Məhkəmə qərarları › İş №2-1(105)-80/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-80/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-80/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardım bərpa edilməsi və ödənilməyən sosial yardımın hesablanıb ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-1964/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ailəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 241,23 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmiş və 2022-ci ilin dekabr ayınadək həmin yardım ailəyə ödənilmişdir. Daha sonra ailənin gəlirlərində baş vermiş dəyişiklik səbəbindən iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-M5977/2023 nömrəli qərarı ilə iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş 1688,61 manat məbləğində sosial yardımın tələb edilərək Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 may 2023-cü il tarixli, 2-1(118)-2754/2023 qərarı ilə iddiaçı barəsində qəbul edilmiş DSMF-nin X1 üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli, 3-17-1/2- M5977/2023 nömrəli qərarı ləğv olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək ailəsinə təyin edilmiş ünvanlı sosial yardım bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməyən sosial yardımın hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-222288/23 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində ÜDSY-nin alınması ilə bağlı müraciətinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçının ailəsinə 241,23 manat məbləğində ÜDSY təyin olunmuş və aparılan təkrar müayinə zamanı aşkarlanmış ailənin gəlirlərində baş vermiş dəyişikliklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” na əsasən, ailəsinə təyin edilmiş ÜDSY xx.xx.2022-ci il tarixində dayandırılmış və bu barədə müraciətindəki əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Sumqayıt İnzibati Mənkəməsinin 30 may 2023-cu il tarixli, 2-1(118)-2754/2023 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş və Mərkəzi Filialın 12 yanvar 2023-cü il tarixli. 3-17-1/2- M-5977/2023 nömrəli əsassız ödənilmiş sosial yardımın geri qaytarılması barədə qərarı ləğv edilmişdir. Sözügedən qərar tərəflərindən nəzərə alınmışdır. Sosial yardıma müraciətlə bağlı məhdudiyyətin olmamasını nəzərə alaraq, yenidən elektron qaydada VEMTAS-a müraciəti olduğu halda, qanunvericiliyə uyğun olaraq qərar qəbul ediləcəkdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvanlı dövlət sosial yardımın bərpa olunması və almadığı aylar üzrə məbləğin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi işin yuarıda sadalanan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa olunması və ödənilməyən aylar üzrə məbləğin hesablanıb ödənilməsinə dair müraciətindən cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş 1688,61 manat məbləğində sosial yardımın tələb edilərək ödənilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M5977/2023 nömrəli qərarı məhkəmə qaydasında ləğv edilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməyən sosial yardım hesablanıb ödənilməlidiur. Cavabdeh iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixdən 241,23 (iki yüz qırx bir manat iyirmi üç qəpik) ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı tərəfindən keçirilmiş yoxlama zamanı ailənin gəlirlərində (aliment almasına dair hər hansı sənəd təqdim etməmişdir) baş vermiş dəyişikliklər aşkar edildiyi üçün iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın ödənişi xx.xx.2022-ci ildən dayandırılmışdır. İddiaçı qanunvericilik normalarının tələblərinə zidd olaraq ailənin gəlirlərində baş vermiş dəyişiklik barədə inzibati orqana məlumat vermədiyi üçün ona təyin olunmuş ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdə dayandırılmış və ödənilmiş 1688,61 manat vəsaitin geri ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın çıxardığı qərar əsaslı və qanuna uyğun olmuşdur. Bundan başqa, mövcud qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımının dayandırılmasına dair inzibati aktın qərar şəklində tərtib edilməsinə zərurət yoxdur. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı sosial yardım bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməyən sosial yardımım hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin ərizəsinə əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı əsl Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmiş, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-1964/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya təyin edilmiş ünvanlı sosial yardım bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməyən sosial yardımın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıdan artıq ödənilmiş pulun tutulması ilə bağlı cavabdeh təşkilatın qərarı məhkəmə qərarı ilə ləğv edilmiş və məhkəmənin həmin qərarı qanuni qüvvəsini almışdır. Başqa sözlə, iddiaçıya təyin edilmiş sosial müavinətin ödənilməməsi üçün cavabdeh təşkilatın hər hansı bir əsası mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə sorğu ünvanlanmışdır. Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, 05/388 nömrəli sorğuya cavab məktubunda İddiaçı X2 tərəfindən mütəmadi olaraq aliment ödənişləri edildiyi və hazırda aliment borcunun olmadığı qeyd edilmişdir. Həmçinin, iddiaçıya sosial yardım təyin edilərkən xx.xx.2022-ci il tarixdə aparılmış X1 aktına əsasən iddiaçı aliment almadığını və İcra və probasiyadan sənəd təqdim edəcəyini bildirmişdir. İddiaçının aliment alması dayandırmaya əsas verən hal kimi nəzərə alınmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının uşaqlarına aliment ödənilməsi barədə məhkəmə qətnaməsi olsa da, faktiki olaraq aliment almır. Belə ki, keçmiş əri 2 dəfə ürək əməliyyatı olduğundan alment məbləğini hər ay ödəyə bilmirdi, sadəcə uşaqları görəndə onlara pul verirdi. Bu baxımdan, iddiaçı tərəfindən bununla bağlı icra orqanına şikayət edilməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”:

4. Sosial yardımın verilməsi və verilməsinin dayandırılması 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.5. Təmsilçi vəfat etdikdə, habelə sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

İnzibati Prosessual Məcəllə: Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa edilməsindən və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona ödənilməyən sosial yardımın ödənilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılmasından sonra iddiaçı barəsində qəbul edilmiş ondan artıq ödənilmiş 1688,61 manat məbləğində sosial yardımın tutulması barədə DSMF-nin X1 üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- M5977/2023 nömrəli qərarının məhkəmə qaydasında ləğv edildiyi halına istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: İşin hallarından müəyyən edilir ki, iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardım təyin edilmişdir. 2022-ci ilin dekabr ayından cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmış, dayandırılmanın səbəbi ailənin gəlirlərində baş vermiş dəyişiklik - aliment ödənilməsi barədə hər hansı sənədin təqdim edilməməsi olmuşdur. Cavabdeh dayandırılmanın əsası olaraq apellyasiya şikayətinin dəlillərində tərəflərindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, 05/388 nömrəli məktubunda İddiaçı X2 tərəfindən mütəmadi olaraq aliment ödənişləri edildiyi və hazırda aliment borcunun olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 10544/28 nömrəli arayışdan isə görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2/060)-1701/2011 nömrəli icra sənədi üzrə xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə hər ay üçün 140 manat sabit pul məblğində aliment X7 İddiaçı ödənilməlidir. X2 İddiaçı 2014-cü ildən heç bir aliment ödənişi etməmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, 05/388 nömrəli məktubu ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli, 10544/28 nömrəli arayışında qeyd olunan məlumatlar arasında ziddiyyət mövcuddur. Qeyd oluna ziddiyyətin, eləcə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2/060)-1701/2011 nömrəli icra sənədi üzrə X2 tərəfindən aliment ödənişinin edilibedilmədiyi barədə məlumat alınması ilə bağlı kollegiya tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq həmin orqanın xx.xx.2024-cü il tarixli, 11353 nömrəli məktubundan görünür ki, icraat zamanı “Elektron icra” informasiya sistemindən X2nun şəxsiyyətini müəyyən edə biləcək məlumatlar, o cümlədən fərdi identifikasiya nömrəsi aşkar edilmədiyindən borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi mümkün olmamışdır. İcraat materiallarında 2014-cü ildən alimentin ödənilməsi ilə bağlı heç bir qəbz və ya digər sənədlər aşkar olunmamış, habelə icra sənədi üzrə tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə İcra idarəsinə müraciət edərək aliment almadığını bildirmişdir. Bu fakt borclunun xx.xx.2024-cü il tarixli izahatında da təsdiqini tapır. Sorğuya cavabda Sumqayıt şəhər üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə Sumqayıt Regional Ədliyyə idarəsinin xx.xx.2024-cü il tarixli məktubu arasında olan ziddiyyətlə bağlı bildirilmişdir ki, sonuncunun sorğusu əsasında xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı ilə mobil telefonla əlaqə saxlanılarkən o, Əziz Məmmədovun aliment borcunun olmadığını bildirmiş və göstərilənlər əsas gətirilərək Sumqayıt Regional Ədliyyə İdarəsinə arayış təqdim edilmişdir. Həmçinin, icra sənədi üzrə tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə icra idarəsinə müraciət edərək Əziz Məmmədovun aliment borcunun olmaması barədə icra məmuruna bildirdiyini borclunun xəstəliyi ilə və onun inzibati məsuliyyətə cəlb edilməsini istəmədiyi ilə əlaqələndirmişdir. Həmçinin, iddiaçı da bununla bağlı məhkəmə icasında izahatında keçmiş ərinin səhhəti ilə əlaqədar alment məbləğini hər ay ödəyə bilmədiyindən ondan icra orqanına şikayət etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə icraatı zamanı iddiaçı ərizə ilə Sumqayıt şəhər üzrə İcra İdarəsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)- 1701/2011 nömrəli icra sənədinin geri qaytarılmasını xahiş etmiş, bu baxımdan, həmin İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qərarla icra sənədi Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının uşaqlarına aliment ödənilməsi barədə məhkəmə qətnaməsi olmuş olsa da, faktiki olaraq aliment ödənilməmiş, bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yəni, nəticə etibarilə iddiaçının ailəsinin gəlirlərində dəyişiklik baş verməsi halı yoxdur. Digər tərəfdən, cavabdeh iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırarkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almamışdır. Halbuki, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, hazırkı iş üzrə iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən etimadın qorunması hüququnu istisna edən hallar da mövcud olmamışdır. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində sosial yardımın dayandırılmasına dair hərəkətləri edərkən onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, cavabdeh aliment ödənilməsi barədə hər hansı sənədin təqdim edilməməsi halına istinadən ünvanlı dövlət sosial yardımın dayandırılmasını həyata keçirərkən buna formal yanaşmış, sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla, qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əməl etməmiş, ödənişlərin dayandırılması qənaətinə gəlmiş, hətta əvvəlki ödənişlərin geri tələb edilməsinə dair qərar qəbul etmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş ondan artıq ödənilmiş 1688,61 manat məbləğində sosial yardımın tutulması barədə DSMF-nin X1 üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- M5977/2023 nömrəli qərarının məhkəmə qaydasında ləğv edildiyi də nəzərə alınmalıdır. İşin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-1964/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar