Məhkəmə qərarları › İş №2-1(105)-813/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-813/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-813/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3394/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 500220795SUH saylı, xx.xx.2024-cü il tarixli tibbi göndərişi əsasında diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarını ləğv etməklə həmin göndəriş əsasında əlilliyin-orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il ildə anadan olmuş və 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci ildə Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirən zaman mərmi partlaması nəticəsində xəsarət almış və ona “müharibədən sonra davamlı şəxsiyyət dəyişkənliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla F 62.0 Orta dərəcəli depressiv F 32.1” ilə diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi həkim komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 2761 saylı xəstəlik haqqında şəhadətnaməsi ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə hərbi xidmətə məhdud yararlı hesab olunmuşdur. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci ildə aparılmış qiymətləndirmə əsasında iddiaçıya 3-cü dərəcəli-orqanizmin funksiyasının 40 faiz pozulması ilə əlillik təyin olunmuşdur. Həmin əlillik müddəti xx.xx.2024-cü ilə bitmiş və iddiaçı yenidən tibb müəssisəsinə müraciət edərək, tibbi göndəriş əsasında əlilliyinin qiymətləndirilməsi aparılmış və iddiaçıya altsistemdən xx.xx.2024-cü il tarixdə əldə etdiyi arayışdan məlum olmuşdur ki, cavabdeh əlillik təyin etməkdən imtina etmiş, bunu diaqnozun əlillik təyinatına əsas vermədiyi kimi qiymətləndirmişdir. Halbuki, 2022-ci ildə eyni diaqnozla cavabdeh iddiaçıya əlillik təyin etmiş və bu müddət ərzində isə əksinə olaraq iddiaçının səhhətində ağırlaşmalar baş versə də, cavabdeh əlillik təyin etməkdən imtina etmişdir, lakin iddiaçıda olan xəstəlik diaqnozu əlillik təyinatı meyarlarına uyğun olmuş və həmin siyahıda bu xəstəliklər də qeyd edilmişdir. İddiaçı 2024-cü il oktyabr ayının axırlarında canlı müayinədə olmuşdur. Belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və ona əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2761 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depressiv epizod. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli nevrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5,5 (beş tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ əlin üst səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Sağ gözün hipermetropivası Hm 2,0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya ilə 1,0 sol gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 10569/2023 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabaq müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-cü il tarixli, 2803/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3947 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 95 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla. Orta dərəcəli depressiv epizod’’ kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir). Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, sağ tərəfdə, sağ gözündə ağrı, zəifləmə, sümük ağrısı, intihar cəhdindən şikayətlənmişdir. Anamnezində qolunu kəsdiyini, dərman içdiyini, özünü asdığını bildirmişdir, lakin təqdim olunan tibbi sənədlərdə bu faktlar öz təsdiqini tapmamışdır. Dərmanlardan Qabaqamma, Depakin, Amitriptillin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən geyimi normal, saçı-saqqalı formalı, kənarı səliqəli izlənilmişdir. Verilən sualların onu qıcıqlandırdığını bildirmiş, cavab verməkdən yayınmış, yaşamaq istəmədiyini söyləmiş, düşüncələrini, davranışlarını əsaslandıra bilməmişdir. Habitusu, emosional reaksiyaları göstərməyə çalışdığı mövcud halı təsdiqləməmişdir. Ailəli, 4-5 yaşlarında iki övladının olduğunu bildirmişdir. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin olunmuşdur. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “PAM uzunmüddətli istifadəsi fonunda fəlakətdən sonrakı yüngül ifadəli şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Vətəndaş barəsində xx.xx.2024-cü il tarixli qəbul edilmiş qərar ona ********** nömrəli mobil telefona SMS bildiriş vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 150557 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Müharibə veteranı statusu və vəsiqəsi verilmiş və vəsiqə müddətsizdir. İ-19574 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-17662 nömrəli vəsiqədən görünür ki, İddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. 2761 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depressiv epizod. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli nevrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 5,5 (beş tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ əlin üst səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Sağ gözün hipermetropivası Hm 2,0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya ilə 1,0 sol gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2022-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Posttravmatik stress pozuntusu/Somatoform pozuntular/Digər dəqiqləşdirilməmiş nevrotik diaqnozu ilə 3-cü dərəcəli-orqanizmin funksiyasının 40 faiz pozulması ilə əlillik təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3394/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-ü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etirazı şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki?! Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş “Tibbi-sosial ekspertiza müayinə”sindən çıxarışdan görünür ki, İddiaçı 28 avqust 2022-ci il tarixində orqanizm funksiyalarının 40% pozulması ilə “Posttravmatik stress pozuntusu/Somatoform pozuntular/Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Baş beynin digər zədələnmələri. Dəqiqləşdirilmiş ensefalopatiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Astiqmatizm” diaqnozu əsasında üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Eləcə də TSEK müayinələrinin nəticələrinə dair çıxarışdan görünür ki, İddiaçı 28 avqust 2022-ci il tarixində orqanizm funksiyalarının 40% pozulması ilə “Posttravmatik stress pozuntusu/Somatoform pozuntular/Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Baş beynin digər zədələnmələri. Dəqiqləşdirilmiş ensefalopatiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Astiqmatizm” diaqnozu əsasında orqanizm funksiyalarının 40% pozulması ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə iki il müddətinə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışdan görünür ki, 29 sentyabr 2024-cü il tarixində İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etirazının dəlillərindən biri iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ərizə təqdim edərək iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3394/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək hazırki inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuşdur. İş materiallarına əlavə olunmuş N saylı hərbi hissə tərəfindən verilmiş N dekabr 2021-ci il tarixli, 2675 nömrəli “Travma haqqında arayış”dan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı xəsarət almışdır “Barotravma, sol qulağın nevriti”. Həkim Psixiatr Komissiyasının 15 iyul 2024-cü il tarixli, 95 nömrəli rəyindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla F62.0 Orta dərəcəli depressiv epizod F 32.1” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 2347 nömrəli məktubdan görünür ki, İddiaçı “Üzvi mənşəli (qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya) şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. Həkim Psixiatr Komissiyasının 04 mart 2024-cü il tarixli, 3947 nömrəli rəyindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur. Həkim Psixiatr Komissiyasının 25 sentyabr 2024-cü il tarixli, 1822 nömrəli rəyindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – F43.1 “Posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depessiv epizod. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə”, ağırlaşmaları: F62.0 “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla“, F32.1 “Orta dərəcəli depressiv epizod”, yanaşı xəstəliklər: H90 “Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Sol tərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə”, G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya”, G93 “Baş beynin digər zədələnmələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri”, H52.0 “Hipermetropiya, zəif dərəcəli hipermetropiya” olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3394/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 1267 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə İİ Qarabağ müharibəsinə iştirak etməsi, hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə mərmi partlaması nəticəsində huşunu itirməklə qapalı kəllə-beyin travması alması, bununla əlaqədar Fizuli hərbi hospitalında müayinə və müalicədə olması, aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxularında fəlakətli döyüş səhnələri görərək tez-tez oyanması, yuxusunun qırıq-qırıq və narahat olması, səhərlər əzgin, yorgun halda oyanmasını, davranışında aqressivlik halları meydana gəlməsini, özünə kəsmələrlə xəsarətlər yetirdiyi üçün tərxis edildikdən sonra dəfələrlə psixiatrik xəstəxanalarda stasionar qaydada müalicələrdə olması, ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, lakin almış olduğu müalicələrə baxmayaraq vəziyyətində yaxşılaşma olmadığını bildirməsi, hazırki müayinə gedişatında əsəbiliyi, tez yorulmağı, astenizasiya olunması, əhval-ruhiyyənin aşkar enməsinin nəzərə çarpması və s ) sübut edir. İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar bildirilir. 1-ci sual: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 2781 nömrəli şəhadətnamə ilə qoyulan “Üzvi mənşəli (qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri, posttravmatik ensefalopatiya) E07" diaqnozu təsdiq edilirmi? 3-cü sual: Ağırlaşma XBT 10 kodu F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" xəstəliyi aşkar edilirmi? 1-ci və 3-cü suallara cavab: İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona iki il müddətinə üçüncü dərəcəli əlillik (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – F43.1 “Posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş orta dərəcəli depessiv epizod. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə”, ağırlaşmaları: F62.0 “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar cəhdləri, depressiv daxilolmalarla“, F32.1 “Orta dərəcəli depressiv epizod”, yanaşı xəstəliklər: H90 “Eşitmənin konduktiv və neyrosensor itirilməsi, Sol tərəfli İ dərəcəli xroniki neyrosensor ağıreşitmə”, G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya”, G93 “Baş beynin digər zədələnmələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri”, H52.0 “Hipermetropiya, zəif dərəcəli hipermetropiya” qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilən 24 aprel 2025-ci il tarixli, 1267 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı halhazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və eksper rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.7.1-ci bəndinə uyğun olaraq 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı barəsində sonuncu – S00220795SUH nömrəli göndəriş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edildiyindən hazırki işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilmişdir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının tələbi ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi barədə olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-3394/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar