Məhkəmə qərarları › İş №2-1(105)-796/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-796/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-796/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)- 1090/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, çıxarışa əsasən xüsusi mülkiyyətində olan və ünvan 1ində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində (və ya tikili ilə birgə vahid əmlak şəklində) mülkiyyət hüququnun ilkin qeydiyyata alınması və bu barədə “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış və plan-çizgi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərilə birgə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. ünvan 1ində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 8 avqust 2014-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir və həmin tarixdən bu ünvanda yaşamışlar. Tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququ isə bələdiyyəyə məxsusdur. Həmin torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən iddiaçıya fərdi yaşayış evi tikmək üçün verilmişdir. İndiki halda mülkiyyətində olan həmin tikilinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir və bunun üçün də qanuni əsaslar vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 8 avqust 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən **********02-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, əmlakın altında yerləşən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olaraq, İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 8 avqust 2014-cü il tarixli, 3665 nömrəli, **********02-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş “Texniki pasport”da faktiki sahəsi 0,10 ha, tikinti altı sahə 0,00312 ha, digər sahələr 0,09688 ha olan torpaq sahəsinin planı (1:500) göstərilmişdir. Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda **********02- 10301 reyestr nömrəli fərdi yaşayış evi üçün ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki koordinatları göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 fevral 2024-cü il tarixli, 32/332/2-M-0524-8/23 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici və texniki sənədlərin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Nəzərə çatdırılmışdır ki, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərdə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3 iyun 2024-cü il tarixli, 32/332/2-7109/24 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin 24 may 2024-cü il tarixli, ********** nömrəli məktubuna əsasən qeyd edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 iyun 2024-cü il tarixli, 32/332/2-7864/24 nömrəli məktubundan görünür ki, idarənin elektron baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır və sözügedən torpaq sahəsinin təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. 24 oktyabr 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X1 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 30 avqust 2024-cü il tarixli, 3-21-3-32/2-12252/2024 nömrəli məktubu ilə ünvan 1ində yerləşən torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri qoşma şəklində göndərilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 8 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,16 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 9 aprel 2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,16 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 08 may 2025-ci il tarixli, 3-21-3-32/2-7452/2025 nömrəli məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)-1090/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 8 avqust 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus **********02-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi və faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, müvafiq daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilməsinə dəfələrlə şərait yaradılmamışdır. b) İddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdehin özü tərəfindən verilmiş elektron baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkarlanmamışdır və sözügedən torpaq sahəsinin təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddianın təmin edilməsinin əsas səbəblərindən biri də iddianın əsaslılığını təmin edən qanunvericilik bazası olmuşdur. İndiki halda iddiaçının iddia ərizəsi ilə çıxış etməsinin əsas səbəbi ona məxsus 0,10 ha torpaq sahəsini iki övladı arasında iki hissəyə bölmək üçün cavabdeh inzibati orqana müraciət etməsi olmuşdur. Amma bu prosesin həyata keçirilməsi üçün vacib olan çıxarışın mövcud olmadığı bildirilmişdir. Daha sonra çıxarış almaq üçün cavabdeh orqana iddiaçı tərəfindən müraciət edilsə də, ona imtina cavabı verilmişdir. Cavabdehin “əsas gətirdiyi” əsassız mövqeyində isə bildirmişdir ki, onun tərəfindən torpaq sahəsinə baxış keçirilməsi üçün şərait yaradılmışdır, lakin cavabdeh tərəfindən hər hansı müayinə keçirilməmişdir. Digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı və ya başqa mübahisəli halın mövcud olmamışdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Lakin, evin altında yerləşən torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq, hazıradək bələdiyyənin mülkiyyətindədir. Cavabdehin də bildiyi kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Amma göründüyü kimi belə bir əsas yoxdur. Bundan başqa iddianın əsası, Mirzəyevə məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Lakin, evin altında yerləşən torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq, hazıradək bələdiyyənin mülkiyyətindədir. Əgər torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır və sözügedən torpaq sahəsinin təyinatına görə yaşayış məntəqələri torpaqlarına aiddirsə, belə olan halda Mirzəyev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququna malikdir. Hesab edir ki, məhkəmə iddianı təmin etməkdə düzgün hüquqi mövqe sərgiləmişdir. Burada eyni zamanda şəxslərin etimad hüququnun qorunması prinsipi də gözlənilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş 24 oktyabr 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evi X5 tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 08 avqust 2014-cü il tarixli, 3665 nömrəli, **********02-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş “Texniki pasport”da faktiki sahəsi 0,10 ha, tikinti altı sahə 0,00312 ha, digər sahələr 0,09688 ha olan torpaq sahəsinin planı (1:500) göstərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin iddiaçının verdiyi izahatlardan müəyyən edilir ki, əsas iddia tələbi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 8 avqust 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus **********02-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi və faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın, plan-ölçü sənədinin verilməsindən ibarətdir. Qeyd edilməlidir ki, cavabdeh orqan tərəfindən tərtib edilən, hazıradək qüvvədə olan və mübahisələndirilməyən (əksini sübut edən sənədlər təqdim edilməmişdir) 8 avqust 2014-cü il tarixli “Texniki pasport”dan, həmçinin Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışdan da evin yerləşdiyi ümumi torpaq sahəsinin 0,10 ha təşkil etdiyi görünür. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müaciətinin icrasından imtina dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir. Göründüyü kimi birinci instansiya məhkəməsi hüquq müəyyənedici sənəd qismində 08 avqust 2014-cü il tarixli Texniki pasporta istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqi zamanı yalnışlığa yol vermişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, texniki pasportların hüquq müəyyənedici sənəd qismində nəzərə alınması üçün iki əsas şərt qeyd olunmuşdur: 1) 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır, 2) müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərilməlidir. Hazırda iddiaçıya məxsus olan **********02-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport”da torpaq sahəsinin ölçüləri qeyd olunsa da, sözügedən texniki pasport 08 avqust 2014-cü il tarixlidir. Beləliklə də, iddiaçıya məxsus texniki pasport Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində qeyd olunan tələblərə uyğun olmadığından hüquq müəyyənedici sənəd qismində nəzərə alına bilməz. Birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, bu səbəbdən də yalnış hüquqi nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının torpaqayırma ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri olmadığı halda, hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 08 avqust 2014-cü il tarixli texniki pasportu əsas hesab etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd edilən əsasların və ya digər qanunvericilik normalarında müəyyən edilmiş digər əsasların hansı biri mövcud olmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan apellyasiya şikayətində yerində müayinə üçün şərait yaradılmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası idddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri sənədləri olmadığı üçün, torpaq sahəsinin yerində müayinəsinə zərurət görməmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar mövcud deyil. Bu səbəbdən də kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(118)-1090/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar