Məhkəmə qərarları › İş №2-1(105)-80/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-80/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-80/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: xidmət illərinin yenidən hesablanması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)- 911/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il təvəllüdlüdür, 1986-90cı illərdə X8 hərbi tank komandirləri məktəbində təhsil almış, 1990-93-cü illərdə keçmiş Türkmənistan SSRİ-nin, 1993-2001-ci illərdə Azərbaycan Respublikası MTN-nin Sərhəd Qoşunlarında (indiki Dövlət Sərhəd Xidmətində) həqiqi hərbi xidmətdə olmuş, 20.04.2001ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən pensiya təminatı üçün müraciətinə verilən imtina cavabında hissə komandirinin əmrindən çıxarışa əsasən təqvimlə 14 il 04 ay 07 gün, güzəştli 04 il 11 ay 21 gün, cəmi 19 il 03 ay 28 gün xidmət illəri hesablanmışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının Preambulası ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlət siyasətinin məqsədlərindən biri olduğunu göstərir. Konstitusiyanın 38-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəməyə qədər pretenziya qaydasında cavablardan görünür ki, cavabdeh 2001-ci ildə cəmi xidmət illərini 19 il 3 ayN gün, 2020-ci ildə 19 il 8 ay 01 gün, 2021-ci ildə isə 19 il 6 ay 29 gün olduğu qənaətinə gələrək Məlumat Vərəqəsini tərtib etməyərək DSMF-yə göndərməmiş, lakin, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu məqsədlə pensiya hesablanması üçün məlumat vərəqinin təqdim olunmasını cavabdehdən xahiş etsə də, güman olunur ki, o, həmin hesablamalara əsaslanmaqla bundan imtina etmişdir. Odur ki, Konstitusiya və Qanunlara əsasən pensiya təminatı hüququnun pozulması ilə nəticələnən cavabdehin bir neçə ay fərqlə cavablandırdığı məktublarının tədqiqini təklif edir. Cavabdeh bildirir ki, “Xidmət illərinin yenidən hesablanmasına köməkliyin göstərilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətinə Kadrlar Baş İdarəsində aidiyyəti üzrə baxılmış və mövcud arxiv şəxsi iş məlumatına əsasən xidmət illəri yenidən hesablanmış və 17.04.2001-ci ildə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı tarixə təqvimlə 19 il, 08 ay, 01 gün təşkil etmişdir. Qeyd etmək istəyir ki, arxiv şəxsi işində 16.09.1993-cü ildə MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilərkən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamından deyil, Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilməyi barədə müvafiq qeydiyyatlar aparılmışdır. Əlavə olaraq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət olunmuş və daxil olmuş sorğuda barəsində əlavə məlumatların, həmçinin xidmət etdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Bununla yanaşı 1993cü ilin iyun-sentyabr aylarında olan xidməti barədə məlumatları əldə edərək Dövlət Sərhəd Xidmətinə təqdim edəcəyi təqdirdə əlavə olaraq müraciətinə baxılması mümkündür”. Digər cavabda qeyd olunur ki, “Xidmət illərinin yenidən hesablanmasına köməkliyin göstərilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanladığı təkrar müraciətinə Kadrlar Baş İdarəsində aidiyyəti üzrə baxılmış, təqvimi və güzəştli xidmət illəri barədə arayış tərtib olunmuşdur. Bir daha qeyd edilir ki, barəsindəki məlumatların dəqiqləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət olunmuş və daxil olmuş sorğuda əlavə məlumatların olmadığı, həmçinin xidmət etdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Bununla yanaşı 1993-cü ilin iyun-sentyabr aylarında olan xidməti barədə məlumatları əldə edərək Dövlət Sərhəd Xidmətinə təqdim edəcəyi təqdirdə əlavə olaraq müraciətinə baxılması mümkündür.” İkinci cavaba əlavə olunan Arayışda “20.04.2001-ci il tarixə cəmi xidmət illəri 19 il 06 ay 29 gün” göstərilmişdir. Göründüyü kimi, iki ay ərzində cavablarda xidmət illəri fərqli göstərilmiş, sonuncuda isə, 01 ay 02 gün də “azaldılmış”dır. Xüsusilə müəyyən olunur ki, xidmətdə fasilələrə tərəfindən yol verilməsə də, cavabdeh bunları göstərərək, müvafiq əmrlərdən çıxarışlarla əsaslandırılmamış, cavabdeh tərəfindən “Müdafiə Nazirliyinin Arxivinə müraciət edilməsi” isə qeyd olunan dövrün işin mübahisə olunmayan hallarına aid edilməsinə əsas verir. Buna oxşar hallara aid məhkəmə praktikasına müraciət etdikdə isə, qeyd edə bilər ki, cavabdehin cavabında (həmçinin xidmət etdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir) qeyd olunan dövrlə bağlı müvafiq sübutların toplanmasında köməklik göstərilməsinə qaldıqda, Ali Məhkəmə Kollegiyasının 14 aprel 2015-ci il tarixli 2-1(102)453/15 №-li iş üzrə Qərarında qeyd edildiyi kimi, “Digər tərəfdən, pensiyanın yenidən hesablanması ilə bağlı iddiaçıya müvafiq sübutların toplanmasında köməklik göstərilməsi və bununla bağlı müvafiq məlumatların digər inzibati orqanlardan əldə edilməsi “İnzibati icraat haqqında” Qanunun N-cü maddəsinə görə cavabdehin inzibati orqan kimi müəyyənedilən vəzifəsidir”. Sonuncu cavaba əlavə olunan Arayış tədqiq olunsa müəyyən olunar ki, aşağıdakı dövrlər pensiya təminatı məqsədilə xidmət illərinə hesablanmalıdır.1) 08.06.1993-cü il tarixdən 16.09.1993-cü il tarixədək qeyd olunan dövr (03 ay 08 gün), özü də güzəştli şərtlərlə; 2) 22.12.1997-ci il tarixdən 12.02.1998-ci il tarixədək olan dövr (01 ay 20 gün); 3) 21.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixədək olan dövrün güzəşti (17 günün imtiyazı = 8 gün); 4) Ehtiyata buraxıldığı 2001-ci təqvim ilinə görə istifadə etmədiyi növbəti məzuniyyət müvafiq əmrlərlə sübut olunmasa, cavabdeh inzibati orqanın qanunsuzluğu ucbatından baş verdiyindən, həmin dövrlər də hesablanıb DSMF-yə göndərilməlidir.

Cavabdehin etirazları:

3. İddiaya qarşı cavabdehin etirazı məhkəməyə təqdim edilməklə qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı Əbdulhüseyn oğlunun iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Əbdulhüseyn oğlu 16.09.1993-cü il tarixdə Silahlı Qüvvələrin ehtiyatından keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilmiş və 22.12.1997-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı 12.02.1998-ci il tarixdə yenidən Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 339.2, 341.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə görə 17.04.2001-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı təqvimi və güzəştli xidmət illəri onun şəxsi iş materiallarına əsasən ümumilikdə 19 il, 06 ay 29 gün olaraq aşağıdakı qaydada hesablanmışdır: Təqvimi xidmət müddəti 1) 04.08.1986-cı ildən 05.09.1990-cı ilədək Ali hərbi məktəbdə kursant - 04 il, 01 ay, 01 gün. 2) 05.09.1990-cı ildən 08.06.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət - 02 il, 09 ay, 03 gün. 3) 16.09.1993-cü ildən 22.12.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 04 il, 03 ay, 06 gün. 4) 12.02.1998-ci ildən 20.04.2001-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 03 il, 02 ay, 08 gün. Qeyd: cəmi 14 il, 03 ay, 18 gün. Güzəştli xidmət müddəti 5) 06.09.1990-cı ildən 21.05.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət müddətində xidmətin bir günü gün yarım hesablanmaqla -01 il, 04 ay, 08 gün. 6) 16.09.1993-cü ildən 30.04.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət müddətində xidmətin bir günü iki gün hesablanmaqla - 03 il, 07 ay, 14 gün. 7) 01.05.1997-ci ildən 09.12.1997-ci ilədək MTN X4 Sərhəd Dəstəsinin sərhəd zastavasında xidmətin bir günü gün yarım hesablanmaqla - 3 ay, 19 gün. Qeyd: cəmi 05 il, 03 ay, 11 gün. İddiaçı Əbdulhüseyn oğlunun pensiya təminatı ilə bağlı xidmət illərinin yenidən hesablanması ilə əlaqədar Dövlət Sərpəd Xidmətinə müraciəti əsasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmış, ona görə də hazırkı iddia tələbi əsassız hesab edilməklə iddianın rədd edilməsini xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 saylı qərarının ləğv edilməsi, “xidmət illərinin yenidən hesablanması və Məlumat Vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə dair” yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 06.07.2021-ci il tarixli Qərarı qanunsuz və əsassızdır ona görə ki, cavabdeh əsassız imtina və etirazlarında 08.06.1993-cü il tarixdən 16.09.1993-cü il tarixədək olan dövrü (bundan sonra qeyd olunan dövr} xidmət illərinə hesablamaqdan imtina edərək qeyd edir ki, 16.09.1993-cü ildə ...xidmətə qəbul edilərkən xidmətimi davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamından deyil, Silahlı Qüvvələrin ehtiyatından ...xidmətə qəbul edilməyim barədə müvafiq qeydiyyatlar aparılmışdır”. Eyni zamanda, cavabdehin “Müdafiə Nazirliyinə sorğu verdiyi”, “N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı”, “1993-cü ilin iyun-sentyabr aylarında olan xidmət barədə məlumatlar əldə edərək təqdim edəcəyi təqdirdə əlavə olaraq müraciətinə baxılacaqdır” cavabları da hazırkı iş üzrə məhkəmə praktikası və “İnzibati icraat haqqında” Azğrbaycan Respublikasının Qanununun N-cü maddəsinə əsasən inzibati orqanın vəzifəsi olmasına dair müddəalarına ziddir. Cavabdehin qeyd olunan dövrlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamından deyil, Silahlı Qüvvələrin ehtiyatından xidmətə qəbul olunması barədə cavabı həmin dövrün qanunvericiliyinə cavab vermədiyindən Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında Qanunun 10.3-cü maddəsinə, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən qanunsuz hesab olunmalıdır. Göründüyü kimi, həmin dövrün qanunvericiliyinə uyğun olaraq 1-ci instansiya məhkəməsinin qərarında da qeyd olunan dövrlə bağlı Azərbaycan Respublikasının SQ-in ehtiyatından deyil, sərəncamından xidmətə qəbul olunmasına dair tamamilə doğru nəticəyə gəlməsi, müvafiq dövrün apellyasiya instansiyası məhkəməsi tərəfindən xidmət illərinə hesablanması üçün əsasdır. İddia tələbinin əsası kimi 22.12.1997-cı il tarixdən 12.02.1998-cİ il tarixədək olan dövr (01 ay 20 gün) xidmət illərinə hesablanmalıdır ona görə ki, cavabdeh 22.12.1997-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə (xidmətə uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxıldığını, 12.02.1998-ci il tarixdə yenidən Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul olunduğunu qeyd etmiş, məhkəmə isə mübahisə olunan bu dövrə hər hansı münasibət bildirməmişdir. Bu da həmin dövrün qanunvericiliyinə uyğun gəlmir: birincisi və əsası da odur ki, 22.12.1997-ci il tarixdə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edildikdən sonra “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun maddələri ilə xidmətdən ehtiyata buraxılması barədə hər hansı qeydlər yolverilməzdir. Lakin, 1-ci instansiya məhkəməsi bunları da araşdırmayaraq, qərarında heç bir münasibət bildirməyib. Xüsusilə də, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə görə, ‘'Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yoı verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir”. Hazırkı situasiyada isə, həm buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilib, həmçinin də yeni hallar aşkar edilib. Məhkəmə, cavabdehin cəmi 1 (bir) ay 20 (iyirmi) gün ərzində zabit vəzifəsində olan hərbi qulluqçunu xidmətə uyğunsuzluğa görə ehtiyata buraxması və eyni zamanda ehtiyatdan yenidən xidmətə götürməsini, həmçinin iddia əsaslarından olan digər dövrlərin də xidməti illərə hesablanmasını araşdırmamış, cavabdeh isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 339.2, 341.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirildiyinə görə 17.04.2001-ci ildə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə müvafiq ehtiyata buraxılmasını əsas gətirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə isə “ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi halları və apellyasiya şikayətinin məzmununda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, iddiaçının 16.09.1993-cü il tarixdə Silahlı Qüvvələrin ehtiyatından xidmətə qəbul edilməsi barədə müvafiq qeydiyyatlar aparıldığından, 08.06.1993-cü il tarixində Türkmənistan SSRİ Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə göndərilməsi dövrünü onun xidmət illərinə hesablamamışdır. Lakin hamıya məlumdur ki, həmin dövrdə 1-ci Qarabağ müharibəsi idi. Azərbaycan da artıq SSR-nin tərkibində deyil, müstəqil idi. Xarici dövlət sayılan Türkmənistan Respublikasından Azərbaycan Respublikasına gəlmiş istənilən Azərbaycan Respublikasının vətəndaşı dərhal müvafiq Silahlı Qüvvələrdə və ya yaşadığı yer üzrə hərbi komissarlıqda qeydiyyata alınıb, vətənin müdafiəsinə cəlb olunmasaydı, fərarilik cinayət maddəsi ilə məsuliyyəti vardı. Eyni zamanda cavabdeh həmin dövrün müəyyən edilməsi üçün bu işə səlahiyyəti olmayan müdafiə nazirliyinə sorğu verdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı, bununla da iddiaçının 1993-cü ilin iyun-sentyabr aylarında olan xidməti barədə məlumatlar əldə edərək təqdim ediləcəyi təqdirdə əlavə olaraq müraciətinə baxılacağı bildirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 38.3-cü maddəsinə görə sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilməlidir. Cavabdeh iddiaçının 22.12.1997-ci il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyyata buraxıldığını, 1998ci ildə yenidən Silahlı Qüvvlərin ehtiyyatından həqiqi hərbi xidmətə qəbul olunduğunu qeyd etmiş, bu isə həmin dövrün qanunvericiliyinə uyğun gəlmir. Birincisi və əsası da odur ki, 22.12.1997-ci il tarixdə Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə təsdiq edildikdən sonra “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun maddələri ilə xidmətdən ehtiyata buraxılma barədə hər hansı qeydlər yolverilməzdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçının şəxsi işində olan məlumatlara əsasən iddiaçının xidmət müddəti 19 il 8 ay 18 gündür. Belə ki, iddaçı 21 may 1993-cü ildən 8 iyun 1993-cü ilə qədər dediyinə görə müdafiə nazirliyinin sərəncamında olmuş, 16 sentyabr 1993-cü ildən isə xidmətə qəbul olunmuşdur. Yəni 8 sentyabr 1993-cü ildə raportla müraciət edib ki, “xahiş edirəm, məni Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə qəbul edəsiniz”. Əgər hərbi qulluqçu həmin vaxt sərəncamda olsaydı, müraciət forması fərqli olmalı idi. Müraciətdə qeyd etməliydi ki, “məni Müdafiə Nazirliyinin sərəncamından azad edərək Dövlət Sərhəd Xidmətinə yerləşmə edəsiniz”. Bununla bağlı müdafiə nazirliyindən iddiaçının sərəncamda olub-olmaması barədə sorğu da edilmiş, sorğuya cavab olaraq bildirilib ki, hərbi hissələrdə olan çıxarışlar arxiv idarəsində yoxdur. 27 dekabr 1997-ci ildə iddiaçı xidməti uyğunsuzluğa görə tərxis olunub. 1998-ci ildə valideynləri ilə birlikdə müraciət edib ki, yaşayış vəziyyətləri yaxşı deyil, ona görə də xidmətə qəbul olunsun. 1998-ci ilin 15 yanvarda yenidən xidmətə qəbul edilibdir. Söhbətləşmə apardıqda da iddiaçı bildimişdir ki, həmin dövrdə nöqsanlara yol vermiş və əgər xidmətə qəbul edilsə, bir daha nöqsanlara yol verməyəcək. Söhbətləşmə aparılması ilə, eyni zamanda dediklərilə bağlı sənədlər iş qovluğunda olmaqla surətlərini məhkəməyə təqdim etmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirlər.

11. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək digər nümayəndənin izahatında vurğulanan halları təsdiq etməklə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdı.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişdir.

13. Məhkəmə iclasının növbəti vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxs Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. N. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

30. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2. Pensiya təminatının şərtləri Pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısını itirməyə görə pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir. Maddə 12. Pensiyaların təyin edilməsi şərtləri Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Maddə 16. Xidmət illərinin hesablanması Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edil-məsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hazırki qərarın 15-N-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyərək apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Eyni zamanda məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına ayrıca akt şəklində qəbul edilmiş 28.03.2022-ci il tarixli məhkəmə qərardadına əsasən xitam verilmişdir.

33. Mübahisəli hüquq münasibətinin yarandığı 2001-ci ildə qüvvədə olmuş, hazırkı qərarın 30-cu bəndində istinad edilən normalara əsasən pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Eyni zamanda xidmət illərinə görə pensiya hüququna a) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular aid edilmişlər.

34. İddiaçının şəxsi işində olan məlumatlardan, həmçinin cavabdehin təqdim etdiyi və məhkəmələr tərəfindən araşdırılmış məlumata görə, iddiaçının şəxsi işi əsasında xidmət müddəti yenidən hesablanmış və müəyyən edilmişdir ki, iddiaçı: 1) 04.08.1986-cı ildən 05.09.1990-cı ilədək Ali hərbi məktəbdə kursant - 04 il, 01 ay, 01 gün. 2) 05.09.1990-cı ildən 08.06.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət - 02 il, 09 ay, 03 gün. 3) 16.09.1993-cü ildən 22.12.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 04 il, 03 ay, 06 gün. 4) 12.02.1998-ci ildən 20.04.2001-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 03 il, 02 ay, 08 gün. Qeyd: cəmi 14 il, 03 ay, 18 gün. Güzəştli xidmət müddəti: 5) 06.09.1990-cı ildən 21.05.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət müddətində xidmətin bir günü gün yarım hesablanmaqla - 01 il, 04 ay, 08 gün. 6) 16.09.1993-cü ildən 30.04.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət müddətində xidmətin bir günü iki gün hesablanmaqla - 03 il, 07 ay, 14 gün. 7) 01.05.1997-ci ildən 09.12.1997-ci ilədək MTN X4 Sərhəd Dəstəsinin sərhəd zastavasında xidmətin bir günü gün yarım hesablanmaqla - 3 ay, 19 gün. Qeyd: cəmi 05 il, 03 ay, 11 gün. İddiaçı arxiv şəxsi işində xidmət müddətinə aid başqa imtiyaz müəyyən edilməmişdir.

35. İddiaçının iddia tələbində istinad etdiyi 1) 08.06.1993-cü il tarixdən 16.09.1993-cü il tarixədək qeyd olunan dövr (03 ay 08 gün), özü də güzəştli şərtlərlə; 2) 22.12.1997-ci il tarixdən 12.02.1998-ci il tarixədək olan dövr (01 ay 20 gün); 3) 21.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixədək olan dövrün güzəşti (17 günün imtiyazı = 8 gün) müddəti hesablanmaqla tələb edilən xidməti illərinə aid edilməlidir.

36. Cavabdehin məhkəməyə təqdim etdiyi şəxsi iş materiallarında təsdiq edilir ki, iddiaçı cavabdehə 8 sentyabr 1993-cü ildə raportla müraciət edib ki, “xahiş edirəm, məni Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə qəbul edəsiniz”. Həmçinin cavabdeh tərəfindən Müdafiə Nazirliyindən iddiaçının 08.06.1993-cü il tarixdən 16.09.1993-cü il tarixədək sərəncamda olub-olmaması barədə sorğu edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının xidməti ilə iddia etdiyi N və N №-li hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması müəyyən edilmişdir. 27 dekabr 1997ci ildə iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış, 5 yanvar 1998-ci ildə atası Əbdülhüseyn Fərziyev tərəfindən MTN-nin Sərhəd Qoşunlarının komandanına ərizə ilə müraciət edilərək ailə vəziyyətlərinin nəzərə alınaraq oğlu Afiq Fərziyevin xidmətə qəbul edilməsini xahiş etdiyindən, yenidən sonuncunun 08.01.1998-ci il tarixli ərizəsində xidməti zamanı buraxdığı nöqsanlara görə ehtiyata buraxıldığını, xidmətə qaytarılarsa xidmətində dönüş yaradacağını söz verdiyindən 15 yanvar 1998-ci ildən yenidən xidmətə qəbul edilmişdir. N saylı hərbi hissənin zabit yığıncağının N.09.2000-ci il tarixli 2 №-li protokolundan müəyyən olunur ki, kapitan X1 barəsində Lənkəran Qarnizonu Hərbi Prokurorunun qərarının müzakirəsilə bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, sərhəd Qoşunlarından Silahlı Qüvvələrin ehtiyatına buraxılması təklif edilimişdir. N saylı hərbi hissə komandirinin 20.04.2001-ci il tarixli 95 saylı əmrinə əsasən kapitan X1 həmin tarixdən şəxsi heyət siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla MTN-nin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması əmr edilmişdir.

37. Beləliklə, iddiaçının hərbi xidmətdə olma müddətinin imtiyazlı hesablama ilə 19 il, 06 ay, 29 gün təşkil etdiyindən, buradan, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş şərt ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.

38. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar