Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-814/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 nömrəli qərarının ləğv edilməsi” barədə iddiasına dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4267/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4267/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak edərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4267/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə məhkəmə aktı qəbul edilmiş, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə qərardadının tərəflərə göndərilməsinə dair məktuba imza etməklə təhvil almışdır. İddiaçının nümayəndəsi tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə poçt şöbəsinə təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı tərəf müvafiq məhkəmə qərardadını təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində (xx.xx.2025-ci il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə (3 gün sonra) məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçıya qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü halda, bu hala dair sübutlar təqdim etməklə, ötürülmüş prosessual müddətin bərap edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi tərəfindən həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə əsas olan hal kimi qanunvericiliyin tələbi barədə məlumatlı olmaması, şikayətin vəkil vasitəsilə tərtib edilərək, verilməsi, müddətin bu səbəbdən ötürülməsi, onun heç bir təqsirinin olmaması kimi hallara istinad etmişdir. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, konstitusion normanın tələbinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmənin əsasını təşkil etmir. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi hallar müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas hesab edilmir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin onun iradəsinin ziddinə olaraq qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını məhdudlaşdıran halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, müddətin ötürülməsi ilə bağlı heç bir üzrlü hallara əsaslanmadığından, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən, qeyrimümkün hesab edilməlidir. Həmçinin, kollegiya bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi halı müəyyən edilmədiyindən, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4267/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən, qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 və 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4267/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-814/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-814/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver