Məhkəmə qərarları › İş №2-1(105)-787/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-787/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-787/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış (1,55 ha torpaq sahəsindən çıxarışlar verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-1240/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktında qeyd edilən koordinantlar daxilində (Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)-41/2023 saylı qətnaməsində qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 aprel 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Quba rayonu İİ Nügədi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 verilmiş 1,55 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən (Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)-41/2023 saylı qətnaməsində qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin C- 76 nömrəli, 08 aprel 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 verilmiş baza məlumatlarında olan DWJ xəritələrində qeyd edilmiş (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədnin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 01 noyabr tarixli 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,55 ha torpaq sahəsi X7, İddiaçı3, İddiaçı1 və X9 ayrılmışdır. X12 01 avqust 2019-cu il tarixində ölmüşdür. Vəfat etdikdən sonra İddiaçı3, İddiaçı1 Mənsur oğlu və İddiaçı2 Mənsur qızı adlı vərəsələri qalmışdır. Həmin torpaq sahəsini bir müddət yaxın qohumları X8 istifadə etmişdir. Sonradan həmin torpaq sahəsini dəfələrlə Dəyanət Hacıyevdən tələb etsələr də, o iddiaçılara torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Dəyanət Hacıyevin torpaq sahəsini iddiaçılara qaytarmadığını görüb özləri torpaq sahəsini ölçərək hasarlamaq qərarına gəlmişdirlər. Bu məqsədlə torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinə müraciət etmişdirlər. Həmin idarənin və İİ Nügədi bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə iddiaçılara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 1,55 ha torpaq sahəsinin sərhədləri ölçülmüşdür. Lakin torpaq sahəsi ölçülən zaman həmin torpaq sahəsinə manələr yaradılmışdır. Bundan sonra iddiaçılar torpaq sahəsinə maneələrin aradan qaldırılması ilə bağlı iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdirlər. Quba Rayon Məhkəməsində işin icraatı zamanı torpaq sahəsi ilə bağlı mübahisənin aydınlaşdırılması üçün mütəxəssis rəyi almışdır. Bundan sonra Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)-41/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X7 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C- 76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinatlar daxilində) Dövlət Reyestrindən Çıxarışın alınmasına cavabdehlər X10 və X15 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli məktubuna əsasən iddiaçılara Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən çıxarış verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,55 torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil, kəskin fərqli olması göstərilmişdir. Bundan başqa torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestrindən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişdiyi qeyd edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli imtina məktubu ilə razılaşmırlar. Həmin imtina məktubu əsassız olaraq verilmişdir. İddiaçıların torpaq sahəsi Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktının koordinatları qeyd edilən ərazidədir. Bununla bağlı Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)- 41/2023 saylı qətnaməsində qeyd edilmişdir. İddiaçıların başqa ərazidə pay torpaq sahələri yoxdur. İmtina məktubunda qeyd edilmiş 1900 metr məsafədə olan torpaq sahəsi barədə məlumatları yoxdur. Cavabdeh təşkilatla aralarında yaranan mübahisəni başqa qaydada aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, JN-873 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.55 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil kəskin fərqlidir. Bildirirlər ki, 1.55 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 1.44 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestrindən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişir. Qeyd etmək istəyirlər ki, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında 1900 metr məsafə fərqi var. Həmin ərazi digər şəxslər tərəfindən hasara alınaraq həyətyanı kimi istifadə olunur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli, 26 aprel 2002-ci il tarixli Dövlət Aktının surətindən görünür ki, X12 və onun ailə üzvlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli qərarı ilə 1,55 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqan tərəfindən 20 may 2025-ci il tarixli məktuba əlavə edilmiş müayinə aktından görünür ki, JN-873, KOD 30320018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən X14 torpaq sahəsidir. Həmin nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və DBF siyahısında göstərilmişdir. Qeyd edilir ki, JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin ərazidə deyil, kəndin digər massivində göstərilmişdir və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi iddiaçılar tərəfindən istifadə olunmur. Bildirilir ki, baza məlumatlarında olan DWJ xəritələrinə əsasən göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin daxilində **********37, **********17, **********02, **********76 və **********77 reyestr nömrəli çıxarışlar mövcuddur. Qeyd olunmuş çıxarışlar aşağıdakı mülkiyyətçilərin adına hüquqları tanınmışdır. **********37 reyestr nömrəli çıxarış (0.08ha) - X16 adına; **********17 reyestr nömrəli çıxarış (0.08ha) - X3 adına; **********02 reyestr nömrəli çıxarış (0.08ha) - X13 adına; **********76 reyestr nömrəli çıxarış (0.05ha) - X4 adına; **********77 reyestr nömrəli çıxarış (0.01ha) - X2 adına. Ümumilikdə 0.30 ha” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-1240/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 ayrılmış (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sorğusuna cavab olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki: “Faktiki olaraq iddia olunan torpaq sahəsi gediş-gəliş yolu və həyətyanı sahələr kimi digər şəxlər tərəfindən istifadə olunur. Qeyd edildiyi kimi, həmin torpaq sahəsi gediş-gəliş yolu və həyətyanı sahələr kimi digər şəxlər tərəfindən istifadə olunur və bununla da ərazi mübahisəlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən imtinası təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) JN-873 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.55 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun olmamaqla kəskin fərqlənməsi; 2) 1.55 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 1.44 ha ölçüdə öz əksini tapması; 3) Torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestrindən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişməsi, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında 1900 metr məsafə fərqinin olması, həmin ərazinin digər şəxslər tərəfindən hasara alınaraq həyətyanı kimi istifadə olunması. İş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli, 26 aprel 2002-ci il tarixli Dövlət Aktının surətindən görünür ki, X12 və onun ailə üzvlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli qərarı ilə 1,55 hektar torpaq sahəsi ayrılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-41/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X5 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və X7 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 aprel 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinatlar daxilində) dövlət reyestrindən çıxarışın alınmasına cavabdehlər X10 və X15 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən 20 may 2025-ci il tarixli məktuba əlavə edilmiş müayinə aktından görünür ki, JN-873, KOD 30320018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən X14 torpaq sahəsidir. Həmin nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və DBF siyahısında göstərilmişdir. Qeyd edilir ki, JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin ərazidə deyil, kəndin digər massivində göstərilmişdir və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi iddiaçılar tərəfindən istifadə olunmur. Bildirilir ki, baza məlumatlarında olan DWJ xəritələrinə əsasən göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin daxilində **********37, **********17, **********02, **********76 və **********77 reyestr nömrəli çıxarışlar mövcuddur. Qeyd olunmuş çıxarışlar aşağıdakı mülkiyyətçilərin adına hüquqları tanınmışdır. **********37 reyestr nömrəli çıxarış (0.08ha) - X16 adına; **********17 reyestr nömrəli çıxarış (0.08ha) - X3 adına; **********02 reyestr nömrəli çıxarış (0.08ha) - X13 adına; **********76 reyestr nömrəli çıxarış (0.05ha) - X4 adına; **********77 reyestr nömrəli çıxarış (0.01ha) - X2 adına. Ümumilikdə 0.30 ha” İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olubolmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlanmış, sorğuya cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi təqdim edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri mahiyyət etibarilə oxşar olmaqla mübahisəli torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında fərqin olması və həmin ərazinin digər şəxslər tərəfindən istifadə olunması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında fərqin olması və həmin ərazinin digər şəxslər tərəfindən istifadə olunması hazırkı iddianın təmin olunmaması üçün əsas təşkil edə bilməz. Cavabdeh inzibati orqanın əsas imtina dəlili ondan ibarətdir ki, JN-873 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.55 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil kəskin fərqlidir. Bildirirlər ki, 1.55 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 1.44 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestrindən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişir. Qeyd etmək istəyirlər ki, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında 1900 metr məsafə fərqi var. Həmin ərazi digər şəxslər tərəfindən hasara alınaraq həyətyanı kimi istifadə olunur. Halbuki, cavabdeh tərəfindən verilmiş yerində müayinə məlumatlarında qeyd edilir ki, JN-873, KOD 30320018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən X14 torpaq sahəsidir. Həmin nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və DBF siyahısında göstərilmişdir. Qeyd edilir ki, JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin ərazidə deyil, kəndin digər massivində göstərilmişdir və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi iddiaçılar tərəfindən istifadə olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapması və DBF siyahısında göstərilməsi və Dövlət Aktına əsasən torpaq sahəsinin baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsi hazırkı iddianın təmin edilməsi üçün əsas təşkil edir. Torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edilməsi və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) fərqli göstərilməsi cavabdeh inzibati orqanın əsassız qeydiyyatının nəticəsidir və bu hal iddiaçıların mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas təşkil edə bilməz. İnzibati orqanın imtina dəlilərindən biri də torpaq sahəsinin sənəd üzrə müəyyən hissədə digər şəxslərlə üst-üstə düşməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin üst-üstə düşən hissələrdə iddiaçılar tərəfindən iddia tələbinin azaldılması həmin dəlilin əhəmiyyətini ortadan qaldırmış olur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar ilə torpaq sahəsini faktiki istifadə edən şəxslər arasında mülki mübahisə olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-41/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 və X7 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 aprel 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinatlar daxilində) dövlət reyestrindən çıxarışın alınmasına cavabdehlər X10 və X15 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün müvafiq icra idarəsinə göndərilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün maneələrin aradan qaldırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur. Beləliklə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iddiaçıların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – JN-873, KOD 30320018 nömrəli, 26 aprel 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan JN-873, KOD 30320018 nömrəli, 26 aprel 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı iddiaçıların torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçılar qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 021837 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, torpaq sahəsinin paylı mülkiyyətçisi X12 01 avqust 2019-cu ildə ölmüşdür. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi JN-873, KOD 30320018 nömrəli, 26 aprel 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli qərarı əsasında X12 və onun ailə üzvlərinə (İddiaçı1, İddiaçı2 və İddiaçı3) ayrıldığından mübahisəli torpaq sahəsi üzərində yalnız hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması düzgün hesab edilə bilməz. Belə ki, sözügedən Dövlət Aktının mövcudluğu mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil etməklə, mahiyyət etibarilə yeni qeydiyyat hesab olunmur. Qanunvericiliyə əsasən yeni qaydalara uyğun olaraq X6 da adının qeyd olunduğu çıxarışın tələb olunması əsaslı hesab olunur. Həmin şəxsin əmlakının vərəsəlik qaydasında müəyyən olunması isə qanunvericiliklə müəyyən edilmiş prosedura uyğun olaraq ayrıca müəyyən edilməlidir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçılar məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 verilmiş baza məlumatlarında olan DWJ xəritələrində qeyd edilmiş (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və vərəsəsi olduqları X6 adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 verilmiş baza məlumatlarında olan DWJ xəritələrində qeyd edilmiş (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və vərəsəsi olduqları X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2-1(118)-1240/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-873, KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X7 verilmiş baza məlumatlarında olan DWJ xəritələrində qeyd edilmiş (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və vərəsəsi olduqları X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar