Məhkəmə qərarları › İş №2-1(105)-811/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-811/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-811/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)- 2484/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz hərbi xidməti nəzərə alınmaqla, onun mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh 09 fevral 2023-cü il tarixli, 540 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "Azerbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.1993xx.xx.2006) 13 il 5 ay 2 gün) sözügedən Fərman iddiaçıya şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı "Hərbi qulluqçuların statusu haqqında " Azərbayca Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, mənzil təminatı ilə bağlı qeydiyyatda olduğunuz Rayon İcra Hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1983-cü ildən 1986-cı ilədək SSRİ Silahlı Qüvvələrində, 1991-ci ildən 2006-cı ilədək Bakıda həqiqi hərbi xidmətini və Azərbaycan Respublikasının Silahlı Qüvvələri ordusunda problemsiz, nöqsansız, qüsursuz hərbi xidmətini nəzərə almaqla onun mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan baş gizir kimi 1993- 2006-cı illərdə Azərbaycan Ordusunda xidmət etmişdir. O, Ukraynada gizirlər məktəbini bitirdikdən sonra 1983-1986-cı illərdə SRRİ Silahlı Qüvvələrində Bakıda hərbi həqiqi xidmət etmiş, Ukraynaya göndərişlə getmişdir. Xidmətin ilk 5 il müddətində hərbi qulluqçuları mənzillə təmin edirdilər. Lakin 1986-cı ildə Almaniyaya göndəriləndə mənzil almamış, 1991-ci ildə Almaniyadan Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1993-cü ildə Beyləqan-Fizuli bölgəsində göndərilmişdir. 1995-ci il tarixindən 2006-cı il tarixinə kimi 888, 308, 240 (mərkəzi ərzaq anbarı) nömrəli hərbi hissələrində xidmət etmişdir. 2006-cı ildə hərbi xidmətdən yaşına görə təxris olunmuşdur. 25 il ərzində hərbi xidmətində heç bir problem, nöqsan, çatışmazlıq olmamışdır. Halhazırda qeydiyyatda olduğu ünvan ünvan 1 mənzildə 1992-ci il tarixindən 1993-cü il aprel ayına kimi yaşamışdır. Ondan sonra müvəqqəti olaraq müxtəlif ünvanlarda yaşamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-2484/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Lakin, hazırki işdə iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti 20 ildən az – 13 il 5 ay 2 gün təşkil edir. Bununla da müəyyən edilir ki, iddianın təmini üçün hüquqi əsas mövcud deyil, qeyd olunanlar inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət müddətinin 20 ildən az olması əsası ilə iddianı təmin etməyərkən haqlı olmamışdır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri yaranmadığından o, Azərbaycan Silahlı Qüvvələrində xidmət edə bilməzdi. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək məhz Azərbaycanın da tərkib hissəsi olduğu - SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-ci il tarixdən 14.05 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində "Gizir KBO” hazırlığı kursunda kursant qismində, xx.xx.1983-cü il tarixdən 02.04 1993-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0126gm saylı xx.xx.2006-ci il tarixli əmri ilə xx.xx.2006-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnaməmin 156-cı maddəsinin "b” bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2011 -ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdir ki, hərbi qulluqçu kimi mənzil almaq üçün yerli icra hakimiyyəti orqanı tərəfindən uçota götürülməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ "Azerbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən iddiaçı barəsində verilmiş 06 yanvar 2023-cü il tarixli, 01 saylı arayışdan görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-cı il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində “Gizir KBO” hazırlığı kursunda kursant qismində, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0126gm saylı xx.xx.2006-ci il tarixli əmri ilə xx.xx.2006-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2011ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/3574 nömrəli məktubdan görünür ki, “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən ehtiyatda olan baş gizir İddiaçı xx.xx.1993-cü İl tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X3 tağım komandiri vəzifələrində xidmət etmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Quba rayon Hərbi Komissarlığına göndərilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı 1979-1993-cü illərdə SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xx.xx.2006-cı il tarixdən hərbi xidmətdən yaşa görə ehtiyata buraxılmışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçu hesab edilməsidir. Bu zaman iddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğuna istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmışdır. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Fərmanın tələblərindən göründüyü kimi hazırkı iddia tələbinin təmin olunması üçün qeyd olunan normalarda təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) İddiaçının Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş olması; 2) Bu xidmətin qüsursuz həyata keçirilməsi. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, iddiaçı 1979-1993-cü illərdə SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (13 il 5 ay 2 gün) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Göründüyü kimi qanunverici ən azı 20 təqvim ili xidmət müddətinin məhz Azərbaycan Ordusunda keçirilməsini imperativ şəkildə müəyyən etmişdir, hansı ki, iddiaçının Azərbaycan Ordusunda xidmət müddəti 13 il 5 ay 2 gün təşkil etməklə, qanunvericiliklə tələb olunan həmin müddətdən azdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə 1979-1993-cü illərdə Azərbaycan Ordusunun da tərkib hissəsi olduğu SSRİ Silahlı Qüvvələrinə xidmət etdiyini, bununla da həmin dövrün Azərbaycan Ordusunda xidmət müddəti kimi qəbul edilməsini tələb edir. Şikayətin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” haqqında Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Ordusunun anlayışı verilmişdir. Belə ki, həmin Qanunun 1.0.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. 1.0.2-ci maddəyə görə Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi Azərbaycan Ordusu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsi olmaqla, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən təsis edilmişdir. Bu mənada, iddiaçının 1979-1993-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidmət müddəti Azərbaycan Ordusunda xidmət müddəti kimi qəbul edilə bilməz. Odur ki, hazırkı halda iddiaçıya münasibətdə 1-ci şərt ödənilməmişdir. Cavabdeh orqan tərəfindən də iddiaçıya bu məzmunda imtina cavabı verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə Azərbaycan Ordusunda 20 il xidmət müddəti ilə bağlı 1-ci şərtin mövcudluğu təsdiq edilmədiyindən bu xidmətin qüsursuz olması ilə bağlı 2-ci şərtə münasibətdə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərinə əsasən mənzillə təmin edilmək üçün yerli icra hakimiyyəti orqanında uçota götürülmək hüququ vardır. Belə ki, həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin: - 3-cü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, .............. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-2484/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar