Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-819/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-2691/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 10.437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3.886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3.104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-381/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 avqust 2023cü il tarixli, 2-1(102)-661/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 2-1(105)-488/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı MMC xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına müraciət edərək, ƏDV qeydiyyatına alındıqları tarixdən şəxsi vərəqədə yaranmış borc məbləği ilə əlaqədar real vergi borcu məbləğlərinin müəyyən olunmasını xahiş etmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 30 oktyabr 2023-cü il tarixli məktubla müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətlə bağlı təqdim olunan məlumatların aid olduğu dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi mümkün deyildir. Belə ki, vergi nəzarəti ilə əhatə oluna bilən dövrlər, həmçinin, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddətləri VM-nin 36.3, 56.1 və 85.4-cü maddələri ilə müəyyən edilir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, fəaliyyət göstərdiyi dövr üzrə səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin fəaliyyəti 2017-ci ilin cəmi 2 ayını - fevral və aprel aylarını əhatə edir. İddiaçının fəaliyyəti dövründə alqı-satqı əməliyyatları aşağıdakı kimi olmuşdur: alış: 2017-ci ilin fevral ayı üzrə - 65.386,07 manat, ƏDV - 11.769,49 manat, aprel ayı üzrə - 41.800,01 manat, ƏDV – 7.524 manat, cəmi: 107.186,08 manat, ƏDV – 19.293,49 manat. Satış: 2017-ci ilin fevral ayı üzrə 108.716 manat, ƏDV 19.568,88 manat. Beləliklə, satış üzrə ƏDV məbləği – 19.568,88 manat, alış üzrə isə ƏDV məbləği - 19.293,49 manat təşkil edir və bu da ƏDV üzrə cəmi 275,39 manat vergi borcu yaradır. İddiaçının bundan başqa fəaliyyəti olmamışdır. İddiaçı qeyd olunan dövr üçün 275,39 manat ödəməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3.380,27 manat ödəmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3.104,88 manat çoxdur. İddiaçının həmin dövr üzrə ödəməli olduğu verginin məbləği aşağıdakı kimi olmalıdır: ƏDV üzrə - 275,39 manat, MÖMV (ə\h gəlir vergisi) - 6,47 manat. torpaq vergisi (2017, 2018, 2019-cu illər) - 48 manat. Cəmi: 329,86 manat. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən müxtəlif dövrlərə müxtəlif məbləğlərdə ƏDV üzrə vergi hesablamaları aparılaraq, süni vergi borcu yaradılmışdır. Bu baxımdan, 17 aprel 2019-cu il və 27 may 2019-cu il tarixli kameral yoxlama qərarlarından tərəflərindən şikayət verilmiş və 16 iyul 2019-cu il tarixli qərarla həmin yoxlama qərarları ləğv edilmişdir və bu barədə iddiaçının şəxsi hesabında düzəlişlər edilməsi cavabdehə tapşırılmışdır. Buna baxmayaraq, həmin qərardan sonra da cavabdeh yenə də müxtəlif tarixlərdə iddiaçıya vergi borcları hesablamışdır, hər dəfə əsassız olaraq dəqiqləşmə tələb edərək, vergi borclarını bəzən “0” a qədər, bəzən də cüzi məbləğlərə qədər azaltmış və nəhayət, 18 dekabr 2019-cu il tarixə iddiaçıya 1.848,06 manat vergi borcu hesablamışdır. İddiaçı bununla razılaşmadıqda cavabdeh iddiaçının sonuncu əməliyyatı 27 fevral 2017-ci il tarixinə təsadüf etdiyi və bank əməliyyatı qeydiyyatdan 2017-ci ilin martında keçdiyi üçün, 2017-ci ilin mart ayına dair sonuncu dəqiqləşmə verilməsi, sonra isə həmin məbləğin fevral ayından çıxarılması barədə dəqiqləşmə verərək, həmin vaxt sonuncu əməliyyatın məbləğini göstərməyi məsləhət bilmişdir. İddiaçı da həmin məsləhətlə razılaşaraq, 2 mart 2020-ci il tarixdə 2017-ci il mart ayı üçün bəyənnamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437,49 manat göstərmiş, cavabdehin də məsləhət verdiyi kimi elə həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyənnaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni qəbul etməmiş və səbəb kimi iddiaçıya bildirilmişdir ki, vergi hesabatlarına dəqiqləşmə verilməsi müddəti VM-də 3 il nəzərdə tutulduğu üçün, cavabdehdən dəqiqləşmə qəbul edilə bilməz. Şəxsi hesabdan da görünür ki, 2 mart 2020-ci il tarixdə son bəyənnamə verərkən iddiaçının vergi borcu 1.848,06 manat göstərilmişdir. Hesab edir ki, iddiaçıya hazırda hesablanmış əsassız vergi borcu silinməli və artıq ödədiyi məbləğ qaytarılmalıdır. Çünki, VM-in tələblərinə görə heç bir şəxs eyni verginin iki dəfə ödənilməsinə cəlb edilə və məcbur edilə bilməz. İddiaçı isə hazırda borc kimi göstərilmiş ƏDV üzrə vergi borcunu ödəmişdir və cavabdehin qanunsuz hərəkətləri nəticəsində indi iddiaçı həmin vergini ikinci dəfə ödəməyə məcbur edilir. İddiaçı bu barədə cavabdehə 11 oktyabr 2021-ci il tarixdə elektron qaydada müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, iddia tələbi rədd edilmiş, apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı 2017-ci ilin fevral və mart aylarını əhatə olunmaqla səyyar vergi yoxlamasının keçirilməsi barədə bir neçə dəfə müraciət etmiş və müraciətlər araşdırılaraq cavablandırılmışdır. Belə ki, VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 16 noyabr 2019-cu il tarixdə 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində HN seriyalı, 178986 nömrəli elektron vergi-hesab fakturası üzrə 10.437,49 manat məbləğ əvəzləşmədə nəzərə alındığı üçün 2 mart 2020-ci il tarixdə 2017-ci ilin mart ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində həmin elektron vergi-hesab fakturası əvəzləşmədən silinərək Cəmiyyətin şəxsi hesab vərəqəsində 10.437,49 manat hesablama aparılmışdır. Odur ki, müraciətdə qeyd olunan elektron vergi-hesab fakturasının iddiaçı tərəfindən 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirildiyi, eyni zamanda, 2017-ci ilin mart ayının dəqiqləşdirilmiş əlavə dəyər vergisinin təqdim edilməsi üçün VM-in 85.5-ci maddəsində nəzərdə tutulmuş müddətin bitdiyi müəyyən edilmişdir. Beləliklə, VM-in 85.5-ci və 36.3-cü maddələrində nəzərdə tutulmuş müddət bitdiyi üçün, 2017-ci ilin fevral və mart ayları üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməsinə texniki imkan yaradılmasının, eləcə də səyyar vergi yoxlamasının keçirilməsinin mümkün olmaması 24 noyabr 2023-cü il tarixli, **********036400 nömrəli, 8 dekabr 2023-cü il tarixli, **********509000 nömrəli, 22 dekabr 2023-cü il tarixli, **********006000 nömrəli, 29 dekabr 2023-cü il tarixli, **********006000 nömrəli, 9 yanvar 2024-cü il tarixli, **********006000 nömrəli və sonuncu dəfə 22 yanvar 2024-cü il tarixli, **********246300 nömrəli məktubla vergi ödəyicisinə izah verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-2691/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmmışdır (hakim Könül Həbibova). Həmin qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iddianın əsl mahiyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, hazırkı iddiaları vergi borcunun silinməsi barədə deyil, müəssisə barəsində səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqındadır. Hansı ki, həqiqətən də vergi borcları müəyyən edilərsə, həmin borcu dərhal ödəməyə hazırdırlar. Vergi orqanının özü də etiraf etmişdir ki, iddiaçının vergi borcu yoxdur, lakin, özü vergini bəyan etdiyindən həmin məbləğin silinməsi Vergi Məcəlləsinin tələbləri baxımından yolverilməzdir. Qeyd edilənlər sübut edir ki, iddiaçı hazırkı vergi məbləğini ödəmişdir, cavabdeh onu ikiqat vergiyə cəlb edir. Bu halların aradan qaldırılmasının isə yeganə yolu səyyar vergi yoxlamasının keçirilməsidir. İşə baxan məhkəmə isə VM-nin tələblərinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətinin hesabat dövrü qurtardıqdan sonra 3 illik məhdudlaşdırıldığını qeyd etmişdir. Hesab edir ki, həmin məhdudiyyət vergi orqanı üçün nəzərdə tutulmuşdur. Belə ki, vergi orqanı vergi ödəyicisinin sol fəaliyyət dövründən 3 il keçdikdən sonra səyyar vergi yoxlaması keçirə bilməz, lakin, vergi ödəyicisinin tələbi ilə belə yoxlamanın keçirilməsi üçün hər hansı müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia “iddiaçının fəaliyyət göstərdiyi dövr üzrə səyyar vergi (və ya kameral) yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsi” ilə bağlıdır. Lakin, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə (baxmayaraq ki, iddia “cavabdeh tərəfindən hesablanmış 10.437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3.886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3.104,88 manatın iddiaçıya qaytarılması” ilə bağlı olmuşdur) bu tələbə münasibət bildirilmişdir. Yuxarıda da göründüyü kimi, hətta oxşar və ya yaxın da deyil, eyni iddiaçı, eyni cavabdeh, eyni əsas, eyni münasibətlər, eyni predmet, eyni məqsəd-nəticə ilə bağlı olan iddialardan söhbət gedir. Bu səbəbdən, məhkəmə hazırki iddianı işə yenidən inzibati icraatda baxılmasının mümkün olması üçün, ona fərqli zahiri forma verilməyə çalışılmış əvvəlki iddia kimi qiymətləndirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçının fəaliyyəti üzrə səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsinə dair hazırkı tələblə məhkəməyə müraciət etməkdə məqsədi, yəni hüquqi marağı məhz cavabdeh tərəfindən onun barəsində 2017-ci il üzrə hesablanmış 10.437,49 manat ƏDV vergi borcu və 3.886,54 manat faiz məbləğinin silinməsi ilə bağlıdır. Qeyd olunan məsələyə isə artıq məhkəmə icraatı qaydasında baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 25 noyabr 2022ci il tarixli, 2-1(105)-488/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apelyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması həyata keçirilməmiş və həmin hesabat dövrü üzrə hər hansı əlavə vergi məbləğinin hesablanması barədə inzibati akt qəbul edilməmişdir ki, bu da iddiaçının özü tərəfindən təqdim edilmiş bəyannamə nəticəsində yaranmış vergi borcu ilə bağlı cavabdeh vergi orqanına qarşı məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının subyektiv hüququnun pozulması ehtimalı mövcud deyildir. Kassasiya instansiya məhkəməsinin 2-1(102)-661/2023 nömrəli qərarında da apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, silinməsi tələb edilən vergi borcu iddiaçının iddia etdiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” vergi məbləği deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, iddiaçının yeni dəqiqləşdirilmiş bəyannamənin sistem tərəfindən qəbul olunmadığını iddia etməsi yetərli deyil, hazırkı mübahisəyə münasibətdə iddiaçı eyni zamanda sonrakı dəqiqləşdirilmiş bəyannamənin sistem xətası üzündən təqdim olunmadığını, eləcə də, həmin bəyannaməni təqdim etmək üçün alternativ imkanlara malik olmadığını da sübut etməlidir. Belə yanaşma, sübutetmə vəzifəsinin tələbindən irəli gəlir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə iddiaçının subyektiv hüququnun pozulması ehtimalının, bununla da, iddia qaldırmaq səlahiyyətinin mövcudluğunun müəyyən edilmədiyi əsası ilə yuxarəda qeyd olunan iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində onun hazırda hüquqi marağının əslində vergi borcunun silinməsi deyil, tələbində qeyd etdiyi kimi fəaliyyəti üzrə vergi orqanı tərəfindən səyyar (və ya kameral) vergi yoxlamasının keçirilməsi olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, işdən görünür ki, iddiaçı əvvəlcə 09 dekabr 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına və cavabdeh orqana real vergi borcunun müəyyən edilməsi üçün barəsində səyyar vergi yoxlamasının keçirilməsi barədə müraciətlər etmiş, daha sonra 23 dekabr 2023-cü il tarixdə isə DVX-nin aparatına yenidən müraciət edərək, onun barəsində məhz 2017-ci il üzrə hesablanmış 10.437,49 manat ƏDV vergi borcu və 3.886,54 manat faiz məbləğinin düzgünlüyünün yoxlanılmasını xahiş etmişdir. Bununla da bir daha iddiaçının hazırkı tələb üzrə hüquqi marağının əvvəlki məhkəmə icraatı zamanı baxılmış iddia tələbində qeyd olunan vergi borcunun silinməsi ilə bağlı olduğu müəyyən edilir. İPM-nin 35-ci maddəsinin müddəalarına görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-2691/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-819/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-819/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver