Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-808/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)- 2956/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1 oktyabr 2021-ci il tarixdən təyin edilmiş üçüncü qrup əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o (xx xxx 1978-ci il təvəllüdlü) uşaqlığından bu günə kimi epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar bir çox müalicələr alsa da, müalicələrin heç bir faydası olmamışdır. Xəstəliyilə bağlı əmək qabiliyyəti zəiflədiyi üçün 12 yanvar 2000-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası almağa başlamışdır. İddiaçıya təyin edilən ikinci qrup əlilliyə görə əmək pensiyası 21 ildən sonra 30 sentyabr 2021-ci il tarixdə əlilliyin müddəti bitdiyi əsası ilə dayandırılmış, çoxsaylı şikayətlərindən sonra üçüncü qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin pensiyanın hesablanma tarixi fasilə olmadan 1 oktyabr 2021-ci il tarixdən hesablanmağa başlamış, lakin əlillik müddəti iddiaçıdan asılı olmayan səbəbdən beş illik təyin edilmişdir. Hal-hazırda rəsmi olaraq 2000-ci ildən əlilliyi müəyyən edilmiş epilepsiya xəstəsi olan bir şəxsdir. Onun xəstəliyi müalicə ilə sağalan xəstəlik deyildir. Əgər sağalsa idi, 1983-cü ildə Uşaq Nevroloji xəstəxanasında, 1985-ci ildə Neyrocərrahiyyə xəstəxanasında, daha sonralar isə Quba rayonlararası Psixonevroloji reabilitasiya mərkəzində və Quba rayon Mərkəzi xəstəxanasında aldığı müalicələrlə sağalardı və bu gün cavabdeh təşkilatlara müraciət etmək məcburiyyətində qalmazdı. Onun xəstəliyi müalicə ilə sağalan xəstəlik olmadığı, o cümlədən, fasiləsiz olaraq 23 ildən artıq əlilliyi müəyyən edilmiş şəxs kimi ona müddətsiz əlillik təyin edilməli olduğu halda, iddiaçıya beş il müddətinə üçüncü qrup əlillik təyin edilmişdir. O, hər dəfə əlillik müddəti bitdikdə əziyyətlə tibbi yoxlanışlardan keçir, sonra müxtəlif bəhanələrlə ona əlillik təyin etməkdən imtina edilməyə çalışır və aidiyyəti qurumlara şikayətlər etdikdən sonra iddiaçının əlillik müddəti uzadılır. Bu isə onun səhhətini daha da ağırlaşdırır. Ona görə də cavabdeh qurumdan haqqı olan müddətsiz əlilliyin təyin edilməsini tələb edir. Bununla bağlı bu günə kimi etmiş olduğu müraciətlərə isə cavabdeh tərəfindən əlillik təyinatı ilə bağlı aparılmış müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı şərtlərə uyğun gəlməməsi əsası ilə imtina cavabı verilir. Cavabdeh tərəfindən iddiaçıya müddətsiz üçüncü qrup əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Cavabdeh tərəfindən birbaşa pozulan qanunvericilik normaları isə istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndidir. İddiaçının fərqli dərəcələr (faiz aralıqları) üzrə əlillik müddəti fasiləsiz olaraq 23 ildən artıqdır. Ona üçüncü qrup əlillik təyin edilən vaxt da ikinci qrup üzrə əlillik müddəti 21 il təşkil edirdi ki, bu halın özü iddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün kifayət idi. Lakin məlum olmayan səbəblərdən cavabdeh tərəfindən iddiaçının qeyd edilən hüququ pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın mümkün sayılmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında 4 dekabr 2021-ci il və 16 mart 2022-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişdə qeyd edilmiş məlumatlar, xəstəliyin xarakteri ilə xəstənin sosial vəziyyəti arasında uyğunsuzluqlar aşkar edildiyindən, əlillik təyinatı aparmaq mümkün olmamış və hazırkı vəziyyətin dəqiqləşdirilməsi üçün göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. Məhkəmə qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı 26 sentyabr 2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunaraq “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 30 sentyabr 2015-ci il tarixdə təkrar müayinə zamanı bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq 30 sentyabr 2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Obyektiv müayinə zamanı periferik limfa düyünləri əllənmir, aşağı ətraflarda ödem yoxdur. Kəllə beyin sinirləri tərəfindən patologiya aşkar edilmir. Sümüküstü-vətər refleksləri yüksəkdir, D=S. Romberq vəziyyətində dayanıqsızdır, əllərdə tremor müşahidə edilir. EEQ müayinəsində beynin paroksizmal aktivliyinin artması, qıcolma həddinin enməsi qeyd edilir. Xəstə mütamadi olaraq antikonvulsiv preparatlar qəbul etdiyini bildirir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.4-cü bəndinə müvafiq olaraq “ümumi xəstəlik" səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri 17 mart 2022-ci il tarixdə ona SMS göndərilməsindən sonra olmuşdur. Bundan 1 il 10 aydan sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi mümkünsüz hesab olunmalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X5 6 iyun 2023-cü il tarixli, 3-17- 1/2-H-126605/2023 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialı tərəfindən 12 yanvar 2000-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. 1 oktyabr 2021-ci il tarixdən isə İİİ qrup əlilliyə görə əmək pensiyası alır. Hal-hazırda pensiyanın aylıq məbləği 327,21 manat təşkil edir. Pensiyanın bitmə müddəti 31 oktyabr 2026-cı il tarixdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 dekabr 2023-cü il tarixli, 3-17-4/2-H- 314xx/xx/2023 nömrəli məktubundan qeyd edilir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı müraciətinə əsasən, 7 iyul 2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı 1 oktyabr 2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (1 oktyabr 2026-cı il tarixədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edildiyi halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qeyd olunanlara əsasən, İddiaçı aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı müəyyən edilən yuxarıdakı şərtlərə uyğun gəlmədiyindən müddətli əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır. Tibbi Sosial Ekspert Komissiyasının “Qiymətləndirmə nəticələri”ndən görünür ki, 1 oktyabr 2021-ci il tarixdə İddiaçı beş il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 16 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı göndərişin natamam doldurulmasına görə əlillik verilməsindən imtina edilmişdir. “Altsistemdən çıxarış”dan görünür ki, İddiaçı 17 mart 2022- ci il tarixdə “0244003AAQLY nömrəli göndəriş natamam doldurulmasından Səhiyyə müəssisəsinə geri qaytarılmışdır” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 7 iyul 2022-ci il tarixli qərarından görünür ki, 3 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsi həyata keçirilmişdir. İddiaçı - “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, texniki təhlükəsiz şəraitdə, hərəkətdə olan maşın- mexanizmlərdən, elektrik və yüksəklikdən kənar olmaqla yüngül işlərdə işləyə bilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-2956/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyin dəyişdirilməsinə dair iddia qaldıra bilər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qeyd edilən qərardadla razılaşmır. İddianın mümkünlük şərtləri ilə bağlı bir daha qeyd edir ki, hazırki iddia tələbində hər hansı müddətin ötməsindən söhbət gedə bilməz, çünki o, müddətsiz əlilliyin təyin edilməsindən imtina ilə bağlı hüquqi müdafiə vasitələrini özündə əks etdirməyən cavabı aldıqdan sonra müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Müddətin xx.xx.2022-ci il tarixdən və ya qərarın qəbul edildiyi 07 iyul 2022-ci ildən hesablanması isə tamamilə əsassızdır. Belə ki, onun iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir. Şərtsiz və müddətsiz inzibati aktın qəbul edilməsini arzu edən şəxs məcburetmə haqqında iddia qaldırır. Mübahisələndirmə haqqında iddianın predmetini əlverişsiz inzibati akt təşkil edir. Onun iddia tələbində isə ona əlilliyin müddətsiz verilməməsi onun hüquqi vəziyyətini, yəni əlil olduğu gerçəyini dəyişmir, sadəcə və sadəcə onun hüquqlarının genişlənməsinin qarşısını alır. Bu halda da əlbəttə ki, 07 iyul 2022-ci il tarixli qərarı əlverişsiz inzibati akt hesab etmək olmaz və hazırki iddia tələbi mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddiadır. Lakin Sumqayıt İnzibati Məhkəməsi mübahisələndirmə haqqında iddiada söhbətin əlverişsiz inzibati aktdan getdiyini, onun vəziyyətində isə əlverişsiz inzibati aktın mövcud olmamasını, onun niyyətinin yeni inzibati aktın qəbul edilməsinə yönəldiyini nəzərə almadan iddianı mümkün saymamışdır. Hətta məhkəmə qərardadda göstərir ki, etirazın dəlilləri əsaslı hesab edilməklə iddia mümkün sayılmamalıdır. Halbuki o, birinci instansiya məhkəməsinə iddia ərizəsinə etirazla bağlı mülahizə də təqdim edərək bildirmişdir ki, cavabdeh qurum onun inzibati orqan tərəfindən verilən imtinadan xx.xx.2022-ci ildə ona sms göndərilməsindən sonra xəbəri olduğunu bildirir. Hal-hazırda da cavabdeh qurum 2022-ci ilin iyul ayında qəbul edilmiş qərarı onun 2022-ci ilin mart ayında aldığını qeyd etməklə iddianın mümkünlüyünü mübahisələndirir. Axı necə ola bilər ki, cavabdeh iyul ayında qəbul edilən qərarı mart ayında, 3 ay əvvəl rəsmi şəkildə ona göndərsin? Halbuki həmin tarixdə ona İİİ qrup əlilliyin təyin edilməsinə səbəb olan 07 iyul 2022-ci il tarixli qərarın qəbul edilməsi və ona göndərilməsi mümkün ola bilməzdi. Hətta 07 iyul 2022-ci il tarixli qərarı ilə o, ilk dəfə hazırki iş Sumqayıt inzibati Məhkəməsinin icraatında olarkən cavabdeh qurumun elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi sənədlərin sırasında tanış olmuşdur. Bundan əvvəl ona həmin qərar hər hansı formada təqdim edilməmiş və ya da elan olunmamışdır. Qərarla tanış olarkən isə məlum olmuşdur ki, qərarın 1-ci bəndində ona ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsinin qərara alındığı, qərarın 1.1-ci bəndində isə ona, yəni İddiaçı “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əllilik təyin edilməsinin qərara alındığı qeyd edilmişdir. Qeyd edilən qərarla ona ümumiyyətlə neçənci dərəcə əlilliyin verilməsi də onun üçün qaranlıq qalıb. O, bir daha qeyd edir ki, 07 iyul 2022-ci il tarixdə qəbul edilmiş qərar rəsmi qaydada ona təqdim edilməmiş, həmin qərarda hüquqi müdafiə vasitələri barədə zəruri məlumatlar da öz əksini tapmamışdır. Eyni zamanda onun hazırki iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir ki, bu halda da xx.xx.2022-ci il tarixli qərarla bağlı müddətlər də hazırki iş üzrə heç bir əhəmiyyət kəsb etmir. Bütün bunlar isə onu göstərir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab verir, o, heç bir müddəti ötürməmişdir. Eyni zamanda cavabdeh qurum guya imtinadan xx.xx.2022-ci il tarixdə sms göndərilməsindən sonra məlumatlı olduğunu göstərsə də, etiraza əlavə olunmuş 17 mart 2022-ci il tarixli sms-in mətnində göndərişin natamam doldurulduğu üçün səhiyyə müəssisəsinə geri qaytarıldığı göstərilmişdir. Həmin sms-in hansı hissəsində ona 5 il müddətinə əlilliyin təyin edilməsi qeydi yazılıb onun üçün qaranlıqdır. Məhkəmə isə qeyd etdiyi halları nəzərə almadan iddianı mümkün saymamaqla onun hüquqlarını pozmuşdur. Onun fərqli dərəcələr (faiz aralıqları) üzrə əlillik müddəti fasiləsiz olaraq 23 ildən artıqdır. Ona İİİ qrup əlillik təyin edilən vaxt da İİ qrup üzrə əlillik müddəti 21 il təşkil edirdi ki, bu halın özü ona müddətsiz əlillik təyin edilməsi üçün kifayət idi. Cavabdeh qurum tərəfindən qeyd edilən normanın tələblərinin pozulması aydın olduğu halda məhkəmə tərəfindən iddiası mümkün sayılmamaqla pozulmuş hüquqlarının bərpasından da məhrum olmuşdur. Eyni zamanda əgər iddia tələbi mübahisələndirmə haqqında iddia olsaydı belə, məhkəmə tərəfindən ona mübahisəlnədirilən qərarın hansı tarixdə rəsmi qaydada verildiyi araşdırılmalı idi. Lakin Sumqayıt İnzibati Məhkəməsi həmin məsələni ümumiyyətlə araşdırmadan, hətta cavabdehin etirazının dəlillərini əsaslı hesab etdiyini qeyd etməklə iddianı mümkün saymamışdır. Halbuki iş üzrə cavabdeh qurum öz etirazında ona 07 iyul 2022-ci il tarixli qərarı rəsmi qaydada 17 mart 2022-ci il tarixdə verildiyini bildirir. Bunun mümkünsüz olduğu da gün kimi aydındır. O, bir daha bildirir ki, həmin qərardan cavabdehin elektron məhkəmə sisteminə yüklədikdən sonra rəsmi şəkildə məlumatı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona “epilepsiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma və spazm” diaqnozu ilə ümumi xəstəlik səbəbindən təyin olunmuş ikinci dərəcəli əlillik bir il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma və spazm” diaqnozu ilə yenidən ümumi xəstəlik səbəbindən təyin olunmuş ikinci dərəcəli əlillik beş il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək ona beş il müddətinə xx.xx.2021-ci iltarixdən hesablanmaqla əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirmə haqqında iddia üzrə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir. Həmin iddia tələbi də mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddiadır. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddia mübahisələndirmə haqqında iddiadır və iddia müddətinin tətbiqi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının qaldırdığı iddia tələbi məcburetmə haqqında iddia olduğu təqdirdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində məcburetmə haqqında iddia üçün nəzərdə tutulmuş xüsusi mümkünlük şərti ödənilmiş olmalıdır. Yəni, məhkəmədə iddia qaldırılmazdan əvvəl cavabdeh inzibati orqana müraciət edilməlidir. Hazırki halda həmin tələb yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən müraciət müvafiq qurumun göndərişi əsasında olmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının müvafiq qərarının dəyişdirilməsini istəsəydi, iddia tələbi mübahisələndirmə növündə iddia ola bilərdi. Lakin mübahisələndirmə növündə iddiaya baxıldığı zaman da iddia müddəti tətbiq olunacaqdı. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilib ki, İddiaçı əvvəlcə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2021-ci il ildən ömürlük İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə xx.xx.2022-ci ildə məhkəməyə ərizə təqdim edərək mövcud mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçının iradəsinə uyğun olaraq hazırda məcburetmə növündə iddia tələbinə baxıldığından və inzibati orqana müraciət edilməsi ilə bağlı xüsusi mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasında iştirak etmədiyindən, eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etdiyindən qeyd olunan maddənin tələbi nəzərə alınmaqla iddiaçıya əlavə hüquqi yardım edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçının yenidən yuxarıda qeyd olunan hallarla bağlı cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş formada inzibati orqana müraciət etmək, habelə cavabdeh inzibati orqanın imtina etdiyi (və ya hərəkətsizlik nümayiş etdirməklə) və bununla hüquqlarının pozulduğunu ehtimal etdiyi halda yenidən iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında prosessual müddətlərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2-1(118)-2956/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-808/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-808/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver