Bu baxımından ekspert rəyinin həmin hissədə işin halları baxımından (mübahisə predmeti olmadığından) əhəmiyyət kəsb etməmişdir. Həmçinin, müvafiq ekspert rəyində iddiaçı barəsində patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı qeyd edilsə də, həmin dəyişikliyin nədən ibarət olması, hansı əsaslara görə müvafiq qiymətləndirmə meyarları üzrə əlillik səviyyəsində olmaması halı əsaslandırılmamış, ümumi ifadə şəklində qeyd edilmişdir. Hansı ki həmin hallar yalnız tibbi sənədlərə istinad edilməklə, patofunksional dəyişikliyin əlamətləri müvafiq Qərarda əks olunmuş qiymətləndirmə əlamətləri ilə müqayisəli şəkildə qeyd edilməklə müəyyən edilə bilərdi. İndiki halda isə iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklər müvafiq Qərarla təsdiq edilmiş meyarlara əsasən əlilliyin təyin edilməsi üçün əsas hesab edildiyindən, habelə cavabdehin istinad etdiyi hallar iş materialları (ekspert rəyi, mütəxəssis rəyi və s. tibbi sənədlər) əsasında təkzib olunduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-714/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar