Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-795/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2573/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, “ona xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verdiyi iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi düzügün verilməmişdir. Odur ki, ilkin tələbini “Ünvanlı dövlət sosial yardımın təyin edilməsi və hüququnun yarandığı xx.xx.2023cü il tarixdən etibarən hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə əvəz edilməklə yenidən məhkəməyə müraciət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli SMS məlumatına əsasən ona ünvanlı sosial yardımın təyin olunmasından imtina olunmuşdur. Aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz əsassız və ədalətsiz hesab edir. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya o, su abonent kodu barədə məlumatı gizlətdiyindən ona imtina olunur. Halbuki, o heç nə gizlətməmiş və yaşadığı evin suyu yoxdur, o suyu qonşudan xahişlə alır və onun abonent kodu ümumiyyətlə yoxdur. Qeyd edir ki, ona daha əvvəllər bütün zəruri sənədlər təqdim etmiş, ÜSY təyin olunmuş və iddiaçı 2022-ci ilin oktyabr ayınadək almış, lakin müddət bitdikdən sonra noyabrda təkrar müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh ona dəfələrlə müxtəlif bəhanələr gətirilməklə imtinalar etmişdir. Bildirir ki, o üç azyaşlı övladına tək baxır və çox ağır vəziyyətdədir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********39901 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətin araşdırılması zamanı keçirilmiş maddi-məişət şəraitinin müayinəsində təmsilçinin ərizə bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda yanlışlıq aşkar edilmişdir. Belə ki, təmsilçi tərəfindən işıq, qaz sayğacları qeyd edilsə də, su sayğacı qeyd edilməmişdir. Lakin maddi-məişət şəraitinin müayinəsi zamanı təmsilçi İddiaçı qonşusunun su sayğacını təqdim edərək birgə olaraq həmin sayğacdan istifadə etdiklərini bildirmişdir. Məlum olduğu kimi belə olan halda həmin sayğacın məlumatları ərizə-bəyannamə doldurularkən VEMTAS-a daxil edilməli idi. Lakin İddiaçı tərəfindən sayğac məlumatları daxil edilməyib və müayinə zamanı isə su sayğacının mövcudluğu və həmin sayğacdan istifadə olunduğu bildirilmişdir. Bununla bağlı olaraq bildirilir ki, sayğacın təmsilçinin özünün adına qeydiyyatda olmaması və ya digər mənzildə yerləşərək ümumi istifadədə olması onun ərizə-bəyannaməyə daxil edilməsini istisna etmir. Belə ki, hazırki vəziyyətdə təmsilçi tərəfindən istifadədə olan sayğac məlumatları VEMTAS-a daxil edilməli olduğu halda və sayğac məlumatlarının ərizəbəyannamədə qeyd edilməli olduğu, qeyd edilməmənin nəticələri barədə təmsilçiyə məlumat verilməsinə baxmayaraq İddiaçı tərəfindən hər hansı səbəblərə görə mütəmadi olaraq həmin sayğacın məlumatları VEMTAS-a daxil edilməmiş, müayinə zamanı isə sayğacın mövcudluğu bildirilmişdir. Beləliklə mövcud vəziyyətdə təmsilçinin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda onu da qeyd edirlər ki, sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər birbaşa təmsilçinin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın çıxarılmasında həmin məlumatlardan istifadə edilir. Bundan əlavə təmsilçinin xx.xx.2023-cü il tarixli, **********14201 nömrəli müraciətində yenidən maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş və daxil olan müraciətə 3 əsasla imtina verilmişdir. Ailə tərkibinin düzgün göstərilməməsi; abonent kodu barədə məlumatın gizlədilməsi; ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib olunmuş akta ilkin olaraq təmsilçinin yenidən su abonent kodunu ərizə-bəyannamə doldurularkən daxil etmədiyi, lakin faktiki olaraq qonşusu kimi təqdim etdiyi şəxsin sayğacından istifadə etdiyi məlum olmuşdur. Yuxarıda ətraflı qeyd olunduğu kimi sözügedən hal qanunvericiliklə birbaşa imtina əsasıdır və abonent kodunun gizlədilməsi kimi qiymətləndirilir. İkinci imtina əsası şəxsin ailə tərkibini ərizə-bəyannaməyə düzgün daxil etməməsi olmuşdur. Belə ki, müayinəyə gələn əməkdaşlar təmsilçinin bacısı oğlu kimi təqdim etdiyi şəxs dərhal həyətdən digər evə keçmişdir. Təmsilçi tərəfindən həmin şəxsin mənzilə dəvət edilərək kimliyinin və harada yaşadığının müəyyən edilməsi təklif olunsa da, təmsilçi İddiaçı şəxsi tapa bilmədiyini bildirmişdir. Belə olan halda şəxsin kimliyi və maddi-məişət şəraitinin müayinəsinə gəlmiş əməkdaşları görərək dərhal ünvanı tərk etməsi təmsilçinin ailə tərkibinin düzgün göstərilməməsi və ailədə əlavə şəxsin olması kimi qiymətləndirilir. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Üçüncü imtina əsası isə ailənin son 12 ayda olan gəlirləri ilə bağlıdır. Belə ki, təmsilçinin yaşadığı ev ona keçmiş həyat yoldaşı tərəfindən 2023-cü ilin fevralında verilmişdir. “Ünvanlı dövlət sosial yardım haqqında “Qanun”un 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu kimi qeyd edilmişdir. Göründüyü kimi qanunvericilikdə ailəyə bağışlanmış hədiyyələr onların gəliri kimi qiymətləndirilmişdir. Lakin Təmsilçi İddiaçı tərəfindən ərizə-bəyannamə doldurularkən müvafiq olaraq yaşadığı ev onun əvvəlki 12 ayda olan gəliri kimi daxil edilməli olduğu halda daxil edilməmiş və haqlı olaraq sözügedən hal imtina əsası kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2285 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 3 övladı ilə birlikdə Məmmədli kəndində qeydiyyatsız yaşayır. **********30-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2573/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailə tərkibi deyilərkən şəxsin övladları və əri (arvadı) nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat iddiaçının yaşadığı evə baxış keçiriərkən oradan başqa bir yetkinlik yaşına çatmayan uşağın olmasını və həmin uşağın iddiaçının ailə üzvü ola biləcəyi ehtimalı ilə məsələyə yanaşmasını məhkəmə qəbul etmir. Nəzərə alınmalıdır ki, şəxsin övladlarının sayını müəyyən etmək üçün cavabdeh təşkilatdan müvafiq portala daxil olmaqla və ya VVAQ şöbəsinə sorğu göndərməklə ailə üzvlərinin sayını müəyyən etmək mümkündür. Lakin cavabdeh təşkilat tərəfindən premetiv üsullarla mənzilə baxış keçirilərkən orada kənar şəxsin (uşağın) aşkar edilməsini ailə üzvünün gizlədilməsi kimi qəbul edilməsi yolverilməzdir. Cavabdeh təşkilat inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsində qeyd olunmuş Mötəbərlik prezumpsiyası prinsipinə uyğun olaraq həmin şəxsin kimliyini müəyyən etməli, onun ailəyə hər hansı bir aidiyyətinin olmasını müəyyən etməli, əksi sübuta yetirilməyincə iddiaçı tərəfindən təqdim edilmiş sübutları əsaslı hesab etməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi birinci arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni abonent kodu barədə məlumatın gizlədilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, tərəflərin hər ikisinin ifadəsindən məlum oldu ki, iddiaçının yaşadığı fərdi yaşayış evi içməli su ilə təhciz edilməyib və müvafiq sayğac evə quraşdırılmayıb. Belə ki, iddiaçı içməli suyu qonşusundan əldə edir və qonşusu buna görə ondan hər hansı bir təmənna güdmür. İçməli su ilə təhciz olunmadığına görə su sayğacı quraşdırılmamış fərdi yaşayış evinə görə iddiaçı tərəfindən abonent kodunun gizlədilməsinin nədən ibarət olmasını cavabdeh təşkilat əsaslandıra bilməmişdir. Başqa sözlə desək, mövcud olmayan sayğacın kodunun gizlədilməsi mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin təqdim etdiyi ikinci arqumenti də məhkəmə əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni ailənin gəlirləri, yəni iddiaçının fərdi yaşayış evinin olması barədə məlumatın düzgün göstərilməməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışına və onun yaranmasının əsasları geniş şəkildə öz əksini tapıb. Tərəflərin məhkəmədə verdiyi ifadədən məlum oldu ki, iddiaçının yaşadığı fərdi yaşayış evi ona keçmiş əri tərəfindən aliment məbləğinin əvəzi olaraq qeyri-rəsmi şəkildə verilib. Yəni qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tamam başqa şəxsin adına qeydiyyata alınıb və keçmiş ərinə həmin evlə bağlı ümumi etibarnamə verilib. Göründüyü kimi iddiaçının hal-hazırda qaldığı fərdi yaşayış evi ilə hər hansı bir hüquqi bağlılığı yoxdur. Belə olan halda ailə gəlirləri ilə bağlı cavabdehin iddia elədiyi hallar öz əksini tapmamış olur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi hər üç arqument əsassız olmaqla yanaşı onun şəxsi mülahizələrinə əsaslanıb. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində “ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər" olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat” (bundan sonra - Təlimat) və Passporta əsasən ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilir. İddiaçıya ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı verilmiş imtina onun ailə tərkibinin yanlış olması ilə bağlı deyil, ailə tərkibinə daxil olmayan və VEMTAS-a daxil olmayan şəxsin eyni ünvanda yaşaması, eyni təsərrüfata malik olması və sosial yardımın təyin edilməsinə mane olduğuna görə elektron sistemə daxil edilməməsi ilə bağlıdır. Məhkəmə sözügedən müddəanı yanlış təfsir edərək iddiaçının ailə tərkibinin doğruluğunun alternativ yollarla müəyyən edilməsinin mümkünlüyünü bildirmişdir. Lakin məsələnin mahiyyəti iddiaçı tərəfindən ərizə-bəyannamə doldurularkən daxil edilən şəxslərin dolayısı ilə məhkəmənin qeyd etdiyi kimi elektron sistem vasitəsilə ailə üzvü kimi qeyd edilən şəxslərin maddiməişət şəraitinin müayinəsi zamanı düzgün qeyd edilib-edilməməsi yoxlanılır. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşlar ünvanda olan şəxsin kimliyini müəyyən etmək üçün onun ünvana dəvət edilməsini bildirsələr də, İddiaçı həmin şəxsi tapa bilməyəcəyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasının gedişində iddiaçı ünvanda olan digər şəxsin onun bacısı oğlu olduğunu bildirmiş, ünvana gələrkən həmin şəxsin niyə ünvanı tərk etməsi sualına cavab olaraq həmin şəxsə maddi-məişət şəraitini müayinə edən əməkdaşların gələcəyi təqdirdə ünvanı tərk etməsini özünün bildirdiyini qeyd etmişdir. Məhkəmənin yanaşmasına nəzərən qeyd edilir ki, iddiaçının yaşadığı mənzildə su sayğacının quraşdırılmasa da, İddiaçı maddiməişət şəraitinin müayinəsi zamanı istifadə etdiyi su sayğacını əməkdaşlara göstərmiş və sayğacın qonşusuna aid olduğunu onun da bu sayğacdan istifadə etdiyini bildirmişdir. Bildirilir ki, iddiaçının istifadə etdiyi sayğacın yaşadığı mənzilin həyətində yerləşməməsi və ya özünün adına qeydiyyatda olmaması həmin sayğac məlumatlarının elektron sistemə daxil edilməsini istisna etmir. Qanunvericilikdə ailəyə bağışlanmış hədiyyələr onların gəliri kimi qiymətləndirilmişdir. Lakin Təmsilçi K.Tağıyevə tərəfindən ərizə-bəyannamə doldurularkən müvafiq olaraq yaşadığı ev onun əvvəlki 12 ayda olan gəliri kimi daxil edilməli olduğu halda daxil edilməmiş və haqlı olaraq sözügedən hal imtina əsası kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə iclasının gedişində iddiaçı müvafiq evə münasibətdə özünün adına etibarnamə verildiyini bildirmişdir. Əlavə olaraq qeyd edilir ki, analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(1021-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən ev nə onun, nə də keçmiş həyat yoldaşının adına deyil. Keçmiş həyat yoldaşının tanışının adınadır, tanışı ona etibarnamə vermişdir. Aliment vermədiyi üçün keçmiş yoldaşı evdə qalmasını təmin edir. Evdə olan şəxs isə bacısının oğlu idi, tez-tez onlara qonaq gəlir və övladına dərslərində köməklik edir. Onun adına su saygacı yoxdur. Təxminən 2012-2013-cü illərdə ünvanlı sosial yardım alırdı, həmin ərəfə kirayə evdə yaşayırdı. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizəbəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən ailə tərkibi barədə düzgün məlumat verilməməsi, abonent kodu barədə məlumatın gizlədilməsi və iddiaçı tərəfindən ərizə-bəyannamə doldurularkən müvafiq olaraq yaşadığı evin onun əvvəlki 12 ayda olan gəliri kimi daxil edilməli olduğu halda daxil edilməməsi halına istinad edərək, iddiaçıya sosial yardımın verilməsi dayandırılmış və almaq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçıya ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı verilmiş imtina onun ailə tərkibinin yanlış olması ilə bağlı deyil, ailə tərkibinə daxil olmayan və VEMTAS-a daxil olmayan şəxsin eyni ünvanda yaşaması, eyni təsərrüfata malik olması və sosial yardımın təyin edilməsinə mane olduğuna görə elektron sistemə daxil edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən ailə tərkibinə daxil olmayan hər hansı şəxsin mənzildə olması, həmin şəxsin iddiaçı ilə eyni ünvanda yaşaması və birgə təsərrüfat idarə etməsi qənaətinə gəlmək üçün yetərli deyil. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanunun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə üzvü hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır. Cavabdeh inzibati orqan formal mülahizələrə əsaslanaraq imtina vermiş, qeyd olunan hal barədə zəruri araşdırma aparmamış, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin həmin dəlili sübuta yetirilmədiyindən əsassızdır. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçı tərəfindən işıq, qaz sayğacları qeyd edilsə də, ərizə-bəyannamədə su sayğacı barədə məlumatların qeyd edilmədiyinə istinadla imtina qərarı vermiş, apellyasiya şikayətində də həmin hala istinad etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni abonent kodu barədə məlumatın gizlədilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, tərəflərin hər ikisinin ifadəsindən məlum oldu ki, iddiaçının yaşadığı fərdi yaşayış evi içməli su ilə təhciz edilməyib və müvafiq sayğac evə quraşdırılmayıb. Belə ki, iddiaçı içməli suyu qonşusundan əldə edir və qonşusu buna görə ondan hər hansı bir təmənna güdmür. İçməli su ilə təhciz olunmadığına görə su sayğacı quraşdırılmamış fərdi yaşayış evinə görə iddiaçı tərəfindən abonent kodunun gizlədilməsinin nədən ibarət olmasını cavabdeh təşkilat əsaslandıra bilməmişdir. Başqa sözlə desək, mövcud olmayan sayğacın kodunun gizlədilməsi mümkün deyil. Məhkəmə kollegiyası qeyd edilənlərlə razılaşaraq cavabdeh inzibati orqanın bu dəlilini də əsassız hesab edir. Cavabdeh inzibati orqanın sonuncu dəlili iddiaçı tərəfindən ərizə-bəyannamə doldurularkən müvafiq olaraq yaşadığı evin onun əvvəlki 12 ayda olan gəliri kimi daxil edilməli olduğu halda daxil edilməməsindən ibarətdir. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edərək qeyd edir ki, iddiaçının yaşadığı evin onun mülkiyyətində olması hər hansı hüquqmüəyyənedici sənəd əsasında müəyyən edilmədiyindən ərizə-bəyannaməyə bu barədə qeyd daxil edilməməsi də başa düşüləndir. Əlavə olaraq da iddiaçının mülkiyyət hüququ əsasında mənzilə malik olması ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün yetərli əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.7-ci bəndinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir. Xüsusilə vurğulamaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İşin müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Kollegiya son olaraq cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(118)-2573/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.