Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-807/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunun nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3713/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunun nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh X1 cavabdeh olaraq dəyişdirilərək, "xxxx" QSC olmasının qeyd edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə xidmətinin rəisi Qəzənfər Abduləzimovun imzası ilə ADY QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin Xaçmaz stansiyasında yerləşən NÖC (X6) sexinin işçilərinə sexin yaşadıqları ünvandan 130 km uzaqda yerləşən Tağıyev qəsəbəsinə köçürüləcəyi barədə bildirişxəbərdarlıq təqdim olunmuşdur. Gedib-gəlmək üçün hər hansı nəqliyyat vasitəsi və ya maddi vəsaitlə təmin olunmurdular. Cavabdeh yerdəyişməni əmək şəraitinin şərtlərin dəyişməsi kimi təqdim edir və işçinin bu dəyişiklikləri qəbul etməyəcəyi təqdirdə əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68 maddəsinin "c" bəndi ilə xitam verəcəyini bildiririr. Lakin əmək şəraitinin şərtlərinin dəyişməsi dedikdə, işçinin əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin hər hansı şərtinin dəyişilməsi başa düşülür. Demək ki, əmək şəraitinin əsas və əlavə şərtləri dəyişmədiyindən, işəgötürənin həyata keçirdiyi yerdəyişmə ƏM-in 55-ci maddəsinin təsiri altına düşmür və bu səbədən işəgötürən bu əsasla əmək müqaviləsinə xitam verə bilməz, ikincisi, bildirişdə yerdəyişmənin İnfrastruktur Departamentində aparılan struktur deyişikliyinin nəticəsi olaraq baş verdiyi bildirilir, lakin struktur deyişikliyi barədə əmr təqdim olunmamışdır. Ümumiyyətlə, departamentin heç bir struktur bölməsində struktur dəyişikliyi aparılmayıb. Beləliklə, «yeni» və «köhnə» iş yeri üzrə eyni struktur tabeçiliyi olduğu halda bunun struktur dəyişikliyi ilə əsaslandırmaq olmaz. Üçüncüsü, cavabdeh həmkarlar ittifaqı təşkilatına verdiyi cavabda səbəbini bildirişdəkindən fərqli olaraq struktur dəyişikliyi deyil, dəmiryolu infrastrukturunun əsaslı təmiri ilə əlaqədar olduğunu bildirir. Lakin, bu da həqiqətə və məntiqə uyğun olmayan cavabdır. Belə ki, Xaçmaz stansiyasında yerləşən X6 sexi və H.Z.Tağıyev çeşidləmə stansiyasındakı X5 (sexin adı köçürülmə baş verən tarixdən az öncə dəyişdirilmişdir) sexi eyni funksiyanı icra edirlər. Digər NÖC sexi də Şabran stansiyasında yerləşir. Əməyin təşkilində hər hansı bir dəyişiklik mövcud deyil. Hər üç sex eyni funksiyanı icra edir. NÖC sexinin funksiyaları siqnalizasiya cihazlarının təmizlənməsi, tənzimlənməsi və parametrlərinin ölçülməsi daxildir. Bu qurğular rele şkaflarında pillələrdə və stansiyalarda quraşdırılır. Məqsəd dəmir yolu avtomatlaşdırma sistemlərinin siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının fasiləsiz işini təmin etməkdir. Elə isə, cavabda göstərilən dəmir yolu infrastrukturunun əsaslı təmiri ilə əlaqədar istehsalat zərurətinin sexin başqa əraziyə köçürülməsi ilə əlaqəsi yoxdur. Əsaslı təmir, yenidənqurma işləri yalnız Tağıyev stansiyasında deyil, Sumqayıtdan Yalama ərazisinin əhatə edən sahə boyunca həyata keçirilir. Sahə Sumqayıtdan Yalamayadək böyük bir məsafəni əhatə etdiyindən, peşəkarlar tərəfindən düşünülmüş qaydada tarix boyu sexlər 3 ərazidə yerləşdirilib ki, hər hansı bir nasazlıq baş verərsə, yaxınlıqda yerləşən stansiyalardakı sexlərdəki qurğular vasitəsi ilə həmin nasazlıqlar çevik surətdə aradan qaldırılsın. Belə olduğu təqdirdə sexin bağlanaraq köçürülməsi dəmir yolu sahəsinə xeyir yox, ziyan toxunduracaqdır. Demək yerdəyişmə üçün əsas yoxdur. İşçilərin əmək şəraitinin pisləşdirəcək qərar qəbul etmək üçün, işəgötürənin ciddi və obyektiv əsası olmalıdır, əks təqdirdə o işçilərin hüquqlarını pozmuş olur. İddiaçı cavabdehin ona təqdim etdiyi xəbərdarlıq bildirişini qəbul etməkdən imtina etmişdir. Yerdəyişmənin struktur dəyişikliyi ilə əlaqəsi olmadığından, əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək şəraitinin şərtləri dəyişmədiyindən, bu səbəbdən də ƏM-in 55-ci maddəsinin təsiri altına düşmədiyindən bildirişin hüquqi qüvvəsi yoxdur və işçilərin məcburi şəkildə başqa əraziyə köçürülmələri əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3713/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı halda iddiaçının tələbi ümumi-publik ictimai hüquq münasibətlərindən yaranmamış, tərəflər arasındakı əmək münasibətlərini tənzimləmişdir. Yəni, inzibati hüquq münasibətlərində inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Hazırkı iddiada isə xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedə olmaqla, öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Yəni, mövcud münasibətlərdə hakimiyyət səlahiyyətləri tətbiq edilmədiyindən iddia mümkün sayılmamalı, iddiaçıya aiddiyyatı üzrə səlahiyyətli hesab olunan ümumi məhkəməyə müraciət etməsi tövsiyə edilməlidir. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında qeyd olunur ki, "inzibati hüquq münasibətlərində inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Hazırki iddiada isə xüsusi hüququ münasibətlərinin tərəfləri bərabər mövqedə olmaqla, öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyələrini tətbiq etmir. Yəni mövcud münasibətlərdə hakimiyyət səlahiyyətləri tətbiq edilmədiyindən iddia mümükün sayılmamalı, iddiaçıya adiyyatı üzrə səlahiyyətli hesab olunan ümümi məhkəməyə müraciət etməsi tövsiyyə olunmalıdır." Lakin işçi və işəgötürən faktiki bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik xüsusiyyətinə malik olduğu üçün hüquq bərabərliyi prinsipinin təmin edilməsini qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə vətəminataltına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin vəişəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Eləcədə Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Qərardad qəbul edilərkən yuxarıda qeyd olunmuş hallar və maddələrin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11. İşəgötürənin əsas hüquqları (...) ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək Maddə 43. Əmək müqaviləsinin məzmunu (...) ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr,əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları (...) c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);..... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi “baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunun nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi və tələbinin əsası kimi istinad etdiyi hallar məhz işçi və işəgötürən arasında yaranmış əmək münasibətləri ilə bağlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi məhz işəgötürənlə bağlanılmış əmək müqaviləsində qeyd edilmiş əmək şəraiti şərtlərinin dəyişdirilməsinin əsassız olması, əvvəlki əmək şəraiti şəraitinin bərpa eidlməsini, habelə onun əlaqadər olaraq ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi kimi hallar istinad etmişdir. İndiki halda iddiaçı dövlət qulluqçusu olmamaqla, əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olan işçi statusunda olmuşdur. Həmçinin, qeyd eidlməlidir ki, cavabdeh inzibati orqan qismində çıxış etməməklə yanaşı, həm də hazırki iddiaya münasibətdə təbii inhisar subyekti qismində də çıxış etməmişdir. Göründüyü kimi, indiki hada tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti həm xarakterinə, hüquqi təbiətinə, həm də subyekt tərkibinə görə inzibati xarakterli hüquq münasibəti kimi çıxış etməmişdir. Halbuki inzibati məhkəmə icraatının predmeti qismində məhz inzibati xarakterli hüquq münasibətləri ilə bağlı mübahisəli hallar çıxış edir. Bu baxımından hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kolegiyası iddiaçının diqqətinə onu çatdırır ki, hazırki iş üzrə mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə qismində çıxış etdiyindən, idiaçının iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməli, nəticə etibarilə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3713/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.