Məhkəmə qərarları › İş №2-1(105)-789/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-789/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-789/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və plan və ölçü sənədinin ləğv edilməsi, alqı-satı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-1(118)-3570/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 sayıl Dövlət Aktı əsasən, iddiaçının xüsusi mülkiyyətinə verilmiş Quba rayon 1- ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi; Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli və xx.xx.2018-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarışların, plan və ölçü sənədlərinin Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 sayıl Dövlət Aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və əqd əsasında sonuncunun adına verilmiş çıxarışın ləğvi, torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılmaqla iddiaçıya təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışların, plan və ölçü sənədlərinin iddiaçının Quba rayon Aqrar İslahat Komissiyasının 1999- cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 sayıl Dövlət aktı əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmiş Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 mart 2018-ci il tarixli AN-İ№ ******* alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; Quba rayon 1-ci Nügədi kəndində yerləşən, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarı və JN1669, KOD 30319018 saylı Dövlət Aktı ilə iddiaçının adına verilmiş 0,23 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatında bərpa olunması; torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN1669 KOD 30319018 saylı Dövlət aktına əsasən iddiaçıya yarılmışdır. Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2- 478/2006 saylı qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıya verilmiş 0,23 ha torpaq sahəsinə dair bağlanmış alqısatqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin Cavabdeh1 mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum X1 məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə Cavabdeh1 mülkiyyət hüququnun müəyyən olunması və onun adına müvafiq çıxarışın verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 11 fevral 2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsi ilə iddiaçının və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba rayon Məhkəməsinin müvafiq qətnaməsi qismən - iddiaçıya dair hissədə ləğv olunmuş, Cavabdeh1 İddiaçı qarşı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi artıq iddiaçı apellyasiya şikayəti verdiyi müddətdə icra edildiyi üçün onun torpaq sahəsi də daxil olmaqla Cavabdeh1 adına çıxarış verilmişdir. Lakin həmin qətnamə ləğv edildikdən sonra Cavabdeh1 məhkəməyə müraciət edərək, Dövlət Aktına əsasən, iddiaçıya verilmiş torpaq sahəsinin üzərində mövcud olan ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsi tərəfindən iddia təmin edilsə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək ağacların maddi əvəzi deyil, ağacların özlərinin Cavabdeh1 verilməsi qət edilmişdir. Bu müraciətlə cavabdeh tərəfindən də etiraf edilir ki, adıçəkilən torpaq sahəsi iddiaçıya məxsusdur. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. Hazırda bu torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını təsdiqləyən Dövlət Aktı mövcuddur, qüvvədədir və ləğv olunmamışdır. Lakin cavabdehlərin adına verilmiş çıxarışlarla iddiaçıya məxsus olan torpaq sahəsinin də daxil edilməsi iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əngəl yaradır. İddiaçı tərəfindən digər cavabdeh olan Cavabdeh2 ogluna qarşı iddia irəli sürülməsinə səbəb “cavabdehin bu torpaq sahəsinin bir hissəsini onun məhkəmə iclaslarında bildirdiyi məlumata əsasən, guya müvafiq alqı-satqı müqaviləsinə əsasən satmış və buna əsasən də çıxarış verilmişdir. Halbuki, bu alqı-satqının özü belə şübhəlidir. Çünki ona satılmış torpaq sahəsinin həqiqətən iddiaçıya məxsus olan hissəsinin digər Cavabdeh2 ogluna satılması həqiqəti əks etdirmir. Belə ki, bu barədə mötəbər mütəxəsssis və ya ekspertiza rəyi mövcud olmamışdır. İddia ərizəsinə əlavə etdiyi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş “inzibati orqanın üzərinə vəzifənin qoyulması tələbinə dair” iddiaçının tələbi üzrə işə baxılarkən məhkəmə tərəfindən mütəxəssis rəyi ziddiyyətli ifadələrlə verilmiş bu barədə hər hansı bir məlumat göstərilməmişdir. Sözügedən 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 1507/2024 nömrəlimütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir ki: “iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyil, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüşdür, (sxematik xəritə və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə olunmuşdur.) JN 1669, KOD 30319018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən, **********05 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, iddiaçının iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən Kənd Təsərrüfatı təyinatlı olub uqodiyası çoxillik əkmədir. Belə olan halda məhkəmə hesab edir ki, indiki halda iddia tələbi qanunun tələbinə əsasən təmin edilə bilməz. Göründüyü kimi, mütəxəssis rəyindən torpaqların digər cavabdeh olan tərəfindən ilkin olaraq bildirilir ki, Cavabdeh2 ogluna məxsus olması barədə məlumatlar mövcud deyildir. Bu barədə məlumatlar məhkəmə icraatının gedişində cavabdeh inzibati orqanın məktublarında qeyd edilmişdir. Belə ki, cavabdeh inzibati orqan qeyd etmişdir ki, “həmin torpaq sahəsindən 0.23 ha hissəsi (tərkibində İddiaçı tərəfindən tələb olunan 0.23 ha torpaq sahəsinin bir hissəsi) Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqısı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır və sonuncunun adına çıxarış verilmişdir. Halbuki, torpaq sahəsinin hansı hissəsinin Cavabdeh2 adına rəsmiləşdirildiyi məlum olmur. Sadəcə ümumi sözlərlə bir hissəsi qeyd edilmişdir. Yuxarıda qeyd edilən mütəxəssis rəyi hazırlanarkən isə nədənsə bu məsələ aşkar edilməmişdir. Cavabdeh2 məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaya qarşı etiraz edir. İddiaçı tələb etdiyi 0,23 ha torpaq sahəsini 2018-ci ildə Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən almış və xx.xx.2018-ci il tarixdə mülkiyyətini təsdiq edən çıxarış almışdır. O, qeyd edilən torpağa uzun müddətdir sahiblik edir və hal-hazırki vaxta kimi orada intensiv tipli bağ salaraq istifadə edir. İddiaçı iddiası tam qanunsuz və ədalətsiz olduğu üçün təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-1(118)-3570/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan respublikası İPMnin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin göstərilməli olması izah edilmişdir. Buna baxmayaraq sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, lakin yenə də cavabdehi düzgün göstərməmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdeh düzgün göstərilsə belə iddiaçı hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından hüquqi marağa çatmaq üçün çıxarışın və alqı-satqı müqaviləsini mübahisələndirilə bilər. Məhkəmə iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılmaqla ona təhvil verilməsi tələbinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı bu tələblə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qərardad qanunsuz və əsassızdır və aşağıdakı səbəblərdən ləğv edilməlidir: Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ bir neçə məhkəmə instansiyasında tanınmışdır. Məhkəmə iddianın mümkünlüyünü yoxlayarkən, əslində iddianın mahiyyəti üzrə araşdırılacağı qənaəti formalaşdırmışdır. Belə ki, ekspert rəyi alınmış və tərəfindən ödəniş edilmişdir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırılmışdır ki, bu proseslər illərdir davam edir və o, hüququndan məhrum edilmişdir. Məhkəmə tərəfindən ona lazımi hüquqi yardım göstərilməmişdir. Hüquqi yardın göstərilsəydi, o, cavabdehlərin və tələbin dəqiqləşdirilmıəsi barədə ərizə təqdim edə bilərdi. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahosələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı: 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.3. ...mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. 16.1. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz.

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, plan və ölçü sənədlərinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin boşalıdlması təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olsa da, məhkəmənin gəldiyi nəticə düzgündür. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İş materiallarından müəyyən edilir ki, Quba rayon Məhkəməsinin 06 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X11, İddiaçı, X5, X6, X9, X2, X12 və X13 qarşı iddiası təmin edilmiş, cavabdehlərin torpağa mülkiyyət hüququna dair dövlət aktlar verilmiş torpaq sahələrini 26 noyabr 2001-ci il tarixdə iddiaçıya satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsi, mərhum X3 məxsus miras qalmış torpaq sahəsinə vərəsəlik üzrə iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi, həmin torpaq sahələrinin iddiaçının adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nın Xaçmaz Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli 2(105)-258/2019 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2-478/2006 saylı, 06 sentyabr 2006-cı il tarixli qətnaməsi cavabdeh İddiaçı dair hissədə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4797/2019 saylı qərarından görünür ki, Surmqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-889/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddiaçının mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair onun adına yenidən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2315/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(027)- 889/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsinin onun adına rəsmiləşdirilməklə yeni çıxarışın verilməsi tələbinə dair iddia üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “Sizin məhkəmə qətnamələri əsasında Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubunuza baxılmışdır. Bildiririk ki, ərizənizə əlavə edilmiş qətnamələrə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizənizin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya verilmiş dövlət aktında göstərilən 0.23 ha torpaq sahəsi Cavabdeh1, daha sonra isə onunla Cavabdeh2 arasında bağlanmış AN-İ№ ******* nömrəli 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətindədir. Həmin çıxarışlar və alqı-satqı-müqaviləsi hazıradək qüvvədidr. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilməsi üçün əsas olmuş Quba rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-478/2006 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən ləğv edilmişdir və iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək Cavabdeh1 öz adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində həmin vaxt (2019) icraya dönüş məsələsini tənzimləyən konkret normalar və ya ayrıca normativ mexanizm mövcud olmasa da, bəzi maddələr və ümumi prinsiplər əsasında bu həsəllənin həlli mümkün idi. Məhkəmə iclaslarına videoçəkilişlərinə baxış keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə bir neçə dəfə hüquqi yardım göstərilərək iddia tələbinin və cavabdehi dəqiqləşdirmək təklif edilmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili sonuncu ərizəsində də cavabdehi düzgün göstərməmiş, tələbini mülki tələblərlə qarşıq şəkildə ifadə etmişdir. İddia tələbində iddiaçı X8 adına verilmiş xx.xx.2006-cı il tarixli, Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, onların arasında başlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özünün torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və qeydiyyatın bərpa edilməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini təələb etmişdir. Sadalanan tələblərdən yalnız ikisi - Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli ********* reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması inzibati məhkəmə icraatı çərçivəsində baxılan iddialara aiddir, qalan tələblər, o cümlədən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsinin boşaldılmasına dair tələblər mülki qaydada baxılacaq iddialardır və aidiyyəti üzrə ümumi məhkəməyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə göstərilən tələblərdən yalnız birinə, Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli ********* reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestirndən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbə baxılması mümkün hesab edilə bilər, o şərtlə ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlsin və məhkəməyə qədər inzibati orqana müvafiq müraciət ünvanlanmış olsun. İddiaçının nümayəndəsi apellyasiya şikayətində müvafiq müraciətin edildiyini və müraciətin ünvanlanmasını təsdiq edən poçt qəbzinin əlavə edildiyini qeyd etmişdir. İş materiallarında belə bir ərizə mövcuddur, lakin çatdırılmasını təsdiq edən poçt qəbzi ərizəyə əlavə edilməmişdir. İnzibati orqanın imtina bildirişi iddiaçnını mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə müraciəti ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, iddiaçı cavabdehin dəyişdirilməsdi barədə ərizə vermiş olsa belə bu vəziyyətdə iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-1(118)-3570/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar