Məhkəmə qərarları › İş №2-1(105)-82/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-82/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-82/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrdə «Azərbaycan Qarabağ» könüllü dəstəsində xidmət etməyi ilə bağlı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrdə «Azərbaycan Qarabağ» könüllü dəstəsində xidmət etməyi ilə bağlı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(118)-1511/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati məhkəmədə iddia qaldıraraq “10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrdə «Azərbaycan Qarabağ» könüllü dəstəsində xidmət etməyi ilə bağlı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Şuşa rayonunda anadan olmuş, 10.12.1991-ci il tarixdə «Azərbaycan Qarabağ» Könüllü dəstəsinin tərkibində qrad atan kimi xidmətə başlamış, 08.05.1992-ci ilədək Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. AR Müdafiə Naziri R.Qazıyevin 29.07.1992-ci il tarixli 298 saylı Əmrinə əsasən o, həmin dəstənin tərkibində döyüşmüş, birləşmənin döyüşçüsü kimi pul təminatının verilməsi qərara alınmışdır. Bu barədə AR Müdafiə Nazirliyinin Arxiv İdarəsində də müvafiq məlumat vardır. O, müvafiq sənədləri toplamaqla ona veteran statusunun verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan 13.06.2021-ci il tarixli cavab məktubunda cavabdeh onun 08.05.1992-ci ildən sonrakı dövrlərdə xidmətləri ilə bağlı məlumat olmadığına görə ona veteran statusunun verilməsini məqsədəuyğun hesab etməmişdir. O, cavabdehin bu hərəkətləri ilə razılaşmır, bildirmək istəyir ki, onun 10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrlərdə xidmətləri ilə bağlı qeydlər təqdim olunmuş və ona pul kompensasiyasının verilməsi ilə bağlı AR MNnin əmri də vardır. Lakin cavabdeh həmin sənədləri nəzərə almayaraq ona xidmətləri ilə bağlı veteran statusu verməmişdir. Onun həmin dövrdə döyüşdüyünü döyüşçü yoldaşları da təsdiq edə bilərlər. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.

Cavabdehin etirazları:

3. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 16.03.2020-ci il tarixli 9/2-3547 nömrəli arxiv arayışına əsasən 08.05.1992-ci il tarixdən sonrakı dövrdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2-1(118)-1511/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrdə «Azərbaycan Qarabağ» könüllü dəstəsində xidmət etməyi ilə bağlı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(118)-1511/2021 saylı qərarının ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və “10.12.1991-ci ildən 08.05.1992-ci ilədək olan dövrdə «Azərbaycan Qarabağ» könüllü dəstəsində xidmət etməyi ilə bağlı ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsində nəzərdə tutulan qaydada müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyasının 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qərar hüquq normalarının pozulması ilə qəbul edilmiş, ləğv edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab olunmalıdır ona görə ki, o, 10.12.1991-ci ildən «Azərbaycan Qarabağ» könüllü dəstəsində qrad atan kimi xidmətə başlamış və 08.05.1992-ci ilədək Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Göstərilənlərə əsasən ona müharibə veteranı statusu və vəsiqəsi verilməlidir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, o, 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. Müharibə başlayanda o, Şuşada fabrikdə işləyib və müharibə başladığından fabrikin fəaliyyəti dayanmışdır. Fabrikin direktoru onu və bütün işçiləri öz ətrafına toplayaraq sanki onlara komandirlik etmiş və həmin vaxt müharibədə iştirak etməyə başlamışdır. Onu müharibəyə Müdafiə Nazirliyi çağırmayıb, könüllü getmişdir. Müharibə zamanı gedən döyüşlərdə əlindən gələn bütün işlərdə çalışmaqla eyni zamanda dəstənin tərkibində əsgərlərlə birgə Xəlifəli kəndində çiyin-çiyinə döyüşmüşlər. Şuşa şəhəri işğal olunana qədər xidmətini davam etdirmişdir. Könüllü keçəndən sonra hərbi hissədə olmamış və Müdafiə Nazirliyinin hərbi hissəsində qeydiyyata düşməmisdir. Şuşa işğal olunduqdan sonra Beyləqan rayonuna gedərək əmrə əsasən polis rəisinə silahları təhvil vermişlər, lakin silahların təhvil verilməsi ilə bağlı ona sənəd verilməmişdir. Müdafiə Nazirinin 29.07.1992-ci il tarixli 298 saylı Əmrinə əsasən o, həmin dəstənin tərkibində döyüşmüş birləşmənin döyüşçüsü kimi pul təminatının verilməsi qərara alınmışdır. Bu barədə Müdafiə Nazirliyinin Arxiv İdarəsində də müvafiq məlumat vardır. Müvafiq sənədləri toplamaqla ona veteran statusunun verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin 1992-ci ildən sonrakı dövrlərdə xidmətləri ilə bağlı məlumat olmadığına görə ona veteran statusunun verilməsi məqsədəuyğun hesab edilməmişdir. O, sonradan yenidən hərbi komissarlığa müraciət etməmiş, hərbi biletində döyüşdə olduğu müddət ərzində heç bir qeyd aparılmamış, lakin onunla döyüşdə iştirak edənlərə müharibə veteranı vəsiqəsi verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin sorğusuna 21.01.2022-ci il tarixli münasibət məktubu göndərmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

26. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. 1-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. 1-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

27. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

28. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 10.06.1992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

30. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hazırkı qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, iddiaçının izahatını apellyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, İddiaçı Şamil oğlu döyüşlərdə iştirakını təsdiq edən «Azərbaycan Qarabağ» könüllü dəstəsinin tam komplektləşdirilməsi və onlara pul təminatının verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29.07.1992-ci il tarixli 298№-li əmrinin surətini məhkəmə kollegiyasına təqdim etmiş və həmin əmrdən göründüyü kimi 01.02.1992-08.05.1992-ci ilədək «Azərbaycan Qarabağ» könüllü dəstəsində olmuş və bu halın Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 16.03.2020-ci il tarixli arayışı ilə də təsdiq edilməsinə istinad etmişdir.

33. Apellyasiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 21.01.2022-ci il tarixli 11/232№-li cavab məktubunda qeyd olunmuşdur ki, «Azərbaycan Qarabağ» könüllü dəstəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.02.1992-ci il tarixli 014 əmrilə yaradılmış, 12.02.1992-ci il tarixdən 14.03.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş və 14.03.1992-ci il tarixli 076 nömrəli əmrilə «Azərbaycan Qarabağ» könüllü dəstəsi N nömrəli hərbi hissənin tərkibinə verilmişdir. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət etmiş, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılmışsa və bu barədə dəlillərə malikdirsə cavabdeh onun tələbinin təmin olunmasına etiraz etmir.

34. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsinin 28.01.2022-ci il tarixli 64№-li məktubu ilə göndərdiyi iddiaçının tələbinə dair vəsatətində İddiaçı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin cavabdeh qismində göstərilməsi hissəsində iddianın təmin olunmaması və cavabdeh əsl cavabdehlə Müdafiə Nazirliyi ilə əvəz edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

35. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apellyasiya şikayətinin dəlillərilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında da müəyyən olunduğu kimi, İddiaçı 01.02.1992-ci ildən «Azərbaycan Qarabağ» könüllü dəstəsində 08.05.1992-ci ilədək Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş olsa da, həmin tarixdə Şuşa şəhəri erməni separatçıları tərəfindən tutulduğundan şəhəri tərk etdikdən sonra heç bir hərbi hissəyə getməmiş, özünün deməsinə görə silahını Beyləqan RPŞ-nə təhvil vermiş, sonradan hərbi komissarlığa belə müraciət etməmişdir.

36. Halbuki, hazırkı qərarın 27 və 28-ci bəndlərində istinad edilən qanun normalarına görə vətəndaşlar Silahlı Qüvvələrə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında 10.06.1992-ci il tarixli Qanunun qeyd edilən müddəalarına görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

37. Qeyd edilənlərdən göründüyü ki, İddiaçı könüllü olaraq Vətənin müdafiəsinə qatılmış olsa da, sonradan xidmət etdiyi «Azərbaycan Qarabağ» könüllü dəstəsi Müdafiə Nazirliyinin 14.03.1992-ci il tarixli 076 nömrəli əmrilə N nömrəli hərbi hissənin tərkibinə verilmiş olsa da, iddiaçının özünün qeyd etdiyi kimi 08.05.1992-ci ildə Şuşa şəhəri erməni separatçıları tərəfindən tutulduqdan sonra Bakı şəhərinə qayıtmış və həmin dövrdə qarmaqarışıqlıq olduğundan nə edəcəyini bilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 26-cı bəndində istinad edilən normanın tələblərinə cavab verilən halda müharibə veteranı statusu qazanılır. Başqa sözlə desək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayıla bilməz. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir.

39. Kollegiya onu da qeyd edir ki, 12 may 1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı, 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.

40. Həmçinin, kollegiya qeyd edir ki, idiaçının tələbi hazırki qərarın 29-30-cu bəndlərində göstərilən “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin və ona dair Təlimatın tələblərinə də uyğun deyildir. Yəni, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Belə ki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

41. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

42. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(118)-1511/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(118)-1511/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar