Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-809/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X9 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X12 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(118)-26/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X12 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 600 kv m torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının atası X3 adına qeydiyyata alınmışdır. Qusar rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli 2(029)- 375/2014 saylı qətnaməsi ilə iddiaçının qardaşı X4 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək mirasın qəbul etmə müddəti uzadılmış və 01 iyun 2003-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmiş, bu məqsədlə Qusar rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 17 fevral 2017-ci il tarixli 2(029)- 240/2017 saylı qətnaməsi ilə onun da mərhum atasından qalan miras əmlaka vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin notariat kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oğlu Faiq Babayevin adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Ona görə də, iddiaçı Qusar rayon məhkəməsində Abdulməcid Babayevin adına verilmiş çıxarışın, o cümlədən Faiq Babayevin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmiş və Qusar rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(029)-292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X6 adına verilmiş xx.xx.2016-cı il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Faiq Babayevin adına xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı və X12 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Halbuki, həmin çıxarışların verilməsinə əsas olan sənədlər etibarsız hesab olunmuşdur. Ona görə də, hesab edir ki, Çimnaz Babayevanın adına verilmiş həmin çıxarış ləğv edilməlidir. Həmin çıxarışın ləğv edilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən xx.xx.20222-ci il tarixli məktub verilərək çıxarışın yalnız məhkəmə qərarı ilə ləğv edilməsinin mümkün olduğu bildirilmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Qusar şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair vətəndaş X12 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəyə 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmışdır. Müraciətə xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair X12 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə X15 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(118)-26/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-1956/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X4 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X6 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə qalmışdır. Daha sonra mübahisəli daşınmaz əmlak vərəsəlik qaydasında X6 adına rəsmiləşdirilmiş və xx.xx.2018-ci ildə bağışlanma müqaviləsi əsasında X14 bağışlanmışdır. Hal-hazırda mübahisəli daşınmaz əmlaka sonuncunun adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının hazırkı iddia tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarı ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Qərarı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.....
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli № 05 Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi X12 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qusar Rayon Məhkəməsinin 2(029)-375/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X10 və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, X4 xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbul edilməsi üçün məyyənləşdirilmiş müddət uzadılmış, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 vərəsəlik hüququ tanınmışdır. Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi xüsusi müikiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 0.06 hektar həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik yolu ilə X2 X8 verilmişdir. Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsi ilə mərhum X3 miras kütləsinə daxil olan Qusar şəhəri, H.Əliyev kücəsindəki 87 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.060 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi iddiaci İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış və həmin əmlaklara dair onun vərəsəlik hüququ tanınmışdır. Qusar rayon Notariat Kontoru tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış 02 iyun 2017-ci il tarixli, X-234 saylı məktubda qeyd olunmuşdur ki, həmin notariat kontoruna xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 ölümündən sonra miras qalmış Qusar şəhəri, H.Əliyev 87 (T.İsmayılov) ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ucun İddiaçı müraciəti daxil olmuş, lakin ərizəçi həmin ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün olmamışdır. Ona görə də həmin idarədən xahiş olunmuşdur ki, vərəsəlik işinin həlli ilə əlaqədar notariat kontoruna təqdim etmək üçün mülkiyyət hüququnun vəfat etmiş şəxsə aid olması barədə çıxarış verilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 1858/2018 saylı qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsi qətnamə ilə maraqlarına toxunulan ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 2(029)- 240/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli X-89 saylı məktubda qeyd olunmudşur ki, X5 məxsus Qusar şəhəri, H.Əliyev prospekti, 87 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir (axtarış 2007-ci ildən 2018ci ilədək aparılmışdır). Qusar rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X4 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon notariat kontoru tərəfindən X6 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1956/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində-Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X4 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X6 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı oğıu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıılmışdır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Yuxarıda sadalanan məhkəmə aktlarının məzmunundan göründüyü kimi yekun olaraq İddiaçı mirası qəbul etmə üşün müddətin uzadılması barədə iddiası təmin edilməmiş və vərəsələrdən miras evin ancaq X11 tərəfindən qəbul etməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddianı qaldırarkən onun vərəsəlik hüquqlarının məhkəmə qətnaməsi ilə tanındığına (həmin vaxt qətnamə qüvvədə olmuşdur) və X12 adına verilmiş çıxarışdan əvvəl verilmiş çıxarışların məhkəmə qaydasında etibarsız hesab edildiyi halda cavabdeh tərəfindən qeydiyyatın qanunsuz olaraq aparıldığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə İddiaçı mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vərəsəlik hüquqlarının tanınmasına və X4 adına veirlmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiaları təmin edilmədiyindən hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, X12 adına verilmiş çıxarışın verilməsi üçün əsası hazırda da qüvvədə olan bağışlama müqaviləsi (mülki əqd) təşkil etdiytindən hazırki işə baxılması da məhkəmə aidiyyitə ilə bağlı tələblərə uyğun olaraq ümumi məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarından müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” nə əsasən X13 tam mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti 87 ünvanında yerləşən ümumi sahəsi 168.1 kv/m olan fərdi yaşayış evini və Qusar şəhəri, H. Əliyev prospekti 87 ünvanından yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini X14 bağışlamışdır. Tərəflər arasındakı mübahisə mülki xarakterlidir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırki məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarlarının tələbləri baxımından hazırkı iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının şikayətin dəlili kimi istinad etdiyi hallar işin müəyyən edilmiş faktiki və hüquqi halları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2-1(118)-26/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.