Məhkəmə qərarları › İş №2-1(105)-806/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-806/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-806/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-883/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Sumqayıt Bələdiyyəsi ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulmuş 300 kv m torpaq sahəsində ticarət obyektinin tikintisi üçün şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsini xahiş etmişdir. Cavabdeh 06 aprel 2022-ci il tarixli, MİHO/2.1.2-2-2022-1662 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 300 kv.m torpaq sahəsi çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X3 10-cu mikrorayon ərazisində, Babək küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ona ayrılması barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 192 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsi 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:1000 miqyasında torpaq sahəsinin plan və coğrafi koordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı iddiaçı orqana daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən həmin 300 kv.m torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə, həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə, torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə, yenə də cavabdehin imtinası əsassızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin məzmunundan göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir. Torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh yaşayış məntəqələrinin ümumi istifadəsində olan bələdiyyə torpaqlarında yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə bir-birindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-883/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-883/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmış ki, mübahisəli torpaq sahəsində tikili mövcuddur və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli 37 nömrəli Sərəncamı ilə həmin sahədə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı ayrılmış və tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qərardadında mübahisəli torpaq sahəsində yarımçıq tikili olduğunu əsas gətirərək rəyin verilməsinə ehtiyac olmadığını bildirmiş, iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz saymışdır. Hesab edir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi, yaxud özgəninkiləşdirilməsi üçün tələb olunan rəyin verilməsi barədə iddia qaldırması üçün subyektiv hüququnun olmaması barədə məhkəmənin qənaəti tamamilə əsassız və qanunaziddir. Cavabdeh ayrılması nəzərdə tutulan torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşməsi səbəbindən rəyin verilməsindən imtina etsə də, bu mövqeyini hər hansı normativ-hüquqi aktla əsaslandıra bilməmişdir. Cavabdeh bələdiyyələr tərəfindən tikinti məqsədləri üçün torpaq sahələri ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan suiistifadə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mübahisəli torpaq sahəsində obyektin tikintisinə icazə verildiyini, həmin sahədə tikilinin mövcud olduğunu, qanunvericilikdə isə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurlarının müəyyən olunmadığını qeyd edərək iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. (5 saylı Plenum qərarının 5.1, 5.2 və 5.3-cü bəndləri). Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Başqa sözlə, məhkəmə şəxsin iddia qaldırmaq səlahiyyətinin olub-olmaması qaydasında subyektiv hüququnun mövcudluğunu yoxladıqdan və məhz bu mənada subyektiv hüququnun olduğuna dair inam formalaşdıqdan sonra cavabdeh tərəfindən hüququn pozulma ehtimalının və hüquqi müdafiə ehtiyacının olub-olmamasını müəyyənləşdirə bilər. Hazırki işdən görünür ki, vətəndaş X3 xx.xx.2005-ci il tarixdə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ona ayrılmasını xahiş etmişdir. Onun müraciətinə bələdiyyə tərəfindən baxılmış, bununla əlaqədar Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 24 avqust 2015-ci il tarixli, 192 saylı rəyi ilə müvafiq şərtlər daxilində həmin torpaq sahəsinin vətəndaşa ayrılmasına etiraz edilməmişdir. Bundan sonra Sumqayıt bələdiyyəsinin 12 yanvar 2018-ci il tarixli, 01 nömrəli protokol qərarı ilə sözügedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Sahibkarlıq fəaliyyəti məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair "xxxx" MMC tərəfindən yerquruluşu planı tərtib olunmuşdur. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Qeyd olunan normativ-hüquqi aktın tələblərindən göründüyü kimi bələdiyyələr tərəfindən tikinti məqsədləri üçün torpaq sahələri ayrılarkən həyata keçirilən tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməlidir. Hazırkı halda da iddiaçı qeyd olunan normanın tələbinə uyğun olaraq müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq kollegiya hesab edir ki, bələdiyyənin hazırkı iddianı qaldırmaq səlahiyyətinə malik olduğu aşkar görünür. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan iddiaçının subyektiv hüququnun olmaması əsası kimi mübahisəli torpaq sahəsində artıq tikilinin mövcud olduğunu və belə olan halda qanunvericilikdə tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsi prosedurlarının təsbit edilmədiyini, başqa sözlə cavabdeh orqandan bu məzmunda rəyin alınmasına zərurət olmadığı bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianının mümkünlüyünü onun əsaslılığının yoxlanılması qaydasında aparmış, iddiaçının iddia qaldırmaq səlahiyyətinə deyil, cavabdehin imtinasının qanuniliyinə qiymət vermişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumununun qərarının 4.2-ci bəndində qeyd edilir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Odur ki, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-883/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar