Məhkəmə qərarları › İş №2-1(105)-813/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-813/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-813/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1324/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 20 may 2017-ci il tarixdən 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi və 331.2, 331.3 və 341.1-ci maddələri ilə ittiham olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1ci maddələri ilə təqsirli bilinib 300 manat miqdarında cərimə və 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. İddiaçı təyin edilmiş 11 aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli e-2(009)- 563/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə maddi zərərə görə 14.400 manat (bu məbləğin açıqlaması aşağıda ətraflı şəkildə verilmişdir), mənəvi ziyana görə 20.000 manat, ümumilikdə 34.400 manat pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(103)-824/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək mənəvi ziyana görə məbləğ 11.000 manat müəyyən edilmiş, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə iddiaçıya dəymiş 14.400 manat məbləğində maddi zərərin izahı verilərək qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması iddiaçıya dəymiş ziyanın qaytarılması hüququnu verir, iddiaçınin 12 ay ərzində (cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci il aprel ayından xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14.400 (1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır. Əlavə olaraq qeyd edirik ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 28 iyul tarixli 2(102)-2115/2023 nömrəli icra sənədinə uyğun olaraq 25.400 manat (14.400 manat + 11.000 manat) vəsaitin İddiaçı bank hesabına köçürülməsi 01 sentyabr 2023-cü il tarixdə təmin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 avqust 1988- ci il tarixdə anadan olmuşdur. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və 2010-cu ildə bu hərbi təhsil müəssisəsini leytenant rübəsində uğurla bitirmişdir. Bundan sonrakı 1 il ərzində Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra xidmətini davam etdirmək üçün düşmən Ermənistan silahlı bölmələri ilə keçmiş təmas xəttində yerləşən Ağdam rayonu ərazisində N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyinat almışdır. 2013-cü ildə bölük komandiri kursuna yazılıb oranı bitirdikdən sonra bölük komandiri vəzifəsinə keçirilərək xidmətini davam etdirmişdir. 2016-cı ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyinat almış və ona qarşı cinayət əməlləri və hazırkı iddiaya səbəb olmuş pozuntular baş verənə qədər, yəni 2017-ci ilin may ayına qədər bu hərbi hissədə xidmətdə olmuşdur. O, xidmət dövründə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, o cümlədən 08 oktyabr 2015-ci il tarxdə baş leytenant rütbəsi ilə təltif olunmuşdur. O, 08 may 2017-ci il tarixdə hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 13 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 06 sentyabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən onun həbsdə saxlanılma müddəti 13 yanvar 2018-ci ilə qədər uzadılmışdır. 22 sentyabr 2017-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. 25 sentyabr 2017-ci il tarixdə bu cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan əvvəlki cinayət işinə birləşdirilməklə bir icraatda istintaq davam etdirilmişdir. 22 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən onun həbsdə saxlanılma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə davam edən iş üzrə ibtidai istintaq 18 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Ona təyin edilmiş 11 (on bir) aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. 20 may 2017-ci il tarixdən 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. O sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr ona elan edilsə də onun surəti nə həmin tarixdə, nə də ondan sonrakı tarixlərdə iddiaçıya təqdim edilmişdir. Əmr faktiki olaraq onun əsassız sorğu-sual edilməsi və cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnmiş tabeçiliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi ilə əsaslandırılmış, onun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan və üzləşdiyi əsassız ittihamlar və işgəncələrdən bezdiyindən hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmri həmin dövrdə, yəni 2018-ci ilin mayında qəbul etməkdən başqa seçim imkanı mövcud deyildi. Həm onun, həm digər zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin çoxsaylı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra o istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə onun məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünasa həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə ona qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.2, 331.3 və 341.1-ci (329.2.1 və 341.1-ci maddələrə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da onun xidməyə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı ona 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o 12 oktyabr 2022-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 17 may 2018-ci ildən əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Göndərilmiş ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən xx.xx.2022-ci il tarixli, 4/5223 saylı məktub daxil olmuşdur. Məktubda bildirilir ki, onun müraciəti aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisinə göndərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 8/4534 saylı məktubda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktybar 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir.” Hərbi xidmətdən tərxis olunduğunuz üçün pul təminatının ödənilməsi mümkün deyildir. Qeyd edilən məktublardan başqa cavabdeh Müdafiə Nazirliyindən başqa heç bir cavab məktubu daxil olmamış, onun tərəfindən ünvanlanmış ərizədə göstərilən tələblər üzrə heç bir addım atılmamışdır. Bununla da faktiki olaraq cavabdeh tərəfindən onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və ondan irəli gələn digər hərəkətlərin edilməsindən imtina edilmişdir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır, cavabdehin üzərinə əmrin ləğv edilməsi, işə bərpa edilməyi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ona ödənilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1324/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması (“xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılan dövrdən xidmətə bərpa edilən dövrə qədər olan müddətin sosial sığorta stajına hesablanması üçün zəruri hərəkətlərin edilməsi, sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi və.s) və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar aradan qalxdığına görə mübahisələndirilən əmr ləğv edilməklə, iddiaçının qanunvericiliyin qeyd edilmiş normalarına uyğun olaraq pozulmuş hüquqları bəpra edilməlidir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı qanusuz və əsassız olduğunundan ləğv edilməlidir. Belə ki, İddiaçı Şücayət oğlu 17 may 2018-ci il tarixli, 0374 nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bununla əlaqədar İddiaçı Şücayət oğlu barəsində istintaqı aparılan cinayət işinin icraatına bəraətverici əsaslarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair 30 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. İnzibati işə məhkəmədə baxılarkən tərəfindən müvafiq sorğular verilmiş, iddiaçı barədəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 iyun 2022-ci il tarixli qərardan çıxarış əsas götürülməklə iddiaçının xidmətə bərpa və vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar müddətin qanuni əmək stajına, həm də ixtisas və fasiləsiz daxil edilməsinə dair Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin kadrlar idarəsinə məktub ünvanlanmış və bu barədə məhkəməyə məlumat verilmişdir. Bununla bağlı hazırda Kadrlar İdarəsində iddiaçının xidmətə bərpa məsələsinə baxılır. Digər tərəfdən iddiaçının işləmədiyi dövrlər üçün əmək haqqının ödənilməsi cavabdehin qanunsuz hərəkəti ilə bağlı olmadığından faktla əlaqədar kompensasiyanın ödənilməsi inzibati işin yuxarıda qeyd olunan xususatlarının və qanunvericiliyin imperativ tələbinə görə Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Lakin qeyd olunan xususatlar inzibati işə baxan birinci instansiya məhkəməsi təfindən nəzərə alınmamış, bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçının məcburi işburaxma dövründə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbini təmin edən birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. İddiaçının bununla bağlı ona dəymiş ziyanının ödənilməsi ilə bağlı müvafiq rayon məhkəməsinə müraciət etməlidir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1324/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti İddiaçı Şücayət oğlunun məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqının ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair hissəsində ləğv edilsin kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, izahat verərək, öz izahatında iddiaçının xidmətə qayıtması ilə bağlı heç bir etirazın olmadığını, lakin məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadıqlarını, həmin hissədə cavabdeh Maliyyə Nazirliyinin olduğunu qeyd etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.

158. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı məcburi işburaxma dövrü üçün ödəniəli olan əmək haqqının ödənilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi, müvafiq illərin sosial sığorta stajına hesablanması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa olunması, müvafiq illərin sosial sığorta stajına daxil edilməsi hissəsində iddia tələbini qəbul edərək, bu hissədə məhkəmə qərarını mübahisələndirməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddia tələbinin məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi hissəsi üzrə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından, bu hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 20 may 2017-ci il tarixdən 20 may 2018-ci il tarixədək müvafiq hərbi hissə komandirinin sərəncamına verilmiş, 28 mart 2018-ci il tarixli məhkəmə hökmü ilə müvafiq cinayətlərin törədilməsində təqsirli bilinərək, cəza təyin edilmiş, 13 aprel 2018-ci il tarixdə azadlığa buraxılmış, 17 may 2018-ci il tarixli Əmr əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra müvafiq cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 iyun 2022-ci il tarixli qərarla onun barəsində aparılan cinayət işi üzrə icraata bəraətverici əsaslarla (əməlində cinayət tərkibi olmaması) xitam verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnamələri (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarları) ilə iddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi qismən təmin edilmiş, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qazancından məhrum olması halının ona dəymiş ziyanın qaytarılması hüququ verdiyindən, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci ilin aprel ayından xidməti uyğunzusuzluğa görə ehtiyata buraxıldığı müddət ərzində faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından, cavabdeh (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddiaçının xeyrinə 1200 manat orta aylıq əmək haqqı olmaqla, faktiki olaraq 12 ayın məcmusu ilə hesablanmaqla, 14400 manat vurulmuş maddi ziyanın əvəzi olaraq, 11000 manat mənəvi ziyanın əvəzi olaraq ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının qanunsuz olaraq həbsdə saxlama və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ona vurulmuş ziyanın ödənilməsi təmin edilmişdir (Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən). İndiki halda isə iddiaçının iddia tələbi məhz onun hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, müvafiq illərin sosial sığorta stajına daxil edilməsi, məcburi iş buraxma dövrü ilə bağlı ödənilməli olan əmək haqqının ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmrin əsassız olması, bununla da həmin əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması hissəsində iddia tələbi qəbul edərək, o hissədə məhkəmə qərarını mübahisələndirməmiş, habelə məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilib-ödənilməməsi halı da mübahisələndirilməmiş, mübahisəli hal məhz ödənilməli olan əmək haqqının ödənilməməsinin cavabdehin qanunsuz hərəkəti ilə bağlı olmadığından, bununla bağlı cavabdehin hər hansı öhdəlik daşımaması halı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçıya məcburi iş buraxma dövrü üzrə əmək haqqının ödənilib-ödənilməməsi halının özünü mübahisələndirmədiyindən, habelə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi və işə bərpa olunması halı müəyyən edildiyindən, belə olan halda isə işəgötürənin məcburi iş buraxma dövrü üçün ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin mövcduluğu qanunvericilikdə imperativ norma kimi əks olunduğundan, birinci instansiya məhkəməsi həmin hissədə iş hallarına düzgün hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan hissədə şikayətin dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı məhz cavabdeh inzibati orqanın əmri əsasında hərbi xidmətə qəbul edildiyindən və məhz həmin orqanın qəbul etdiyi əmr əsasında hərbi xidmətdən ehtiyata buraxıldığından, habelə hazırki mübahisə predmeti məhz cavabdeh inzibati orqanın əmri ilə bağlı və ondan törəyən münasibətlər (əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi) təşkil etdiyindən hazırki tələb üzrə cavab verməli olan orqan qismində məhz cavabdeh çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1324/2023 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar