Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-81/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva HöküməÇingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-2280/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 11 nömrəli sərəncamı ilə hər ailəyə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Fatmayı- Göradil kənd üzrə icra nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir.
2. “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995ci il tarixli, 13 saylı sərəncamına əsasən İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
3. İddiaçı qeyd edilən 0,10 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********01 saylı məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0,10 ha torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəsinin 06 sentyabr 1995-ci il tarixli 13 saylı sərəncamı ilə ayrıldığı və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi məlum olmuşdur. Bildirilmişdir ki, qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Bundan başqa müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyində və “Torpaq sahəsinin planı və ölçüsü”ndə istinad edilən sərəncamın nömrəsinə və tarixinə, həmçinin təqdim edilmiş sərəncamda hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995-ci il tarixli 13 saylı sərancamı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndində ayrılmış 0.10 ha ölçüdə olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 08 yanvar 1994-cü il tarixli, 11 saylı sərəncamına əsasən Fatmayı və Görədil kəndlərində yaşayan evi və torpağı olmayan, mənzil tikintisinə ciddi ehtiyacı olan 92 ailəyə hər birinə 0,10 ha hesabı ilə 9,2 hektar həyətyanı, 2,67 hektar küçə və yol altına cəmi 11.87 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama müvafiq olaraq Abşeron RİH Başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndiəliyinin 06 sentyabr 1995-ci il tarixli 13 saylı sərancammdan çıxarışa əsasən İddiaçı 0,10 ha həytyanı torpaq sahəsi ayrılmışdır. Sərəncamda onun da adı qeyd olunmuşdur. Abşeron rayon Dövlət Arxivinin müdirinin ona göndərdiyi F690 saylı 14 iyun 2022-ci il tarixli məktubunda da İddiaçı 0,10 hektar olmaqla ayrılmış torpaq sahəsinin qanunamüvafiq olması və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilmədiyi göstərilmişdir.Bundan başqa AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona ayrılmış həmin torpaq sahəsinin plan və ölçüsü də çəkilərək təsdiq olunmuş və bu barədə Dövlət Torpaq və Kadastr kitabında 25 dekabr 2009-cu il tarixdə 13713 nömrə ilə uçota alınmışdır (AN 241352). İddiaçı bütün bu sənədləri toplayaraq adına olan həmin torpaq sahsinin onun mülkiyyətinə verilməsi üçün cavabdehə ərizə ilə rəsmi müraciət etmişdir.Həmin idarənin 17 may 2022-ci il tarixli **********01 saylı məktubu ilə ona ayrılmış torpaq sahəsinin ayrıc aktının təqdim olunan sənədlər toplusuna daxil edilməməsinə, habelə sənədlərdə ata adında uyğunsuzluq olmasına görə qeyd olunan torpaq sahəsinə onun adına Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışın verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hazırda onun qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinə çıxarışın verilməsindən imtinası tam əsassız və qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddia tələbinə etiraz bildirmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəsinin 06 sentyabr 1995-ci il tarixli 13 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir.Bildirilir ki, qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və va satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Bundan başqa müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyində və “Torpaq sahəsinin planı və ölçüsü”ndə istinad edilən sərəncamın nömrəsinə və tarixinə, həmçinin təqdim edilmiş sərəncamda hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Fatmayı-Görədil kəndi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2280/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995-ci il tarixli 13 saylı sərancamı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndində ona ayrılmış 0.10 ha ölçüdə olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır və torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada)
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.
17. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
22. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz, habelə apellyasiya şikayətinin əsası kimi 0.10 ha torpaq sahəsinin səlahiyyəti olmayan şəxs tərəfindən ayrılmasını göstərilmişdir.
23. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını belə əsaslandırmışdır ki, işdə olan arxiv çıxarışında Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 11 nömrəli sərəncamın 2-ci bəndindən görünür ki, 92 ailənin hər birinə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Fatmayı-Görədil kənd üzrə icra nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Göründüyü kimi Abşeron RİH başçısının Fatmayı-Görədil kənd üzrə icra nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini İddiaçı ayırmışdır.
24. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosialmədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəs rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir.
25. Hazırkı halda Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndi üzrə İcra Nümayəndəsi səlahiyyətsiz şəxs hesab oluna bilməz. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndi üzrə İcra Nümayəndəsinə torpaq ayırma səlahiyyəti verilməsə də, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 11 nömrəli sərəncamından görünür ki, 92 ailənin hər birinə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Fatmayı-Görədil kənd üzrə icra nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, vətəndaşların ərizələrini və toplanmış sənədləri nəzərə alaraq Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 11 nömrəli sərəncamı ilə Fatmayı-Görədil kənd İcra Nümayəndəliyinə ayrılmış 11.87 ha torpaq sahəsindən İddiaçı Nəsir oğluna 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona 90 kv.m-dən ibarət yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarından həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, torpaq sahəsi ilə bağlı mübahisənin olması, habelə torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı hər-hansı mübahisənin olması müəyyən olunmur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 18 dekabr 2009-cu il tarixli, 4462 saylı rəyində də iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Eyni zamanda Abşeron rayonu Gorədil bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Görədil bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995-ci il tarixli, 13 saylı sərəncamı ilə İddiaçı ayrılan 0,10 ha torpaq sahəsi qanunamüvafiq hesab olunduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
28. Belə ki, sərəncamların verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısını əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.
29. İşin hallarından müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995-ci il tarixli, 13 saylı sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.
30. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.
32. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 06 sentyabr 1995-ci il tarixli, 13 saylı sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.
33. İmtinanın və şikayətin digər dəlili olan təqdim edilmiş sərəncamda hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluqla bağlı isə kollegiya qeyd edir ki, həmin dəlil cüzi və əhəmiyyətsiz olmaqla (iddiaçının ata adı sənəd üzrə “Nasir” olduğu halda sərəncamda “Nəsir” kimi göstərilmişdir) iddiaçının qeyd edilən torpaq sahəsi üzərində müliyyət hüquqlarının qeydiyyata alınmasından imtinanın əsası kimi çıxış edə bilməz.
34. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və ədalətli qərar çıxarmışdır.
35. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2280/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.