Məhkəmə qərarları › İş №2-1(105)-81/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-81/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-81/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-3842/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, 1/A6763 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 18.04 2016cı il tarixli, 9/2-3140 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N .-cü il tarixli, 54 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı və yenidən N nömrəli hərbi hissədə xidmətə davam etməsi atəşkəs dövrünə (xx.xx.1994-cü ilə) təsadüf etdiyindən müraciətin icrası mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixində Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olmuş, 1993-1994-cü illərdə AR Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmət etmiş, döyüşlər zamanı ağır yaralanmış, üzərində heç bir sənəd tapılmadığına görə anket məlumatları müəyyən olunmadan hospitala aparıldığından hərbi hissə komandirinin məlumatı olmamış və xx.xx.1994-cü il tarixli, 5N saylı əmrilə N saylı hərbi hissənin şəxsi heyətinin sıralarından çıxarılmışdır. Müalicə alındıqdan sonra könüllü olaraq Qubadlı Hərbi Komissarlığına gəlmiş, xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.1997-ci il tarixdən təxris olunmuşdur. Ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə cavabdehə müeraciət etmiş, lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Halbuki, onun hərbi xidmətdə olmağı bərədə hərbi biletində qeydlər aparılmış, AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilən müvafiq arxiv arayışı və məktublar da sübut edir ki, o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-3842/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N .-cü il tarixli, 54 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış və onun yenidən N nömrəli hərbi hissədə xidmətə davam etməsi atəşkəs dövrünə, yəni xx.xx.1994-cü ilə təsadüf etdiyindən cavabdeh onun müraciətinə haqlı olaraq müsbət cavab verməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə iddia tələbi təmin edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki halda cavabdeh tərəf iddiaçının döyüş əməliyyatlarını icazəsiz tərk etməsinə dair heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xidmətdə olduğu ilk mərhələni qanunsuz tərk etmə kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı həmin döyüşlərdən birində döyüş yoldaşlarıyla birlikdə müasirəyə düşmüş, onları don vurmuş və iddiaçı şəhid olmuş döyüş yoldaşları ilə birlikdə (onun da şəhid olması düşünülərək) hospitala aparılmış, orada onun ölmədiyi məlum olmuş, ona ilkin yardım göstərilmiş və müalicə üçün Sumqayıt şəhərinə gətirilmişdir. Sağaldıqdan sonra isə iddiaçı yenidən Qubadlı hərbi komissarlığına müraciət etmiş və yenidən əmr verilərək döyüş bölgəsinə göndərilmişdir. Məhkəmə hazırki halları sübuta yetirən heç bir sübuta qiymət vermədən, araşdırma aparmadan iddia tələbinin rədd olunması barədə qərar qəbul etmişdir. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması və qanuni əsaslarla xidmətdən tərxis olunması onun təqdim etdiyi arayışlar, arxiv məlumatları və hərbi biletdə edilmiş qeydlər vasitəsilə sübuta yetirilsə də, məhkəmə həmin sübutlara qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. ...

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Cavabdehin imtinasının əsası iddiaçının N nömrəli hərbi hissəni özbaşına tərk etdiyindən komandirin N .-cü il tarixli, 54 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması və onun yenidən N nömrəli hərbi hissədə xidmətə davam etməsinin atəşkəs dövrünə, yəni xx.xx.1994-cü il tarixə təsadüf etməsi olmuşdur. İşə baxan məhkəmə cavabdehin imtinasını əsaslı sayaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən müəyyən edilir ki, o, xx.xx.1993-xx.xx.1994-cü il tarixlərində N nömrəli, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində N nömrəli hərbi hissədə xidmət edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam-Füzuli kəndlərində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərində isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı barəsində verilmiş 18.04 2016-cı il tarixli, 9/2-3140 nömrəli arxiv arayışından da görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixdən 17 nömrəli əmrilə N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq, baş kəşfiyyatçı vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 54 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri komissarlığa göndərilmişdir. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 410 nömrəli əmrilə 1-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmaqla, əsgəri vəzifəsinin icrasına başlamışdır. AR müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 110 nömrəli əmrilə hərbi xidmətdən ehtiyata buraxıldığından komandirin xx.xx.1997-ci il tarixli, 189 nömrəli əmrilə şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHKnın sərəncamına göndərilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.1993-cü il tarixdən hərbi xidmətə başlamaqla, əvvəlcə N nömrəli, daha sonra N nömrəli hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissəni özbaşına tərk etdiyindən xx.xx.1994-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsa da, bundan 8 gün sonra - xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bu hərbi hissədə xidmətini davam etdirmiş, daha sonra AR müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 110 nömrəli əmrilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Kollegiya hazırkı iddianın rədd edilməsi əsası olaraq iddiaçının yenidən hərbi xidmətə qayıtdığı tarixin (xx.xx.1994-cü il) atəşkəs dövrünə təsadüf etdiyinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin yuxarıda qeyd edilən 1-ci hissəsinin tələblərindən göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həmin normada qeyd edilən rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün onların hərbi xidmət dövrləri 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövrlə məhdudlaşdırılmışdır. Hazırkı halda da, iddiaçının belə hərbi xidmət dövrü 1993-cü ildən başlamış, xx.xx.1994-cü il tarixdən xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsa da, xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bu hərbi hissədə xidmətini davam etdirmiş, yəni, iddiaçının atəşkəs dövründən sonra xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti artıq 1993-cü ildə başlamış xidmətinin davamı olmuş və o, xx.xx.1997-ci il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələrin 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olub-olmaması ilə bağlı məsələ araşdırılmışdır. Bununla bağlı kollegiyanın sorğusuna cavab olaraq cavabdehin 10 yanvar 2025-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə müvafiq qeydiyyat aparılmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının hərbi xidmət etdiyi 888, N və N nömrəli hərbi hissələrdən onun xidmət etdiyi dövrdə (xx.xx.1994-xx.xx.1994cü il tarixləri) döyüş əməliyyatlarında iştirak edən hərbi hissə N nömrəli olmuşdur. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət keçməsi, habelə, qanuni əsaslarla ordudan tərxis olunması qanunvericilikdə təsbit edilmiş mötəbər sübutlarla (hərbi biletin qeydləri və arxiv arayışı) təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, bununla da, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-3842/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar