Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-79/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)- 1150/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli, 59 nömrəli əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron Rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli, 233 nömrəli sərəncamı ilə Saray qəsəbə icra üzrə nümayəndəliyinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamına əsasən X5 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Daha sonra X7 və İddiaçı Abşeron RİH Saray qəsəbəsi üzrə nümayəndəliyinə birgə ərizə ilə müraciət edərək, nümayəndəliyin 05 noyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamına əsasən T.T.Əliyevə ayrılmış 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmasına icazə verilməsini xahiş etmişdir. Müraciətləri nəzərə alınaraq, Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamına əsasən T.T.Əliyevə məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin İddiaçı ayrılması və ona həmin torpaq sahəsində ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı 22 may 2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 11 iyul 2023-cü il tarixli, 3-21-3-32/2-S-0064-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı, həmçinin, torpaq sahəsinin ilkin baş plan və ya təsdiq edilmiş ayrıc aktının və arxiv arayışının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. 7 aprel 2022-ci il tarixli, 1655 nömrəli Fərmanın 3-cü bəndinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş müddət ərzində fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı sərəncamı ilə X5 0,10 ha torpaq sahəsi verilmişdir. T.Əliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə ərizə verərək ona ayrılmış torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını xahiş etmiş və nümayəndəliyin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 20 ilə yaxındır ki, ev onun istifadəsindədir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etsə də, cavabdeh orqan bir sıra sənədlərin olmaması səbəbindən ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsi əvvəlcə T.Əliyevə ayrılmış və sonuncunun razılığı əsasında iddiaçının adına keçirilmişdir. Həmin sərəncam hal-hazırda qüvvədədir. Bundan başqa, torpaq sahəsinə dair bütün vergi və ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, daşınmaz əmlakın bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1150/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 12 may 2005-ci il tarixli 12 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsaslı olduğundan cavabdehin bu hissədəki imtinası əsassızdır. Torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, iddiaçının qonşuluğunda yerləşən şəxslərin eyni əsaslarla torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, lakin iddiaçının hüquqlarının məhdudlaşdırılması cavabdeh tərəfindən inzibati icraat haqqında qanundan irəli gələn etimadın qorunması prinsipinin pozulması ilə nəticələnir. Son imtinaya münasibətdə isə qeyd olunmalıdır ki, Azərsu” ASC-yə ünvanlanan məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi su kəmərinin mühafizə zonasından kənarda yerləşir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı iddiaçı tərəfindən cavabdehə və məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən edilmiş sorğulara verilmiş cavablardan görünür ki, həmin sərəncamın arxiv arayışı mövcud deyil. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamında istinad edilmiş xx.xx.1999-cu il tarixli, 39 nömrəli sərəncamın arxiv arayışının mövcud olduğu isə həmin torpaq sahəsi ilə əlaqədar yalnız X4 müraciət etmək hüququnun olduğuna dəlalət edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı: ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar
“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Şikayətin dəlilləri dörd hissədən ibarətdir: 1) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı; 2) Sərəncamın arxiv arayışının ərizəyə əlavə edilmədiyi; 3) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının olmaması; 4) Torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi Saray üzümçülük sovxozu və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Saray qəsəbə icra üzrə nümayəndəliyinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamına əsasən X5 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, daha sonra onun və hazırkı iş üzrə iddiaçının birgə müraciətləri əsasında T.T.Əliyevə ayrılmış 0,10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmasına icazə verilmiş və bu barədə Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncam qəbul edilmişdir. Yəni, iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması barədə nümayəndəliyin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı müstəqil qaydada deyil, məhz 05 noyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncam əsasında qəbul edilmişdir, hansı ki, sonuncu sərəncamda Abşeron Rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli, 233 nömrəli sərəncamına istinad edilmişdir. Həmçinin, Abşeron Rayon İcra hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cvaab olaraq verilən 03 may 2024-cü il tarixli, 5-29/1-1008/2024 nömrəli məktubdan görünür ki, Abşeron RİH başçısının 28 aprel 1994-cü il tarixli, 233 nömrəli və 19 iyun 1998-ci il tarixli, 149 nömrəli sərəncamları ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə fərdi yaşayış evinin tikintisi üçün torpaq fondu ayrılmışdır. Göründüyü kimi ilkin torpaq sahibinə ayrılmış torpayayırma sərəncamında istinad edilən Abşeron RİH başçısının 28 aprel 1994-cü il tarixli, 233 nömrəli sərəncamı ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün torpaqların ayrıldığı Abşeron RİH-nin özü tərəfindən də təsdiq edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən sahələrə dair reyestrdən çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. **********59, **********30, **********71, **********60 reyestr nömrəli çıxarışlardan müəyyən edilir ki, qonşu torpaq sahələrinin hər biri kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, çıxarışların verilməsinə əsas olmuş sənədlərdən müəyyən edilir ki, hazırkı iş üzrə ilkin torpaq sahibinə torpaq sahəsinin ayrılması əsas olmuş hüquqmüəyyənedici sənəd - Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamları əsasında digər vətəndaşlara ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüquları qeydə alınaraq adlarına **********59 və **********30 reyestr nömrəli çıxarışlar verilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilinə münasibətdə qeyd edir ki, əvvəla hüquqmüəyyənedici sənədə dair arxiv arayışın iddiaçıdan tələb edilməsi yolverilməzdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu madddəsində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydası təsbit edilmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Normanın tələblərindən göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün təqdim edilən sənədlərin konkret dairəsini müəyyən etmişdir. Hansı ki, bu sənədlərə müvafiq hüquqmüəyyənedici sənədin qüvvədə olması barədə arayış aid edilməmişdir. Digər tərəfdən, Qanunun 10.3-1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Kollegiya sadalanan normaları hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş nümayəndəliyin sərəncamının hüquqi qüvvəsi cavabdeh inzibati orqana şübhə yaradırsa, orqan inzibati icraat qaydasında aiddiyyəti orqanlara sorğular verərək sözügedən sərəncamın qüvvədə olub-olmaması məsələsini araşdıra bilərdi. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi 11 dekabr 2023-cü il tarixli, T/969 nömrəli məktubu ilə bildirmişdir ki, Abşeron RİH Abşeron RİH Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 2005-ci ilə dair torpaqayırma sənədləri saxlanması və mühafizə edilməsi üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamının arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və iddiaçı tərəfindən təqdim edilən sözügedən sərəncamda qeyd olunan məlumatların həqiqiliyini şübhə altına ala bilməz. Beləliklə, kollegiya qeyd edir ki, sərəncamda göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin 3-cü dəlilinə münasibətdə isə kollegiya xüsusilə vurğulayır ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər hansı inzibati icraat çərçivəsində sənədləşmə işinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 24 iyun 2023-cü il tarixli müayinə (baxış) aktı” ndan görünür ki, Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi yerində müayinə edilmiş, müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,12 ha təşkil etdiyi, sahədə 2 ədəd fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Hazırkı halda, iddiaçı sənəd üzrə istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş, birinci instansiya məhkəməsi onun bu bu həcmdə tələbini təmin etmişdir. Məhkəmə kollegiyası şikayətin sonuncu dəlilini də əsassız hesab edərək qeyd edir ki, cavabdeh torpaq sahəsinin bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyini bildirsə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 05 iyun 2024-cü il tarixli, 13-16/2-06/01-4/68/2024 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi su kəmərinin mühafizə zonasından kənarda yerləşir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2.7-ci bəndindən göründüyü kimi iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri baxımından, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-1150/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.