Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-812/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın 10 avqust 2023-cü il tarixli, 3-17- 1/3-3-16566/2023 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1274/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən 2235,49 manat məbləğində vəsaitinin geri tələb olunmasına dair qəbul eldiyi inzibati aktın ləğv edilməsi və pensiyasından tutulan aylıq 70 manat vəsaitin 2023-cü ilin avqust ayından bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın 10 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16566/2023 saylı qərarının ləğv edilməsi və əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun əmək stajının 25 ildən artıq olması və bu stajı 12,6 ilini zərərli işlərdə işləməsi nəzərə alınaraq, ona cavabdeh tərəfindən 52 yaşında, yəni 2008-ci ildə yaşa görə əmək pensiyası təyin olunmuş və o məhkəməyə müraciət etməzdən bir neçə ay öncəyədək həmin pensiyanı almışdır. Lakin cavabdeh tərəfindən «İnzibati aktın qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixdə məktub daxil olmuş və bildirilmişdir ki, onun pensiyaya çıxmaq hüququ 52 yaşında yarandığı halda o, 50 yaşından pensiyaya çıxmış və buna görə də ona artıq ödənilmiş məbləğ, yəni 2235,49 manat məbləğində pul tərəfindən geri qaytarılmalıdır və bu vəsaitin tutulması ilə bağlı o yazılı razılığını bildirməlidir, əks təqdirdə barəsində tədbirlər görüləcəkdir. Eyni zamanda ona təyin edilmiş pensiya da yenidən hesablanaraq (1185 manat) 2023-cü ilin avqust ayından 70 manat azaldılmışdır. Cavabdeh inzibati orqanın belə bir inzibati aktı qəbul etməsi əsassızdır. Belə ki, o, 2008-ci ildən pensiyaya çıxmış və ondan qabaq pensiya almamışdır, pensiya da vətəndaşa verilmiş kart hesabına ödənilir, lakin cavabdeh ona ilk dəfə pensiya kartının hansı vaxtdan verildiyini araşdırdıqdan sonra və onun qeyd etdiyi artıq pulu alması ilə bağlı sübutlarını təqdim etdikdən sonra ona qarşı bu hərəkətlər edilə bilərdi. Lakin cavabdeh inzibati orqan bu faktı araşdırmadan, qeyd etdiyi vəsaitin onun tərəfindən alınıbalınmasını yoxlamadan həmin vəsaiti ondan tələb etmişdir. Buna görə də cavabdehin bu hərəkətlərini qanunsuz hesab edir və ondan 2235,49 manat məbləğində vəsaitin tələbinə dair qəbul edilmiş inzibati aktın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrı-ayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki normaların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunub. Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 8 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunub. Bildirilir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəflərindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-172245/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 16566/2023 nömrəli qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş H3 N ******* nömrəli hərbi biletdən görünür ki, X2 1975-ci ildən 1977-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1977-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Əmək pensiyasının yenidən hesablanması barədə” 10 avqust 2023-cü il tarixli, 3-17- 1/3-3-16566/2023 saylı qərara əsasən İddiaçı 1156,97 manat məbləğində əmək pensiyası xx.xx.2020-xx.xx.2020-ci illər üzrə 807,50 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 899,55 manat, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 930,14 manat, xx.xx.2023-cü il tarixdən isə 1085,98 manat məbləğində müəyyən edilməklə, azaldılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1274/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi 10 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16566/2023 saylı qərar üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilməlidir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Belə ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Hazırki işdə cavabdeh orqanın yazılı etirazından görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 50 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ 24 sentyabr 2006-cı il tarixindən yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2- 1(118)-1274/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh orqanın 10 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16566/2023 saylı qərarının ləğv edilməsi və əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin qaytarılmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2006-ci il tarixindən hesablanaraq, təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, ona 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan 1 yanvar 2006-cı il tarixinədək iddiaçının 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajına malik olduğunu qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız yaşla bağlı şərtə aid olan hal olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya artıq pensiya ödənişlərinin ödənilməsini müəyyən edərək, iddiaçıya ödənilən pensiya məbləğindən tutulmaları həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin dispozitiv şərtlərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı işdə iş materiallarından görünür ki, artıq ödənilmiş pensiya məbləğinin iddiaçının əmək pensiyası məbləğindən tutulması onun razılığı əsasında həyata keçirilməmiş, bu barədə iddiaçının razılığı olması halı müəyyən edilməmişdir. Bundan əlavə, hazırki iş üzrə qeyd edilən halla bağlı cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bu barədə məhkəmə qərarının olması halı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı etdiyi hərəkətlərin və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının da araşdırılması zəruridir. Hazırkı mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix şərtləşdirilməmişdir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Kollegiya qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Həmçinin, “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh vaxtilə iddiaçıya 50 yaşda pensiya təyin edilməsinə dair qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənaətinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Kollegiya hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün 68.2-ci maddədə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinsipinin pozulması isə ictimai maraqlara ziyan vura bilər. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Odur ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz. Belə ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümumi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-1274/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.