Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-805/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qzının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)- 1643/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 16 noyabr 2007-ci il tarixli, 566 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 29 dekabr 2007-ci il tarixli, 02/2719 nömrəli rəylərinə əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə Sumqayıt şəhərinin cənubunda "Samur-Abşeron" kanalının şimalında, 8-ci məhəllə ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. 02 yanvar 2008-ci il tarixli, 10 nömrəli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən 02 yanvar 2008-ci il tarixdə torpaq alqısının müqabilində Sumqayıt bələdiyyəsinin **********0001 nömrəli bank hesabına müvafiq olaraq 300,00 (üç yüz) manat pul ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 nömrəli protokol qərarı ilə Sumqayıt şəhərinin cənubunda "Samur-Abşeron" kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində 8-ci məhəllə ərazisində yerləşən 600 kv.m 77 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. 22 fevral 2008-ci il tarixdə ayrılan torpaq sahəsinə dair 78 nömrəli İnşaat Pasportu tərtib edilmiş və Sumqayıt şəhər Bələdiyyəsinin baş memarı tərəfindən 27 fevral 2008-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin, torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən torpaq sahəsinin planı sənədi tərtib edilmişdir. 27 fevral 2008-ci il tarixli akta əsasən, Sumqayıt şəhər Bələdiyyəsinin 22 fevral 2008ci il tarixli, 05 nömrəli qərarına əsasən ayrılmış 600 kv.m torpaq sahəsinin sərhədləri Sumqayıt şəhər bələdiyyəsinin memarlıq və tikinti şöbəsinin nümayəndəsi tərəfindən ərazinin baş planında müəyyən edilmiş və vətəndaş İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək yerləşən Sumqayıt şəhəri, "Samur- Abşeron" kanalının şimalında, 8-ci məhəllə ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh orqan 25 oktyabr 2022-ci il tarixli, **********25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı ərizəyə əlavə olunmuş bələdiyyə qərarının 2008-ci ildə ayrıldığı və bələdiyyə tərəfindən torpaq sahəsinin alqı-satqısının həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığı və torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılan zamanı əldə olunan məlumatların kadastr məlumat bazasında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinə qonşu torpaq sahələrinin ünvanı "7-ci məhəllə" kimi göstərilmişdir, lakin təqdim olunan sənədlərdə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “8-ci məhəllədə" yerləşdiyi qeyd olunmuşdur. Həmçinin, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilən zaman iddiaçıya məxsus torpaq sahəsindən əlavə zəbt torpaq sahəsinin olduğu aşkar edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış ona 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, "Samur- Abşeron" kanalının şimalında, 8-ci məhəllə ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, həmin torpaq sahəsinin satın alınması ilə bağlı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına ödəniş olunmuş və tələb olunan bütün prosessual hərəkətlər həyata keçirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstəriləndən əlavə olaraq zəbti də mövcuddur. Texniki inventarlaşdırma işləri aparılmış və müəyyən edilmişdir ki, torpaq sahəsi ümumi hasara alınmış 2 tərəfdən mişar daşı və 2 tərəfi qeyri-yaşayış binası ilə hüdudlanmış 0,0215 ha daxilində yerləşir. 0,0172 ha zəbt torpaq sahəsi mövcuddur. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1643/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə uyğun qaydada bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış, torpaq sahəsi üçün alqısatqı haqqı olaraq 300 manat pul bələdiyyənin hesabına ödənilmiş, iddiaçı tərəfindən həmin torpaq sahəsi yerində qəbul edilmişdir. Sahənin ünvanının “8-ci məhəllə”, qonşu torpaq sahələrinin “7-ci məhəllə” kimi göstərilməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan bələdiyyə qərarı ilə bağlı əldə edilmiş arxiv əsaslarında olan xəritədən çıxarışdan və torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsi faktiki olaraq 8-ci məhəllədə yerləşir. Bu baxımdan, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddiaçının müraciəti ilə əlaqədar sənədlərin araşdırılması zamanı ərizəyə əlavə olunmuş bələdiyyə qərarının 2008-ci ildə ayrıldığı və bələdiyyə tərəfindən torpaq sahəsinin alqı-satqısının həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmadığı və torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılan zamanı əldə olunan məlumatların kadastr məlumat bazasında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinə qonşu torpaq sahələrinin ünvanı "7-ci məhəllə" kimi göstərilmişdir, lakin təqdim olunan sənədlərdə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “8-ci məhəllədə" yerləşdiyi qeyd olunmuşdur. Həmçinin, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilən zaman iddiaçıya məxsus torpaq sahəsindən əlavə zəbt torpaq sahəsinin olduğu aşkar edilmişdir. Bu baxımdan, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Həmçinin, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxan məhkəmə tərəfindən iddianın mümkünlüyü araşdırılmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin, iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, o, 1990-cı ildən etibarən Sumqayıt şəhərində, hazırda isə Corat qəsəbəsində yaşayır və ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Həmin ünvanda yerləşən mənzil əvvəllər onların mülkiyyətində olmuş, təxminən 10 il bundan əvvəl həmin mənzili satmışlar. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.
3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.
4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-).
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 10-cu bənd. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, "Samur- Abşeron" kanalının şimalında, 8-ci məhəllə ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, sözügedən 600 kv.m torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 nömrəli protokol qərarı ilə iddiaçıya satılmış və onun tərəfindən bələdiyyənin hesabına torpaq sahəsinin alqısı müqabilində 300 manat pul ödənilmişdir. Həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin və Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin müvafiq rəyləri, ödəniş qəbzi, torpaq sahəsinə dair DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı sənədi, o cümlədən, torpaq sahəsinin təhvil-təslim aktı ilə də təsdiq edilir. Cavabdeh iki əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadan və hərrac keçirilmədən sahənin birbaşa iddiaçıya satılması; 2) Qonşu torpaq sahələrinin ünvanının "7-ci məhəllə" kimi göstərildiyi halda, təqdim olunan sənədlərdə torpaq sahəsinin yerləşdiyi ünvanın “8-ci məhəllə" kimi qeyd edilməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin yuxarıda qeyd edilən normalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, bələdiyyə tərəfindən 2008-ci il tarixdə torpaq sahəsi satılan zaman iddiaçı 5 ildən artıq bələdiyyənin ərazisində daimi yaşamış və yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1481 nömrəli arayışdan görünür ki, iddiaçı hazırda ünvan 3 ünvanında yaşayır və 1990-ci ildən 1999-cu ilə qədər həmin ünvanda pasport qeydiyyatında olmuşdur. Daha sonra həmin mənzil satılmışdır. Həmçinin, iddiaçı məhkəmə kollegiyasında izahatında bildirmişdir ki, o, 1990-cı ildən etibarən Sumqayıt şəhərində, hazırda isə Corat qəsəbəsində yaşayır və ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Göründüyü kimi iddiaçı 1990-cı ildən etibarən Sumqayıt bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin ayrıldığı 2008-ci ilədək və hazırda Sumqayıt şəhərində yaşayır və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan təqdirdə, kollegiya hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına istinadən hərracın keçirilməsi və müvafiq olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması tələb olunmur. Ağalıq bələdiyyəsi fərdi yaşayış evinin tikintisi üçün həmin torpaq sahəsini qanunvericiliyin tələbinə müvafiq olaraq iddiaçının mülkiyyətinə ayırmışdır. Odur ki, kollegiya bu baxımdan cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Kollegiya qonşu torpaq sahələrinin ünvanının "7-ci məhəllə" kimi göstərildiyi halda, təqdim olunan sənədlərdə torpaq sahəsinin yerləşdiyi ünvanın “8-ci məhəllə" kimi qeyd edilməsi ilə bağlı cavabdehin 2-ci dəlilini də əsassız hesab edərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 67/1 nömrəli məktubla məhkəməyə təqdim edilən Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 nömrəli qərarı və ona əlavə edilən sənədlərdən görünür ki, bütün sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ünvanı Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, 8-ci məhəllə kimi göstərilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı” nda da torpaq sahəsinin Samur-Abşeron" kanalı, 8-ci məhəllə ünvanında yerləşdiyi qeyd edilmişdir. Aktdan görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,06 ha, faktiki isə 0,0663 ha təşkil edir. Torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmışdır, sahədə tikinti altı sahəsi 216,00 kv.m olan fərdi yaşayış evi mövcuddur, sahənin üzərindən yerüstü kommunikasiya xətləri keçmir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi 8-ci məhəllə ünvanında yerləşir. Qonşu torpaq sahələrinin ünvanının "7-ci məhəllə" olması ilə bağlı isə iş materiallarında hər hansı sənəd aşkar edilməmiş, habelə, cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Hətta qeyd olunan faktın doğruluğu sübuta yetirilsə belə, bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən (Formal tələblərdən sui-istifadənin qadağan olunması) Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Sumqayıt şəhər bələdiyyəsinin 22 fevral 2008-ci il tarixli, 05 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədə malik olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası əsassızdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Habelə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0663 ha olsa da, hazırda iddiaçı sənəd üzrə istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1643/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.