Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-796/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 7A saylı evdə yerləşən 70 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2059/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 13/43 saylı xx.xx.1987-ci il tarixli orderdən görünür ki, Sumqayıt XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi Şöbəsi tərəfindən Sumqayıt şəhər 13-cü mikrorayon ev 7A mənzil 70 İddiaçı və ailə üzvlərinə verilmişdir. xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka baxış keçirilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 7A mənzil 70-də İddiaçı, X3, X9,X15 və X6 qeydiyyatdadırlar. Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 7A mənzil 70-də qeydiyyatda olan X3,X9, X15 və X6 verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar sözügedən mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, idarənin istifadəsində olan arxiv və elektron kadastr baza məlumatlarına əsasən Sumqayıt şəhər 13-cü mikrorayon ərazsində 7A saylı binada mənzillər dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ərazidə 7 saylı bina qeydiyyata alınmamışdır. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 32 nömrəli protokolunun 15.453 saylı qərarından çıxarış məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-2683/2023 saylı 10 avqust 2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə 13/43 saylı order iddiaçı X1 Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli protokol əsasında verilmişdir. Aparılmış arxiv araşdırması nəticəsində 1987-ci ilə dair sənədlərin şöbənin arxivində mövcud olmadığı səbəbdən sözügedən ünvanla bağlı hər hansı məlumatın məhkəməyə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan SSR Nazirlər Soveti” arxiv fondunda mühafizə edilən sənədlərində dekabr 1986-cı ilə dair Sumqayıt şəhər X21 İcraiyyə Komitəsinin iclas protokolları aşkar olunmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, 7A saylı evdə yerləşən 70 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13 yanvar 1987-ci il tarixli 13/43 nömrəli orderlə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 7A saylı evdə yerləşən 70 saylı mənzil iddiaçıya verilmişdir. Həmin mənzildə o, X4, X10, X15, X16 oglu qeydiyyatdadırlar. O, mənzili özəlləşdirmək üşün tələb olunan sənədləri toplayaraq cavabdehə müraciət etmişdir. lakin cavabdeh tərəfindən 23 dekabr 2022-ci il tarixli **********25 nömrəli məktubla ərizəmin icrasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1987-ci il tarixli, 13/43 nömrəli orderində sözügedən mənzilin yerləşdiyi binanın nömrəsində "7a” düzəliş olunmuş, lakin həmin düzəliş sənədi tərtib edən müvafiq qurum tərəfindən təsdiq edilməmiş, həmçinin orderin veriməsinə əsas olan protokolun nömrəsi “30” göstərilmişdir. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 285 nömrəli arxiv çıxarışında isə binanın nömrəsi "24”, protokol sənədi isə “32” nömrəli qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2059/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmiş, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 7A saylı evdə yerləşən 70 saylı mənzil üzərində İddiaçı Əmirquqlu qızının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçıya məhz 13-cü mikrorayon, 7 a saylı üvdə yerləşən 70 saylı mənzilin ayrılması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilən müayinə zamanı sözügednə mənzilin faktiki olaraq 7 a saylı evdə yerləşdiyi, iddiaçının və ailə üzvlərinin həmin ünvanda qeydiyyatda olması, 13-cü mikrorayonda ümumiyyətlə 7 nömrəli binanın mövcud olmaması iddiaçıya verilmiş orderdə binanın nömrəsində düzəlişin texniki olaraq edilməsinə daəlalət edir. Bundan başqa iddiaçıya verilmiş orderdən fərqli olaraq arxivdə saxlanəlan sənədlərdə binanın nömrəsinin “24”, protokolun nömrəsinin “32” göstərilməsi iddiaçının məsuliyyət sferasına daxil edilmiş məsələ deyildir. Həmin sənədlər müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən tərtib edilmişdir və texniki səhvlərə yol verdiyinə görə iddiaçının mənzil üzərində gözlənilən mülkiyyət hüququ pozulmamalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 68. Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə dəyişdirmək ixtiyarına malikdir. (xx.xx.2009cu ilədək qüvvədə olan) “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Maddə 8.3 Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası kimi sözügedən mənzilə dair orderin məzmununda mənzilin yerləşdiyi yaşayış binasının nömrəsində “7a” düzəliş olunması, həmin düzəlişin lazimi qaydada təsdiq edilməməsi, orderin veirlməsinə əsas olan protokolun nömrəsinin orderdə “30”, arxiv çıxarışında isə “32” kimi, binanın nömrəsinin “24” kimi qeyd edilməsi hallarına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, sözügedən mənzil Azərbaycan SSR Sumqayıt şəhəri XDS İcraiyyə Komitəsinin 13 yanvar 1987-ci il tarixli, 13/43 saylı Orderi əsasında iddiaçı və onun 4 nəfər ailə üzvinə verilmiş, habelə həmin orderin məzmununda onun verilməsinə əsas olan sənəd kimi 30 nömərli protokola istinad edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri həmin mənzildə daimi pasport qeydiyyatındadır (iddiaçı və onun həyat yoldaşı 1987-ci il tarixdən). Eyni zamanda iş materiallarından görünür ki, orderdə adları yazılan şəxslər həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş yazılı razılıq ərizələri vermişlər. Bundan əlavə, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, orderdə adı qeyd edilən iddiaçının qızı Abdullayeva Mətanət isə həmin mənzildə pasport qeydiyyatında olmamaqla, ailə həyatı quraraq, başqa yaşayış yerində yaşayır, faktiki iddiaçı ilə birgə yaşamır. Həmçinin, məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab məktubunda ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin 13/43 saylı orderin İddiaçı Sumqayıt şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli prtokol əsasında verildiyini, araşdırma zamanı 1987-ci ilə aid sənədlərin arxiv şöbəsində mövcud olmadığından verilməsinin mümkün olmaması qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin mənzilin texniki vəziyyətini əks etdirən müayinə aktının məzmununda həmin mənzilin məhz 7a saylı binada yerləşməsi qeyd edilmiş, hər hansı mübahisə olmaması, dəyişiklik olmaması qeyd edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi cavab məktubunun məzmunundan görünür ki, həmin ünvan üzrə 7a saylı binada yerləşən mənzillərin dövlət qeydiyyatına alınması, həmin ərazidə 7 saylı binanın qeydiyyata alınmamasını qeyd etmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri ərazisində yerləşən 7a saylı və 24 saylı binalar mövcuddur və ayrı-ayrı ərazilərdə yerləşir. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin binada yerləşən bir neçə mənzillərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir ki, həmin sənədlərdən bir mənzilə aid mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan sənəd kimi məhz 08 yanvar 1987-ci il tarixli 13/65 saylı Order və orderin verilməsinə əsas olan sənəd kimi 30 saylı protokola istinad edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən mənzil ayrıldığı vaxtdan indiyədək iddiaçı və onun ailə üzvlərinin istifadəsində və sahibliyində olduğundan, habelə həmin mənzilin ayrılmasına əsas olan sənədlərin arxiv məlumatları aşkar olunduğundan, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən də həmin hal təsdiq edildiyindən, 7 saylı bina ümumiyyələ qeydiyyata alınmadığından, 24 saylı bina tamamilə başqa ərazidə yerləşdiyindən, iddiaçının istifadəsində olan mənzili məhz 7a saylı binada yerləşməsi halı öz təsdiqini tapdığından, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, orderin verilməsinə əsas olan protokolun nömrəsinin arxiv çıxarışında “32” kimi qeyd edilməsi, binanın nömrəsinin “24” kimi qeyd edilməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda isə qeyd edilən əsasa istinad etməklə iddiaçının mövcud olan hüququnun məhdudlaşdırılması qanunvericiliyin mahiyyətinə zidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda sözügedən mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı hal aşkar edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2059/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-796/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-796/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver