Məhkəmə qərarları › İş №2-1(105)-789/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-789/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-789/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər XDS İK-nın 16.526.3 saylı, xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 557/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu İl tarixli 29 nömrəli qərarından görünür ki, İddiaçı Sumqayıt şəhəri 51-ci məhəllə fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 527 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Sumqayıt şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu İl tarixli qərarına əsasən İddiaçı Sumqayıt şəhəri 51 -ci məhəllə fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsinin ayrılması göstərilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri 51-ci məhəllə fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsi İddiaçı Salman qızına təhvil verilmişdir. Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, idarə İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ barədə sənədin verilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka baxış keçirilmişdir. Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhər İK 23 iyun 1989-cu il tarixli 29 saylı protokol qərarına əsasən İddiaçı Soltan qızına ayrılmış Sumqayıt şəhəri 51-ci məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin yerində ona ayrılmasına dair Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixli ayrıc aktı verilmişdir. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, fakta görə Sumqayıt ŞPİ-nin İŞ-nin sabiq baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadə tərəfindən Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılaraq, xx.xx.2022-ci il tarixdə cinayət işinin icraatına xitam verilmiş və həmin cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arxivinə göndərilmişdir.Ona görə də, həmin iş üzrə qəbul edilmiş qərarın məhkəməyə təqdim edilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sözügedən torpaq sahəsi naturada mövcuddur.Həmin torpaq sahəsi üzərində başqa şəxslərin koordinatları qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlki müraciətin icrasından imtina edilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktında göstərilən torpaq sahələri ilə faktiki torpaq sahələri arasında uyğunsuzluq olduğu, həmçinin təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğu müəyyən olunmuşdur. Buna görə də, təqdim olunmuş təhkim aktı hüququn qeydiyyatı üçün əsas sayılmamış və yaranmış zərurtələ əlaqədar olaraq, mövcud uyğunsuzluğa münasibət bildirilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə **********28 nömrəli, xx.xx.2021 -ci il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq, araşdırılması üçün təhkim aktının əslinin Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə göndərilməsi barədə 494 nömrəli, xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırılması üçün sözügedən təhkim aktının əslinin şəhər prokuroluğuna göndərilməsi barədə idarəyə xx.xx.2021ci il tarixli, 600xid-21 nömrəli məktub daxil olmuşdur. Buna görə də, ərizənizə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktının əsli Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, lakin bu günədək Sumqayıt şəhər Prokurorluğundan torpaq sahəsinə dair verilmiş təhkim aktının əsli İdarəyə qaytarılmamışdır. Həmçinin müraciətinizə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubda 15 fevral 1990-cu il tarixli təhkim aktlarının əslinin icraatda olan cinayət işinin materiallarına əlavə edildiyindən, iş üzrə maddi sübut olduğundan təqdim edilməsinin mümkün olmaması və həmin cinayət işi üzrə icraata xitam verilməsi qeyd olunmuşdur. Odur ki, müvafiq cinayət işi üzrə icraata xitam verildiyindən xx.xx.1990-cu il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktının idarəyə təqdim edilməsi zəruridir. Bununla əlaqədar qeyd edilən hallar aradan qaldırılmadığı üçün, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrası mümkün olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqinin cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarınından görünür ki, X5 əməlində cinayət tərkibinin olmadığından 21073625 nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən,0.03 hadan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər XDS İK-nın 16.526.3 saylı xx.xx.1989cu il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi ona Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı və təhkim aktı əsasında ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun ailə üzvlərinin istifadəsində olmuş, üzərində fərdi yaşayış evi inşa edilmişdir. O mülkiyyət hüququnun əldə edilməsi üşün müvafiq müraciətlə cavabdeh idarəyə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Müraciətinə verilən cavabda bildirilmişdir ki, təqdim etdiyi təhkim aktında şübhəli məqamlar aşkar olunduğu üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə sorğu ünvanlanmışdır. Sorğu əsasında alınan təhkim aktının əsli cinayət tərkibinin olub-olmamasının müəyyən olunması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, sonradan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd olunan iş üzrə icraata xitam verildiyi, həmin sənədin əsli cinayət işinin materiallarına əlavə edildiyi üçün geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh özü sənədi istintaq orqanına təqdim etsə, nədənsə həmin sənədin geri qaytarılmamasını əsas gətirərək onun müraciətindən imtina edir. Halbuki, sənəd onun deyil, cavabdehin rəsmi məktubu ilə istintaqa təqdim edilmişdir. Bu halda həmin sənədin olmamasını əsas gətirərək hüququn qeydiyyatından imtina edilməsi tam əsassızdır. Sözügedən təhkim aktının hər bir halda surəti cavabdehdə vardır. Bu əsasla o, huququ qeydiyyatı ilə bağlı müracətdən qeyd olunan səbəb göstərilməklə imtina edə bilməz. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Süleymanov Tofiq Ələddin oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Süleymanov Tofiq Ələddin oğluna bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlki müraciətlərin icrasından imtina edilmişdir. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktında göstərilən torpaq sahələri ilə faktiki torpaq sahələri arasında uyğunsuzluq olduğu, həmçinin təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğu müəyyən olunmuğu üçün təqdim olunmuş təhkim aktı hüququn qeydiyyatı üçün əsas sayılmamış və yaranmış zərurtələ əlaqədar olaraq, mövcud uyğunsuzluğa münasibət bildirilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə **********28 nömrəli, xx.xx.2021-ci il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq araşdırılması üçün təhkim aktının əslinin Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə göndərilməsi barədə 494 nömrəli, xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırılması üçün sözügedən təhkim aktının əslinin şəhər prokuroluğuna göndərilməsi barədə idarəyə xx.xx.2021-ci il tarixli, 600xid-21 nömrəli məktub daxil olmuşdur. Buna görə də, ərizəyə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktının əsli Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, lakin bugünədək Sumqayıt şəhər Prokurorluğundan torpaq sahəsinə dair verilmiş təhkim aktının əsli idarəyə qaytarılmamışdır. Hazırkı iddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi yeni ayrıc aktında isə vətəndaşın ata adı “Sultan” əvəzinə “Salman” qeyd olunmuşdur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsində təyinatına uyğun olmayaraq qeyri-yaşayış binası tikildiyi və anbar kimi istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin müraciətə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubda 15 fevral 1990-cu il tarixli təhkim aktlarının əslinin icraatda olan cinayət işinin materiallarına əlavə edildiyindən, iş üzrə maddi sübut olduğundan təqdim edilməsinin mümkün olmaması və həmin cinayət işi üzrə icraata xitam verilməsi qeyd olunmuşdur. Odur ki, müvafiq cinayət işi üzrə icraata xitam verildiyindən xx.xx.1990-cu il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktının idarəyə təqdim edilməsi zəruridir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-557/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmiş, Sumqayıt şəhər XDS İK-nın 16.526.3 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Soltan qızının adına qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qurduğu ehtimal nəticəsində iddiaçının hüquqlarının poizulmasına yol verilməməlidir. Sumqayıt şəhər Polis İdarəsinin verdiyi məktubdan da göründüyü kimi fakt üzrə cinayət əməli müəyyən edilməmiş və icraata xitam verilmişdir. Cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-557/2023 saylı qərarı ləğv olunmalıdır. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktında göstərilən torpaq sahələri ilə faktiki torpaq sahələri arasında uyğunsuzluq olduğu, həmçinin təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğu müəyyən olunduğu üçün təqdim olunmuş təhkim aktı hüququn qeydiyyatı üçün əsas sayılmamış və yaranmış zərurtələ əlaqədar olaraq, mövcud uyğunsuzluğa münasibət bildirilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə **********28 nömrəli, xx.xx.2021-ci il tarixli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq, araşdırılması üçün təhkim aktının əslinin Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə göndərilməsi barədə 494 nömrəli, xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırılması üçün sözügedən təhkim aktının əslinin şəhər prokuroluğuna göndərilməsi barədə idarəyə xx.xx.2021-ci il tarixli, 600xid-21 nömrəli məktub daxil olmuşdur. Buna görə də, ərizəyə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 47 nömrəli torpaq sahəsinin təhkim aktının əsli Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, lakin bu günədək Sumqayıt şəhər Prokurorluğundan torpaq sahəsinə dair verilmiş təhkim aktının əsli idarəyə qaytarılmamışdır. Hazırkı müraciətə əlavə olunmuş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi yeni ayrıc aktında isə vətəndaşın ata adı “Sultan” əvəzinə “Salman” qeyd olunmuşdur. Bundan əlavə idarənin mütəxəssiləri tərəfindən torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsində təyinatına uyğun olmayaraq qeyri yaşayış binası tikildiyi və anbar kimi istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin bildiririk ki, müraciətə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. ********* nömrəli məktubda 15 fevral 1990-cu il tarixli təhkim aktlarının əslinin icraatda olan cinayət işinin materiallarına əlavə edildiyindən, iş üzrə maddi sübut olduğundan təqdim edilməsinin mümkün olmaması və həmin cinayət işi üzrə icraata xitam verilməsi qeyd olunmuşdur. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Sumqayıt şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il, tarixli 29 nömrəli Qərarı ilə Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi torpaq sahəsinin təhkim aktında göstərilən torpaq sahələri ilə faktiki torpaq sahələri arasında uyğunsuzluq olması, həmçinin təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğunun müəyyən olunması, habelə təhkim aktının əslinin müvafiq şəhər Prokurorluğu tərəfindən təqdim edilməməsi halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 23 noyabr 1989-cu il tarixli qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçının adına ayrılmışdır. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq, iddiaçıya təhvil verilmiş, bu barədə akt tərtib edilmiş, habelə Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasına etirazının olmadığı, həmin torpaq sahəsinin iddiaçının adına ayrılması və bu barədə 15 fevral 1990-cı il tarixli ayrıc aktının verilməsi bildirilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, qeyd edilən torpaq sahəsi müvafiq mütəxəssislər tərəfindən müayinə olunaraq, həmin torpaq sahəsinin ölçüsünü hüquqmüəyyənedici sənəd üzrə 0,03 ha, faktiki 0,0621 ha olduğunu, mübahisəli hal olmadığı, torpaq sahəsində köməkçi tikili olduğu, əlavə 0,0321 ha torpaq sahəsi olduğu, torpaq sahəsinin təyinatına uyğun istifadə edildiyini, üzərində yerüstü kommunikasiya xəttlərinin keçmədiyi qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, başqa şəxslərin koordinatları qeydə alınmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq shaəsinin ayrılmasına dair müvafiq qərar yuxarıda istinad edilən qnaunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyytaına alınması üçün əsas qismində çıxış etdiyindən, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsi ilə bağlı uyğunsuzluğun olması halına istinad etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmiş, habelə bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, habelə həmin hal məhkəmə araşdırması zamanı tədqiq edilmiş torpaq sahəsinin müayinəsinə dair akt, mütəxəssis rəyi və digər sübutlar əsasında təkzib olunur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə cavabdehin apellyasiya şikayəti və imtina əsası kimi istinad etdiyi hallar əsassız olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan imtina və apellyasiya şikayətinin dəlili kimi müvafiq təhkim aktının sonradan təsdiq edilməsi və əslinin təqdim edilməməsi kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin yerində ölçülərək, nişangah qoyularaq iddiaçıya təhvil verilməsinə dair 1990-cı il tarixli təhkim aktı mövcud olmuşdur. Qeyd edilən təkim aktının əsli cavabdeh inzibati orqanın özündə mövcud olmaqla, müvafiq cinayət işinin araşdırılması ilə bağlı prokuroruq orqanına təhvil verilmişdir. Belə olan halda isə həmin təhkim aktının əslinin təqdim edilməməsi halına istinad eidlməsi halı formal əsas qismində çıxış etməklə, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq memarlıq və şəhərsalma idarəsi tərəfindən həmin torpaq sahəsinə dair ayrıc aktının 1990-cı il tarixdə verilməsi, habelə həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına etirazının olmadığını bildirməsi halı da cavabdeh inzibati orqanın istinad etdiyi halları təkzib edir. Eyni zamanda iş üzrə müəyyən edilmiş həmin hallar özlüyündə cavabdehin etirazın əsası kimi istinad etdiyi iddiaçının ata adının təhkim aktında “Sultan” əvəzinə “Salman” kimi qeyd edilməsi halını da təkzib edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissələrdə də cavabdehin apellyasiya şikayəti və imtina əsası kimi istinad etdiyi hallar əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi həmin torpaq sahəsinin təyinatına uyğun istifadə edilməməsi halına istinad etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmiş, bu halı yalnız orada qeyri-yaşayış binası inşa edilməsi halı ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin torpaq sahəsinə dair müayinə aktında sözügedən torpaq sahəsində icazəsiz tikililərin olmaması, köməkçi tikili olması, torpaq sahəsinin təyinatı üzrə istifadə olunması halı qeyd edilmişdir. Göründüyü kimi, qeyd edilən hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təkzib edir. Bundan əlavə, cavabdeh tərəfindən bu halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-557/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar