Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-795/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23nə qarşı (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının yolverilməzliyi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23nə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1001/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Qusar bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 nömrəli qərarı ilə ünvan 2ndə yerləşən 30 kv.m torpaq sahəsi ticarət obyekti tikmək üçün iddiaçıya satılmışdır. Qusar bələdiyyəsinin 8 yanvar 2001-ci il tarixli, İ-9/2 nömrəli qərarı ilə 30 kv.m torpaq sahəsinin bitişik ərazidən ticarət obyektinin genişləndirib yenidən tikilməsi məqsədi ilə 69 kv.m əlavə torpaq sahəsi iddiaçıya satılmışdır. Qusar bələdiyyəsinin 7 sentyabr 2000-ci il tarixli, 40 nömrəli və 13 fevral 2001-ci il tarixli, 17 nömrəli kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı müvafiq olaraq 150.000 manat və 138.000 manat məbləğində torpaq sahəsinin alqı-satqısına görə ödənişlər köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17 iyul 2014-cü il tarixli, A seriyalı, 424064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Qusar rayon Qusar bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 nömrəli və 8 yanvar 2001-ci il tarixli, 1-9/2 nömrəli qərarları ilə ayrılmış 99 kv.m torpaq sahəsinin əsas kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, planı (miqyas 1:500) əsas döngə nöqtələrin koordinatları, arasındakı məsafələr göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23nin 7 iyun 2023-cü il tarixli, 3-21-3- 02/2-P-0015-8/2023 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilən Qusar rayonu Qusar bələdiyyəsi tərəfindən ayrılmış Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən 0,003 və 0,0069 ha torpaq sahələrinə dair “Torpaqların alqı-satqısına dair Akt” təqdim edilməmişdir. Bu səbəbdən sözügedən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, əlavə edilmiş Qusar rayonu Qusar bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 saylı və 8 yanvar 2001-ci il tarixli, 1-9/2 nömrəli qərarları əsasında sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0,0099 ha torpaq sahəsinə dair alqı-satqı aktı əlavə olunmamışdır. Bu səbəbdən sözügedən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qusar rayonu Qusar bələdiyyəsinin 29 aprel 2024-cü il tarixli, A-33 nömrəli arayışından görünür ki, İddiaçı Ç.Qurbanov (köhnə N.Şərifov) küçəsində yerləşən 99 kv.m sahibkarlıq torpaq sahəsinin vergilər üzrə 29 aprel 2024-cü il tarixə heç bir borcu qalmamışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 23 avqust 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,03573 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 11 mart 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 sentyabr 2024-cü il tarixli, 3-21-3-34/2-10036/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, ünvan 2 ünvanda yerləşən 99 kv.m torpaq sahəsinə və üzərində inşa olunmuş ticarət obyektinə baxış keçirilərək müəyyən olunmuşdur ki, torpaq sahəsi ticarət obyektinin yerləşdiyi tikinti altı sahəsidir və hal-hazırda ticarət obyektinin yerləşdiyi torpaq sahəsi 100.9 kv.m təşkil edir, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir və kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmayaraq, iddia olunan torpaq sahəsi ilə birlikdə ümumi 3 hektar olmaqla dövlət mülkiyyət kimi uçota alınmışdır. Qusar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 290 nömrəli məktubundan görünür ki,2015-ci il tarixinədək Qusar şəhər Bələdiyyəsinin arxiv sənədləri aidiyyəti üzrə X18 təhvil verildiyindən,İddiaçı Balıaddin oğlunun adına Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən ticarət obyektinin tikintisi məqsədilə 30 kv.m və 60 kv.m torpaq sahələrinin satılması ilə bağlı iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənişin edilib-edilməməsi, torpaq sahələrinin iddiaçıya satılması prosesinin yekunlaşıb-yekunlaşmaması məsələlərinə dair sənədlərin surətlərini təqdim etmək mümkün deyildir. Əlavə olaraq, Qusar Bələdiyyəsinin 8/7-24 nömrəli, 27 iyul 2000-ci il tarixli və 1-9/2 xx.xx.2001-ci il tarixli qərarları ilə iddiaçının adına Qusar şəhəri, N.Şərifov küçəsində ticarət obyektinin tikintisi üçün 30 kv.m və 69 kv.m qeyri-yaşayış sahəsi məqsədilə torpaq sahələri ayrılmış, alqı-satqı müqaviləsinə əsasən satılmış və bu torpaq sahələri üzrə torpaq vergisi və əmlak vergisi bu günədək tam şəkildə ödənilmişdir. Cavabdehin müayinə aktından görünür ki, İddiaçı Bahəddin oğlunun mübahisələndirdiyi 0.0099 hektar torpaq sahəsini DWG-də, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu, məlumat bazasında dəqiqləşdirildikdə, “yaşayış məntəqələrinin torpaq sahələri”nə aid olmaqla, mülkiyyət növü “dövlət” dir. Torpaq sahəsinin qonşuluğunda X6 ve X3 ümumi birgə mülkiyyətinə verilmiş **********03-06301 reyestr nömrəli mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış ilə X7 adına işlənmiş **********11-06301 reyestr nömrəli mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-15526/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin mülkiyyət növü barədə məlumat verilməsi ilə bağlı İddiaçı istifadəsində olan Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən torpaq sahəsinin mülkiyyət növü barədə məlumat verilməsi ilə bağlı məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X23 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-3392/2025 nömrəli, 10 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Qusar bələdiyyəsinin 8/7-24 №li 27 iyul 2000-ci il tarixli və İ-9/2 xx.xx.2001-ci il tarixli qərarları ilə iddiaçıya ayrılmış 30 kv.m. və 60 kv.m. torpaq sahəsinin (2000- 2001-ci ildə) DWJ məlumatında əks olunmuş təyinatı və hüquqi statusu (mülkiyyətin növü və s.) barədə məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23nin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Bildiririk ki, 2000-2001-ci il tarixlərə dair DWG məlumatları olmadığı üçün sözügedən məsələnin araşdırılması mümkün olmamışdır. Qusar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, M-416 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin satılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8-ci və 12-ci maddələrinə, eləcə də “Torpaq Məcəlləsinin” 9, 22 və 75-ci maddələrinə əsasən Qusar rayonu Qusar Bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli 8/7-24 və 08 yanvar 2001-ci il tarixli 1-9/2 saylı qərarları ilə həyata keçirilmişdir. Həmin qərarlara uyğun olaraq, Ç.Qurbanov (köhnə N.Şərifov) küçəsində, “Kolxoz Bazarın” yaxınlığında yerləşən 99 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə vətəndaş İddiaçı Bahəddin oğluna qanunla müəyyən olunmuş qaydada satılmışdır. 2015-ci ilədək Qusar şəhər Bələdiyyəsinin arxiv sənədləri aidiyyəti üzrə X18 təhvil verildiyindən, həmin torpaq sahəsinin satışı ilə bağlı ödəniş sənədlərinin surətlərinin təqdim edilməsi mümkün deyildir. Bununla belə mövcud qərarlar əsasında torpaq sahəsinin bələdiyyə mülkiyyətindən satıldığı təsdiqlənir, Qusar Bələdiyyəsinin öz torpaq xəritəsi (kadastr planı) olmadığına görə, həmin sahə üzrə çıxarışın verilməsi hazırda texniki cəhətdən mümkün deyil. Yuxanda qeyd olunan qərarların hüquqi qüvvədə olması və həmin torpaq sahəsinin əvvəllər bələdiyyə mülkiyyətində olması nəzərə alınaraq, İddiaçı Bahəddin oğluna satılmış 99 kv.m torpaq sahəsi qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququnun yaranmasına əsas vermişdir. Sonradan Qusar rayonu üzrə torpaq sahələrinin inventarizasiyası yə elektron uçot sistemi (TEKUİS və AZCAD modeli) çərçivəsində aparılmış torpaq islahatları zamanı “Kolxoz Bazarı” ərazisi ilə birlikdə ümumi 3,0 hektar torpaq sahəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmin prosesdə Qusar Bələdiyyəsinin yuxarıda göstərilən qərarlarına əsasən satılmış 99 kv.m torpaq sahəsi də texniki inteqrasiya nəticəsində dövlət mülkiyyəti kimi sistemdə göstərilmişdir. Lakin bu hal vətəndaşın qanuni alqısatqı yolu ilə əldə etdiyi mülkiyyət hüququnu ləğv etmir və qanunla müdafiə olunur. Azərbaycan Respublikası Prezidentinin 2007-ei il tarixli 536 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı Bahəddin oğluna məxsus 99 kv.m torpaq sahəsinə dair AN 424064N nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” kitabçası tərtib edilmişdir. Sözügedən sənəd 17 iyul 2014-cü il tarixdə 719 nömrə ilə X21 kitabında uçota alınmışdır, bu isə torpaq sahəsinin qanuni əsaslarla alınıb-satıldığını və mülkiyyət hüququnun təsdiqləndiyini göstərir. Bundan əlavə, Qusar Bələdiyyəsinin yuxarıda göstərilən qərarlarına əsasən, İddiaçı Bahəddin oğlunun adına Qusar şəhəri, N.Şərifov (İndiki Ç.Qurbanov) küçəsində ticarət obyektinin tikintisi üçün 30 kv.m və 69 kv.m qeyri-yaşayış təyinatlı torpaq sahələri ayrılmış və alqı-satqı müqavilələri bağlanmışdır. Həmin sahələr üzrə torpaq və əmlak vergiləri bu günədək tam şəkildə ödənilmişdir, bu isə torpaq üzərində faktiki və hüquqi istifadə hüququnun davam etdiyini təsdiqləyir. Yuxarıdakı məlumatlar və sənədlər əsasında, qeyd olunan torpaq sahəsinin vətəndaş İddiaçı Bahəddin oğlunun qanuni mülkiyyəti kimi tanınması və torpaq uçot sistemində bərpası məqsədəuyğun hesab olunur. Cavabdehin müayinə aktından görünür ki, iddiaçı X1 mübahisələndirdiyi 0,0099 hektar torpaq sahəsini DWG-də, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, "yaşayış məntəqələrinin torpaq sahələri”nə aid olmaqla, mülkiyyət növü “dövlət”dir. **********01 reyestr nömrəli çıxarışla X2 mülkiyyətində olan 0.04 ha "Yaşayış məntəqələrinin torpaqları’' kateqoriyalı torpaq sahəsi ilkin olaraq vətəndaş X10 Qusar bələdiyyəsinin xx.xx.2008-a il tarixli, 19/4-49 nömrəli qərarı ilə 0.0482 ha torpaq sahəsi ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN:177822 saylı kadastr planı tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən rəy verilmişdir. Qusar bələdiyyəsi və Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlər əsasında ilkin olaraq 0.0462 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ rəsmləşdirilərək, daha sonra bölgülər edilərək digər vətəndaşların adlarına, o cümlədən X4 adına özgəninkiləşdirilmişdir. Eyni zamanda torpaq sahəsinin qonşuluğunda 0.0155 ha dövlət mülkiyyətində yerləşən torpaq sahəsi üzərində ümumi sahəsi 131,4 kv.metr qeyri-yaşayış binası üzərində **********11-06301 reyestr nömrəli çıxarış ilə X7, mülkiyyətdə olan 0.03357 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 265.4 kv.metr olan, qeyri-yaşayış binası üzərində **********03-06301 reyestr nömrəli çıxarış ilə X6 mülkiyyət hüquqları rəsmləşdirilmişdir. Eyni zamanda sözügedən ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Apellyasiya Məhkəməsinə verdiyi rəyində sözügedən torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu bildirilmişdir. Cavabdehin müayinə aktından görünür ki, iddiaçı X1 mübahisələndirdiyi 0,0099 hektar torpaq sahəsini DWG-də, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, "yaşayış məntəqələrinin torpaq sahələri”nə aid olmaqla, mülkiyyət növü “dövlət”dir. Torpaq sahəsinin qonşuluğunda X6 və X5 ümumi birgə mülkiyyətinə verilmiş **********03-06301 reyestr nömrəli mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış ilə X7 adına işlənmiş **********11-06301 reyestr nömrəli mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilişdir. Eyni zamanda, dövlət mülkiyyətində olan 3.0 hə ərazinin “bazar ərazisi” kimi ayrılmasına dair torpaqayırma sənədlərinin təsdiq edici surətlərinin təqdim edilməsi barədə hissəyə aid olaraq bildiririk ki, müvafiq sənədlər sorğu ilə əldə edilmiş yə hazırkı məktuba əlavə olaraq təqdim edilir. Nəzərinizə çatdırırıq ki, Qusar “Kolxoz bazarına” Qusar rayon X19 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 98 saylı Qərarı ilə 2.0 ha, bazara bitişik “Yarmarka” adlanan hissəyə isə Qusar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 20 saylı Qərarı ilə 0.65 ha torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Qusar şəhər bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 saylı və 8 yanvar 2001-ci il tarixli, 1- 9/2 saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən, 30 m və 69 m sahəsi olan, onun tərəfindən satın-alınmış qeyri-yaşayış məqsədlər üçün ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması məqsədilə daşınmaz hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qusar şəhər bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 nömrəli və 8 yanvar 2001-ci il tarixli, İ-9/2 saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən 30 kv.m və 69 kv.m sahəsi olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhər bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 saylı və 8 yanvar 2001-ci il tarixli,1-9/2 saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən, 30 kv.m və 69 kv.m sahəsi olan, qeyri-yaşayış məqsədlər üçün ayrılmış torpaq sahələri onun tərəfindən satın-alınmış və həmin torpaq sahələrin dəyəri bank vasitəsilə həyata keçirmişdir. Qanunun tələblərinə uyğun olaraq bütün tələb olunan sənədlər ardıcıl olaraq toplanmış və qeydiyyatdan keçmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planı və ölçüsü, miqyası, torpaq sahəsinin qonşu sərhədləri və yerquruluşu planı DTXK Qusar rayon şöbəsində və Dövlət Yerquruluşu Layihə İnstitunda təsdiq olunmuşdur. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. İmtina məktubunda qeyd edilən alqı-satqı müqaviləsinin mövcud olmadığı onun nöqsanı deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənzə əlavə edilmiş Qusar rayonu, Qusar bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 8/7-24 saylı və xx.xx.2001-ci il tarixli 1-9/2 saylı qərarları əsasında sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.0099 ha torpaq sahəsinə dair alqı-satqı aktı əlavə olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1001/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Qusar şəhər bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 nömrəli və 8 yanvar 2001-ci il tarixli, İ-9/2 saylı qərarlarına əsasən Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən 0,0030 ha və 0,0069 ha sahəsi olan torpaq sahələrinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23n 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsinin 27 iyul 2000-ci il tarixli, 8/7-24 nömrəli qərarı ilə ünvan 2ndə yerləşən 30 kv.m torpaq sahəsi ticarət obyekti tikmək üçün, daha sonra 8 yanvar 2001-ci il tarixli, İ-9/2 nömrəli qərarı ilə bitişik ərazidən ticarət obyektinin genişləndirib yenidən tikilməsi məqsədi ilə 69 kv.m əlavə torpaq sahəsi iddiaçıya satılmış, dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmin torpaq sahələrinə dair baş planından çıxarışlar, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Qeyd edilən sənədlərin mövcudluğu arxiv sənədləri ilə öz təsdiqini tapmışdır. Həmçinin, mübahisələndirilən torpaq sahəsinə dair cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktından müəyyən edilir ki, torpaq sahəsi ticarət obyektinin yerləşdiyi tikinti altı sahəsidir və hal-hazırda ticarət obyektinin yerləşdiyi torpaq sahəsi 100.9 kv.m təşkil edir, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir və kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmayaraq, iddia olunan torpaq sahəsi ilə birlikdə ümumi 3 hektar olmaqla dövlət mülkiyyət kimi uçota alınmışdır. Eyni zamanda, yerquruluşu planından çıxarış tərtib edilmişdir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinin icrasından imtina dəlilləri əsassız hesab edir. Alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23n 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında göstərilmişdir ki, iddia olunan torpaq sahəsi ilə birlikdə ümumi 3 hektar olmaqla dövlət mülkiyyət kimi uçota alınmışdır. Qoşma şəklində yerquruluşu planından çıxarış göndərilmişdir. Bununla bağlı Quba Rayon İcra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb edilməsi zərurudir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazında iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onların növləri
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 6.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması; torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi; X21nın, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi; bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;..... Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ .....
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ...
7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək;..... Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Etimad hüququnun qorunması prinsipi …. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ....65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;.... Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı bələdiyyə qərarı əsasında satılmış müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya bələdiyyə qərarları əsasında sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan müvafiq torpaq sahəsinə dair alqı-satqı aktının əlavə olunmamasına istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda işin mübahisəli halı alqı-satqı aktının olmaması ilə yanaşı, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan sahə olması ilə bağlı olmuşdur (həmin hal apellyasiya şikayətinin dəlili kimi istinad edildiyindən, birinci instansiya məhkəməsində mübahisə predmeti olmamışdır). İşi müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2000-ci il tarixli bələdiyyə qərarı ilə iddiaçının adına ticarət obyektinin tikintisi üçün 30 kv.m., xx.xx.2001-ci il tarixli bələdiyyə qərarı ilə əlavə olaraq ona bitişik ərazidən ticarət obyektinin genişləndirilib yenidən tikilməsi tikilməsi məqsədilə 69 kv.m. torpaq sahəsi iddiaçıya satılması qərara alınmışdır. Sözügedən torpaq sahələrinə dair bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Həmin torpaq sahələrinə dair alqı-satqı aktının bağlanması halı müəyyən edilməmiş, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə 17 və 40 nömrəli kassa mədaxil qəbzlərinin kserosurəti mövcud olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərək, 719 nömrə ilə uçota alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş tikinti obyektinə dair istismara qəbul aktı, habelə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi 12 iyul 2005-ci il tarixdə tərtib edilmiş qeydiyyat vəsiqəsi mövcud olmuş, qeydiyyat vəsiqəsinin məzmununda tikintinin ümumilikdə sahəsinin 105,0 kv.m. olduğu, əsas kimi Qusar şəhər bələdiyyəsinin xx.xx.2000-ci il tarixli və xx.xx.2001-ci il tarixli sərəncamlarına istinad edilmişdir. Həmin tikinti sahəsinə dair dekabr 2001-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İşin müəyyən edimiş hallarından görünür ki, cavabdeh inzibati orqanın mütəxəsissiləri tərəfindən sözügedən torpaq sahəsinə dair müayinə aktı tərtib edilmiş, həmin aktın məzmununda sözügedən torpaq sahəsinin tikintialtı sahə olduğu, ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 100,9 kv.m. olduğu, qonşu mülkiyyətçilər ilə hər hansı sərhəd mübahisəsinin olmaması, kommunikasiya xəttlərinin qoruma zolağına düşmədiyi, TEKUİS və AZCAD elektron kadastr uçot məlumat bazasında öz əksini tapmadığı, həmin torpaq sahəsinin 3 ha olmaqla dövlət mülkiyyəti kimi uçota alındığı qeyd edilmiş, ortofoto görüntüsü əlavə edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmununda sözügedən torpaq sahəsinin iddiaçıya satıldığını, müvafiq vergilərin onun tərəfindən öədnildiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi DWJ və TEKUİS məlumatlarına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, “bazar ərazisi” kimi tanına 3 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, məhkəmə araşdırması zamanı “bazar ərazisi” kimi sahənin dövlət mülkiyyətində olması əsaslarına dair torpaqayırma sənədləri tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin və cavabdehin təqdim etdiyi məlumatı əsasında sözügedən ərazinin torpaq sahəsinin ayrıldığı vaxtda da dövlət mülkiyyətində olan sahə (“bazar ərazisi” kimi) olduğu (əvvəlcə bazar ərazisi kimi ayrılmış, sonra digər hissəsi “yarmarka” kimi əlavə edilmişdir) öz təsdiqini tapmışdır. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə tərəfindən iddiaçının adına satıldığından, iddianının əsaslılığı baxımından ilk növbədə iddiaçıya münasibətdə məhz iddia tələbinin əsası kimi çıxış edən torpaqayırma sənədlərinin qanuniliyinə hüquqi qiymət verilməsi zəruridir. Başqa sözlə desək, indiki halda iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranıbyaranmaması məsələsinin həlli üçün məhz onun əsası kimi çıxış edən hüquqmüəyyənedici sənədlərin mötəbər olub-olmaması halların aydınlaşdırılması zəruridir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən bələdiyyə tərəfindən yalnız onun mülkiyyətində olan torpaq sahələrini fiziki şəxslərin mülkiyyətinə vermək səlahiyyəti vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə bələdiyyə mülkiyyətində olmayan (dövlət mülkiyyətində olan) torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etmişdir. Nəticə etibarilə müvafiq bələdiyyənin səlahiyyəti olmadığı halda, belə bir inzibati akt qəbul etmiş, bununla da iddiaçının adına torpaq sahəsi məhz səlahiyyəti olmayan inzibati orqan tərəfindən ayrılmışdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən inzibati aktın qəbul edilməsi halı həmin inzibati aktın etibarsız hesab edilməsi üçün əsas hesab edilir, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda iddiaçının mülkiyyət hüququnun yaranması əsası kimi istinad etdiyi müvafiq bələdiyyə qərarı səlahiyyəti olmayan qurum tərəfindən qəbul edildiyindən, etibarsız inzibati akt kimi çıxış etməklə, hər hansı hüquqi nəticələrə səbəb olmur. Bu baxımından kollegiya hesab edir ki, sözügedən bələdiyyə qərarı həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olan mötəbər hüquqmüəyyənedici sənəd qismində çıxış etməmişdir. İddiaçı tərəfindən isə torpaq sahəsi üzərində hüququnun yaranması və yaranmış hüququnun qeydə alınması üçün qanunla müəyyən edilmiş başqa sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və bu hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş mötəbər hüquqmüəyyənedici sənədin olması halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsasının müəyyən edilməsi baxımından həmin torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı halın da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya hazırki iddia tələbinə münasibətdə bərabərlik hüququnun və etimad hüququnun qorunması prinsiplərinin tətbiqinin mümkünlüyü ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin məzmunundan və ortofoto görüntüsündən görünür ki, sözgüedən torpaq sahəsinin qonşuluğunda yerləşən başqa şəxslər aid olan iki torpaq sahəsi vardır. Onlardan birinə münasibətdə (reyestr nömrəsi **********11-06301) torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, icarə hüququ qeydiyyata alınmaqla, torpaq sahəsi dövlət mülkiyyəti kimi əks olunmuşdur. Digər şəxsə aid torpaq sahəsi ilə bağlı isə (reyestr nömrəsi **********03-06301 olan) mülkiyyət hüququnun qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənədlər iddiaçı ilə eynilik təşkil etməmişdir. Belə ki, həmin şəxsə məxsus olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair 08 noyabr 2000-ci il tarixdə tərtib edilmiş qeydiyyat vəsiqəsi və texniki sənədləri mövcud olmuş, hansı ki, həmin sənədlər müvafiq qanunvericilik normasının tələbinə əsasən özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etmişdir. İndiki halda isə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş həmin əsasın mövcudluğu aşkar edilməmişdir (iddiaçıya aid tikili ilə bağlı qeydiyyat vəqisəsi 2005-ci il tarixdə tərtib edilmiş, texniki pasport isə 2001 dekabr tarxdə tərtib edilmişdir). Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı başqa şəxsə aid torpaq sahəsinə dair çıxarış məlumatlarına (reyestr nömrəsi **********01) da istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin torpaq sahələri mübahisə predmeti olan torpaq sahələrinin ətrafında yerləşməmiş, yerləşmə mövqeyi baxımından eynilik təşkil etmədiyindən, həmin hal iddia tələbinin bərabərlik prinsipinin tələbləri baxımından yoxlanılması əsası kimi çıxış etməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, bərabərlik hüququnun və etimad hüququnun qorunması prinsiplərinin tələbləri qanunazidd əsaslara və qanunsuz hərəkətlərə əsaslana biməz. Belə olan halda kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə iddia tələbinin əsaslılığını qeyd edilən prinsilərinin tələbi baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları (torpaq sahəsinin dövlət mülkiyyətində olması) iddianın əsaslılığını təkzib etdiyindən, digər imtina əsası üzrə əlavə dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuş, iddiaçının iddia tələbi əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1001/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.