Məhkəmə qərarları › İş №2-1(105)-795/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-795/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-795/2023 15.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdehin həгəkətlərinin qanunsuz hesab еtməklə onun hüququnun yarandığı vaxtdan 57 уаşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təуin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2704/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. Siyəzən rayon Dövlət Arxivi tərəfinfən verilmiş arxiv arayışından görünür ki, İddiaçı 1979- 1980-cı illərdə Lenin adına üçümcülük sovxozunda işləmişdir. 029501 seriyalı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı statusuna malikdir. İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, 1982-1984- cü illərdə hərbi xidmətdə olmuşdur. 763060 seriyalı diplomdan görünür ki, İddiaçı 19801982-ci illərdə 87 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1984xx.xx.2008-ci il tarixlərdə Sumqayıt Sintez Kauçuk zavodunda, xx.xx.2008-xx.xx.2009-cu illərdə “X5” MMC-də, xx.xx.2009-xx.xx.2009-cu illərdə "xxxx" ASC-də, xx.xx.2010-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də işləyir. Etilen Polietilen Zavodu tərəfindən verilmiş 19 və 20 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1991-ci illərdə və xx.xx.1991-xx.xx.2005-ci illərdə “Sumqayıt Sintezkauçuk” zavodunun nəqliyyat və dəmiryolu sexlərində müvafiq olaraq maşinist köməkçisi və maşinist işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 23001000-14241 və 23001000-17878 şifri ilə göstərilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aiddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sizə dair xx.xx.2020-ci il tarixli 19 və 20 nömrəli arayışlarında xx.xx.1986- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin nəqliyyat sexində maşinist köməkçisi və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində dəmir yolu sexində maşinist vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajımız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Etilen Polietilen Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, zavodun keçmiş işçisi İddiaçı 01 fevral 1986-cı ildə zavodun nəqliyyat sexində maşinist köməkçisi, 01 may 1988-ci ildə isə nəqliliyyat sexində maşinist peşəsində çalışmışdır. Etilen Polietilen Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 01 fevral 1986-ci il tarixindən 08 iyul 1991-ci il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunun Nəqliyyat sexində maşinist köməkçisi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000 - 16878 şifrinə əsasən 2 saylı siyahısında sadalanan (teplovozlarda maşinist köməkçiləri ) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Etilen Polietilen Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984 - 29.05.200t?-ci illərdə “Sintezkauçuk” zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur. Etilen Polietilen Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 09 iyul 1991-ci il tarixindən 31 dekabr 2005-ci il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunun Dəmiryolu sexində maşinist peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000-14241 şifrinə əsasən 2 saylı siyahısında sadalanan (teplovoz maşinistləri ) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin həгəkətlərinin qanunsuz hesab еtməklə onun hüququnun yarandığı vaxtdan 57 уаşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təуin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlüdür, hazırda 61 yaşı vardır. O, orta məktəbi bitirdikdən sonra 1979-1980-ci illərdə Dəvəçi rayonu Lenin adına sovxozda fəhlə işləmiş, sentyabr 1980-ci ildən mart 1982-cı ilədək Bakı şəhər 87 saylı TPM-də təhsil almış və xx.xx.1982-ci ildə hərbi xidmətə yollanmışdır. 1984-cü ilin iyun ayında hərbi xidmətdən qayıtmaqla Sumqayıt Sintez Kauçuk zavodunda əmək fəaliyyətinə başlamış və 2007ci ilədək həmin müəssisədə çalışmışdır. Yəni 23 il ərzində zərərli iş sahəsində çalışmış və ümumi əmək stajı 25 ildən yuxarıdır. O, cavabdehə müraciət edərək topladığı stajı nəzərə almaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya imtina məktubu ünvanlamışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasında nəqliyyat sexində maşinist köməkçisi və xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə isə dəmir yolu sexində maşinist vəzifələrində işlədiyi qeyd olunmuş, lakin sənədlərdə iddiaçının işlədiyi sahənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4.Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi sahələrin siyahıda öz əksini tapmış peşələrlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina ganunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2704/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən yuxarı iş stajına malik olması işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçının işlədiyi “teplovoz maşinisti köməkçisi” və “maşinist” peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000, “Nəqliyyat” Dəmiryol nəqliyyat, Dəmiryol lpkomotiv birqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçilər bəndində (21.4) kod 23001000- 1424.1 “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000-16878 “teplovozlarda maşinist köməkçiləri” peşələrinə uyğundur. İddiaçının işlədiyi peşələrin həmin Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olması barədə onun keçmiş iş yeri olan “Sumqayıt Etilen Polietilen” zavodu tərəfindən verilmiş arayışlarla təsdiq edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif istehsalat sahələrinin fərqli olduğu halda, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsaslarının, faktiki halların mövcudluğundan gedir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğundan və həmin peşə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifəyə aid olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun iddiaçıya dair xx.xx.2020-ci il tarixli 19 və 20 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin nəqliyyat sexində maşinist köməkçisi və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində dəmir yolu sexində maşinist vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2020-ci ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması halı işin mübahisəsiz halı olmaqla, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, iş materiallarında olan sənədlər əsasında təhsil, hərbi xidmət illəri, habelə arayışlar və əmək kitabçasında göstərilə dövrlər cəmləndikdə, iddiaçının xx.xx.2006-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi nəqliyyat sexində və dəmiryolu sexində maşinist köməkçisi peşəsinin müvafiq Qərarla təsdiq edilmiş siyahıda əks olunan nəqliyyat sahəsinə aid olmadığından, iddiaçının güzəştli iş stajının malik olmadığını bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İstinad olunan 21 iyun 1993-cü il tarixli 320 nömrəi Qərarda 28-ci Nəqliyyat bölməsində 23001000—14241 kod üzrə teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşəsi, 23001000-16878 şifri üzrə teplovozlarda maşinist köməkçiləri, 23 yanvar 2007-ci il traixli Qərarda isə 21.4 bəndində Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri qeyd edilmişdir. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun məhkəməyə təqdim etdiyi arayışların məzmunundan görünür ki, iddiaçı həmin zavodda xx.xx.1986-xx.xx.1991-ci illərdə və xx.xx.1991-xx.xx.2005-ci illərdə nəqliyyat və dəmiryolu sexində maşinist köməkçisi peşəsində işləmişdir, həmin peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının 23001000-14241 və 23001000-16878 şifri ilə göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Həmçinin, məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş teplovoz maşinisti köməkçisinin peşə təlimatı tədqiq edilmiş və həmin peşə üzrə işin xarakteri, əmək funskiyasının məzmununun nədən ibarət olması aydınlaşıdırılmış, bu halın həmin peşənin yuxarıda istinad olunan Siyahı ürzə nəzərdə tutulmuş peşə ilə uyğunsuzluq təşkil etməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında iddiaçının işlədiyi xx.xx.1986-xx.xx.1991-ci illərdə və xx.xx.1991-xx.xx.2005-ci illərdə nəqliyyat və dəmiryolu sexində maşinist köməkçisi peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə güzəştli şərtlər əmək pensiya hüququ verən peşələrə aid olması halı müəyyən edildiyindən, cavabdeh tərəfindən bu halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Başqa sözlə desək, hazırki mübahisə üzrə iddiaçının xx.xx.2006-ci il tarixədək ümumi iş stajı 25 ildən artıq və güzəştli iş stajı 12 il 6 aydan artıq olduğundan onun 57 yaşı tamam olduğu dövrdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2704/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar