Məhkəmə qərarları › İş №2-1(105)-811/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-811/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-811/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(118)-396/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155228 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2019-cu ilin fevral ayından 2022-ci ilin yanvar ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********155346 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən mənfəət vergisi üzrə 374.277,23 manat, əlavə dəyər vergisi üzrə 654.030,28 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 488,4 manat vergi borcunun azaldılması aşkar edilmişdir. DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı MMC barəsində 374.277,23 manat mənfəət vergisi, 236.841,78 əlavə dəyər vergisi, 488,4 manat ödəmə mənbəyində vergi, ümumilikdə, 611.607,58 manat vergi məbləği və 514.518,23 manat maliyyə sanksiyası, həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir”. Bununla bağlı qeyd edir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamış, həmçinin yoxlama dövrünün sonuna qalıq kimi müəyyən edilən 1315787.65 manat dəyərində malların müəssisənin anbarında və ya işləri icra etdiyi tikinti sahələrində olub-olmamasının yoxlanılması üçün mal qalığı yoxlanılmamışdır. Belə olan halda həmin malların satış kimi qiymətləndirilərək ƏDV hesablanması qanunsuzdur. Bununla bağlı tərəflərindən müvafiq məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmiş, lakin, qeyd olunan izahatın surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən müəyyən olunan mal material sərfiyyatının vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi və vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. Lakin, mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Bundan başqa, aktda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən istifadə olunan material uçot cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istifadə olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi mallar arasında 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2-lərdə göstərilən (mişar daşı, qum, dam örtüyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Göründüyü kimi əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir sonra isə vergi ödəyicisinin təqdim etdiyi forma 2 və digər sənədlərə məlumatlarına istinad olunur. Bu isə tamamilə ziddiyyətli məqamdır. Eyni zamanda, xx.xx.2023-cü il tarixli, **********702700 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərəfindən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş məktubla isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş mal-material uçot cədvəli onlara geri qaytarılmış, yoxlama zamanı tərtib edilmiş material uçot cədvəli iddiaçıya təqdim edilməmişdir. Aktda qeyd olunduğu kimi istifadə olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün mütləq şəkildə yoxlama tərəfindən material uçot cədvəli tərtib olunmalı idi. Bu cədvəldə tikintidə istifadə olunmuş malların dəyəri, hər vahid üzrə elektron qaimə faktura əsasında alınmış malların miqdarı, o cümlədən, mütəxəssis rəyinə əsasən sərfiyyat miqdarı əks etdirilməli və hansı mallar üzrə kənarlaşma olması dəqiq göstərilməli idi. Yallnız bundan sonra hansısa malların istifadə sərfiyyatından artıq alınması barədə fikir yürütmək olardı. Halbuki, yoxlama aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qeyd mövcud deyildir. Yalnız ümumi şəkildə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilməsi bildirilmişdir. Mənfəət vergisinin hesablanması barədə qərarda və səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində qeyd edilmişdir ki, “Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmiş və şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 237 261.81 manat, 2020-ci il üzrə 116 451.02 manat və 2021-ci il üzrə 20 564.40 manat mənfəət vergisi hesablanmışdır. Hesab edir ki, qeyd edilən yolla vergilərin hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, mütəxəssis dövriyyə məbləği ilə bağlı xərcləri müəyyən etmək üçün mütəxəssisə görülmüş işlər üzrə mal-material hesabatı təqdim edilməli idi. Yəni belə hesabat təqdim edilmədən mütəxəssis xərcləri müəyyən edə bilməzdi. Qeyd edir ki, iddiaçı tərəfindən vergilərin hesablanması ilə bağlı bütün sənədlər yoxlamaya tam olaraq təqdim edilmişdir, həmçinin idxal etdiyi, aldığı və satdığı mallarla bağlı bütün məlumatlar elektoron informasiya sistemində mövcuddur. E-qaimə əsasında 14,619,471.05 manatlıq mal, iş və xidmətlər alınmış, dəyəri isə bank köçürmələri ilə nağdsız qaydada ödənilmişdir. Yoxlama ilə elektron qaimə faktura əsasında alınmış mal, iş və xidmətlərin dəyəri 1 903 966.76 manat azaldılaraq 12,715,504.29 manat qeyd edilmişdir. Qeyd edilən məbləğlərin xərc kimi nəzərə alınmaması tamamilə qanunsuzdur. Halbuki, Vergi Məcəlləsində birbaşa nəzərdə tutulmuşdur ki, elektron-qaimə faktura əsasında mal, iş və xidmətlərin əldə olunması birbaşa xərclərə aid edilir. Beləliklə xərc məbləği olduğu üçün, şərti rentabellik əsasında xərcləri birbaşa müəyyən etməmək səbəbindən mənfəət vergisi hesablana bilməz. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı barəsində aparılan səyyar vergi yoxlaması zamanı forma 2-lərə əsasən görülən işlərlə bağlı malmaterial sərfiyyatının, əmək tutumunun müəyyən edilməsinə zərurət yarandığından və bu bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 44-cü və 45-ci maddələrinə əsasən mütəxəssis dəvət olunması zərurəti yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən fərdi yaşayış evləri, mənzillərin və yaşayış binalarının tikintisi, təhsil müəssisələrində kommunalkommunikasiya üzrə görülən işlərin dəyəri və s. işlərinə görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 47 saylı mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə beton, armatur, sement, mişar daşı, kərpic, qum, emulsiya, kafel, metlax, divar kağızı dam örtüyü, cınqıl, tikinti materiallarının illər üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə material silgisi kimi müəyyən edilən 12 (on iki) çeşiddə mallar (adları, miqdarları göstərilməklə) yoxlama dövründə elektron qaimə-faktura əsasında əldə edilmiş mallar qruplaşdırılmışdır. Nəticədə beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışları müəyyən edilmişdir. Həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1.315.787.65 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə və Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236 841.78 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 118420.89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 0 manat məbləğ, fərdi sahibkar X2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ofisə görə 232.56 manat icarə məbləğinin həmin bəyannamənin 1607.1.2-ci sətrində əks etdirməmişdir. Vergi Məcəlləsinin 124-ci maddəsinə əsasən 2020ci ilin 1-ci rübü,2021-ci ilin 1-4 rübü üzrə cəmi (232.56*3*14%)= 488.4 manat ödəmə mənbəyində vergi azaldılmışdır. VM-nin 58.1 maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 488.4 manat azaldılmasına görə 50% məbləğində, yəni 244.2 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən Forma 2-lərdə göstərilən tikinti xidməti üzrə istifadə olunan mal-material silgilərin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən verilən rəydə 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2-lərdə göstərilən (mişar daşı, qum, dam örtyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Əlavə olaraq mütəxəssis tərəfindən təqdim edilən rəydə forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumunun artıq göstərildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğləri forma 2-lərə, təqdim edilmiş elektron qaimə-fakturalara əsasən təsdiq edilməsinə baxmayaraq, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu proqramından çıxarış kimi təqdim etdiyi malmaterial hesabatı araşdırılmışdır. Belə ki, araşdırma zamanı material hesabatını aylar üzrə təqdim etmədiyindən əldə olunan malların silgisini, həmçinin material hesabatında miqdarın hansı formada olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Xərc maddələri kimi müəyyən edilən xidmətlərlə bağlı vergi ödəyicisi tərəfindən xərcləri-Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir və müəsissə tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə 237261.81 manat, 2020-ci ilin mənfəət vergisi üzrə 116451.02 manat, 2021-ci ilin mənfəət id üzrə 20564.40 manat mənfəət vergisi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 104-cü,108-ci, 83.9-cu maddələrini nəzərə almaqla, 374 277,23 manat mənfəət vergisinin azaldılması müəyyən edilməklə, azaldılmış vergilərə görə Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən 187 138,62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(118)-396/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020-ci il üzrə 97.68 manat ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 48.84 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 390.72 manat ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 195.36 manat maliyyə sanksiyası, vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə 2021-ci il üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası, 2022ci ilin yanvar ayı üzrə-26 596.90 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 13 298.45 manat maliyyə sanksiyası, 2019-2021-ci illər üzrə isə 0.17 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilməli 0.085 manat maliyyə sanksiyası və 2019-cu ilin mənfəət vergisi üzrə 1 128.96 manat və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə tətbiq edilməli 564.48 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş və iddia digər hissədə rədd edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında məhkəməyə təqdim edilmiş 3-16-16/2-9/51xx-xx/5038 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə də cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın düzgün olmaması öz təsdiqini tapmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş mənbəyi bəlli olan məlumatlar barədə ətraflı məlumat verilməsinə baxmayaraq və səyyar vergi yoxlamasını həyata keçirən şəxsin bu barədə şahid qismində dindirilmə imkanı olduğu halda, məhkəmə prosessual fəallıq prinipinə uyğun olaraq həmin şəxsi dindirməmişdir. Məlumat üçün bildirir ki, Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2022-ci il tarixli **********092100 nömrəli xidməti məktub yazaraq “Mercury Constructin’’ MMC-də vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən fevral 2019 tarixdən yanvar 2022-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi üçün yoxlayıcını şahid qismində dəvət edib dindirməli olduğu halda dindirməmişdir. Bundan başqa, məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı şərti rentabellik norması tətbiq etməklə, Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan ardıcıllığı gözləməmişdir. İlk növbədə bildirir ki, heç vaxt Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan üsulların tətbiqi ardıcıllığı nəzərdə tutulmamışdır. Bu normanı yanlış şərh edən məhkəmələr qanunsuz və əsassız olaraq yanlış təcrübə formalaşdırmışlar. Digər tərəfdən, səyyar vergi yoxlaması keçirilən zamanı sənədlər yoxlamaya təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda cavabdeh tərəfindən əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən qəbul edildiyi göstərilən “Mütəxəssis dəvət edilməsi” barədə qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Mənfəət vergisinə münasibətdə qeyd edir ki, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda belə, şərti rentabellik əsasında mənfəət vergisinin hesablanması yenə də qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını müəyyən edir. Yəni, ilk öncə Vergi Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməli, bu nəticə verməsə 67.14-cü dolayısı ilə 83.9cu maddə ilə vergilər hesablanmalıdır. Bu məsələ ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır. Əlavə dəyər vergisinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə maddəsinin tələbinin 1-ci şərti ondan ibarətdir ki, vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilsin. Bildirir ki, müəssisə tərəfindən 2021-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyənnaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci bəndində hesabat dövrünün əvvəlinə mal qalığının olmadığı, dövr ərzində 640 367.11 manat malların daxil olduğu və həmin məbləğdə də malların təqdim olunduğu əks etdirilmiş, dövrün sonuna mal qalığı qalmamışdır. Səyyar vergi yoxlamasına əsasən tərtib olunmuş mənfəət vergisi bəyənnaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci bəndində də eyni hal təsdiq edilmiş, dövrün sonuna hər hansı mal qalığının olması yoxlama aktı ilə sübut edilməmişdir. Göründüyü kimi, mühasibat sənədlərinə əsasən cəmiyyətin sahibliyində heç bir malı qalığı yoxdur. Belə olan halda vergi orqanı özü suni şəkildə faktiki olaraq tikintiyə istifadə olunumuş və dövriyyədə bəyan olunmuş malları dövriyyədən çıxarmaqla yoxlama dövrünün sonuna mal qalığı yaratmışdır. ƏDV-nin müqayisəli cədvəlinə əsasən qeyd edilmişdir ki, 2019-cu ilin: 98 654.52 manat məbləğ - may ayı üzrə artıq hesablanılıb, mart ayı üzrə isə az hesablanıb, 90 431.39 manat məbləğ - sentyabr ayı üzrə artıq, iyul ayı üzrə isə az hesablanılıb, 51 605.92 manat məbləğ - noyabr ayı üzrə artıq, dekabr ayı üzrə az isə hesablanılıb, 2020-ci ilin: 99 525.03 manat məbləğ -mart ayı üzrə az hesablanılıb, aprel ayı üzrə 24 178.94 manat, may ayı üzrə isə 75 346.09 manat artıq hesablanılıb, 52 169.52 manat məbləğ- avqust ayı üzrə artıq, sentyabr ayı üzrə az hesablanılıb, 2021-ci il üzrə: 27 090.10 manat məbləğ- artıq, dekabr ayı üzrə isə 24 801.96 manat hesablanılmışdır. İlk öncə bildirir ki, azalma və artıq ödəmə məbləğlərinə nəzər yetirəndə görünür ki, vergi ödəyicisinin ümumilikdə heç bir vergidən yayınma halı aşkar edilməmiş, belə bir niyyəti olmamışdır. Nəticə olaraq müəssisə bütün ƏDV məbləğini dövlət büdcəsinə ödəmişdir. Yoxlama ilə sadəcə olaraq hər hansı ayda bəyan olunmuş məbləğ, həmin aydan azaldılaraq, digər aya bərpa edilmiş və əsassız olaraq maliyyə sanksiyası tətbiq etmişdir. Digər tərəfdən, qeyd olunan azalma və artıq ödəmə məbləğlərinin hansı vergi ödəyiciləri üzrə olan ödənişlər və elektron qaimə faktura məbləğləri üzrə aparıldığı barədə heç bir qeyd yoxdur. İnzibati orqan bu hissədə də öz qərarını əsaslandırmamışdır. Belə ki, artıq ödəmə və azalma məbləğləri ilə bağlı maliyyə sanksiyası tətbiq edilərkən adbaad vergi ödəyicilərinin, onlara edilmiş və qəbul edilmiş əsas məbləğlərin, ƏDV ödənişlərinin məbləğləri və elektron qaimə fakturaların seriya və nömrələri qeyd edilməli idi. Mövcud halda isə inzibati orqan sadəcə cədvələ rəqəm yazmaqla kifayətlənmişdir, rəqəmlərin haradan formalaşması barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Vergi orqanı tərəfindən qeyd edilən normativ hüquqi aktların tələbləri də pozulmuşdur. Belə ki, yoxlama dövründə yoxlama 10 dəfə dayandırılmışdır. Lakin bu barədə Reyestrdən çıxarış rəsmi müraciət etmələrinə baxmayaraq iddiaçıya təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. “İnzibati icraat haqqında” Qanun: Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin edilməyən hissəsində qərardan apellyasiya şikayəti verməmiş, bu hissəni mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi: Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155228 nömrəli qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmiş, başqa sözlə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanının qəbul etdiyi qərarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla müvafiq əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********155228 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Nəhayət, hazırkı işin xüsusi halına münasibətdə onu qeyd etmək lazımdır ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş 10 mart 2022-ci il tarixli, **********092100 nömrəli “Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə məlumat” sənədinin “yoxlamanın aparılmasına əsas verən səbəblər” bölməsindən də müəyyən edilir ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarda olduğu kimi bu sənəddə də yoxlamanın keçirilməsinin zəruriliyini əsaslandırılmamış, yalnız VM-nin 38.3.5-ci maddəsinə istinadən səbəb kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən göstərilmişdir. Kollegiya, eyni zamanda, qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-2258/2023 nömrəli qərarında da növbədənkənar səyyar vergi yoxlamasının əsaslandırılmalı olmasına dair məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da qanunsuz olmuşdur. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən qanuni sayılmış və iddiaçı bu qərarla razılaşaraq, apellyasiya şikayəti verməmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbul edilməsinə əsas olmuş mütəxəssis rəyinin qiymətləndirilməsi: İşin araşdırılmış hallarına əsasən yoxlanılan dövrdə iddiaçı MMC Azərbaycan Respublikasının Ağcabədi, Göyçay, Kürdəmir, Balakən və Abşeron rayonlarının ərazisində yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Mübahisələndirilən qərarla vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış ƏDV-nin eləcə də, mənfəət vergisinin hesablanmasına əsas səbəb vergi orqanı tərəfindən alınmış “Azərekspertiza” birliyinin 24 noyabr 2022-ci il tarixli mütəxəssis rəyi olmuşdur. İş materiallarına əlavə edilmiş həmin mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı Forma-2 sənədləri, təhvil-təslim aktları və xidməti müqavilələr təqdim edilmiş, mütəxəssis qarşısında iddiaçı MMC tərəfindən görülmüş təmir-tikinti işlərinə görə təqdim edilən sənədlərə əsasən görülmüş işlərdə əmək tutumunun və istifadə olunan mal-materialların real dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur. “Azərekspertiza” birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə istifadə olunan mal-materialın ümumi dəyərini və görülmüş işlərdə əmək tutumunu müəyyənləşdirmiş və tərtib edilmiş mütəxəssis rəyi əsasında cavabdeh iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan malmaterialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə, tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin qeyd etmək lazımdır ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisin həyata keçirdiyi tədqiqat metodu iddiaçının gördüyü işlər üzrə əmək tutumunun hesablanması üçün əsas ola bilməz. Belə ki, mütəxəssis rəyi ilə görülmüş işlərə cəlb edilmiş muzdlu işçilərin sayını və tərkibini (fəhlə, usta, sürücü və s. olmasını) və hansı işçinin hansı işləri hansı həcmdə gördüyünü və gördüyü işlərə görə hansı həcmdə vəsait (əmək haqqı) aldıqlarını müəyyən etmək yolverilməzdir. Nəzərə alınmalıdır ki, işlərin görülməsi üçün xidmət haqqının (əmək haqqının) yuxarı və aşağı hədd müəyyən edilməmiş və hər bir işçinin vəzifəsinə görə əmək haqqısı fərqlidir. Eyni zamanda eyni növ işlərin vəzifəsi eyni olan ayrı-ayrı şəxslər tərəfindən də fərqli qiymətlərə görülməsi mümkündür. Bu arada onu da qeyd etmək lazımdır ki, əmək tutumunun hesablanması ilə bağlı “əsaslı şübhədən kənar” sübutları əldə etmək üçün vergi orqanı ən azından operativ vergi nəzarəti tədbiri həyata keçirməklə tikinti işləri gedən zaman orada faktiki işləyən işçilərin sayını və aldıqları əmək haqqının həcmini müəyyən edə bilərdi. Belə ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələri mötəbər sübut kimi çıxış edə bilərdi. Yəni, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın dəyərinin bu qaydada yəni, tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, sözügedən mütəxəssis rəyi əsasında vergi orqanı iddiaçı barəsində əlavə vergi məbləğləri hesablayarkən haqlı olmamışdır. 236.841,78 manat əlavə dəyər vergisi və onun 50 faizi məbləğində - 118.420,89 manat maliyyə sanksiyasının hesablanmasına münasibətdə: İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi mübahisələndirilən qərarla iddiaçı barəsində ƏDV hesablanmasının əsas səbəbi vergi orqanı tərəfindən alınmış mütəxəssis rəyi olmuşdur. Belə ki, cavabdeh bu hissədə verginin hesablanmasını onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi əsasında beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışlar müəyyən edilmiş, həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə, əlavə 1.315.78765 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmiş, nəticədə əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236.841,78 manat ƏDV hesablanmışdır. Göründüyü kimi vergi orqanı tərəfindən məhz mütəxəssis rəyi ilə müəyyən edilən mal-materialların sərfiyyat həcmi və məbləği ilə iddiaçının təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq olduğundan onun barəsində əlavə dövriyyə müəyyən edilərək ƏDV hesablanmışdır. Bununla bağlı kollegiya işin yuxarıda təhlil edilən hallarını bir daha diqqətə çatdıraraq bildirir ki, iddiaçı tərəfindən sərf olunan mal-materialların dəyəri tikinti aparılan yerə baxış keçirilmədən təkcə mütəxəssis rəyi əsasında müəyyən edilə bilməzdi. Vergi orqanı bu hissədə mövqeyini əsaslandırarkən vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığını, yəni əraziyə baxış keçirildiyini bildirsə də, səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi və vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. Göründüyü kimi vergi orqanın bu dəlili yoxlama aktında qeyd edilənlərlə təkzib olunur. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 10 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/51xx-xx/5038 nömrəli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDVnin məbləği 26.597,07 manat (26.596,90 (2022-ci ilin yanvar ayı üzrə) + 0,17 (2019- 2021-ci illər üzrə) manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı nəticəsində 26.597,07 manat + 0,17 (2019-2021-ci illər üzrə) manat istisna olmaqla, qalan hissədə iddiaçı barəsində hesablanmış ƏDV məbləğinin əsassız olduğu təsdiq edilmişdir. İşə baxan məhkəmə həmin ekspert rəyinə istinadən 26.596,90 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 13.298,45 manat maliyyə sanksiyası, eləcə də, 0,17 (2019-2021-ci illər üzrə) manat və ona münasibətdə 0,085 manat maliyyə sanksiyası istisna olmaqla, vergi orqanının qərarını ƏDV hissəsində ləğv etmişdir. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərarı mübahisələndirilən hissədə ƏDV məbləğinə münasibətdə qanuni və əsaslı olmuşdur. 374.277,23 manat mənfəət vergisinin və həmin məbləğin 50 faizi məbləğində - 187.138,62 manat maliyyə sanksiyasının hesablanmasına münasibətdə: Bu hissədə kollegiya qeyd edir ki, mənfəət vergisinin də hesablanmasının əsası ƏDV-də olduğu kimi mütəxəssis rəyi olmuşdur. Belə ki, bu hissədə vergi orqanı qəbul etdiyi qərarı mütəxəssis rəyi ilə müəyyən edilən sərf olunmuş mal-materialların dəyəri ilə iddiaçının özü tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluq olduğundan müvafiq xərc sənədlərinin nəzərə alınmaması və mənfəət vergisinin şərti rentabellik norması əsasında hesablanması ilə əsaslandırmışdır. Həmin mütəxəssis rəyinin əsassızlığına yuxarıda qiymət verildiyindən mənfəət vergisinə münasibətdə də həmin halların təkrarən sadalanmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsi bu hissədə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. İşdən görünür ki, cavabdeh mənfəət vergisini birbaşa şərti rentabellik norması tətbiq etməklə hesablamışdır ki, bununla Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdehin bununla bağlı dəlili ondan ibarət olmuşdur ki, Forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumunun artıq göstərildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğləri Forma 2-lərə, təqdim edilmiş elektron qaimə-fakturalara əsasən təsdiq edilməsinə baxmayaraq, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, iddiaçıya Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır. Kollegiya cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən, əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Oxşar mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2181/2023, 2-1(102)-769/2024 və 2-1(102)-943/2024 nömrəli qərarlarında da kassasiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni sayıla bilməz. Bundan əlavə, yuxarıda qeyd edilən ekspert rəyindən görünür ki, 2019-cu il ərzində müəssisənin dövlət büdcəsi qarşısında yaranan mənfəət vergisi öhdəliyi 106.503,53 manat təşkil edir. Ekspertiza materiallarına əlavə olunmuş vergi ödəyisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində isə vergi ödəyicisinin özü tərəfindən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 105.374,57 manat bəyan olunmuş və ödənilmişdir. Yəni, 2019-cu ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənilməli əlavə mənfəət vergisinin məbləği 1.128,96 manat təşkil edir. 2020-ci il ərzində müəssisənin dövlət büdcəsi qarışısında yaranan mənfəət vergisi öhdəliyi 34.098,39 manat təşkil edir. Vergi ödəyisinin özü tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunur ki, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 51.396,21 manat bəyan olunmuş və ödənilmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə əlavə vergi öhdəliyi yaranmır. 2021-ci il ərzində müəssisənin dövlət büdcəsi qarışısında yaranan mənfəət vergisi öhdəliyi 3,461.36 manat təşkil edir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunur ki, ödəyicisinin özü tərəfindən isə dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin 8.587,69 manat bəyan olunmuş və ödənilmişdir. 2021-ci ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə əlavə vergi öhdəliyi yaranmır. İşə baxan məhkmədə ƏDV-də olduğu kimi mənfəət vergisinə münasibətdə də ekspert rəyinə istinad edərək 1.128,96 manat mənfəət vergisi və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 564,48 manat maliyyə sanksiyası istisna olmaqla, vergi orqanının qərarını mənfəət vergisi hissəsində ləğv etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarına nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, bu baxımdan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(118)-396/2024 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar