Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-798/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)- 2528/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2023-cü il tarixdən öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, xx.xx.2023cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 3-17-1/2-C-225923/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığına görə pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi də mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Beləliklə, qeyd olunan dövrlər üzrə pensiya kapitalının qeydə alınmaması İddiaçı xx.xx.1980-ci il tarixdən etibarən İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsində işləməsi ilə bağlı əsaslı şübhə yaratmışdır. Nəticədə İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-ci il tarixdən xx.xx.2009-cu il tarixədək İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. İddiaçı qeyd edilən dövrlərdəki stajının araşdırılması ilə əlaqədar Fondun Abşeron-Xızı regional filialı və İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsi xx.xx.2023-cü il tarixdə qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Həmin akta əsasən sözügedən müəssisənin arxiv sənədləri saxlanılmadığından xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə İddiaçı əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Beləliklə İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, həmçinin, sığorta stajı 3 il 11 ay təşkil edir və tələb olunan 25 ildən azdır. İddiaçı xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında əlavə olunmuş Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 25 avqust 2023-cü il tarixli məktubunda qeyd edilir ki, İxtisaslaşdırılmış Podrat Təmir-tikinti İdarəsi 2005-ci ildə öz fəaliyyətini dayandırmış və arxiv sənədləri 18-ci mikrorayonda yerləşən bina 20-də saxlanılmışdır. Lakin, 2005-ci ildə binanı zəbt edən Zəngilan qaçqınlarının dediklərinə görə 2022-ci ildə otağı su basdığı üçün sənədlər sıradan çıxmış və bu səbəbdən sənədləri İdarəyə xəbər vermədən zibilxanaya atmışlar. Eyni zamanda nəzərə çatdırılır ki, İddiaçı 1980-ci il tarixdən 2005-ci il tarixədək həmin müəssisədə rəngsaz işləmişdir. Bunu şahid ifadələri ilə təsdiq edə bilərlər. İş materiallarında əlavə olunmuş Sumqayıt şəhər Kommunal Təsərrüfatı Baş İdarəsinin İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilə kimi MKTİB nəzdində İPTTİ-də rəngsaz vəzifəsində işləyib. Əmək haqqı cədvəlləri arayışa əlavə olunmuşdur. İş materiallarında əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilən 22 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nəzdində ixtisaslaşmış Podrat Təmir-Tikinti İdarəsində (İPTTİ) işləməsi faktı arxiv sənədlərinin olmaması səbəbilə qarşılıqlı yerində yoxlanılması mümkün olmadı. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-2528/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv məlumatlarında qeyd edilən mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı xx.xx.2023-cü ildə tamam olmuş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sığortaedən hətta xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarını ödəməmiş olsa belə, öz hesabatlarında xeyrinə əməkhaqqı ödədiyi və dolayısı ilə həm də məcburi dövlət sosial sığorta haqları ödəməli olduğu işçilərin siyahısında iddiaçının adını qeyd etməmişdirsə, bu, o deməkdir ki, həmin iddiaçıya münasibətdə hesablanmış, lakin ödənilməmiş və xx.xx.2018-ci il tarixdə silinmiş borcdan söhbət gedə bilməz. Bunu aydınlaşdırmaq üçün məhkəmə hazırkı iş üzrə sığortaedən müəssisənin fəaliyyət illərini (nəzərə alsaq ki, reyestr məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb və deməli, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2004cü il tarixədək həmin müəssisənin hüquqi varisi olması ehtimal edilən başqa müəssisədə işləmiş olmalı idi) və xx.xx.2006-cı il tarixədək iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanıb-hesablanmadığını araşdırmalı idi. İddiaçının əmək kitabçasındakı müvafiq qeydlərin mötəbərliyini şübhə altına alan digər bir əsas da müəssisənin arxiv sənədlərinin saxlanılmaması və dövlət arxivinə təhvil verilməməsidir. Bundan əlavə, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(118)-2528/2024 nömrəli qərarında iddiaçının əmək fəaliyyətini araşdırarkən mötəbər sübut kimi İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad etmiş və iddiaçının həmin müəssisədə 1980-2006-cı illərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, elə həmin məktubdan da açıq-aşkar görünür ki, müəssisə 2005-ci ildə öz fəaliyyətini dayandırdığını, iddiaçının 1980-ci ildən 2005-ci ilədək işlədiyini və bunu şahid ifadələri ilə təsdiq edə biləcəklərini bildirmişdir. Buna baxmayaraq, məhkəmə müəssisənin fəaliyyətini araşdırmamış, Dövlət Vergi Xidmətinə və (və ya) Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular göndərməmiş və hətta istinad etdiyi məktubun məzmunu ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Həmçinin, iş üzrə iddiaçının özünün də iştirak etdiyi sonuncu məhkəmə iclasında iddiaçı 2005-ci ildən sonra həmin müəssisədə işləmədiyini və heç bir əməkhaqqı almadığını qeyd etmiş, əmək kitabçasında işdənçıxma tarixi kimi qeyd olunmuş xx.xx.2009-cu il tarixdə sadəcə əmək kitabçasını təhvil almaq üçün müəssisənin nümayəndəsinə müraciət etdiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı tərəfindən mötəbərliyi yenə əsaslı şübhə doğuran, müəssisənin blankında tərtib edilməmiş, üzərində sənədin tarixi və nömrəsi qeyd olunmayan və müəssisə tərəfindən verildiyi iddia edilən arayış təqdim olunmuşdur. Həmin arayışda isə müəssisənin yuxarıda qeyd olunan məktubu ilə ziddiyyət təşkil edən məlumatlar öz əksini tapmışdır. Belə ki, bu arayışa əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəssisədə işlədiyi bildirilmiş və arayışa əməkhaqqı cədvəlləri əlavə olunmuşdur. Həmin cədvəldə isə 1980-ci ildən 2005-ci ilədək məbləğlər sadalanmış, lakin bu məbləğlərin hansı aylara aid olması göstərilməmiş, işə daxilolma və işdənçıxma əmrləri arayışa əlavə edilməmişdir. Sadalanan sənədlərin əlaqəli təhlili göstərir ki, məhkəmə heç bir halda 2005-2006-cı illəri iddiaçının sığorta stajına daxil edə bilməzdi. Digər ziddiyyətli məqam isə Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin sorğuya cavab olaraq ünvanladığı və məhkəmə qərarı qəbul edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə tərəflərindən əldə edilən xx.xx.2024-cü il tarixli, 5-6-7/2-332/2024 nömrəli məktubunda aşkar olunmuşdur. Məktuba əsasən İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin fəaliyyət göstərmədiyi, bu səbəbdən də iddiaçıya aid məlumatın tapılmadığı bildirilmişdir. Beləliklə də, müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan fərqli olaraq burada iddiaçının əmək fəaliyyətinə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə qeyd olunan sorğunun göndərilməsi və cavabının hələ daxil olmaması ilə bağlı məlumatlandırılsa da, iş üzrə sübutların qərar qəbul edilməsi üçün kifayət etdiyi qənaətinə gəlmişdir. Qeyd edirlər ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən müəssisə xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X1 Podrat Təmir Tikinti İdarəsi (VÖEN: **********) adı altında dövlət qeydiyyatına alınmışdır. Məhkəmə müəssisənin qeydiyyata alındığı tarixi və iddiaçının qeyd olunan tarixdən əvvəl həmin müəssisədə işləməsinin mümkünlüyünü də araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı öz izahatında əlavə olaraq 1980-ci ildən etibarən sözügedən müəssisədə rəngsaz vəzifəsində işlədiyini, ev almaq üçün növbəyə yazıldığını və ev aldığını və sonuncu müdirinin Elman İlyasov olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 1984-cü ildən iddiaçı ilə birgə Təmir-Tikinti İdarəsində rəis işləmişdir. İddiaçı sözügedən müəssisədə rəngsaz vəzifəsində çalışmışdır. Arxiv sənədlərinin saxlanılması üçün 18-ci mikrorayon ərazisində yer ayrılmış, lakin sənədlərin saxlandığı otaq məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur və qonşu otaqda məskunlaşmış məcburi köçkün 2023-cü ildə üst mərtəbədən su tökülməsi nəticəsində sənədlərin yararsız hala düşdüyünü və həmin sənədləri atdığını bildirmişdir. Əmək haqqı barədə məlumatlar, arxiv məlumatları məhv olmamış, götürülmüşdür. Hal-hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində mühəndis vəzifəsində işləyir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 3 il 11 ay iş stajına malik olması halını qəbul etmiş, əmək kitabçasında qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.2009-cu il tarixədək İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsində işlədiyi müddəti sosial sığorta stajına daxil etməmişdir. İndiki halda cavabdeh inzibati orqan məhz iddiaçının əmək haqqı almadığı dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. İş materiallarında əlavə olunmuş Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 25 avqust 2023-cü il tarixli məktubunda qeyd edilir ki, İxtisaslaşdırılmış Podrat Təmir-tikinti İdarəsi 2005-ci ildə öz fəaliyyətini dayandırmış və arxiv sənədləri 18-ci mikrorayonda yerləşən bina 20-də saxlanılmışdır. Lakin, 2005-ci ildə binanı zəbt edən Zəngilan qaçqınlarının dediklərinə görə 2022-ci ildə otağı su basdığı üçün sənədlər sıradan çıxmış və bu səbəbdən sənədləri İdarəyə xəbər vermədən zibilxanaya atmışlar. Eyni zamanda nəzərə çatdırılır ki, İddiaçı 1980-ci il tarixdən 2005-ci il tarixədək həmin müəssisədə rəngsaz işləmişdir. Bunu şahid ifadələri ilə təsdiq edə bilərlər. İş materiallarında əlavə olunmuş Sumqayıt şəhər Kommunal Təsərrüfatı Baş İdarəsinin İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci ildən xx.xx.2009-cu ilə kimi MKTİB nəzdində İPTTİ-də rəngsaz vəzifəsində işləyib. Əmək haqqı cədvəlləri arayışa əlavə olunmuşdur. İş materiallarında əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilən 22 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nəzdində ixtisaslaşmış Podrat Təmir-Tikinti İdarəsində (İPTTİ) işləməsi faktı arxiv sənədlərinin olmaması səbəbilə qarşılıqlı yerində yoxlanılması mümkün olmadı. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verilməsi, həmin idarənin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqəsi, həmin idarənin fəaliyyət göstərdiyi tarixlər, həmin idarəyə dair sənədlərin harda saxlanıldığı və hansı qaydada əldə oluna biləcəyi, əlavə məlumatların harda saxlanıldığı və Elman İlyasovun kimliyi və əlaqə vasitələri barədə ətraflı məlumat verilməsi və bununla əlaqədar sənədlərin məhkəməyə təqdim edilməsi üçün Sumqayıt şəhəri İcra hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sorğu ünvanlanmışdır. Sumqayıt şəhəri İcra hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 06 sentyabr 2024-cü il tarixli, 5-6-7/2-841/2024 nömrəli məktubundan görünür ki, 1956-cı ildə Sumqayıt şəhər İcrayə Komitəsi nəzdində yaranmış (ERSU) Təmir-Tikinti İdarəsi 1992-ci ildən Podrat Təmir-Tikinti İdarəsi adı ilə (Kom Xozun) Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyinə keçmiş, 2003-cü ildən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTİB-nin tabeçiliyinə keçmiş, 2005-ci il dekabr ayından həmin idarənin xidməti fəaliyyəti dayandırılmışdır. Sözügedən idarə İxtisaslaşmış Podrat Təmir-Tikinti İdarəsi (İPTTİ) öz fəaliyyətini dayandırdıqdan sonra MKTİB-nin rəisi tərəfindən 18-ci mikrorayon ərazisində sənədlərin saxlanması üçün yer ayırmış, idarənin arxiv sənədləri həmin yerdə saxlanmışdır. Sənədlərin saxlandığı mənzil (otaq) məcburi köçkünlər tərəfindən zəbt olunduqda həmin sənədlər 2023-cü ilə qədər orada saxlanılsa da, həmin ünvanın qonşu otağında məskunlaşmış Zəngilan məcburi köçkünü üst mərtəbədən tökülən su nəticəsində sənədlər korlandığına görə heç kəsə xəbər vermədən həmin sənədləri zibilxanaya atdığını bildirmişdir. Həmin müəssisənin keçmiş rəhbəri X2 hal-hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində aparıcı mühəndis vəzifəsində çalışır. Eyni zamanda məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 1984-cü ildən iddiaçı ilə birgə Təmir- Tikinti İdarəsində rəis işləmişdir. İddiaçı sözügedən müəssisədə rəngsaz vəzifəsində çalışmışdır. Arxiv sənədlərinin saxlanılması üçün 18-ci mikrorayon ərazisində yer ayrılmış, lakin sənədlərin saxlandığı otaq məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur və qonşu otaqda məskunlaşmış məcburi köçkün 2023-cü ildə üst mərtəbədən su tökülməsi nəticəsində sənədlərin yararsız hala düşdüyünü və həmin sənədləri atdığını bildirmişdir. Əmək haqqı barədə məlumatlar, arxiv məlumatları məhv olmamış, götürülmüşdür. Halhazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində mühəndis vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının sözügedən müəssisədə çalışdığı şahid ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da öz izahatında 1980-ci ildən etibarən sözügedən müəssisədə rəngsaz vəzifəsində işlədiyini, ev almaq üçün növbəyə yazıldığını və ev aldığını bildirmişdir. Həmçinin iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi İxtisaslaşdırılmış Podrat Təmir-Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad etmiş və iddiaçının həmin müəssisədə 1980-2006-cı illərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, elə həmin məktubdan da açıq-aşkar görünür ki, müəssisə 2005-ci ildə öz fəaliyyətini dayandırdığını, iddiaçının 1980-ci ildən 2005-ci ilədək işlədiyini və bunu şahid ifadələri ilə təsdiq edə biləcəklərini bildirmişdir. Qeyd olunan dəlilə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, müəssisənin 2005-ci ildə öz fəaliyyətini dayandırdığını nəzərə alaraq iddiaçının 2005-2006-cı illərdə sözügedən müəssisədə çalışdığı dövrlər hesablanmasa belə, 1980-ci ildən 2005-ci ilədək işlədiyi dövrlər pensiyanın təyin edilməsi üçün tələb olunan ümumi iş stajının toplanması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-2528/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.