Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-802/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qeyri qanuni hesab edilməsi, torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2800/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları **********46 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha yaşayış məntəqəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. **********47 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.34 ha yaşayış məntəqəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtina bildirişindən görünür ki, İddiaçı ərizələrinə əlavə olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli **********46 və xx.xx.2022-ci il tarixli **********47 reyestr nömrəli çıxarışlara əsasən, sözügedən torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olsa da, faktiki torpaq sahələrinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunduğu məlum olmuşdur. Torpaq sahələri təyinatı üzrə ayrılmadığına görə ərizələrin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qeyri qanuni hesab edilməsi, “Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha və 0.34 ha torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha və 0.34 ha torpaq sahələrinə plan və ölçü sənədinin tərtib olunması barədə ərizə ilə 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh sözügedən torpaq sahəsinin örüş torpaqlarına aid edildiyini əsas gətirərək, 20 dekabr 2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi cavabdeh tərəfindən göstərilmişdir ki, sözügedən torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqları kotiqoriyasına aid olsa da, bu torpaq sahələrinin yerləşdiyi ərazinin elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunmuşdur. Cavabdehin cavabının uyğunsuzluğu ondan ibarətdir ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha və 0.34 ha torpaq sahələri yaşayış mənətəqələrinin torpaq sahələridir. Bu faktı da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********46 nömrəli xx.xx.2022-ci il tarixli və **********47 nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışları da təsdiq edir. Digər əsassızlıq ondan ibarətdir ki, sözügedən torpaq sahələrinin yerləşdiyi ərazinin elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd edilməsi belə həmin torpaq sahələrinin inventarlaşdırılmasından və müvafiq ölçü işlərinin aparılmasından imtina üçün əsas deyildir. Bu səbəbdən mülkiyyətində olan torpaq sahələrinə plan və ölçü sənədinin tərtib olunmasından cavabdehin imtinasını əsassız və qanunsuz hesab etməklə mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ərizələrinə əlavə olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli, **********46 və xx.xx.2022-ci il tarixli, **********47 reyestr nömrəli çıxarışlara əsasən, mülkiyyətdə ola 0.30 ha və 0.34 ha torpaq sahələri yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olsa da, faktiki torpaq sahələrinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunmuşdur. Torpaq sahələrinin məlumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün ərizələrin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2800/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha və 0.34 ha torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Göründüyü kimi qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.Yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Maddə 8. Torpaqların texniki uçotu Torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir. Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 10. Torpaq-kadastr işlərinin yerdə (naturada) aparılması müddətləri Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Maddə 12. Dövlət torpaq kadastrı fondu Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Maddə 17. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerqurluşu işləri nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0.30 ha və 0.34 ha torpaq sahələrinə plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********46 və xx.xx.2022-ci il tarixli **********47 reyestr nömrəli çıxarışlara əsasən, sözügedən torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olsa da, faktiki torpaq sahələrinin yerləşdiyi ərazi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunması halına istinad edərək imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, **********46 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.30 ha yaşayış məntəqəli torpaq sahəsi və **********47 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.34 ha yaşayış məntəqəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu halda işin mübahisəli halı məhz cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasından imtina edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alındığı halda, həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasından imtina edilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, torpaq haqqında qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinin plan və ölçüsü onu xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (müvafiq Fərmanla qeyd edilən icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir). Göründüyü kimi indiki halda torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və təsdiq edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən bununla bağlı hər hansı araşdırma aparılmamış, müvafiq ölçmə işləri ilə bağlı heç bir tədbir həyata keçirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi arqumentlə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahələrinə dair iddiaçının xüsusi mülkiyyəti qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin kateqoriyası kimi yaşayış məntəqələri olması qeyd edilmiş, cavabdeh inzibati orqan tərəfindən bu barədə müvafiq çıxarış verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının adına ilkin torpaqayırma sənədlərində dətorpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması qeyd edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsindən imtina əsası kimi torpaq sahəsinin təyinatının mübahisələndirilməsi ilk növbədə özünün təqdim etdiyi məlumatlar və həmin məlumata aid sənədin mötəbərliyinin özü tərəfindən şübhə altın alınmasına gətirib çıxardır. Bundan əlavə, cavabdehin istinad etdiyi arqument mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı mübahisələndirilməsinə əsas verir ki, indiki halda qeyd edilən torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtin, etiraz və şikayətinin dəlilləri əsassız olmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə dair artıq mülkiyyət hüququ qeydiyyata alındığı halda, cavabdeh inzibati orqanın imtina və etirazın əsası kimi göstərdiyi hallara istinad etməsi özlüyündə iddiaçının ona məxsus olan torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olan ölçülərinin müəyyən edilməsi imkanından məhrum olmasına, bu hüququnun məhdudlaşdırılmasına, dolayısı ilə mülkiyyət hüququnun realizəsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə ziddir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassız olmuşdur. Belliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2800/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.