Məhkəmə qərarları › İş №2-1(105)-81/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-81/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-81/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2,üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-205/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2.0 hektar və 0.81 hektar torpaq sahələri üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Qəçrəş Bələdiyyə sədrinin 11 may 2007-ci il tarixli 7/25 nömrəli qərarı ilə Quba rayonu, Qəçrəş kəndinin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya 2.0 ha torpaq satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, iddiaçıya Quba rayonu Qəçrəş bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən 2.0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərarın icrası məqsədilə iddiaçı ilə Quba rayon Qəçrəş bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmin akta əsasən Qəçrəş bələdiyyə ərazisində 2.0 ha torpaq sahəsinin İddiaçı satılması müqabilində İddiaçı tərəfindən Qəçrəş bələdiyyəsinə 3000 manat məbləğində pul ödənilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı xx.xx.2007-ci il tarixində Quba rayonu Qəçrəş kəndi ərazisində 20000 kv.m. sahəsi olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 18 iyul 2007-ci il tarixli sərəncamına əsasən İddiaçı istirahət zonası yaradılması məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında 02 iyul 2007-ci il tarixli ərizəsində torpaq sahəsinin ayrılması barədə Qəçrəş bələdiyyəsinin 11 may 2007-ci il tarixli qərarı, DT və XK-nin Quba rayon şöbəsinin rəy və arayışı, torpaq sahəsinin kadastr planı və mütəxəssis komissiyasının 04 iyul 2007-ci il tarixli akt-rəyinin nəzərə alınması, ona Qəçrəş kəndinin ərazisinə aid olan 2.0 hektar torpaq sahəsində istirahət zonası yaratmaq məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Quba rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli aktdan müəyyən olunur ki, istirahət zonasının yaradılması ilə əlaqədar yaranmış torpaq sahəsi 2.0 ha olmaqla Qəçrəş kəndinin ərazisinə aiddir. Sahə sanitar-gigiyenik tələbata cavab verir. Sahə yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Sahədən yüksək gərginlikli elektrik xətti keçmir. Sahədən yeraltı kommunikasiya xətləri keçmir. Bundan əlavə, İddiaçı mülkiyyətində Quba rayon Qəçrəş kəndi ərazisində 0.81 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini İddiaçı xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Müqavilə əsasında İddiaçı həmin torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamına əsasən iddiaçının özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədəki ərizəsinin, komissiyanın aktının nəzərə alınması, Quba rayonu Qəçrəş kəndi ərazisində 1,46 ha və 0.81 ha özəl torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli şəxslərinin təsdiqlədiyi xx.xx.2004-cü il tarixli aktından müəyyən olunur ki, torpaq sahəsi sanitar-gigiyenik tələblərə uyğundur, sahə yanğına qarşı təhlükəsizdir, sahədən kommunikasiya xətləri keçmir. Hesab edir ki, iddiaçının istifadəsinə və mülkiyyətinə verilən qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Ərizəyə cavab olaraq ona xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanının xx.xx.2020-ci il tarixli məktubundan aşağıdakılar qeyd olunur: “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən JN-640 nömrəli Dövlət Aktı eləcə də JN-640 nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsində əsas olan JN-638 nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizənizə əlavə olunmuş AN-0073336 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır”. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Hazırkı iş üzrə mübahisəli torpaq sahələrindən biri olan 0.81 hektar torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, həmin torpaq sahəsinə dair 15.05.200-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş JN-638 nömrəli dövlət aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitabında qeydiyyatdan keçməmiş və idarənin elektron məlumat bazasında öz əksini tapmamışdır. Qeyd etmişdir ki, əvvəla bütün bu hallar sübut olunmalı və sübut olunduğu halda belə bütün bu halların ona heç bir aidiyyatı yoxdur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında keçmiş, həmin alqı-satqı müqaviləsi dövlət notariat kontorunda təsdiqlənmiş və alqı-satqı müqaviləsinin əsasında iddiaçıya mülkiyyət hüququ haqqında akt təqdim olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Qeyd olunan halların qeydiyyat kitabında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasına daxil edilməməsi iddiaçının deyil, cavabdeh inzibati orqanın öhdəliyidir. Cavabdeh inzibati orqanın yerinə yetirilməmiş öhdəliyinə görə çıxarışın verilməsindən imtina oluna bilməzdi. Cavabdeh digər torpaq sahəsi ilə bağlı qeyd edir ki, “torpaq sahəsinin döngə koordinatlarının elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir”. Əvvəla həmin torpaq sahəsinin Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşdiyini müəyyən etmək üçün onların iştirakı təmin edilməklə ekspertiza keçirilməli, torpaq sahəsinin sənədləri təqdim edildikdən sonra ekspertin rəyi əsasında həmin hal müəyyən edilə bilərdi. Lakin cavabdeh inzibati orqan kompyuterdə olan natamam məlumatlara əsasən nədənsə bu halı "müəyyən" edə bilmişdir. Halbuki cavabdeh inzibati orqan İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmağa borcludur. Digər tərəfdən həmin vəziyyətin mövcud olduğu halda belə iddiaçıya heç bir aidiyyatı yoxdur. Belə ki, həmin torpaq sahəsinin ərazisinin koordinatlarını müəyyən edən plan və ölçü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunsa da onun səlahiyyətləri və öhdəlikləri cavabddeh inzibati orqanın sərəncamına keçmişdir. Belə olduğu halda, bu öhdəlik yenə də məhz cavabdeh inzibati orqanın öhdəliyidir və torpaq sahəsinin ərazisinin koordinatlarını düzgün müəyyən edən plan və ölçünün verilməsi öhdəliyi də cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahələri alqı-satqı müqavilələri əsasında iddiaçının mülkiyyətinə keçmiş, torpaq sahələrinə dövlət orqanları tərəfindən plan və ölçü, mülkiyyət hüququ haqqında aktı təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. Həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi üçün mötəbərlik prinsipinə əsasən iddiaçıya torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməli idi. "İnzibati İcraat haqqında" AR Qanununun 10.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Ümumiyyətlə iddiaçıya qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Həmin əsaslardan ikisi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir ki, hazırkı iş üzrə də həmin sənədlər mövcuddur və iddia ərizəsinə əlavə olunur. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi üçün kifayət qədər qanuni əsas mövcuddur. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci il tarixli **********14 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd edilən JN-640 nömrəli Dövlət Aktı, eləcədə JN-640 nömrəli Dövlət Aktının yaranmasına əsas olmuş Quba şəhər Dövlət notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4-169 saylı Alqı- satqı müqaviləsində əsas olan JN-638 nömrəli Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil veriimiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektıon məlumat bazasında da öz əksini tapmamışdır. Eyni zamanda ərizəyə əlavə olunmuş AN-007336 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının ərazi idarəsinin elektron məlumat bazasına əsasən uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Belə ki, mübahisələndirilən JN 640 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əks olunan koordinatlarına və baza xəritəsinə əsasən həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları ərazisində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından istifadə qaydaları müəyyən edilmişdir. 20.1 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 20.2 Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Lakin, JN 640 nömrəli dövlət aktında göstərilən torpaq sahəsi kənd təsərrrüfatı məhsulların istehsalı ilə verilmişdir və kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Bildirilir ki, həmin məqsədlə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarından ayrılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsində göstərilən digər daşınmaz əmlaka aid AN-007336 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını ərazi idarəsinin elektron məlumat bazasına əsasən Qəçrəş kəndinin sərhədlərindən kənarda yerləşir, meşə fondu torpaqları kimi göstərilmiş əraziyə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-205/2021 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha və 0.81 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 632 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən"xxxx" MMC-nin hesabına (Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** ) ödənilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının iddia tələbinin dəlillərinə heç bir münasibət bildirməmiş, cavabdeh inzibati orqanın imtinasındakı əsaslara əsaslanaraq qərar çıxarmış, iddia dəlillərinə və sübutlara heç bir münasibət bildirməmişdir.Məhkəmə tərəfindən işin araşdırılması üçün təyin edilmiş ekspertizaya iddiaçının tələbinə imtina cavabı vermiş inzibati orqanın mütəxəssisi cəlb olunmuş, mütəxəssis rəyi əsaslandırılmamış, həmin mütəxəssis rəyində digər vətəndaşa verilmiş torpaq sahəsindən bəhs edilmişdir.Bundan əlavə, məhkəmə iş materiallarında olan sənədləri nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. . TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və digər üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan iclasa gəlməmişdir.Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı, qərarın digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi “Torpağa mülkiyyət hüququna dair”JN- 640 seriyalı, kod 30317018 nömrəli Dövlət Aktı ilə 0.81 ha torpaq sahəsi satıcı X8 ilə alıcı İddiaçı arasında Quba rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-169 saylı müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Bununla əlaqədar “Müqəddəs Torpaq” X11 rəhbəri X14 iddia ərizəsi ilə Quba rayon Qəçrəş bələdiyyəsinə,X6, X4 və İddiaçı qarşı məhkəməyə müraciət edərək, Quba rayon Qəçrəş bələdiyyəsi ilə X8 arasında xx.xx.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən X5 adına 1,20 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə verilmiş JN638 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, X8 ilə X7 arasında 0,40 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-Ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən X2 adına verilmiş xx.xx.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, X8 ilə İddiaçı arasında 0,81 ha torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər X7 və İddiaçı qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 nömrəli qətnaməsi ilə iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri X9 cavabdehlər Quba rayon Qəçrəş bələdiyyəsinə, X6, X4 və İddiaçı qarşı alqı-satqı müqaviləsinin və dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası təmin edilməmişdir (hakim R.T.Həsənov). İddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri X14 apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2022-ci il tarixli, 2(105)-163/2022 nömrəli qətnaməsi ilə iddiaçı “Müqəddəs torpaq” kəndli (fermer) təsərrüfatının rəhbəri X9 verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il il tarixli, 2(027)-197/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Quliyev Telman (sədrlik edən və məruzəçi),Tağızadə Gülnarə və Məmmədova Lətifə). Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2022-ci il tarixli, 2(105)-163/2022 nömrəli qətnaməsi ilə 0.81 ha torpaq sahəsinin İddiaçı məxsus olması müəyyən edilmiş, həmin qətnamə iş materiallarına əlavə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın 0.81 ha torpaq sahəsinə dair hissədə hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın iddiaçıya verilməsindən imtinası əsassızdır. İddiaçı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə isə məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş 20 iyun 2007-ci il tarixli torpaq sahəsinin kadastr göstəricilərinə əsasən müəyyən olunur ki, Quba rayonu Qəçrəş Bələdiyyəsi tərəfindən İddiaçı satılmış 2 ha torpaq sahəsinin bonitet balı 66-dır (i/v 201). “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Şabran-Xaçmaz kadastr qiymət rayonu üzrə bonitet şkalası 80-61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Beləliklə də, müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyənin qərarına əsasən iddiaçıya satılması, qanunvericiliyə uyğun aparılmamışdır. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində Sumqayıt Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(105)-81/2022 saylı məktubu ilə mütəxəssis qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar müəyyən edilmişdir:

1. AN-007336 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 20.000 m² torpaq sahəsinin X12 verilmiş **********00108 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar ilə 1.5 ha hissədə üst-üstə düşür, üst-üstə düşən **********00108 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X12 məxsusdur, mübahisələndirilən torpaq sahəsinə dair başqa hər hansı şəxsin hüquqlarının olub-olmaması müəyyən olunmadı.

2. AN-007336 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 20.000 m² torpaq sahəsi meşə fondu torpaqlarının daxilində yerləşir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində qeyd olunan hissədə haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunamaması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, iddianın təmin olunmamasına dair birinci instansiya məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-205/2021 nömrəli qərarı Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin olunamaması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən 0.81 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-205/2021 nömrəli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar