Məhkəmə qərarları › İş №2-1(105)-814/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-814/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-814/2023 17.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: notariat orqanı tərəfindən verilmiş icra sənədi, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı “Cavabdeh Abşeron İcra və Probasiva şöbəsinin iddiaçıları Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, ev 19A-da yerləşən 3 otaqlı evdən (Özbaşına tikilidən) və evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarmasının qanunsuz hesab edilməsi, mənəvi ziyana görə Azərbaycan Dövləti tərəfindən hərəsinə 10.000 manat olmaqla, cəmi 50.000 manat kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 653/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Cavabdeh hərəkətsizliyinə son qoyulması və onların ünvan 2-da yerləşən 3 otaqlı evlərinə(özbaşına tikiliyə) və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə köçürülmə vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddialarını dəqiqləşdirərək cavabdeh Abşeron İcra və probasiya şöbəsinin iddiaçıları Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, ev 19A-da yerləşən 3 otaqlı evdən (Özbaşına tikilidən) və evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarmasının qanunsuz hesab edilməsi, mənəvi ziyana görə Azərbaycan Dövləti tərəfindən hərəsinə 10.000 manat olmaqla, cəmi 50.000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Abşeron icraçıları polislər və s. dövlət nümayəndələri həyətlərinə gəlib bütün əmlakları ilə birlikdə iddiaçıları zorla evlərindən və həyətlərindən çıxarıb küçəyə atmışlar. Onlar iddiaçılara ev əşyalarını yığmağa imkan verməmişdirlər. Özləri ilə gətirdiyi fəhlələr əşyalarını yük maşınlarına yığıb həyətdən çıxarmışdırlar. Onları faktiki olaraq küçəyə atmışlar. İddiaçılar başqa-başqa qohumlarının evinə sığınmışdır. Sonra evlərinin icra sənədinə aid olmayan hissəsindən qanunsuz çıxarıldıqlarını bilmiş, xx.xx.2022-ci il tarixdə evlərinə - Xırdalan şəhəri, Nizami küçəsi, ev 109A-da yerləşən özbaşına tikilidə qayıtmışdırlar (3 otağa) və həyətlərinə qayıtmışdırlar. Hazırda orada yaşayırılar. Bu barədə cavabdeh icra şöbəsinə, məhkəməyə, polisə və evlərinə sahib çıxmış Aqil Hüseynova da məlumat vermişdirlər. Yəni, artıq ilkin iddia tələbi öz əhəmiyyətini itirmişdir. Lakin, cavabdeh icra şöbəsinin heç bir əsas olmadan onları evdən çıxarması və ailəsini didərgin salması qanunsuzdur. İddiaçılar 3 ay 8 gün yaşayış yerindən məhrum olmuşdur. Cavabdeh icra şöbəsinin heç bir əsas olmadan onları evlərindən və həyətlərindən çıxarması qanunsuz hesab edilməlidir. Bundən başqa icra şöbəsinin bu qaunusuz əməli ilə ailəsinə ağır mənəvi zərər vurulmuşdur. Ailəyə vurulmuş bu mənəvi zərəri hər ailə üzvünə 10.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində qiymətləndirirlər. Bu zərəri dövlət məmurları vurduğundan həmin məbləğ də dövlət tərəfindən ödənilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh icraatında olan Abşeron rayon 2 savlı Notariat Ofisinin 2053 savlı. xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı1 50000 (əlli min) manat pul vəsaitinin tutularaq X3 ödənilməli, tutulma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməli, əmlak satıldıqdan 30 gün müddətinə boşaldılması qeyd olunmuşdur. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra şöbəsinin icraatında daxil olmuş, həmin tarixdə də icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və aidiyyatı məhkəməyə göndərilmişdir. İş üzrə borclu xx.xx.2021-ci il tarixdə Cavabdehnə gələrək bildirişi şəxsən imza edərək qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə əmlakın qiymətləndirilməsi üçün müvafiq qərarla “Energy Service" MMC-yə müraciət edilmişdir. MMCnin vermiş olduğu hesabata əsasən əmlakın qiyməti 70000 (yetmiş min) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə əmlakın hərracının keçrilməsi üçün sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilmişdir. Əmlakın hərracı baş tutmadığınan (alıcı olmadığından) “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən əmlak ilkin satış qiymətindən 25 %-dən az olmayan qiymətə yəni 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata ipoteka saxlayana yəni X3 təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2022-ci il tarixli 26/01 nömrəli protokoluna əsasən əmlak Aqil Hüseynovun adına rəsmiləşdirilmişdir. Bundan sonra borcluya dəfələrlə vaxt verilərək icra sənədində qeyd olunan əmlakı boşaldaraq tələbkara təhvil verməsi tələb olunsa da o, öz növbəsində hər dəfəsində müxtəlif bəhanələr gətirərək icra sənədini icra etməkdən yayınmışdır. Bütün bunları nəzərə alaraq əvvəlcədən borcluya rəsmi xəbərdarlıq olunmaqla “İcra Haqqında” AR qanunun 72.1 və 72.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli aktla əmlak boşaldılaraq tələbkara təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə “İcra Haqqında” AR qanunun 20.1.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən müvafiq qərarla icra sənədinin icrasına xitam verilmişdir. Borcluya dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi və ya tələbkarla hərhansı bir razılığa gəlməsi üçün vaxt verilsədə o, bu imkanlardan istifadə etməmişdir. Eyni zamanda iş üzrə borcluların yenidən ünvan 2 ünvanında yerləşən 3 otaqlı evlərinə və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə köçrülməsi və ya bununla bağlı hər hansı icra icraatının başlanılması mümkünsüzdür. Belə ki, köçürülmə ilə bağlı şöbənin icraatında hər-hansı icra sənədi yoxdur bunun üçün yeni məhkəmə qətnaməsinin olması və buna əsasəndə icra vərəqəsinin icraya yönəldilməsi vacibdir. Beləliklə, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, sözügedən icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən hər-hansı hərəkətsizlik edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-653/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işi mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 1 ilə yaxın iddianı özündə saxlamış və heç bir konkret tədbir görməyərək 25 iyul 2023-cü il tarixli qərardadla İPM-nin 35-ci maddəsinə istinad edərək iddianı əsassız olaraq mümkünsüz hesab etmişdir. Birinci instansiya məhkəmənin bu qənaəti əsassızdır, qərardad ləğv olunmalı və iddiaya mahiyyəti üzrə baxılmalıdır. Belə ki, məhz cavabdeh icra şöbəsinin qanunsuz olaraq onları evdən çıxarması səbəbindən (qanunsuz hərəkətindən) hüquqları pozulmuş və 3 ay küçələrdə qalmışlar. Birinci instansiya məhkəməsi cavabdeh təşkilatın qanunsuz hərəkətlərini araşdırmamış və bununla əlaqədar təqdim etdiyi sübutları (şahidləri dindirməmişdir) qəbul etməmişdir. Məhkəmə vurğulamışdır ki, onlar artıq evlərinə qayıtmışlar və bu səbəbdən tərəflər arasında olan mübahisə aradan qalxmışdır. Halbuki, onlar qanunsuz evlərindən çıxarılmağı və 3 ay küçələrdə qalmağa məcbur edildiyi davasını döyürlər. Məhkəmə cavabdehin bu hərəkətinə faktiki olaraq göz yummuşdur. Digər tərəfdən məhkəmə iddia və sənədləri düzgün tərtib edilmədiyini vurğulamışdır. Halbuki, 1 ilə yaxın müddət ərzində məhkəmə nə hazırlıq iclasında, nə dəki, məhkəmə baxışında sənədlərdə və iddiada səhvə yol verildiyini bildirməmiş və əgər səhv etmişlərsə onları aradan qaldırmaq üçün tədbir görməmişdir. Bununla da İPM-nin 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi iddianına baxılmasını yarı-yarımçıq saxlamışdır. Məhkəmə ciddi prosessual pozuntulara yol vermiş və sübutları araşdırmamışdır. Odur ki, qərardad ləğv olunmalı və iddia mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiya məhkəməsi Plenumunun10 oktyabr 2017-ci il traixli Qərarının məzmununda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının müvafiq torpaq sahəsindən və orada yerləşən özbaşına tikilidən çıxarılması ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla bağlı ona vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilmiş və məhkəmə gəldiyi qənaətini iddiaçının iddia tələbinin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğu halda, buna dair inzibati orqana müraciət etməsinin müəyyən edilməməsi halına istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, müvafiq icra sənədi əsasında İddiaçı1 50000 manat məbləğində pul vəsaitinin tutularaq, X2 xeyrinə ödənilməsi və İddiaçı1 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilmiş, əmlak satıldıqdan 30 gün müddətinə boşaldılması qeyd olunmuş, habelə həmin icra sənədi üzrə icraata tələbin tam icra edilməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi indiki halda mübahisə predmeti notariat orqanı tərəfindən verilmiş icra qeydinə əsaslanan icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətləri təşkil etmişdir, qeyd edilən icra qeydi isə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi ilə bağlı olmuşdur Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə icra sənədinin bilavasitə məhkəmə tərəfindən verilmədiyi nəzərə alındıqda, icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi ilə bağlı müvafiq məhkəmənin (icra qurumunun olduğu yer üzrə səlahiyyətli məhkəmənin) müəyyən edilməsi zamanı, ilk növbədə, mübahisənin xarakteri, onun publik və ya xüsusi hüquq münasibətlərindən irəli gəldiyi nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında ifadə olunmuş “məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər” məzmunda hüquqi mövqe nəzərə alındıqda, digər orqanların verdikləri icra sənədləri üzrə də icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərin verilməli olduğu müvafiq səlahiyyətli məhkəmə həmin icra sənədlərinin publik və ya xüsusi hüquq sahəsinə aid məsələnin həlli ilə bağlı qəbul edilmiş qərarın icrası üçün verildiyi əsas götürülməlidir. Belə olan halda, xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə digər orqanlar tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən məhz həmin icra qurumunun olduğu yer üzrə müvafiq səlahiyyətli ümumi məhkəməyə şikayət vermək olar. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda müvafiq notariat orqanı tərəfindən verilmiş icra sənədi kredit müqaviləsi ürzə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı olduğundan, qeyd edilən müqavilələr isə mülki hüquqi əqd olmaqla, həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri məhz mülki hüquq münasibətləri kimi çıxış etdiyindən, həmin icra sənədi məhz xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisə ilə bağlı ortaya çıxmışdır. Belə olan halda isə məhkəmə kollegiyası yuxarıda istinad edilən edilən qanunvericilik normaları və hüquqi mövqeni əsas götürərək, hesab edir ki, hazırki iş üzrə müvafiq notariat orqanı tərəfindən verilmiş icra sənədi xüsusi hüquq münasibətlərinən irəli gələn mübahisə ilə bağlı olduğundan, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən məhz icra qurumunun olduğu yer üzrə müvafiq səlahiyyətli ümumi məhkəməyə şikayət verilə bilər. Başqa sözlə desək, hazırki iş üzrə müvafiq icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxmaq səlahiyyəti inzibati məhkəmənin səlahiyyətinə aid olmamaqla, məhz müvafiq icra qurumunun oduğu yer üzrə ümumi məhkəmənin səlahiyyətinə aid olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmeti olan icra sənədi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmadığından, onun icrası ilə bağlı icra məmurunun hərəkətlərindən verilən şikayət inzibati məhkəmə icraatı qaydasında baxıla bilmədiyindən, nəticə etibarilə inzibati məhkəmə icraatının predmeti qismində çıxış etmədiyindən, hazırki iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsasız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara qeyd edilən icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən həmin icra qurumunun aid olduğu səlahiyyətli ümumi məhkəməyə (Abşeron Rayon Məhkəməsinə) müraciət etmək hüquqlarının olduğu izah edilsin. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə yuxarıda istinad olunan əsasla iddia mümkün sayılmamalı və birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməlidir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-653/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar