Məhkəmə qərarları › İş №2-1(105)-791/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-791/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-791/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X15 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-631/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarı ilə X6 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı İddiaçı, qızları E.H.Əliyeva və L.H.Əliyeva) 51-ci məhəllə ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,03 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. AZ seriyalı, 073332 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X9 30 yanvar 1996-cı il tarixdə ölmüşdür. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 15 iyul 2021-ci il tarixli, 2435 nömrəli məktuba əsasən mərhum X6 məxsus Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə dair “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi üçün onun arvadı İddiaçı tərəfindən verilmiş ərizə ilə əlaqədar sonuncu H.M.Əliyevin vərəsəsi qismində tanınmışdır. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X6 məxsus olması haqqında arayışın verilməsi xahiş etmişdir. Cavabdeh 12 may 2022-ci il tarixli, **********85 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 46 nömrəli təhkim aktında göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin, təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğu müəyyən edilmişdir. Təhkim aktının əsli Sumqayıt şəhər Prokurorluğuna təqdim edilmiş, lakin hal-hazıradək həmin sənəd prokurorluq tərəfindən idarəyə qaytarılmamışdır. Müvafiq araşdırma aparılaraq cinayət işi üzrə icraata xitam verilmiş, lakin sənəd idarəyə qaytarılmadığından müraciətin icrası mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin mərhum həyat yoldaşı - X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında mərhum əri X6 ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçının ailə üzvlərinin istifadəsində olmuş, üzərində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinin təhkim aktının əsli cavabdeh orqanın özü tərəfindən cinayət işinin araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğuna göndərilsə də, hazırda cavabdeh həmin sənədin geri qaytarılmamasını əsas gətirərək iddiaçının müraciətindən imtina edir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinin üzərində vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990cı il tarixli, 8.22 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-631/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 8.22 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair təhkim aktının saxtalığı faktı üzrə cinayət əməli müəyyən edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Təhkim aktının sonradan cavabdehə təqdim edilməməsi isə iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən AR ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. İddiaçı mərhum X4 qanun üzrə vərəsəsidir. Qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X6 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı ərizəyə əlavə olunmuş xx.xx.1990-cı il tarixli, 46 nömrəli təhkim aktında göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin, təhkim aktının Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 1990-cı ildə deyil, sonradan təsdiq olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırılması üçün təhkim aktının əslinin şəhər prokurorluğuna göndərilməsi barədə idarəyə xx.xx.2021-ci il tarixli, 600xid-21 nömrəli məktub daxil olmuşdur. Bu səbəbdən, təhkim aktının əsli Sumqayıt şəhər Prokurorluğuna təqdim edilmiş, lakin halhazıradək həmin sənəd prokurorluq tərəfindən idarəyə qaytarılmamışdır. Müvafiq araşdırma aparılaraq cinayət işi üzrə icraata xitam verilmiş, lakin sənəd idarəyə qaytarılmadığından iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 51-ci məhəllə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum əri X6 məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinə dair təhkim aktının prokurorluq tərəfindən cavabdehə qaytarılmamasının iddiaçının təqsiri olmaması, həmçinin, torpaq sahəsinin iddiaçının mərhum ərinə hüquqmüəyyənedici sənəd olan Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarı ilə ayrılması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırda iddiaçı tələbinin əsası kimi Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarına istinad edərək həmin qərarla onun mərhum ərinə 0,03 ha torpaq sahəsinin ayrıldığını iddia edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarının 9-cu bəndindən görünür ki, X9 1984-cü ildən Sumqayıt Avtovağzalında işləyir, 1985-ci ildən isə mənzil növbəsindədir. Bu baxımdan, həmin qərarla ona 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı İddiaçı, qızları E.H.Əliyeva və L.H.Əliyeva) 51-ci məhəllə ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,03 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçının əri X6 Sumqayıt Avtovağzalının işçisi kimi X12 İcraiyyə Komitəsinin qərarı ilə 0,03 ha torpaq sahəsi ayrılmışdır. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək – 1990-cı ildə əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. İstinad olunan normadan göründüyü kimi rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən belə evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, X5 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 1.4-cü bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarına əsaslanır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri isə iki hissədən ibarətdir: 1) Torpaq sahəsinə dair xx.xx.1990-cı il tarixli, 46 nömrəli təhkim aktının müvafiq cinayət işi üzrə icraata xitam verildikdən sonra prokurorluq tərəfindən idarəyə qaytarılmaması; 2) Təhkim aktında göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olması. Məhkəmə kollegiyası cavabdehin hər iki dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşdən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyev ərizə ilə Sumqayıt şəhər prokurorluğuna müraciət edərək vətəndaş X2 torpaq sahəsinə dair təhkim aktının təsdiq edilməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı M.S.Hidayətovanın, həmçinin, X5 adına tərtib edilmiş təhkim aktlarının üzərində olan imza və möhürün rəhbərlik etdiyi idarəyə aid olmadığının müəyyən edildiyini bildirərək bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Onun ərizəsi əsasında həmin təhkim aktlarının saxtalığı faktı üzrə Sumqayıt şəhər prokurorluğu tərəfindən 19 noyabr 2021-ci il tarixdə cinayət işi başlanılmış, daha sonra əməldə cinayət tərkibi olmadığından Sumqayıt şəhər Polis İdarəsinin baş müstəntiqi, polis mayoru N.Mirzəzadənin 18 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Sumqayıt şəhəri, 51-ci məhəllə fərdi yaşayış evinin tikintisi məqsədilə X6 ayrılmış 300 kv.m torpaq sahəsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilən təhkim aktının araşdırılması zamanı hər hansı cinayət faktının müəyyən edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi təhkim aktının saxtalığı faktı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh özü dəlillərində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən idarəyə daxil olmuş məktubla əlaqədar mübahisəli torpaq sahəsinin X6 təhvil verilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsi tərəfindən tərtib edildiyi göstərilən xx.xx.1990-cı il tarixli, 46 nömrəli təhkim aktının əslinin Sumqayıt şəhər Prokurorluğuna təqdim edildiyini bildirmişdir. Kollegiya qeyd edir ki, təhkim aktının cinayət işi üzrə icraata xitam verildikdən sonra cavabdeh idarəyə qaytarılmaması iddiaçının təqsiri deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən (Formal tələblərdən sui-istifadənin qadağan olunması) Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Bundan əlavə, işdən müəyyən edilir ki, sözügedən xx.xx.1990-cı il tarixli, 46 nömrəli təhkim aktına əlavə olaraq mübahisələndirilən 0,03 ha torpaq sahəsinin H.R.Əliyevin vərəsəsi İddiaçı yerində təhvil verilməsi və onun tərəfindən cizgidə olduğu qəbul edilməsi ilə bağlı 20 dekabr 2021-ci il tarixli akt tərtib edilmiş və sözügedən akt Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı” ndan görünür ki, Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarı ilə iddiaçının ərinə ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,03 ha, faktiki isə 0,0632 ha təşkil edir. Torpaq sahəsinə dair mübahisəli hal yoxdur, sahəyə təkrar baxış keçirilmiş, dəyişiklik edilməmişdir. Torpaq sahəsində 1 mərtəbəli anbar tikilisi var, sahənin üzərindən yerüstü kommunikasiya xətləri keçmir. Sahədən təyinatı üzrə istifadə olunur. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçının özünün adına səlahiyyətli orqan tərəfindən təsdiqlənmiş təhkim aktı tərtib edilmiş, torpaq sahəsi cavabdeh orqan tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində təhkim aktında göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, sözügedən 0,03 ha torpaq sahəsinin iddiaçının mərhum əri X6 ayrılması ilə bağlı inzibati akt, yəni Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 8.22 nömrəli qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı XDS-nin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin dəlillərini əsassız hesab edir. Kollegiya bir məqama da diqqət yetirməyi zəruri hesab edir ki, müayinə aktından göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0632 ha olsa da, hazırda iddiaçı sənəd üzrə istifadəsində olan 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması haqqında arayış əldə etmək niyyətindədir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(118)-631/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar