Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-79/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı “işlədiyi dövrün sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(118)- 987/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 05 may 2020-ci il tarixli, **********0 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, onun yanvar 1973–cü ildən 31 dekabr 1996–cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan”adına sovxozda və 01 yanvar 1999–cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün və eyni zamanda 1973-cü ildə işlədiyi zaman yaşı 15-dən aşağı olduğu üçün pensiya təyin olunmasından imtina edilir. Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin imtinasını əsassız hesab edilməsi, yanvar 1973-cü ildən 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999-cu ildən 31 dekabr 1999cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrün sığorta stajna daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1958–ci ildə Şamaxı rayonu Çarhan kəndində anadan olmuş, cəmisi 2–ci sinfə qədər oxumuş,1973-cü ilin yanvar ayından o da valideynləri ilə birlikdə üzüm bağında işləməyə başlamışdır. Həmin vaxtdan 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda , 01 yanvar 1997-ci ildən 1998–ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999–cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işləmişdir. Amma ona əmək kitabçası yazılmayıb. Lakin o həmin təsərrüfatlarda işləmiş və sosial sığorta fonduna da ödənişlər olmuşdur. Onun həmin yerlərdə işləməyini təsdiq edən arxiv arayışları da var . Belə olan halda ona pensiya təyin olunmalıdır. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(118)-987/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 15 yaşının tamam olduğu dövrdən, yəni 14 oktyabr 1973-cü ildən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq edilən dövrlər onun pensiya təyinatına hesablanaraq, ona hüququn yarandığı 14.04.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı dəfələrlə xəbərdar edlməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Birinci instansiya məhkəməsi işi tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi Qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 26-cı bəndinə əsasən əmək stajına əsas kimi ancaq əmək kitabçasında göstərilən dövrün məlumatları və sənədlərə əsasən verilmiş arayışlar qəbul edilə bilər. İddiaçının isə işlədiyi dövr isə əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının yaşının 15-dən az olmasını əsas götürmüşdür. Lakin hesab edir ki, təqdim edilən arxiv arayışının bir hissəsinin əsassız olması bütövlükdə əsassız olması üçün şərait yaradır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissə üzrə yoxlamışdır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması;( 2020-ci ilin iyul ayının 01dək qadınların yaş həddi 61 yaş 06 ay idi). - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (61 yaş 6 ay) çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə işin mübahisə edilən məqamı arxiv arayışı ilə təsdiq edilən dövrlərin sığorta stajına daxil edilməsidir. İş materiallarında olan X3 filialının 29 dekabr 2019-cu il tarixli, 29 saylı arxiv arayışından görünür ki, iddiaçı 1973-cü ilin yanvar ayından 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci ilədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999-cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işləmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri odur ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun sovxozda və müəssisədə işlədiyi dövrlər onun əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, sözügedən dəlil əsassızdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Şamaxı rayon Dövlət Arxivinin 29 dekabr 2019-cu il tarixli, 24 saylı arxiv arayışını təqdim etmişdir. Cavabdeh apelyasiya şikayətində arxiv arayışında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına alaraq, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadığını bildirmişdir. Cavabdehin qeyd etdiyi halın araşdırılmsaı məqsədilə məhkəmə kollegiyası tərəfindən X2 Filialına sorğu edilmişdir. Sorğuya cavab olaraq X2 Filialı tərəfindən 25.02.2021-ci il tarixli 36/28 saylı məktubla iddiaçının 1973-cü ildə Çarhan kənd Kalinin adına sovxozuna işə qəbul olunması, 1996-cı ildə işdən azad edilməsi barədə əmr kitabından əmrlərin, sovxozun 1973-1974, 1990- 1996-cı və Məlikçobanlı kənd “Natəvan” adına sovxozun 1997-1998 və Şamaxı rayon Mexanikləşdirmə müəssisəsinin 1999-cu illərə dair əmək haqqı üzrə şəxsi hesab kitabından işləyib aldığı əmək haqqlarının təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə tərəflərin iştirakı ilə məhkəmə kollegiyasının iclasında baxış keçirilərkən bir daha təsdiq edildi ki, həqiqətən də, iddiaçı arxiv arayışında qeyd edilən 1973-1998-ci illərdə Baxşiyevlər ailəsinin üzvü olaraq Kalinin adına sovxozda, “Natəvan” adına sovxozda, 1999-cu ildə isə Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işləmiş, eyni zamanda işlədiyi müddət ərzində hər ay əmək haqqı almışdır. Beləliklə, iddiaçının sovxozda və Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1973-1999-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə sovxozda və Mexanikləşdirmə Müəssisəsində işlədiyi arxiv arayışı ilə, həmçinin əmək haqqının ödənilməsinə dair cədvəllərlə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin şikayətinin digər dəlili odur ki, iddiaçı 1973-cü ilin yanvar ayında, yəni 15 yaşı tamam olmamış sovxozda işləməyə başlamış, bu isə arxiv arayışında edilmiş qeydlərin bütünlüklə mötəbərliyini şübhə altına almış olur. Qeyd edilən dəlili əsassız hesab edərək kollegiya qeyd edir ki, iddiaçının 15 yaşadək sovxozda işlədiyi dövr birinci instansiya məhkəməsi tərəfindən sığorta stajına daxil edilməmiş və bu hissədə iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və apelyasiya şikayəti təqdim etməmişdir. İddiaçının 14 yaşından sovxozda işləməyə başlaması arxivdən tələb edilən sənədlərlə təsdiq olunur və yaşının 15-dən az olması arxiv arayışındakı məlumatların həqiqiliyini şübhə altına ala bilməz. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən, arayışdakı məlumatların həqiqiliyini şübhə altına almamış, sadəcə iddiaçının həmin vaxt 15 yaşının tamam olmadığını nəzərə alaraq bu hissədə iddianı rədd etmişdir. Cavabdeh eyni zamanda apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı məkhəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməmiş, işə mahiyyəti üzrə baxmışdır. Bu dəlillə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclas protokolundan görünür ki, iddiaçı 24 iyul 2020-ci ildə keçirilmiş məhkəmə hazırlıq iclasında şəxsən iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə baxış iclasını iddiaçının iştirakı olmadan keçirmiş və işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Arayışdan görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində qyerimüəyyənliyə yol vermiş, iddiaçının tələbi yanvar 1973-cü ildən 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999-cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” olduğu halda, məhkəmə qərarın nəticə hissəsində 14 oktyabr 1973-cü ildən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq edilən dövrlər onun pensiya təyinatına hesablanaraq, ona hüququn yarandığı 14.04.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilməli, iddiaçının 14 oktyabr 1973-cü ildən 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999-cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə 14.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(118)-987/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı 14 oktyabr 1973-cü ildən 31 dekabr 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, 01 yanvar 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və 01 yanvar 1999-cu ildən 31 dekabr 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə 14.04.2020-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-79/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-79/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver