Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-810/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı X9 Ali Asgarin, Cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X9 Ali Asgarin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə social müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2250/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, İran İslam Respublikası vətəndaşıdır. İddiaçı 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kimya texnologiyası və biotexnologiya ixtisasında təhsil almışdır (A № 013036 nömrəli diplom). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı xx.xx.1958-ci il təvəllüdlü X9 Ali Asgara 31 avqust 2005-ci il tarixdə QS-024 nömrəli qərarla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən qaçqın status verilmişdir. Şəxsə sonuncü dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlı olan QV000068 nömrəli qaçqın vəsiqəsi verilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-R- 214693/2023 nömrəli “Yaşa görə sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün təqdim edilmiş qaçqın vəsiqəsi əsasında X9 Ali Asgarin yaşa görə sosial müvainətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasının təsdiqlənməsi, sosial təminat hüququnun təmin edilməsi və aylıq yaşa görə müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11914/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Ali Asgar 1 yanvar 1958-ci ildə İran İslam Respublikasında doğulmuş və həmin dövlətin vətəndaşıdır. İranda mövcud rejimdən əziyyət çəkən ailənin üzvü kimi 1991-ci ildə Azərbaycan Respublikasına gələrək sığınacaq almaq üçün müraciət etmiş, 1993-cü ildə Azərbaycan Respublikasında siyasi sığınacaq almış, 2000-ci ildə BMT QAK tərəfindən ona mandat qaçqını statusu verilmişdir. 1995-1999cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. 31 avqust 2005-ci ildə isə ona Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmişdir. Həmin statusu təsdiq edən vəsiqə Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş, sonuncu dəfə 2024-vü ilə vəsiqə verilmişdir, xx.xx.2026-cı ilə qədər qüvvədədir. Beləliklə, 30 ildən artıq Azərbaycanda daimi və qanuni əsaslarla yaşayır. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar”. Həmin Qanuna uyğun olaraq, qaçqın statusunu almış şəxsə verilən təminatlardan biri kimi dövlətin təyin etdiyi birdəfəlik və ya digər yardım almaq təminatı nəzərdə tutulmuşdur. Yuxarıda istinad edilən qanunvericilik tələblərinə rəğmən, ona dövlət tərəfindən təyin edilən sosial müavinət almaq hüququ dövlət orqanları tərəfindən məhdudlaşdırılır. Belə ki, 5 sentyabr 2023-cü il tarixində 4 saylı DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə müavinət ala bilməsi üçün yazılı müraciət etmişdir. Sözügedən qurum 19 sentyabr 2023-cü il tarixli 3-17-1/2-R-214693/2023 nömrəli cavab məktubunda onun yaşına görə müavinətin təyin edilməsindən imtina etmişdir. 28 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, 19 aprel 2024-cü il tarixli 3-17/2-M-3778/2024 saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçusuna ömürlük müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.Həmçinin, eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyaı vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir və cavab məktublarında imtina eyni əsasla əsaslandırılmışdır. “Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.Faktiki olaraq isə, səlahiyyətli orqan "daimi yaşayan vətəndaşlığı olmayan şəxs və əcnəbi" anlayışını dar və məhdud çərçivədə təfsir edərək, nəticədə məsələni səhv qiymətləndirmişdir. Daimi yaşamaq faktının yalnız daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təsdiqlənməsi qanunazidd və yanlış yanaşmadır. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın statusunu təsdiq edən vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar onun Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasını sübut edir. Cavabdehlərin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya verilən xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu dəfə etibarlılıq müddəti 29 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2024-cü il tarixədək olan QV0Q00*** nömrəli qaçqın vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, qaçqın vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.İddiaçı Ah Äsghar oğlu hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün ona təqdim edilən qaçqın vəsiqəsi əsasında yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədlərin nümunələrinin təsdiq edilməsi haqqında” 15 iyul 2000- ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunmuşdur: - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: -“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və xüsusi sənədləri haqqında” Əsasnamədə nəzərdə tutulmuş aşağıdakı sənədlər təsdiq edilsin (əlavə olunur):-Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatanadək-Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri; Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşma çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;...Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin spesifikasiyası. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki; bu Fərmanın 1-ci bəndində göstərilən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədlərin blanklarının hazırlanması və istehsalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirsin:....“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 28 aprel 2022-ci il tarixli 175 nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.2.1-ci maddəsinə əsasən Qanunun 22-1 -ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) tələb olunur. Bundan əlavə “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında 30 iyul 2024-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının 4.1-ci bəndinə əsasən sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. İddiaçı Rabbanı X1 isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Ona məxsus sadəcə Azərbaycan Respublikası qaçqın vəsiqəsi vardır. İddiaçı iddia tələbi yaşa görə sosial müavinətin təyin olunmasından ibarət olduğundan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti mütləq təqdim olunmalıdır. Göründüyü kimi sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır. İddiaçının isə daimi yaşayış hüququ verən icazə vəsiqəsi olmadığı üçün ona qaçqın vəsiqəsi əsasənda yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2250/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı X9 Ali Asqharın Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi yoxdur. Belə ki, bu fakt Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məktubu ilə də öz təsdiqini tapmışdır. Normativ hüquqi aktlardan göründüyü kimi, cavabdeh təşkilat qanunvericilik normalarına əsasən hərəkət etmişdir. Sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti təqdim olunmalıdır.Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən məsələ ilə bağlı Baki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş üç iranlı şəxslərin (X11 Mehdi, Motahamel Shokrollah, X12) iddiaları Bakı İnzibati Məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tanınması və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi və ona yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu : "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət; Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; İstinad olunan normalardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan o şəxs sosial müavinət almaq hüququna malikdir ki, o:
1. daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir, yaxud;
2. daimi yaşayan əcnəbidir.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. (...) Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərində könüllü yerləşdirilə bilər. Məcburi köçkün statusu olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu: Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır .
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsi olmadığı üçün təqdim edilmiş qaçqın vəsiqəsi əsasında iddiaçıya yaşa görə sosial müvainətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla İran İslam Respublikasında anadan olmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. İddiaçı 1991-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşamaqdadır, 1993-cü ildə Azərbaycan Respublikasında siyasi sığınacaq almış, 2000-ci ildə Birləşmiş Millətlərin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfində mandat qaçqın statusu almış, xx.xx.2005-ci il tarixdə QS-024 nömrəli qərarla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən qaçqın statusu verilmişdir. Bundan sonra onun qaçqın statusu hər dəfə iki il müddətinə artırılmış, sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlı olan QV0000648 nömrəli qaçqın statusunu təsdiq edən vəsiqəsi verilmişdir. Beləliklə, iddiaçının əcnəbi olması və Azərbaycan Respublikası ərazisində qaçqın statusu ilə yaşaması işin mübahisəsiz hallarına aiddir. İddiaçıya 2005-ci ildə qaçqın statusu verildiyi gündən o, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna malikdir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı, ona yaşa görə sosial müavinətin təyin edilməsindən ibarətdir. İş materiallarının araşdırılması zamanı iddiaçıya məxsus sənədlərdən (Birləşmiş Millətlərin Qaçqınlar üzrə Ali Komissarlığının arayışı, qaçqın vəsiqəsi) görünür ki, X9 Ali Asgar əcnəbi olmaqla, 1991-ci ildən Azərbaycan Respublikası ərazisində daimi yaşayır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun isə şəxsə qaçqın statusunun verilməsini onun daimi yaşama müddətinin başlanğıcı kimi qiymətləndirmiş, həmin şəxsə əlavə vəsiqə verilməsinin zəruri olmamasını təsbit etmişdir “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Həmin Qanununun 12-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Sadalanan normalardan görünür ki, qüvvədə olan qanunvericilik Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin statusunu eyniləşdirərək, onlara Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarına yaxın hüquq və azadlıq vermiş, eyni vəzifələri daşımalarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində sadalanan hallara əsasən X9 Ali Asgar Azərbaycan Respublikasında yaşayan daimi əcnəbi olması halı öz təsdiqini tapdığı üçün iddiaçıya yaşa görə sosial müavinət təyin edilməli, Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsinin olmaması iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Kollegiya onu vurğulamağı zəruri hesab edir ki, iddiaçının qaçqın statusuna malik olması artıq onun daimi olaraq Azərbaycan Respublikasında daimi yaşamasını ehtiva edir, yəni qaçqınlıq statusu ölkə ərazisində daimi yaşayan əcnəbi statusundan daha geniş mahiyyətə malikdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun şəxsə qaçqın statusunun verilməsini onun daimi yaşama müddətinin başlanğıcı kimi qiymətləndirmiş, həmin şəxsə əlavə vəsiqə verilməsinin zəruri olmamasını təsbit etmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarının təhlilindən çıxış edərək, belə nəticəyə gəlir ki, qaçqın statusuna malik şəxs də Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi hesab olunur. Bu isə o deməkdir ki, "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi həm də onlara şamil olunmalıdır. Əks halda, yəni qanunvericiliyə daxil edilmiş müddəanın hərfi təfsiri, dövlətin bu zaman güddüyü məqsədə zidd ola və yekunda hədsiz formalizmlə nəticələnə bilər. Buna görə də məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, "Sosial müavinətlər haqqında" Qanunun 3.2-ci maddəsi qaçqın statusu olan şəxsləri də nəzərdə tutduğundan, onların sosial müavinət almaq hüququ tanınmalıdır. Belə olan halda isə, aydın olur ki, cavabdeh iddiaçının bu hüququnu tanımaqdan imtina etməklə onun hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə etmiş və bu müdaxilə qanunsuz olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya müavinətin təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edisin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2250/2025 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı X9 Ali Asghara yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.