Məhkəmə qərarları › İş №2-1(105)-80/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-80/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-80/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı “ayrılmış torpaq sahəsinin sxeminin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(118)-1147/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2004-cü ildə cavabdeh tərəfindən verilən sxemin təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə torpaq sahəsi almaq üçün Abşeron rayonu Məmmədli Bələdiyyəsinə müraciət etmiş və bələdiyyə tərəfindən ona fərdi evin tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir. İddiaçıya bələdiyyə tərəfindən 10 dekabr 2004-cü il tarixli qərardan və torpağın yerquruluşu planından çıxarış təqdim edilmiş və iddiaçı bələdiyyəyə köhnə manatla 86000 manat məbləğində pul ödəyərək ödəniş etməsini təsdiq edən sənəd verilməsini tələb etmişdir. Lakin sədr tərəfindən iddiaçıya bildirilmişdir ki, ona verilən qərardan çıxarış və torpağın planı torpaq sahəsinin ona satıldığını təsdiq edir, qəbzin verilməsinə ehtiyac yoxdur. İddiaçı 2004-cü ildən istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin həmin idarədən ona yazılı cavab verilmişdir ki, əvvəlcə İcra Hakimiyyətinin memarlıq şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyləri və torpağın sxeminin bələdiyyə tərəfindən təsdiq edilməsi zəruridir. İddiaçı ilkin olaraq Abşeron rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etmiş, lakin orada iddiaçıya bildirilmişdir ki, birinci olaraq bələdiyyə orqanı sxemi və qərarı möhürlə təsdiqlənməlidir ki, bundan sonra İcra Hakimiyyətinə müraciət edilsin. Bu məqsədlə iddiaçı Məmmədli Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyədə iddiaçının sənədləri tapılmamışdır. Belə ki, 2004-cü ildə iddiaçıya torpaq satılan zaman bələdiyyə sədri olmuş şəxs artıq işləmir. İddiaçı bələdiyyə sədrinə 02.04.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, bələdiyyə iddiaçının ərizəsini 15.04.2019-cu il tarixdə almış, lakin hərəkətsizlik edərək iddiaçıya heç bir cavab verməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, hazırki məsələ əvvəlki bələdiyyə sədrinin səhlənkarlğı ucbatından baş vermişdir. Faktiki olaraq göstərilən torpaq sahəsi iddiaçının istifadəsindədir, ev inşa edib, həmin evdə yaşayır və o evə, torpağa digər şəxslərin iddiası yoxdur. Lakin arxiv arayışı olmadığından bələdiyyə həmin qərarı təsdiq edə bilmir. İddiaçının təqdim etdiyi 10.12.2014-cü il tarixli Məmmədli kənd bələdiyyəsinin qərarından çıxarış hər hansı bir qərarın qəbul edilməsi, sxemin təsdiq edilməsi üçün yetərli deyildir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 1147/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1147/2019 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-49/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Zaur Məmmədov, hakimlər Nazim Nəsibov və Aqil Abbasov) apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1147/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1078/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Zakir Quliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-49/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2004-cü ildə Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən Kürdəxanı kəndində 0,10 ha torpaq sahəsi satılmışdır və həmin sahə üçün iddiaçıdan həmin dövrdə qüvvədə olan pul məzənnəsi ilə 86000 (səksən altı) min manat alınmışdır. Lakin bu pula dair qəbz verilməmişdir. Qəbz tələb edəndə sədr bildirmişdir ki, verilən sənədlər elə qəbzdir. Həmin torpaq sahəsində ev tikib hasar çəkdirmişdir. Hazırda bu sahəni özəlləşdirmək üçün DƏDRX və Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İH-də bildirmişlər ki, bələdiyyə sxemi və qərarı möhürlə təsdiqləməlidir ki, bundan sonra İH-nə müraciət etsin. Bu barədə Məmmədli Bələdiyyəsinə müraciət edib. Lakin Bələdiyyənin arxivində sənədləri tapılmamış və bildirmişlər ki, həmin sənədləri 2004-cü ildə verən sədr artıq işləmir. Lakin bu sədr işləməsə də, ona verilən sxem və qərar möhürlə təsdiqlənməlidir. Buna görə də Məmmədli Bələdiyyəsinə ərizə ilə müraciət edib. Lakin iddiaçıya cavab verilməyib. Məhkəmə qanuni tələbini təmin etməyib. Məhkəmənin qərarı işin faktiki hallarına uyğun deyildir və aşağıdakılara əsasən bu qərar ləğv edilməlidir. Qərarda Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə; həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə; AR-nın 2002-ci il 15 mart tarixli 274-1İQ №-li Qanuni təsdiq edilmiş əsasnamənin 7-10, 14-21 23-25 və 27-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li fərmanına istinad edilir və nəticədə belə çıxır ki, bələdiyyə torpağı satılarkən göstərilən qanunlara bələdiyyə tərəfindən əməl olunmamışdır. Məhkəmədə cavabdeh qismində iştirak etmiş bələdiyyənin nümayəndəsi izah etmişdir ki, bu məsələ əvvəlki sədrin səhlənkarlığı nəticəsində və 2004cü ildə baş vermiş və həmin dövrdə bələdiyyəyə rəhbərlik edən və ona verilən torpaq sahəsinin alğı-satqısını həyata keçirən sədr mühakimə olunubdur. Qərarda göstərilən qanunlara da riayət edilməsi həmin sədrin üzərinə düşür və iddiaçının bu məsələdə heç bir rolu ola bilməzdi. Belə ki, pul verib torpaq sahəsi almış və bələdiyyə sədri də bu barədə sənədlər təqdim etmişdir. Torpaq sahəsi də artıq 15 il müddətdir ki, istifadəsindədir və qeyd edildiyi kimi, tikinti işləri də aparmışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş, İddiaçı və iddiaçının vəkili Vəkil oğlu apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə cavabdeh Abşeron rayon Məmmədli bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən qeyd edilən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsini iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məmmədli kənd bələdiyyəsinin qərarından çıxarışın surətindən görünür ki, İddiaçı fərdi evin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərnamədən görünür ki, İddiaçı tərəfindən cavabdeh bələdiyyəyə müraciət edilmiş, lakin bələdiyyə tərəfindən ona hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 13-cü və 17-ci bəndlərinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin hazırda qüvvədə olan redaksiyasına əsasən, Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır; Bənd 20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır; Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydaları”na Əlavədə torpaqların alğısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Hazırkı iş üzrə Ali Məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, işə təkrar apelyasiya qaydasında baxılarkən iddiaçıya düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməli olması istiqamətində yardım edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Beləliklə, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı torpaqayrıma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası işə baxarkən AR İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım etsə də, İddiaçı mövcud iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi ona 2004-cü ildə cavabdeh tərəfindən verilən sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddia ərizəsindən və iddiaçının dəlillərindən aydın olur ki, onun hazırkı iddianı qaldırmaqda məqsədi cavabdeh tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə ki, iddiaçı bildirmişdir ki, o, ayrılmış torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin onun müraciətindən imtina edilmiş və imtinanın səbəbi kimi torpağın sxeminin təsdiqlənməmiş olması göstərilmişdir. İddiaçı torpaq sahəsinin ona ayrılmasına dair məhkəməyə Məhəmmədi kənd Bələdiyyəsinin 2004-cü il tarixli qərarından çıxarışı təqdim etmişdir. Bələdiyyə qərarının həqiqiliyiyinin yoxlanılması üçün məhkəmə kollegiyası Abşeron Rayon Dövlət Arxivinə sorğu vermiş və Abşeron Rayon Dövlət Arxivinin H-67 nömrəli, 15 aprel 2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Məhəmmədəli bələdiyyəsinin 13/142 saylı, 10 dekabr 2004-cü il tarixli qərarı Abşeron Rayon Dövlət Arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahatında göstərmişdir ki, hazırki məsələ əvvəlki bələdiyyə sədrinin səhlənkarlğı ucbatından baş vermişdir. Faktiki olaraq göstərilən torpaq sahəsi iddiaçının istifadəsindədir, ev inşa edib, həmin evdə yaşayır və o, evə, torpağa digər şəxslərin iddiası yoxdur. Lakin arxiv arayışı olmadığından bələdiyyə həmin qərarı təsdiq edə bilmir. İddiaçının təqdim etdiyi 10.12.2014-cü il tarixli Məmmədli kənd bələdiyyəsinin qərarından çıxarış hər hansı bir qərarın qəbul edilməsi, sxemin təsdiq edilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya bələdiyyə qərarı ilə həqiqətən torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən və Məhəmmədi kənd bələdiyyəsinin qərarından çıxarışın mötəbərliliyi təsdiq olunmur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(118)-1147/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar