Məhkəmə qərarları › İş №2-1(105)-800/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-800/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-800/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2- 1(118)-1993/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə Quba rayonunda doğulmuşdur. xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin avtomobillərin təmiri və saxlanılması üzrə takelajçı vəzifəsində xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə başlayan Vətən Müharibəsində hərbi hissəsi ilə birlikdə Cəbrayıl rayonunda dislokasiya edilmişdir və yararsız texnikaların təmiri ilə və digər vəzifələri icra etmişdir. xx.xx.2020-ci il tarixdən müharibənin qızğın döyüş getdiyi ərazidə xidmət keçmişdir, lakin buna baxmayaraq, iddiaçıya Müharibə Veteranı adı verilməmişdir. Hansı ki, iddiaçı ilə bərabər eyni hərbi hissədə xidmət keçən şəxslərə Müharibə Veteranı adı verilmişdir. Buradan görünür ki, müharibədə iştirak etmiş şəxslər arasında ayrı-seçkilik yaradılmışdır. Müharibə Veteranı adı verilmiş digər hərbi qulluqçular da iddiaçının xidmət keçdiyi “275” saylı hərbi hissənin əsgərləri olmaqla, onlar da iddiaçı kimi eyni vəzifəni yerinə yetirmişlər. Azərbaycan Respublikası Veteranlar haqqında Qanunun 3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak elmiş şəxslər Müharibə Veteranları sayılırlar. xx.xx.2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iddiaçı da digər əsgərlərlə birlikdə döyüş bölgəsində döyüşlərdə zədələnmiş ağır texnikanın döyüş şəraitində təmirini həyata keçirmişdir. Bu fakt N saylı hərbi hissənin komandiri və qərargah rəisinin imzaladıqları xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnamədən açıq-aydın görünür. Bütün bunlara baxmayaraq, xx.xx.2024-cü il tarixdə komandir tərəfindən imzalanmış cavab məktubundan aşkar olunur ki, iddiaçıya müharibə veteranı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının ezam olunduğu ərazi (Beyləqan rayonu.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-1993/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sözügedən qərarında iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) ezam olunaraq 2-ci Ordu Korpusu istiqamətində texniki təminat və təmir məntəqəsinin tərkibində zədələnmiş toplanma məntəqəsində təmir işlərində fəal iştirak edərək döyüşlərdə bölmələrin nasaz vəziyyətə düşmüş avtomobil texnikalarını qısa müddətdə təmirini həyata keçirməklə döyüşə hazır vəziyyətə gətirilməsi işini həyata keçirməsini əsas götürərək iddianı təmin etmişdir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) ezam olunaraq, N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsində (Beyləqan rayonunda) xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. Bildirilir ki, iddiaçı N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Beyləqan rayonunda xidməti vəzifələrini icra edərək toplama məntəqəsində döyüş əməliyyatlarında zədələnmiş və nasaz vəziyyətə düşmüş texnikaların təmirində fəal iştirak etmiş, lakin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Beyləqan rayonu olmuşdur. Göründüyü kimi Beyləqan rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Yuxarıda qeyd edilən analoji işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023 2-1(105)- 376/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir Həmçinin analoji işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3395/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk növbədə kollegiya işin hüquqi halları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu və 11-ci abzaslarına istinad etməyi zəruri hesab edir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - 10-cu abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - 2-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus SX № ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı N iyul 2020-ci ildə hərbi hissəyə göndərilmiş, N yanvar 2022ci ildə MN-nin 07 dekabr 2021-ci il tarixli, 494 nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayış-məlumatdan müəyyən edilir ki, İddiaçı xidmət etdiyi hərbi hissədən N nömrəli, xx.xx.2020-ci il tarixli əmrlə N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli, xx.xx.2020-ci il tarixli əmrlə isə həmin hərbi hissədən geri qayıtmışdır. Həmin arayışda həmçinin “ezam olunmasının səbəbi və məqsədi kimi “xx.xx.2020-ci il tarixdən başlayan “Vətən Müharibəsində” döyüş tapşırığına uyğun olaraq 2-ci Ordu Korpusu istiqamətində texniki təminat və təmir məntəqəsinin tərkibində zədələnmiş toplanma məntəqəsində təmir işlərində fəal iştirak edərək döyüşlərdə bölmələrimizin nazas vəziyyətə düşmüş avtomobil texnikalarını qısa müddətdə təmirini həyata keçirməklə döyüşə hazır vəziyyətə gətirilməsi işini həyata keçirmişdir” ifadələri qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyun 2025-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda 28 sentyabr 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək nasaz vəziyyətdə olan avtomobillərin təmiri və şəxsi heyətin daşınması işinin təşkil olunmasında iştirak etmişdir. bununla əlaqədar olaraq “Vətən müharibəsi” dövründə əsgər İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi ilə 28 sentyabr 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək Cəbrayıl rayonu Daşkəsən kəndi istiqamətində nasaz maşınların təmir fəaliyyətinin təşkil edilməsində iştirak etmişdir. Eləcə də iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2025-ci il tarixli aktdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmə məqsədi ilə N nömrəli hərbi hissəyə ezam edilməsi, qazan təminatına qoyulması və Cəbrayıl rayonu Daşkəsən kəndi istiqamətdə nasaz maşınların təmir edilməsi fəaliyyəti təsdiq edilmişdir. Həmçinin sözügedən sənədlərə 05 may 2025-ci il tarixli izahatlar da əlavə edilmişdir. Həmin izahatlardan da görünür ki, İddiaçı 28 sentyabr 2020-ci il tarixdən 19 noyabr 2020ci il tarixinədək N nömrəli hərbi hissəyə əşya-əmlak, şəxsi heyəti daşımaq və təmirə ehtiyacı olan avtomobillərin təmir olunması məqsədi ilə ezam olunmuş, N nömrəli hərbi hissədə ezam olunduğu müddətlərdə Cəbrayıl rayon, Daşkəsən kəndi ərazisində döyüş mövqelərində olan hərbi qulluqçuların ərzaq və əşya ilə təmin edilməsini, nasaz vəziyyətdə olan avtomobillərin təmiri və şəxsi heyətin daşınmasının təşkili ona təhkim edilmişdi. Göründüyü kimi iddiaçının Cəbrayıl rayon, Daşkəsən kəndi ərazisində döyüş mövqelərində nasaz maşınların təmir edilməsi ilə məşğul olması yuxarıda istinad olunan sənədlər əsasında öz təsdiqini tapmışdır. Eyni zamanda apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq yuxarıda qeyd olunan sənədlərin tərəflərindən mötəbər sənəd kimi qəbul edilib-edilməməsi, qəbul edilmədiyi təqdirdə bunun səbəbləri barədə ən qısa zaman ərzində məhkəməyə ətraflı məlumat təqdim edilməsi tələb olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən sorğuya cavab olaraq göndərilmiş 08 sentyabr 2025ci il tarixli, 74/749 nömrəli məktubdan qeyd edilir ki, N nömrəli hərbi hissədə əvvəllər xidmət etmiş ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissədə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabitenin 30 noyabr 2021-ci il tarixli 24 №-li Qərarına əsasən yaradılmış “Vətən müharibəsi iştirakçılarına “Mübaribə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya’ya təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyində yaradılmış Komissiyaya göndərilmişdir. Məlumat üçün bildirilir ki, döyüş əməliyyatları aparılan dövrdə ehtiyatda olan əsgər İddiaçı iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilən ərazi meyarlarına uyğun olmadığına görə iclas protokuluna əsasən komissiya ehtiyatda olan əsgər İddiaçı “Müharibə veteranı” adının və vəsiqənin verilməsi üçün müəyyən edilmiş siyahıya salınaraq razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini məqsədəuyğun hesab etməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən ünvanlanan sorğu mahiyyət etibarilə cavablandırılmamış, sözügedən sənədlərlə bağlı inzibati orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunmuş ərazidə (Cəbrayıl rayonunda) döyüş mövqelərində nasaz maşınların təmir edilməsi ilə məşğul olması barədə hərbi hissənin müvafiq sənədləri olduğundan iddiaçı tələbində haqlıdır. Sözügedən sənədlərin mötəbər olmamasına dair inzibati orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir. Beləliklə də, N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyun 2025-ci il tarixli, 49 nömrəli arayış və N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2025-ci il tarixli akt kollegiya tərəfindən mötəbər sənəd qismində qəbul edilməklə iddianın təmin edilməsi üçün yetərli hesab olunur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda istinad edilən Əsasnamənin məzmunundan göründüyü kimi, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Kollegiya qeyd edir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyun 2025-ci il tarixli, 49 nömrəli arayış və N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2025-ci il tarixli aktdan da göründüyü kimi iddiaçı müharibə bölgəsi Cəbrayıl rayonu, Daşkəsən kəndi ərazisində döyüş mövqelərində nasaz maşınların təmir edilməsi ilə bağlı fəaliyyət göstərmişdir. Həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübut olunmadığından, onlar mötəbər sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldilmiş yeni dəlil və sübutlar irəli sürülməmiş, şikayət mahiyyət etibarilə iddia tələbinə etirazla eyni məzmunda olmuş, nə apellyasiya şikayətində, nə də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş məktubda N nömrəli hərbi hissə tərəfindən verilmiş N iyun 2025-ci il tarixli, 49 nömrəli arayış və N nömrəli hərbi hissə tərəfindən verilmiş N aprel 2025-ci il tarixli akta münasibət bildirilməmişdir. Əlavə olaraq cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, analoji işlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi formalaşmış və Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(105)-376/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmişdir. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi qərar üzrə işin halları hazırki inzibati mübahisənin halları ilə eynilik təşkil etməməklə, sözügedən inzibati işin xüsusiyyətləri fərqli xarakter daşıyır. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının yuxarıda istinad edilən Əsasnamənin müddəalarından irəli gələn hazırkı məzmunda tələb hüququna təsir edə bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-1993/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar