Məhkəmə qərarları › İş №2-1(105)-806/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-806/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-806/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər:əlillik dərəcəsinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2009-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin dayandırıldığı 2023-cü ilin apreldən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1806/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü təvəllüdlüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 422 saylı, 30 dekabr 2005-ci il tarixli qərarının surətindən görünür ki, Cəbrayıl RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş X6 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: Təpə nahiyyəsinin yumşaq toxumaların kor qəlpə varası» (Cəbrayıl RHK-nın verdiyi xx.xx.2005-ci il tarixli 1810 saylı arayışı, N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.2003-cü il tarixli 361 saylı arayış, N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.1995-ci il tarixil m-279/m saylı arayışı ilə təsdiq edirəm. «HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əlillik vəziyyətiniz barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məktubda göstərdiyiniz məlumatlar aşkarlanmadı. Bununla əlaqədar, əlillik vəziyyətinizin aydınlaşdırılması məqsədilə ərazi üzrə xidmət göstərən 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməyiniz tövsiyə olunur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sizə xx.xx.2014-cü il tarixində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində xx.xx.2009-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2009-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin dayandırıldığı 2023-cü ilin aprelindən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü il tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. X9, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2005-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına müraciət etmiş, ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdı” qərarı verilmişdir. 2006-cı ildən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətli əlillik və xx.xx.2009-cu il tarixdə səhiyyə müəssisəsinin göndərişi ilə cavabdeh tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. 2022-ci ilin dekabr ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonunucu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirilən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron altsistemdə əsassız olaraq göstərilməyib. Belə ki, bu ona qarşı hüquqpozmadır çünki o 2009-cu ildən müddətsiz əlil hesab edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri əsassız olmaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı ilk öncə inzibati orqana müraciət etməldir. Həmçinin iddiaçıya imtina xx.xx.2014-cü ildə olmuşdur. İnzibati Prosessual Məcəllə: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq . normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 912/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1806/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2009- cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin dayandırıldığı 2023-cü ilin aprel ayından bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi» X8 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il təvəllüdlüdür. İddiaçının sağlamlıq vəziyyəti 10 aprel 2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh elektron altsistemində iddiaçıya əlilliyin müddətli təyin olunduğu qeyd edilmişdir. Bundan sonra iddiaçının sağlamlıq vəziyyəti 10 sentyabr 2014-cü il tarixdə müayinə edilmiş və ona “diaqnoz əlillik əlaməti təyin etmir səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası əsassız olmuşdur. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunmuşdur ki, iddiaçı 10 aprel 2009-cu il tarixdə müayinədən keçirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinə dair məlumatın 2014-cü il tarixindən mövcud olmadığı qeyd olunsa da, inzibati iş materiallarında olan iddiaçıya məxsus bank çıxarışlarından görünür ki, ona həmin dövrdə əlillik vəziyyəti ilə bağlı pensiya ödənişləri edilmişdir. Həmçinin 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş arayışdan görünür ki, iddiaçıya müddətsiz əlillik 716 saylı, 10 aprel 2009-cu il tarixli müayinə aktı əsasında təyin olunmuşdur. Halbuki, cavabdehin Əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya eyni tarixi müayinə nəticəsində əlillik - müddətli təyin olunmuşdur. Beləliklə, eyni tarixli müayinə nəticəsində iddiaçıya təqdim olunmuş arayışda əlilliyin müddətsiz, Əlillik alt sistemindən çıxarışda isə müddətli təyin olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən alt sistemdə əksini tapmış həmin məlumatın mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya 21 saylı Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən əlillik müddətsiz təyin edildiyi, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, cavabdehin əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlilliyin müddətli olduğu göstərilmişdir. İddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK- in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya ikinci dərəcə müddətsiz əlilliyinin dayandırıldığı 2023-cü ilin aprelindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, “Əlillik” alt sistemində məlumatlar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində döyüş zonasında xidmət keçərkən yaralnama-diaqnoz təsdiq etməklə, “Hərbi Travma. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərar qəbul edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya 10.04.09-cu il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi 10.04.09-cu il tarixli 716 nömrəli müayinə aktına istinad edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, 2023-cü il 14 aprel tarixədək pensiya məbləği ödənilmiş, cavabdeh inzibati orqanın məlumatı əsasənda pensiya məbləğinin ödənilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı barəsində 2014-cü il tarixdən əlilliyin təyin eidlməsində imtina olunması, habelə müvafiq altsistemdə əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı heç bir məlumatın aşkar edilməməsi halını qeyd etsə də, iş materialları əsasında iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya 2023-cü ilin aprel ayınadək həmin əsasa görə pensiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində aparılmış inzibati icraatın nəticəsi olaraq ona müddətsiz əlillik təyinatı apardığı (məhz onun əsasında da pensiya təyin edilmişdir) halda, həmin əlilliyin sonradan iddiaçının iştirakı ilə heç bir inzibati icraat həyata keçirilmədən, iddiaçıya heç bir məlumat vermədən, əlilliyin müddətsiz təyin edilməsi barədə məlumatın olmaması, əlilliyin təyin edilməsindən imtina olunması barədə məlumatın olması halına istinad etməklə, əlilliyin dayandırılması (ləğv edilməsi) barədə gəldiyi nəticə qanunauyğun olmamışdır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olubolmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan məlumatlarda uyğunsuzluq olduğu halda, bu istiqamətdə inzibati icraat çərçivəsində araşdırma aparmalı, məhz həmin şəxsə aid hallar müəyyən edilməli, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müyainəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə və bununla bağlı inzibati icraat aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, müvafiq altsistemdə olan məlumatların kağız daşıyıcıda olan məlumatlara uyğun olması, habelə həmin məlumatların tamlığının təmin edilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda müvafiq alsistemdə mövcud olan məlumatın yanlış qeyd edilməsi (kağız daşıyıcıda olan məlumatdan fərqli qeyd edilməsi) halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdğı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbinə də zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibai orqan tərəfindən istinad olunan qanunvericiliyin imperativ norma şəklində müəyyən edilmiş tələbləri pozulmuş, iddiaçı barəsində təyin edilmiş müddətsiz əlillik dərəcəsinin ləğv edilməsi (dayandırılması) barədə gəldiyi qənaəti onun tərəfindən bununla bağlı hər hansı inzibati icraatın təzələnməsi və aparılmış yeni inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş qərar kimi çıxış etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin hallara əməl edilməsinə dair heç bir dəlilə istinad edilməmiş, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1806/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar