Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-817/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: siyahıya alınmış əmlakının satılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2022-di il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 459,10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqəsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının satılması öhdəliyinin iddiaçının üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-628/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Əmlakının siyahıya alınması barədə 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. Vergilər, faizlər və maliyyə sanksiyası üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh 500,0 manat dəyərində əmlakı (50 sot torpaq sahəsi – hər sotu 10.0 manat olmaqla) siyahıya alınmışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh siyahıya alınmış əmlakı məsul saxlanma üçün ona təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bəzirov (sənəddə Bədirov) Azad Qubat oğlunun Qobustan rayonunun Ərəbqədim kəndində JN 0164 nömrəli dövlə aktına əsasən 9,12 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 459,10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqəsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının satılması öhdəliyinin iddiaçının üzərinə qoyulmasbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 459,1 manat borcuna görə 500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 459,10 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-628/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11- ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 459,1 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat dəyərində siyahıya alınmış əmlakın satılmasını tələb edir. Bundan başqa qanunvericiliyin tələbindən göründüyü kimi əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir, siyahıya alınacaq əmlaka baxış keçirilir, onun fotoşəkili çəkilərək protokola əlavə edilir və əmlak məsul saxlamaya verilir. Lakin protokoldan görünür ki, əmlakın siyahıya alınması zamanı müşahidəçilərin, mütəxəssisin iştirakı təmin edilməmiş, siyahıya alınmış əmlakın iddiaçının istifadəsində olub-olmaması, üzərində hər hansı bir məhdudiyyətin olub-olmaması araşdırılmamış, ümumiyyətlə həmin əmlakın faktiki olaraq mövcudluğu müəyyən edilməmiş, əmlakın fotoşəkili cəkilib protokola əlavə edilməmiş, əmlakın qiyməti tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh inzibati orqan vergi ödəyicisinin əmlakını 500 manat məğbləğində dəyərləndirsə də, bu dəyərlindirmənin nəyin əsasında həyata keçirilməsi bəlli deyildir. Qeyd olunanlar isə əmlakın siyahıya alınması prosesinin qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyini, kameral yoxlamalar keçirilməsinə oxşar formada idarə binasında vəya digər formada elektron vasitələrdən istifadə edilərək həyata keçirildiyini göstərir. Bu isə vergi qanunvericliyində nəzərdə tutlmuş siyahıya alınmış əmlakın satılması ilə bağlı institutun mahiyyətinə tamami ilə ziddiyyət təşkil edir. Qeyd olunanlar onu göstərir ki, iddiaçı inzibati orqan vergi ödəyicisinin yaranmış borca görə vergi ödəyicisinin əmlakının siyahıya alınmasını qanunvericiliyə uyğun həyata keçirməmişdir və bu da iddianın rədd edilməsi üçün əsas təşkil edir. Bundan başqa məhkəmənin verdiyi sorğu nəticəsində müəyyən edilmişdir ki, iddiaçının satılmasını tələb etdiyi əmlak dvblət aktına əsasən ümumbirgə mülkiyyətdədir. Yəni, həmin torpaq sahəsi iddiaçı ilə bərabər başqa şəxslərin xüsusi mülkiyyətindədir. Ümumi mülkiyyətdə olan əmlakın satılmasının mümkün mexanizmi qanunvericilikdə ardıcıllıqla göstərilmişdir. Lakin iddiaçı həmin tədbirləri həyata kemirmədən vergi borcunun ödənilməsi üçün birbaşa əmlakın satılmasını tələb etmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razı deyil. Məhkəmənin qərarda qeyd etdiyi dəlillər əsaslı deyil. Belə ki, məhkəmənin də qərarında qeyd etdiyi kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq Cavabdeh xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 459,10 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixdə qərar çıxarılmış, cavabdehin 500 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan bu dəlil cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi inzibati işə birtərəfli baxmış iddianı təmin etməməklə qanunsuz və əsassız qərar çıxarmışdır. Halbuki məhkəmə inzibati iş üzrə bütün faktiki halları xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı idi. Həmçinin, torpaq sahəsinin qiymətinin vergi ödəyicisi ilə razılaşdırılması hansı normadan irəli gəldiyi məhkəmənin qərarından məlum olmur. Birinci instansiya məhkəməsi bununla bağlı hər hansı hüquq normasına istinad etməmişdir. Torpaq sahəsinin dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Dövlət Vergi Xidmətinin müvafiq Qaydalarına əsasən torpaq sahəsinin dəyəri rəsmi elan saytlarında, KİV-də olan qiymətlərlə müəyyən oluna bilər. Cavabdeh torpaq sahəsi qiymətləndirilərkən yuxarıda qeyd olunan mənbələrdən istifadə olunmuşdur. Məhkəmənin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraatın aparılmaması ilə bağlı mövqeyinə münasibətdə qeyd olunur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən həyata keçirilir. Həmin maddədə də qeyd olunmuşdur ki, əmlakın siyahıya alınması ilə əlaqədar protokol üzrə siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 89-cu maddəsində əmlakın siyahıya alınması zamanı qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmamış, əmlakın siyahıya alınması zamanı qiymətin mümkün olduğu halda göstərilməsi qeyd olunmuşdur. Yəni protokolda siyahıya alınmış əmlakın qiymətin əks olunması məcburi şərt olaraq göstərilməmişdir. Məhkəmənin cavabdehin hazırkı iddia tələbi üzrə əmlakın siyahıya alınması prosesinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməməsi, kameral yoxlamalar keçirilməsinə oxşar formada idarə binasında və ya digər formada elektron vasitələrdən istifadə edilərək həyata keçirilməsi barədə mövqeyi tamamilə əsassız və heç bir hüquq normasına istinad olunmayan mövqedir və bu mövqe məhkəmənin birtərəfli olaraq cavabdehi müdafiə etdiyi göstərir. Birinci instansiya məhkəməsi hazırkı mülki işi kifayət qədər araşdırmadan, əlavə sorğular vermədən, yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubuna istinad etməklə iddianı rədd etmiş, siyahıya alınmış əmlakın həqiqətən də ümumi birgə mülkiyyətdə olub-olmamasını araşdırmamış, torpağa dair müvafiq Çıxarışı, Dövlət Aktını əldə etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi, qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ ....İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir.89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbinə əsasən vergi ödəyicisi müvafiq vergi öhdəliklərini icra etmədiyi halda, məhz ona məxsus olan əmlak siyahı alınmaqla, satılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi məhz cavabdehin iddiaçı qarşısında yerinə yetirilməli olan 459,10 manat məbləğində vergi borcu öhdəliyinin mövcud olmasına istinad etmişdir. Həmçinin, iddiaçı həmin hala istinad edərək, əmlakın siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun məzmunundan görünür ki, siyahıya alınan əmlak qismində cavabdehə məxsus olan torpaq sahəsi qeyd edilmiş, onu dəyəri kimi 500 manat manat qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubunun məzmunundan görünür ki, Cavabdeh adına Qobustan rayonu Ərəbqədim kəndində JN 0164 nömrəli Dövlət Aktına əsasən 9,12 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı tərəfindən siyahı alınmış əmlak xüsusi mülkiyyət hüququ əsasında deyil, məhz ümumbirgə mülkiyyət hüququ əsasında cavabdehə məxsus olmuşdur. Belə olan halda, cavabdehə məxsus əmlak pay hüququ naturada müəyyən edilmədən, ümumbirgə mülkiyyət hüququ əsasında cavabdehlə yanaşı, başqa şəxslərə məxsus olan əmlaka dair yalnız cavabdehin vergi borcu öhdəliyinin icrasının təmin edilməsi ilə bağlı hazırki iddia tələbi VM-nin 89-cu madəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, qeyd edilən normanın məzmunundan görünür ki, vergi ödəyicisinin yerinə yetirilməli olduğu vergi borcu öhdəliyinin icrasının təmin edilməsi məqsədilə məhz ona məxsus olan əmlak siyahıya alına bilər. İddiaçının siyahıya aldığı və satılmasını tələb etdiyi əmlak hazırda xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan əmlak qismində çıxış etməmiş, habelə ümumipaylı mülkiyyət hüququ əsasında deyil, məzh ümumi birgə mülkiyyət hüququ əsasında cavabdeh və digər şəxslərə məxsus olan əmlak qismində çıxış etmiş, başqa sözlə desək, cavabdehə məxsus naturada ayrılan əmlak pay hüququ mövcud olmamışdır. İndiki halda iddiaçının həmin əmlaka münasibətdə tətbiq etdiyi tədbir ilk növbədə başqa şəxslərin (birgə mülkiyyətçilərin) mülkiyyət hüququnun müadfiəsi və mülkiyyətin toxunulmazlığı prinsiplərinin mahiyyətinə və məqsədinə ziddir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəfindən həmin tədbirin görürülməsinin qanunvericiliyin tələbinə uyğun olub-olmaması əsaslarının da qeyd edilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vergi orqanı tərəfindən ilk növbədə əmlakın siyahıya alınması və satılmasına dair vergi qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara (VM-nin 89-cü maddəsində ehtiva olunan) riayət edilməmişdir. Nəticə etibarilə iddiaçı vergi orqanının əmlakın siyahıya alınması və satılmasına dair cavabdeh barəsində etdiyi hərəkətləri VM-nin 89-cu maddəsində ehtiva olunan dispozitiv şərtlərinin tələbinə uyğun olmamışdır. Bundan əlavə, iddiaçı vergi orqanı tərəfindən hətta həmin prosedur qaydalara əməl edilmiş olsa idi belə, indiki halda vergi orqanı tərəfindən mütənasiblik prinsipinin tələbləri pozulmuşdur. Belə olan halda, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Qeyd edilən prinsipin mahiyyətinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda iddiaçının satılmasını tələb etdiyi əmlak ümumibirgə mülkiyyət hüququ əsasında cavabdeh və digər şəxslərə məxsus olmuşdur. Belə olan halda, həmin əmlaka dair ümumibirgə mülkiyyətin ümumpaylı mülkiyyətə keçirilməsi təmin edilmədən, həmin əmlakın satılmasının tələb edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin pozulmasına, habelə başqa şəxslərin hüquqlarının əsassız olaraq, məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hətta iddiaçı tərəfindən prosedur qaydalara əməl edilmiş olsa idi belə, qeyd edilən əmlak ümumibirgə mülkiyyət hüququ əsasında cavabdeh və digər şəxslərə məxsus olduğundan,cavabdehin əmlaka dair pay hüququ müəyyən edilmədiyindən (ümumpaylı mülkiyyət kimi çxıış etmədiyindən), hazırki iddia tələbi ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə, mahiyyəti və məqsədinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri isə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-628/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-817/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-817/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver