Məhkəmə qərarları › İş №2-1(105)-799/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-799/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-799/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin nümayəndələri Nümayəndə1, Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan torpaq sahəsi və yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)- 3173/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. 14 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu ünvanında yerləşən 0.0258 ha torpaq sahəsi Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır.

2. 12 iyul 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Sumqayıt şəhəri,Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Cavid Cəfərov küməsi, giriş 74) ünvanında yerləşən 0.0258 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

3. 06 sentyabr 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********49- 10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Sumqayıt şəhəri, Yeni qaydalarla: AZ 5000, ünvan 4 ünvanında yerləşən 0.0258 ha torpaq sahəsi və sahəsi 198.60 kv.metr olan daşınmaz əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

4. Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli, 426 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsi şəhid anası İddiaçı Sumqayıt bələdiyyəsinə ünvanladığı 11 oktyabr 2024-cü il tarixli ərizəsini nəzərə alaraq ona məxsus Sumqayıt şəhəri, Cavid Cəfərov küçəsi, giriş 74 ünvanında yerləşən fərdi yaşayış evinin 258 kv.metr həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə etiraz etmirlər.

5. İş materiallarında olan ambulator kitabçadan çıxaışdan görünür ki, İddiaçı seropozitiv revmatoid artrid (M05.8) diaqnozu qoyulmuşdur.

6. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli 1495 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Bakı-Sumqayıt yolunun, Yeni qaydalarla Sumqayıt şəhəri,Cavid Cəfərov küçəsi giriş 74 olan torpaq sahəsində 2005-ci il tarixdən sənədsiz olaraq onun qohumu tərəfindən ev tikilmişdir. 2018-ci ildə qohumunun razılığı ilə bu ünvanda yaşayış.

7. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla AZ 5000 ünvan 7 ünvanında yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir.

8. İnzibati orqan müraciətin icrasından imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərinə məhdudiyyətin qoyulması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 14 iyun 2024-cü il tarixli 4Ə-1690 reyestr nömrəli iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” nin 5ci bəndinin müddəlarına əsasən aparılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

9. İmtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla AZ 5000, ünvan 4 ünvanında yerləşən və 06 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsi, 198,60 kv.metr yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Ceyranbalan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla AZ 5000 ünvan 4 ünvanında yerləşən və 06 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.0258 ha torpaq sahəsi, 198.60 kv.metr yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda onun müraciəti təmin olunmamış və bununla cavabdeh orqan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.8-ci maddəsinə əsaslanmışdır. İddiaçı həmin imtinanı əsassız sayır. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsi arasında bağlanmış 14 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndində iddiaçıya satılan torpaq sahəsinin 5 il müddətində məhdudlaşdırılmasına icazə verilmədiyi bildirilsə də, sonradan iddiaçı Sumqayıt Bələdiyyəsindən 14 oktyabr 2024-cü il tarixdə həmin məhdudiyyətin götürülməsinə dair bələdiyyə tərəfindən etirazın olmaması haqqında məktubu cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh bu məktubu nəzərə almamışdır. Onu da qeyd edir ki, iddiaçı Şəhid anasıdır və cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyət hüquqlarının pozulmasına xidmət etmişdir.

11. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla: AZ 5000, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə köməklik göstərilməsi barədə 15 oktyabr 2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-C-00xx-xx/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərinə məhdudiyyətin qoyulması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 14 iyun 2024-cü il tarixli 4Ə-1690 reyestr nömrəli sizinlə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” nin 5-ci bəndinin müddəlarına əsasən aparılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdirlər.

12. Sumqayıt İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(118)-3173/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Sumqayıt bələdiyyəsi zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-3173/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Leyla Mirzəyeva).

14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınsa da, Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi ilə X1 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndində qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz”. Göründüyü kimi inzibati işin araşdırılması zamanı həm yuxarıda qeyd edilən hüquq normalarına, həm də tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin 5 il müddətinə özgəninkiləşdirmək hüququnun olmaması müəyyən edilmişdir.

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi və izahatlarında bildirdi ki, mübahisəli torpaq sahəsi dayısı oğlunun olmuşdur. Həmin dövrdə iddiaçı orada yaşayırdı. Oğlu şəhid olduqdan sonra evi o almışdır. 2018-ci ildən həmin ərazidə yaşayırlar.Torpaq sahəsinin ilkin torpaqayırma sənədləri olmamışdır. Torpaq sahəsi iddiaçıya 2024-cü ildə ayrılmışdır. Torpaq sahəsi əslində şəhid ailəsi kimi verilməmişdir. Ona məxsus olan yaşadığı torpaq sahəsini sənədləşdirmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.8-ci maddəyə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz.

20. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər və izahatlarında əlavə olaraq qeyd etdilər ki, bələdiyyədən torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini beş il müddətində sata bilməməsi barədə norma satılmış torpaq sahələrinə aiddir. Torpaq sahəsi şəhid ailələrinə pulsuz şəkildə verilir. Təəssüf ki, qanunvericilikdə şəhid ailələri ilə bağlı istisna nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Hesab edirlər ki, mübahisələndirilən torpaq sahəsi pulsuz verildiyi üçün bu norma şamil edilməməli, şahid ailələri istisna kimi nəzərdə tutulmalı idi. Bələdiyyə iddiaçıya torpaq sahəsi ayırmamışdır, faktiki olaraq iddiaçıda olan torpaq sahəsini sənədləşdirmişdir. İddiaçı sağlamlıq problemləri ilə əlaqədar torpaq sahəsini banka girov qoymaq istəyir. Bələdiyyə qərarında torpaq sahəsinin şəhid ailəsi kimi pulsuz verildiyi qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

24. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydaları: 3.2.17. şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

26. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanunu: 13-1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ:

28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

31. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri,Ceyranbatan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla AZ 5000, ünvan 4 ünvanında yerləşən və 12 iyul 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,0258 ha torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı apellyasiya instansiyasında ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmamasını, işə birinci iddia tələbi üzrə baxılmasını xahiş etmişdir. Ərizə kollegiyanın 08 oktyabr 2025-ci il tarixli protokolu ilə icraata qəbul edilmişdir. Hazırda işə birinci iddia tələbi üzrə baxılır.

32. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarı Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi ilə X1 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə əsaslandırmışdır.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir.

34. İşin faktiki hallarından görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,0258 ha torpaq sahəsi şəhid anası kimi ödənişsiz şəkildə Sumqayıt bələdiyyəsi tərəfindən onun mülkiyyətinə verilmiş, iddiaçının torpaq sahəsi və üzərindəki ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

35. Həmçinin, işin fakitiki hallarından görünür ki, iddiaçı daşınmaz əmlakı sağlamlıq problemləri ilə əlaqədar olaraq satmaq niyyətindədir, lakin qeyd edilən məhdudiyyət ona mane olur.

36. Cavabdehin iddiaçının müraciətindən imtina edilməsində və etirazda əsas dəlili “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsi olmuşdur.

37. Kollegiya yaranmış mübahisə ilə bağlı qeyd edir ki, torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilən zaman notarial qaydada bağlanmış müqavilədə tərəflər alıcı və satıcı olaraq göstərilsə də, torpaq sahəsinin ödənişsiz şəkildə verildiyi qeyd edilmiş, eyni zamanda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.8-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. Hansı ki, cavabdeh qeyd edilən əsasla əmlakın satışı üzərinə beş illik məhdudiyyət qoymuşdur.

38. Halbuki, kollegiya hesab edir ki, mahiyyət etibarı ilə torpaq sahəsinin ayrılma əsası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9-cu maddəsi deyil, həmin Qanununun 6.1-ci, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununun 4-cü , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.2.17-ci, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanununun 13-1.1-ci maddələridir. İddiaçı ilə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsi arasında bağlanmış 14 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsi formal xarakter daşımışdır.

39. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 6.1-ci maddəsində əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

40. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində əsasən Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.2.17-ci maddəsinə əsasən şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

42. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanunun 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

43. Eyni zamanda iş materiallarında olan hazırkı iş üzrə üçüncü şəxs kimi Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin 14 oktyabr 2024-cü il tarixli, 426 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsi şəhid anası İddiaçı Sumqayıt bələdiyyəsinə ünvanladığı 11 oktyabr 2024-cü il tarixli ərizəsini nəzərə alaraq ona məxsus Sumqayıt şəhəri, Cavid Cəfərov küçəsi, giriş 74 ünvanında yerləşən fərdi yaşayış evinin 258 kv.metr həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə etiraz etmirlər. Həmçinin, məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndələri də məhdudiyyətin götürülməsinə etiraz etmədiklərini bildirmişdirlər.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-3173/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, Bakı-Sumqayıt yolunun cənubu (Yeni qaydalarla AZ 5000, ünvan 4 ünvanında yerləşən və 06 sentyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0,0258 ha torpaq sahəsi, 198,60 kv.metr yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar