Məhkəmə qərarları › İş №2-1(105)-809/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-809/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-809/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2767/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 2003-cü ildən 2014-cü ilədək bir il müddətinə ikinci dərəcəli, 2014-cü ildən 2015-ci ilədək üçüncü dərəcəli, 2016-cı ildən 2021-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmiş, 2021-ci ildə isə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı ilə təmin edilərək, TSEK tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilmiş və ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilərək iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh üzərinə qoyulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(102)- 2023/2022 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-348/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 02 may 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarının icra edilməsini, məhkəmə qərarı icra edilmədiyindən ona vurulmuş zərərin əvəzi olaraq 25000 manat pul məbləğinin ödənilməsini xahiş etmişdir. Daha sonra o, 20 may 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-348/2022 nömrəli qərarının icra edilməsini, yəni məhkəmə qərarının icrası nəticəsində ona müvafiq pensiya məbləğinin hissə-hissə yox, birdəfəlik ödənilməsini, eləcə də pensiya məbləğinin ona hissə-hissə ödənildiyinə görə maddi və mənəvi ziyanın vurulduğunu bildirərək, zərərin əvəzi olaraq ona 25000 manat pul məbləğinin ödənilməsini xahiş etmişdir. Hər iki inzibati orqan tərəfindən İddiaçı müraciətlərinə yazılı formada cavab verilməmişdir. Daha sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, maddi və mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən ayrı-ayrılıqda 25000 manat kompensasiyanın tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2-1(105)-348/2022 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona əlilliyin təyinindən imtinası əsassız hesab edilmiş və xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi DTSERA-nın üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarı icra olunması üçün Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın könüllü icrası üçün təyin olunmuş 30 gün müddət barədə cavabdehin xəbərdar olunması, icra olunmadığı halda 50000 manat cərimə olunması haqqında göndərilmiş məktubu cavabdeh DTSERA xx.xx.2023-cü il tarixdə alsa da, könüllü 30 günlük müddət ərzində məhkəmə qərarı icra olunmamış, bununla da hüquqları pozulmuşdur. Müraciətinə cavab olaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 463/2022 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi, xx.xx.2023-cü il tarixdə DTSERA məhkəmənin məktunu alsa da, inzibati orqan tərəfindən nıəhkəmə qərarı icra edilməmişdir. O, məlumat almaq barədə ərizələrinə cavab verilmədiyindən xx.xx.2021-ci il tarixdə ƏƏSMN-ə şikayətlə müraciət etmiş, SS747077315AZ ştrix kodlu sifarişli poçt xəbərnaməsindən göründüyü kimi müraciəti xx.xx.2021-ci il tarixdə orqana çatdırılmışdır. Lakin, bundan sonra onun hüquqları daha da çox pozulmuşdur. Belə ki, ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan göründüyü kimi DSMF-yə və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli rəsmi müraciətlərinə məlumat verməkdən imtina olunmuşdur. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati orqan məlumatı ondan gizlətməklə qanunun tələblərini və hüquqlarını pozmuşdur. Məhkəməyə qədər pretenziya qaydasında cavabdeh ƏƏSMN-nə xx.xx.2023-cü il tarixli ərizənin, poçt qəbzinin və çatdırılmasını göstərən SS843749929AZ ştrix kodlu göndərişin izlənməsi məlumatının surətlərini iddia ərizəsinə qoşma edərək məhkəməyə təqdim etmişdir. Məlum olduğu kimi cavabdehlər məhkəmə qərarının icra edilməsi nəticəsində ona pul məbləğini hissə-hissə ödəyərkən onun dəyəri eyni deyildir. Hüquqlarının uzun müddət pozulması və təyin olunmuş könüllü müddətdə cavabdehlərin təqsiri üzündən məhkəmə qərarlarının tam və dəqiq icra olunmaması nəticəsində səlahiyyətli təşkilatlara çoxsaylı müraciətlər etmək məcburiyyətində qalmış, eləcə də, hüquqlarının uzun müddət pozulması nəticəsində onda mənəvi sarsıntı və iztirab hissinin yaranmasına səbəb olmuşdur. Adi həyat tərzi dəyişmişdir. Məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli və s. ərizələrini inzibati orqan alsa da, bu günə kimi ərizələrinə mahiyyəti üzrə baxılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2-1(112)-11632/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim Elvin Əliyev). Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(118)-5604/2023 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən olunması üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim Ceyhun Məmmədov). Ali Məhkəmənin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)- 3023/2023 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən Zakir Quliyev). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı E.Qulivevə münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışsa da, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı əlillik dərəcəsinin ona məlumat verilmədən dəyişdirilməsini əsas gətirərək maddi və mənəvi zərərin dəyməsini iddia etsə də, bu hal əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılan zaman (2021-2023-cü illər) məhkəmə prosesi gedişində aşkar edildiyindən bu hal mötəbər sübut hesab edilə bilməz. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi sözügedən iddia o zaman təmin edilə bilər ki. cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Beləliklə də hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Qeyd edilməlidir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, mənəvi zərərin nə olduğunu şəxsin keçirdiyi bəzi sarsıntı və iztirabları sadalayaraq daha aydın bir şəkildə göstərmək olar. 3 noyabr 2008-ci il “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur. Qeyd edilən haların iddiaçıda olmadığından iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Qeyd edilənlərə əsasən iddiaçının müvafiq tələblə inzibati orqana müraciəti olmadığından iddianın mümkün hesab ediolməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2767/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin yanlış olaraq iddiaçıya ikinci dərəcə əvəzinə üçüncü dərəcə əlilliyin təyin edilərək nəzərdə tutulmuş məvacibin ödənilməsində qərəz mövcud deyil. Qeyd olunan araşdırmanı lazımi qaydada həyata keçirilməməsində (yəni əlillik dərəcəsinin səhv hesablanmasında) günahkar olan şəxslərin intizam qaydasında yuxarı rəhbərliyi tərəfindən tənbeh edilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, bu hal cavabdehdən kompensasiya tələb edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, dövlət orqanlarına göndərişlərinin poçt qəbzlərinin əslini Sumqayıt İnzibati Məhkəməsinə təqdim etsə də, İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməli olduğu halda, heç bir sübut məhkəmə qərarında göstərilməmiş, qanunvericiliyin tələbləri pozularaq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, zərərin məbləği ilə bağlı iddiaçı yalnız öz hesablama qaydasını təqdim etmişdir hansı ki, qanunvericilik zərərin konkret hansı məbləğdə vurulmalı olması ilə bağlı konkret şərtlər qoymuşdur. Bu zaman, real zərərin, əldən çıxmış faydanın konkret məbləğini təsdiq edəcək sənədlərin iddiaçı tərəfindən təqdim edilməsi mütləqdir ki, iddiaçı hal-hazırda təkcə məbləğin gec ödənilməsinə istinadən dəbbə pulu və aylıq əlavənin ödənilməsini tələb edir ki, cavabdehin məbləği gec ödəməsi ilə güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanlar tərəfindən hüquqlarının pozulması nəticəsində məhkəmələrdə iddialar qaldırmış, ümumilikdə, 84 məhkəmə iclasında iştirak etmiş və hər zaman taksidən istifadə etmişdir. Ölkəmizdə taksidən istifadə etdikdən sonra qəbz qaytarılması ilə bağlı qayda tətbiq olunmadığından, Tarif Şurasının qərarında qeyd edilən meyarlara əsasən yol-nəqliyyat xərclərinin də nəzərə alınmasını məhkəmədən xahiş edir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona vurulmuş maddi zərər olaraq 170 AZN, mənəvi zərər olaraq 24830 AZN, cəmi 25000 AZN pul məbləğinin kompensasiya olaraq cavabdehlərdən xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2-1(102)-2023/2022 nömrəli qərarı ilə əlaqədar iddiaçının əlilliyi təsdiq olunduğu tarixdən altsistemə yerləşdirilmiş və onun 2021-ci ilin iyul ayından dayandırılmış əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. İddiaçının özünün də qeyd etdiyi kimi ödənilməmiş illərə görə isə hesablanmış əmək pensiyası ödənilmişdir, hal-hazırda da pensiyanın ödənilməsi davam etdirilir. Burada DSMF-nin maddi və ya mənəvi zərərə görə kompensasiya ödəmək öhdəliyi daşımasından söhbət gedə bilməz. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəməyə və inzibati orqana müraciət etmək, məhkəmə iclaslarında iştirak etmək iddiaçının hüququdur. İddiaçının məhkəmə iclaslarında iştirak etmək üçün çəkdiyi xərclərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, əlavə vaxt itkisinin və taksidə gediş-gəlişin qarşısını almaq üçün inzibati orqana və məhkəməyə onlayn müraciət etmək mümkündür. İddiaçının qeyd etdiyi məsələlər öz hüquqlarından istifadə ilə bağlıdır, cavabdeh inzibati orqan həmin məsələlərlə bağlı məsuliyyət daşımır. Məhkəmə qərarlarında qeyd edilən hallarla bağlı isə mübahisə yoxdur. Çünki, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmədə iddia qaldırmış, onun iddiası təmin edilərək məhkəmə qərarı icra olunmuşdur. Bir sözlə, burada mənəvi zərərdən söhbət gedə bilməz. Mənəvi zərərin anlayışı ilə bağlı məhkəmənin aydın mövqeyi var. Maddi zərərlə bağlı da hesab edirlər ki, iddiaçının tələbi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-) Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə onunla cavabdeh inzibati orqan arasında məhkəmə mübahisələri olmuş, yekunda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilmiş və əlilliyə görə pensiya ödənişləri həyata keçirilməyə başlanmışdır. İşin qeyd olunan halları iddiaçı tərəfindən də mübahisələndirilmir. Hazırkı mübahisə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında inzibati orqan tərəfindən məhkəmə qərarının könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət ərzində icra olunmaması, digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə münasibətdə isə əlilliyə görə pensiya ödənişlərinin iddiaçıya birdəfəlik deyil, hissə-hissə ödənilməsi, eləcə də, yazılı müraciətlərinə cavab verilməməsi nəticəsində yaranmışdır. Belə ki, iddiaçı cavabdehlərin qeyd edilən hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə münasibətdə iddiaçının dəlilləri ilə bağlı kollegiya bildirir ki, işdən görünür ki, iddiaçı ilə cavabdeh arasında olmuş yuxarıda qeyd edilən məhkəmə mübahisələri üzrə yekunda kassasiya instansiya məhkəməsinin qərarı 03 noyabr 2022-ci il tarixdə qəbul edilmiş, inzibati iş 16 yanvar 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Daha sonra məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək, TSEK-nin 18 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçıya hətta məhkəmə qərarında göstərilən tarixdən 1 ay əvvələ - 02 iyul 2021-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş və qərar 10 mart 2023cü il tarixdə informasiya sisteminə yerləşdirilmişdir. İddiaçı iddia ərizəsinin dəlillərində məhkəmə qərarının icra edilməsi barədə məktubun cavabdeh Agentliyə 23 yanvar 2023-cü il tarixdə təqdim edildiyini, lakin qərarın 30 gün müddətində icra edilmədiyini bildirir. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçının məhkəmə qərarının 23 yanvar 2023cü il tarixdə cavabdehə təqdim edildiyinə dair dəlillərinin həqiqiliyi qəbul edilsə belə, məhkəmə qərarının cavabdeh tərəfindən alındığı tarixdən 1 ay 17 gün sonra icra, yəni 10 mart 2023-cü il tarixdə icra edildiyi görünür. İddiaçının digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi üzrə ona müvafiq pensiya ödənişlərinin birdəfəlik deyil, hissə-hissə ödənilməli olmasına dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən məsələ, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarı ilə bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hissə-hissə yox, birdəfəlik ödənilməsinə dair məsələ iddiaçı tərəfindən hazırda ayrıca icraat çərçivəsində məhkəmə qaydasında mübahisələndirilir. İş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Bununla belə kollegiya qeyd edir ki, əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsait iddiaçıya hissə-hissə ödənilsə belə, bu hal özü-özlüyündə cavabdeh ƏƏSMN tərəfindən iddiaçıya ziyanın vurulmasına səbəb olmamışdır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçı tələbini dəqiqləşdirərək, ona vurulmuş maddi zərər olaraq 170 AZN, mənəvi zərər olaraq 24830 AZN, cəmi 25000 AZN pul məbləğinin kompensasiya olaraq cavabdehlərdən xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ona vurulmuş maddi zərərin tərkibinə hazırkı vaxtadək məhkəmələrin icraatında olan, iddiaçı qismində irəli sürdüyü iddialar üzrə cavabdeh dövlət orqanlarına ünvanladığı poçt göndərişlərinin dəyərini və yol-nəqliyyat xərclərini aid etmişdir. Kollegiya hesab edir ki, sadalanan xərclər hər bir məhkəmə icraatının gedişində çəkilmiş xərclər olmaqla inzibati orqan tərəfindən vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxs ona dəymiş zərərin əvəzini inzibati orqandan mülki qanunvericilik müddəalarının tələbləri baxımından tələb etmək hüququna malikdir. Lakin, həmin zərərin mövcudluğunun təsdiq edilməsi mütləqdir. Hazırkı halda isə belə bir zərərin mövcudluğu öz təsdiqini tapmır, iddiaçının tələb etdiyi 170 manat isə yuxarıda qeyd edildiyi kimi, maddi zərər kimi qiymətləndirilə bilməz. Mənəvi zərərlə bağlı isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da formalaşmış hüquqi mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyyarları tətbiq etmək zəruridir, o cümlədən zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd). Hazırkı işdən isə cavabdehlərin iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verməsi və belə hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2767/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar