Məhkəmə qərarları › İş №2-1(105)-80/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-80/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-80/2023 19.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X8 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2- 1(118)-273/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X6 ayrılmış 0.37 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən sonuncunun adına 05 aprel 2004-cü il tarixli, JN-538F KOD 30214018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən, Xaçmaz rayon, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsi sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət edərək Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə dair X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Ərizədə qeyd olunan Xaçmaz rayon, Qımılqışlaq kəndində yerləşən 0.37 ha torpaq sahəsinə dair X4 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X4 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamə və onun əsasında Ş.M.İsrafilovun adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********00 reyestr nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, üçüncü şəxs X5 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F saylı, 30214018 kodlu şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində iddiaçının atası mərhum X2 miras qalmış, 1938-ci ildə inşa edilmiş yaşayış evi mövcuddur və iddiaçı həmin evdə yaşayır. X1 xx.xx.1995-ci ildə vəfat etmişdir. 2021-ci ilin aprel ayında üçüncü şəxsin ona qarşı torpaq sahəsi üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddiasına məhkəmədə baxılarkən bilmişdir ki, göstərilən əmlakın yerləşdiyi 0,37 ha torpaq sahəsində Şıxsəfa İsrafilovun adına torpağın mülkiyyətə verilməsinə dair JN-538P saylı, 30214018 kodlu şəhadətnamə işlənmişdir. Şəhadətnamənin verilməsinə əsas kimi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı göstərilmişdir. Xaçmaz rayonu Bakı Soxvozunun Qımılqışlaq kəndində torpaq payı alan subyektlərin yekun siyahısında mərhum X3 və ailə üzvlərinin adları aşkar edilməmişdir. Başqa sözlə, üçüncü şəxsin adına İslahat Komissiyasının qərarı olmadan Şəhadətnamə işlənmişdir. Hesab edir ki, bu səbəbdən həmin şəhadətnamə ləğv edilməlidir. Qeyd edir ki, üçüncü şəxs 1990-cı illərin əvvəllərindən Qımılqışlaq kəndində yaşamır və orada pasport qeydiyyatı yoxdur. O, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Göstərilən mülkdə 20 ildən çoxdur ki, iddiaçı yaşayır və orada daimi pasport qeydiyyatındadır. Xaçmaz rayon Dövlət Arxivinin 11 noyabr 2020-ci il tarixli 720 nömrəli arxiv arayışında iddiaçı, onun bacıları, Bacıxanım, Ayşa, Nəsibə, Əzizə, İntizar mərhum X1nun ailə üzvləri kimi qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2-1(118)-273/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X5 adına işlənmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 538F KOD 30214018 saylı şəhadətnamə ləğv edilmişdir. (hakim L.Mirzəyeva). Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddia tələbinin təmin edilməsi barədə gəldiyi qənaəti qərarında belə əsaslandırmışdır ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz rayon AİK-nin 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı məhkəmə araşdırması zamanı aşkar edilməmiş, həmçinin, üçüncü şəxs tərəfindən də belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı qeyd edir ki, o, məhkəmə iclasında izahatında iddiaçının 1983-cü ildə anasının vəfat etdiyi tarixdən 3 aydan sonra evi tərk edib Bakı şəhərinə getdiyini, orada Bakı Şin zavoduna işə düzəldiyini, həmin zavodun yataqxanasında 1 otaqlı ev aldığını qeyd etmişdir. Üçüncü şəxs 1984-cü ildə Ali məktəbi bitirərək kəndə gəlmiş və atası ilə birlikdə yaşamışdır. Atası kənd XDS idarəsinə gedərək könüllü surətdə onun adına vəsiyyətnamə vermişdir. Bu vəsiyyətnamənin verilməsindən bütün bacıları, o cümlədən iddiaçının da xəbəri olmuşdur. Kənddə yaşayış yeri 2 otaqdan ibarət olduğundan üçüncü şəxsin atası onun kirayəyə getməyini xahiş etmişdir. Üçüncü şəxs kirayə yaşasa da daimi atasının evində olmuşdur. Kənddəki evinin otaqlarından biri onda olmuşdur, hal-hazırda da üçüncü şəxsdədir. 2021-ci ildə iddiaçının evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilmişdir. Atası 1995-ci ildə vəfat etdikdən sonra vəsiyyətnamə ilə ona miras qoyulmuş yaşayış evini vərəsə olaraq faktiki olaraq qəbul etməklə onu idarə etməyə başlamışdır. Ona görə də hesab edir ki, 1995-ci ildən başlayaraq miras evi faktiki qəbul etdiyi üçün evin həyətyanı torpaq sahəsi də qanuni əsaslarla onun istifadəsinə keçmiş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən həmin həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilməli idi. Bu əsasla həyətyanı torpaq sahəsinə dair adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qanuni olaraq işlənmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı mübahisələndirdiyi şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı aşkar edilməmiş, eyni zamanda üçüncü şəxs tərəfindən də belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə, üçüncü şəxsin adına aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasının müəyyən olunmaması, həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal da qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Eyni zamanda, arxiv sənədləri ilə torpaq sahəsinin təsərrüfatbaşına kitabda mərhum atasının adına olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan şəhadətnamə qanunamüvafiq olmamaqla yanaşı, onun həmin torpaq sahəsinə olan gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbələri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İşdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X6 ayrılmış 0.37 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən sonuncunun adına 05 aprel 2004-cü il tarixli, JN-538F KOD 30214018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Hazırda iddiaçı həmin Şəhadətnaməni mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı müvafiq sorğular verilməsinə baxmayaraq məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması, ümumiyyətlə üçüncü şəxsin adına aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasının müəyyən olunmaması həmin şəhadətnamənin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir ki, bu hal da qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd edir ki, arxiv sənədləri ilə torpaq sahəsinin təsərrüfatbaşına kitabda iddiaçının atasının adına olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan şəhadətnamə qanunamüvafiq olmamaqla yanaşı, iddiaçının da həmin torpaq sahəsinə olan gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından görünür ki, mübahisələndirilən 0.37 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş və torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(067)-2033/2019 nömrəli qətnaməsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-538F saylı, 30214018 kodlu şəhadətnamənin X6 məxsus olması faktının doğruluğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivi 08 oktyabr 2021-ci il tarixli, 1027 saylı məktubu ilə bildirmişdir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan, Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı protokolu ilə Xaçmaz rayon “Bakı” sovxozu ərazisində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X5 adı aşkar edilməmişdir. İşə baxan məhkəmə Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “Bakı” sovxozu ərazisində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında üçüncü şəxsin adı aşkar edilmədiyindən, aqrar islahat zamanı ona torpaq sahəsi ayrılmadığını hesab edərək iddia tələbini təmin etmişdir. Halbuki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən təqdim edilən sənədlərdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı protokol qərarına əsasən:

1. Bakı sovxozu üzrə cəmi 3006 ha olmaqla, dövlət mülkiyyətində saxlanılan torpaqlar 255,5 ha, bələdiyyə mülkiyyətinə verilən torpaqlar 681,3 ha (o cümlədən, bələdiyyənin ehtiyat fondu üçün 90,4 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi) və xüsusi mülkiyyətə verilən torpaqlar 2069,2 ha (o cümlədən özəlləşən torpaqlar 1701 ha və 368,2 ha həyətyanı torpaq sahələri), təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,36 ha orta torpaq payının müəyyən edilməsi, habelə, təsərrüfatın ərazisində yerləşən kəndlər üzrə torpaqların bölgü istiqamətinin təyin olunması və bu ərazidə yaşayan vətəndaşların fərdi həyətyanı sahələrində olan normadan artıq torpaqların onların torpaq payından çıxarılması barədə:

2. “Bakı” sovxozunu əhatə edən kəndlər üzrə torpaq payı almaq hüququ olan subyektlərin dəqiqləşdirilmiş siyahılarının (Qımılqışlaq kəndində 1769 nəfər, 511 ailə, Mollaburhan kəndində 581 nəfər 162 ailə, Çuxur-oba və Maşı-oba kəndlərində 276 nəfər 69 ailə, Mirzəmməd kəndində 485 nəfər, 132 ailə, Hacıisa-oba kəndində 305 nəfər, 70 ailə, Aqarəhim-oba kəndində 271 nəfər, 76 ailə, Şıxlar kəndində 333 nəfər, 89 ailə, Qadaş-oba kəndində 693 nəfər, 195 ailə, cəmi 4713 nəfər, 1304 ailə, o cümlədən, 18 nəfər əlavə torpaq payı alanlar və 15 nəfər kiçik müəssisələrin təsisçiləri) təsdiq edilməsi barədə “Bakı” sovxozunun AİK-nın 22 sentyabr 1997-ci il tarixli, 9 qərarının təsdiq edilməsi qərara alınmışdır. Xaçmaz rayon AİK-nin 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarına 1 saylı əlavə olan Xaçmaz rayonun Qımılqışlaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən isə görünür ki, cədvəlin 538-ci bəndində Şixsəfa İsrafilovun adı qeyd edilərək 0,40 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. Həmçinin, X14, Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən təsdiq edilmiş cədvəldən görünür ki, üçüncü şəxsin mülkiyyətinə verilən torpaq sahəsi sənəd üzrə ölçüsü 0,4000 ha, faktiki ölçüsü isə 0,3728 ha qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan sübutların tədqiq edilməsi nəticəsində müəyyən edildi ki, 1997-ci il tarixdə Xaçmaz rayonunda aparılmış aqrar islahat zamanı Xaçmaz rayon Aqrar İslahatı Komissiyası tərəfindən təsdiq edilmiş Qımılqışlaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, üçüncü şəxsə 0,40 ha həyətyanı torpaq sahəsi (faktiki istifadəsində olan torpaq sahəsi 0,3728 ha olmaqla) ayrılmış, eyni zamanda vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən də, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-538F seriyalı şəhadətnamə əsasında qeydə alınmış torpağın sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün həyətyanı sahə, ümumi sahəsi 0.37 ha qeyd edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi ilə bağlı tam araşdırma aparılmadan mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə üçüncü şəxsə torpaq sahəsi ayrılmadığı qənaətinə gəlsə də, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə üçüncü şəxsə 0.40 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair (faktiki istifadəsində olan 0.37 ha torpaq sahəsinə) onun adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Kollegiya xüsusi olaraq qeyd edir ki, şəhadətnamənin tərtib edilməsinə əsas olmuş inzibati akt, yəni Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya hesab edir ki, həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.(7-ci bənd). Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə Xaçmaz rayon AİK-nın 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarını mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, üçüncü şəxsin adına tərtib edilmiş JN- 538F KOD 30214018 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğvinə dair məhkəmədə iddia qaldırmalıdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2-1(118)-273/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar