Məhkəmə qərarları › İş №2-1(105)-81/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-81/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-81/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-408/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs kimi fəaliyyət göstərir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən cəmiyyətə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsal olunmasından ibarətdir. Bu məqsədlə İddiaçı MMC X4 icarəsində olan 60.29 ha torpaq sahəsini Cavabdeh razılığına əsasən alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə xx.xx.2017-ci ildə ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı MMC qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, parniklər tikmək, pomidor və digər məhsullar yetişdirməklə dünya bazarına çıxarmağı planlaşdırır. Burada təxminən 200 ailə işləyəcək və dolanacaq. Qeyd olunan məhsulların yetişdirilməsi üçün İddiaçı MMC sahəni hamarlamış, daş və çınqıldan, kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumşaq torpaqla torpaqlamışdır ki, əkinə yararlı hala salsın. Eyni zamanda İddiaçı MMC torpaq sahəsində parniklərin tikilməsi üçün “xxxx” MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiyməti 1.000.000 manat təşkil etmişdir. Müqavilənin icra müddəti 2020-ci ilədək nəzərdə tutulmuşdur. Hazırda müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmişdir. Tikinti işlərinə başlayarkən məlum olmuşdur ki, Abşeron İcra hakimiyyəti onlara məlumat vermədən, birtərəfli qaydada xx.xx.2018-ci ildə iddiaçı ilə olan icarə müqaviləsinə xitam vermişdir. İcra hakimiyyəti müqaviləni birtərəfli qaydada ləğv edərkən qanunvericiliyin tələblərini pozmuş, onlara heç bir xəbərdarlıq etməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahələri iddiaçıya ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqqları ödənilmir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Cavabdeh etirazının maddi hüquqi əsası olaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13, 9, 44, 73, 75, Mülki Məcəllənin 700, 713, “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19, 23 və 31-ci maddələrinə istinad etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-408/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Rayon İcra hakimiyyətində yaradılmış “Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə xx xxxxxx 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış komissiya tərəfindən mütəmadi olaraq X8 hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatına uyğun istifadə edilib-edilməməsi daim diqqətdə saxlanılır və qanunvericiliyin, bağlanmış torpaq icarə müqavilələrinin tələblərini pozaraq torpaqdan təyinatına uyğun istifadə etməyən hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirilir. Növbəti dəfə aparılan müşahidələr zamanı Komissiyanın fəaliyyəti çərçivəsində xx xxxx 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatlı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmiş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin və ’’Yerli İcra Hakimiyyətləri haqqında“ Əsasnamənin 28-ci maddəsinin tələblərini rəhbər tutaraq bir sıra hüquqi və fiziki şəxslərlə yanaşı, **********80 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs İddiaçı MMC-nin icarəsində olan 60,29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə sərəncam verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən sərəncamla təkcə İddiaçı MMC-nin icarəsində olan 60,29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməmiş, bir sıra hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərindəki icarə hüquqları tam və ya qismən ləğv edilməmişdir. Hüquqi şəxslər “xxxx” MMC və “xxxx” MMC-nin, fiziki şəxsiər X5, X2, X3 və X1 müxtəlif ölçülü torpaq sahələri üzərində icarə hüquqlarına tam və ya qismən xitam verilmiş, adları qeyd olunan hüquqi və fiziki şəxslərin əksəriyyəti rayon İcra hakimiyyəti üzrə onların torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi ilə əlaqədar verilmiş sərəncamı mübahisələndirməmişlər. İddiaçı MMC tərəfindən mübahisələndirilən sərəncam üzrə inzibati işə baxan məhkəmə işin halllarını tam və obyektiv araşdırmadan rayon İcra Hakimiyyəti üzrə verilmiş xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı ləğv etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda məhkəmə kollegiyasına iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, mübahisələndirilən sərəncam təkcə İddiaçı MMC-yə aid olmamış, başqa hüquqi və fiziki şəxslərin icarə müqavilələri də ləğv edilmişdir. İddiaçı olaraq onlar yalnışlığa yol verərək İcra başçısının sərəncamını bütünlüklə mübahisələndirmişlər. Odur ki, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 069 nömrəli sərəncamının iddiaçıya münasibətdə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində yalnışlığa yol verərək İcra başçısının sərəncamını bütünlüklə mübahisələndirmişdir. Bununla əlaqədar kollegiya tərəfindən iddiaçının vəkilinə hüquqi yardım edilmiş, sonuncu tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 069 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddianın dəyişdirilməsi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 1190 saylı icarə müqaviləsinə əsasən, Abşeron rayonu X7 ərazisində 60.29 ha torpaq sahəsi 99 il müddətinə X6 icarəyə verilmiş, sonuncunun icarə hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh 2356 saylı xx.xx.2017-ci il tarixli məktubuna əsasən, İcra Hakimiyyəti X4 daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla icarəsində olan 60.29 ha torpaq sahəsi üzərində icarə hüququnun qanunamüvafiq olaraq İddiaçı MMC-yə satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra X9 xx.xx.2017-ci il tarixdə Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu X7 ərazisində 60.29 ha torpaq sahəsi üzərində icarə hüquqlarını 499000 manata İddiaçı MMC-yə satmışdır. Hazırda RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən, Abşeron rayonu X7 ərazisində 60.29 ha torpaq sahəsi üzərində icarə hüquqları xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. “Torpaq sahələri üzərində icarə hüquqlarına qismən xitam verilməsi” barədə Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 69 saylı sərəncamından görünür ki, “Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə xx xxxxxx 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində xx xxxx 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatlı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənlərə əsasən, bir neçə fiziki və hüquqi şəxsin, o cümlədən **********80 nömrəli reyestrdən çıxarışa əsasən, hüquqi şəxs İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarında onunla əsaslandırmışdır ki, İddiaçı MMC dövlət mülkiyyətində olan 60.29 ha torpaq sahəsinin üzərində olan icarə hüququ Cavabdeh razılığı ilə əldə edilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə həmin hüququn əldə edilməsindən (xx.xx.2017-ci il) 5 aydan az müddətdən sonra, yəni xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam qəbul etmişdir. Halbuki icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsinin gecikdirilməsi və ya ödənilməməsinə görə xəbərdarlıq edilməli idi. Əgər icarə müqaviləsi üzrə öhdəliklərin icrası təmin edilmədiyi təqdirdə, icarə müqavilə münasibətlərinə xitam verilməsindən ötrü məhkəməyə müraciət etməli idi. Çünki, torpaq sahəsi üzərində icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Lakin Cavabdeh xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinin ləğv edilməsinə dair sərəncam vermişdir. Sərəncamda həmçinin torpaq sahəsinə İddiaçı MMC tərəfindən hüququn əldə edilmə müddəti nəzərə alınmadan üç illik icarə haqqının ödənilməməsini göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi) İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici «Torpaq icarəsi haqqında» ayrıca qanun qəbul etmişdir. Lakin bu Qanunun 2-ci maddəsində xüsusilə qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli «Torpaq icarəsi haqqında» Qanunun müddəalarında da öz əksini tapmışdır. Qanunun 13-cü maddəsinə əsasən Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin MM-in 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir. Göründüyü kimi qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun əldə edildiyi vaxtdan 05 aya yaxın müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncam iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən birinci instansiya məhkəməsi sərəncamı qanunsuz hesab etməklə qismən düzgün nəticəyə gəlsə də, mübahisələndirilən sərəncamın iddiaçıdan başqa digər şəxslərə da aid olduğuna diqqət yetirməmiş, yalnız iddiaçıya aid hissədə ləğv etməli olduğu halda, sərəncamı tam ləğv etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi hissəsində ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-408/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 069 nömrəli sərəncamı İddiaçı MMC-nin icarəsində olan 60.29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar